Məhkəmə qərarları › İş №2-1(112)-3527/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3527/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3527/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh1 qarşı “təhsil hüququnun təmin edilməsi və vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 təhsil hüququnun təmin edilməsi və Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta məktəbə birinci sinfə qəbul edilməsi öhdəliyi, iddiaçılara vurulmuş 1.000,00 (bir min) manat məbləğində mənəvi ziyana görə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 Füzuli qızı xx.xx.2016-cı ildə doğulmuş qızı İddiaçı2 təhsil hüququnu təmin edə bilmir. Belə ki, hazırda Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yaşayırlar. Həmin ərazidə yerləşən 146 saylı orta məktəbə qoymaq istəsə də ona imtina verilib. Belə ki, şəxsiyyət vəsiqəsini itirmiş, yenisini ala bilmir. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün övladı üçün də vəsiqə ala bilmir. Bununla bağlı müvafiq rayon polis idarələrinə, ASAN xidmətə şəxsən müraciət etmişdir. DİN-ə xx.xx.2023 onlayn ərizə ilə müraciət etmiş, 23 avqust və 04 sentyabr qaynar xəttlə əlaqə saxlamışdır. xx.xx.2023-cü tarixində DİN-ə online ərizə ilə müraciət etmişdir. Müraciətlərinə müsbət cavab verilmir, şəxsiyyət vəsiqəsi ilə təmin edilməyinə imtina verilir, ondan yaşayış yeri üzrə sənədəri təqdim etməyi tələb olunur. Hazırda, mülkiyyətində hər hansı yaşayış sahəsi yoxdur, kirayədə yaşayır və evin mülkiyyətçisi evinə qeydiyyata düşməyinə razılıq vermir. Əvvəlki qeydiyyatı isə inzibati binada (Bakı şəhəri, Binəqədi ray., 7-ci mkr, X2 küçəsi 1, İnzibati bina) olmuş və həmin yer üzrə qeydiyyatını yeniləməkdən imtina edirlər. Bütün bunlar onun və övladının konstitusion hüquqlarını pozur. Hazırda qızının 7 yaşı var və birinci sinfə getməlidir. Şəxsiyyət vəsiqəsi olmadığından onun təhsil hüququ pozulur. xx.xx.2023 Təhsil Nazirliyinə online ərizə ilə müraciət etmiş, 8 sentyabr və 11 sentyabr Təhsil Nazirliyinin qaynar xəttinə şifahi müraciət etmiş, xx.xx.2023 Təhsil Nazirliyinin qaynar xəttinin mailinə yazılı müraciət etmişdir. Bütün bunlara baxmayaraq, şəxsiyyət vəsiqəsi olmadığına görə müraciətlərinə imtina verilir. Bu isə mənəvi sarsıntı və iztirab keçirməklərinə səbəb olur. Onlara şəxsiyyət verilməməsi tamamilə qanunsuzdur və dərhal aradan qaldırılmalıdır.

3. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.

4. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

7. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçılar təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdirlər.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

9. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar