Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3528/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəb əlaqəsi barədə qərar verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli “Hərbi həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci bəndinin “a” yarımbəndinə əsasən onun xx.xx.2010-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən aldığı travmanın səbəb əlaqəsinin "Hərbi Travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda alınmışdır” kimi qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixdə aldığı “Başın sağ təpə nahiyyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1984-cü il tarixdə X3 vilayətində anadan olmuşdur. 1989-cu ildən Azərbaycana köçmüşdür. Azərbaycanlıdır. O, 11 illik tam orta məktəb bitirmiş, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almışdır. 2005-ci ildə hərbi ali məktəbi bitirmiş, leytenant hərbi rütbəsində Silahlı Qüvvələrdə zabit kimi xidmətə başlamış və xx.xx.2013-cü ildə baş leytenant rütbəsində, tağım komandiri vəzifəsindən ehtiyata tərxis olunmuşdur. Hərbi xidmət dövrü ilə əlaqədar İİ qrup hərbi əlildir, heç vaxt məhkum olunmamış, ailəlidir və üç övladı var. Xidmətinin bir hissəsi Qazax rayonu ərazisində döyüş tapşırığı yerinə yetirən N nömrəli hərbi hissənin tərkibində keçmişdir. Xidmət etdiyi tabor düşmənlə üz-üzə yaxın bir məsafədə döyüş tapşırığı yerinə yetirirdi. O da həmin taborda tağım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmişdir. xx.xx.2010-cu ildə gecə saat təxminən 05:00 radələrində tağımın dayaq məntəqəsində yerləşən komandiri olduğu tağımın döyüş postlarını yoxlayarkən, döyüş tapşırığını yerinə yetirərkən, döyüş postlarına gedən yolun sıldırım, çınqıllı və sürüşkən olması səbəbindən yıxılaraq «başın sağ təpə nahiyyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi» xəsarətini almışdır. Travma ilə əlaqədar olaraq səhər saat 10:00 radələrində hərbi hissənin tibb məntəqəsinə gətirilərək tibbi yardım göstərildikdən sonra növbəti günü öz xidməti yerinə qayıtmışdır. O, aldığı travma barədə xx.xx.2019-cu il tarixdə N №-li hərbi hissənin komandirinə müraciət etmiş, N №-li hərbi hissənin komandiri, döyüş tapşırığını yerinə yetirəkən travma alması barədə hərbi hissənin tibb məntəqəsində olan zədələnmələr kitabından çıxarış edərək xx.xx.2019-cu il tarixli 726 №-li arayışı ona təqdim etmişdir. Nazirlər Kabinetinin “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”sinin xx.xx.2008-ci il tarixli, 59 №-li qərarına uyğun olaraq, döyüş tapşırığını yerinə yetirərkən aldığı xəsarətin Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən, xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məqsədilə xx.xx.2019-cu il tarixdə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin göndərişinə əsasən onun sənədləri Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Həmin vaxtdan (xx.xx.2019-xx.xx.2019) 5 ay müddət keçməsinə baxmayaraq, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası, SHXÇDX-nin Nizami rayon İdarəsinin göndərişinə və onun müraciətinə cavab verməmiş, heç bir münasibət bildirməmişdir. O, təkrarən xx.xx.2019-cu il tarixdə SHXÇDX-nin Nizami rayon İdarəsinə və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına rəsmi müraciət etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası bu dəfə də onun rəsmi müraciətinə cavab verməmiş, heç bir münasibət bildirməmişdir. Bu məsələnin həll olunması üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, 2001-ci ildə Bakı şəhəri Nizami RHK tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı Kamal oğlu hərbi xidmət dövründə hərbi xidmət keçərkən xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu ilə kimi N saylı hərbi hissədə (hospitalda) “Şəraitlə əlaqədar nevrotik reaksiyalar”; “Keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit, kəllədaxili təzyiqin artması ilə”; “Hipertoya xəstəliyi İ mərhələ, keçirilmiş neyroinfeksiyadan sonrakı qalıq əlamətləri”; “Hipertoya xəstəliyi İ mərhələ, keçirilmiş neyroinfeksiyadan sonrakı serebral araxnoidit, kəllədaxili təzyiqin artması. Hər iki gözün sadə miopik astiqmatizmi” diaqnozları ilə N saylı hərbi hissədə (hospitalda) N dəfə və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hosptalında “Hipertoya xəstəliyi İ mərhələ, vegetativ damar distoniyası”; “Hipertoya xəstəliyi İ mərhələ, vegetativ damar distoniyası”; “Hipertoya xəstəliyi İ mərhələ, dissirkulyator ensefalapatiya” və xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hosptalında “Hipertoya xəstəliyi İ mərhələ, vegetativ damar distoniyası”diaqnozu ilə N dəfə stasionar müalicə və müayinədə olmuş və həmin xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hosptalı tərəfindən xx.xx.2013-cü il tarixli qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin “ç” yarımbəndinə əsasən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2010-cu il tarixdə döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq “Başın sağ təpə nahiyyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” diaqnozu ilə xəsarət aldığını iddia edir. Bundan 4 gün sonra isə, yəni xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə kimi o, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hosptalının kardiologiya bölməsində “Hipertoya xəstəliyi İ mərhələ, vegetativ damar distoniyası” diaqnozu ilə yüksək ixtisaslı həkimlər tərəfindən stasionar müayinə və müalicə olunmuş, xx.xx.2013-cü il tarixdə o, nevropatoloqu tərəfindən müayinə edilmiş və həmin vaxt ona "Vegetativ damar distoniyası” diaqnozu qoyulmuş, həmin vaxt onda onun yuxarıda iddia etdiyi diaqnoz öz təsdiqini tapmamış və bununla əlaqədar iddiaçı özü də həkimlərə hər hansı bir irad və etiraz bildirməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan EZ serialı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin 109 saylı xx.xx.2013-cü il tarixli əmri ilə «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 726 saylı xx.xx.2019-cu il tarixli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Kamal oğlu xx.xx.2010-cu il tarixdə döyüş postlarını yoxlayarkən yıxılıb «Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) alınmışdır: döyüş tapşırığını yerinə yetirərkən. Bununla əlaqədar iş materiallarına Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə Zədələnmə və X1 notarial qaydada təsdiq edilmiş çıxarış (sıra sayı 82) əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 872 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı travmanın səbəb əlaqəsinin təyin edilməsi üçün 6 nömrəli göndəriş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 134 saylı arayışının surətindən görünür ki, ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən xx.xx.2001-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə 0340 №-li xx.xx.2013-cü il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanlanmış xx.xx.2019-cu il tarixli 1473 saylı məktubdan görünür ki, vətəndaş İddiaçı Kamal oğlu xx.xx.2010-cu il tarixdə N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hissənin tibb məntəqəsində xx.xx.2009-cu il tarixdə qeydiyyat nömrəsi 1/95, xx.xx.2010-cu il tarixdə isə qeydiyyat nömrəsi 979 olan zədələnmə və X2 sıra nömrəsi 82 olan "başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi" xəsarəti ilə qeydiyyata düşmüşdür. Deməsinə görə döyüş postlarını yoxlayarkən yıxılaraq xəsarət almışdır. 2010-cu ilə aid olan Stasionar xəstələrin qeydiyyatı kitabı və araşdırma materialları müvafiq qaydada məhv edildiyi üçün vətəndaş İddiaçı Kamal oğlu ilə bağlı əlavə məlumat verə bilmədikləri bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2013-cü il tarixli 606 saylı qərarından görünür ki, İddiaçı hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar Komissiyasının tərəfindən “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi səbəb əlaqəsi təyin edilmiş və bu barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli 200 saylı məktubdan görünür ki, SHXÇDX-nin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2019-cu il tarixli 6 nömrəli göndəriş ilə hərbi xidmət dövründə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin olunması üçün sənədlər MN MHHK-na göndərilmiş və aşağıdakı səbəblərə görə xəsarətin hərbi xidmətlə səbəb əlaqəsini təyin etmək mümkün olmamışdır: 1) Hərbi xidmət dövründə travma ilə əlaqədar müayinə və müalicə olunduğunuza dair tibb müəssisəsi tərəfindən verilmiş çıxarış epikrizi MN MHHK-na daxil olmamışdır. 2) N nömrəli hərbi hissənin komandirinin imzaladığı xx.xx.2019-cu il tarixli 726 nömrəli travmanın alınma şəraiti haqqında arayışda “Beyin silkələnməsi” diaqnozunun qoyulması həkim mütəxəssis nevriopatoloqu tərəfindən stasionar müayinə və müalicə olunmadan qoyulması əsassızdır. 3) Travmanın alınmasına dair Təhqiqat bölməsi tərəfindən aparılan araşdırılma materialları və MN MTE və PAM-nin canlı şəxsin müayinəsinə dair Akt MN MHHK-na daxil olmamışdır. 4) 2009-cu il tarixdə baş vermiş xəsarətdən 10 ildən keçdidən sonra N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş taravma haqqında arayışın verilməsi Müdafiə Nazirinin xx xxxx 2008-ci il tarixli 123 saylı əmrinə dair Təlimatın 198-ci maddəsinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin: 1.1-ci maddəsinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir; 1.2-ci maddəsinə əsasən hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra - digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və gömrük orqanlarında (bundan sonra - orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra - xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir; 1.4-ci maddəsinin «ç» bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur; 7.1-ci maddəsinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; 7.2-ci maddəsinin «a» bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; 7.3-cü maddəsinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir; 7.4-cü maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır; 7.5-ci maddəsinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş və xx.xx.2013-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin 109 saylı xx.xx.2013-cü il tarixli əmri ilə «Hərbi xidmət keçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin travma haqqında aşayışına əsasən iddiaçı həmin hərbi hissədə xidmət keçən zaman xx.xx.2010-cu il tarixdə döyüş postlarını yoxlayarkən yıxılıb «Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” xəsarətini almışdır. Bununla əlaqədar həmin Hərbi Hissə tərəfindən xx.xx.2019-cu il tarixdə Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında travma arayışı tərtib edilmişdir. Həmin arayışa əsasən iddiaçının aldığı xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən iddiaçının hərbi xidmət keçdiyi dövrdə aldığı travmanın səbəb əlaqəsinin təyin edilməsi üçün 6 nömrəli göndəriş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Həmçinin N nömrəli hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına iddiaçının xx.xx.2010-cu il tarixdə N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə hərbi hissənin tibb məntəqəsində xx.xx.2009-cu il tarixdə qeydiyyat nömrəsi 1/95, xx.xx.2010-cu il tarixdə isə qeydiyyat nömrəsi 979 olan zədələnmə və X2 sıra nömrəsi 82 olan "başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi" xəsarəti ilə qeydiyyata düşməsi barədə xx.xx.2019-cu il tarixdə məktub da göndərilmişdir. Lakin cavabdeh travma haqqında arayışın xəsarətin alınmasından bir neçə il keçdikdən sonra təqdim edilməsini əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, xəsarətin alınması halı qeyd olunan hərbi hissənin Zədələnmə və X2 məhz xəsarətin alındığı tarixdə qeydiyyata alınmışdır və bununla əlaqədar qeydlər həmin Kitabda (sıra sayı 82) yazılmışdır. Göründüyü kimi iddiaçının aldığı xəsarət, onun alınma şəraiti və döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olması hərbi hissənin travma haqqında arayış ilə öz təsdiqini tapır. Qeyd edilənlər iddiaçının xx.xx.2010-cu ildə aldığı xəsarətin - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin 726 saylı xx.xx.2019-cu il tarixli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında travma arayışında müəyyən edilən «Başın sağ təpə nahiyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” xəsarətinin cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci maddəsinin «a» bəndinə əsasən səbəb əlaqəsinin müəyyən edilərək «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi qərar çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” səbəb əlaqəsinin təyin edilməsi barədə qərar «İnzibati icraat haqqında» Azərbaycan Respublikası qanununun 67-ci maddəsinin tələblərinə əsasən cavabdeh inzibati orqanın özü tərəfindən ləğv edilə bilər. İddiaçının döyüş tapşırığını yerinə yetirərkən xəsarət aldığını, bunun hərbi hissənin Zədələnmə və X2 qeydiyyata alındığını və bununla əlaqədar Hərbi Hissə tərəfindən Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında travma arayışının tərtib edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2010-cu il tarixdə aldığı “Başın sağ təpə nahiyyəsinin küt travması, başın yumşaq toxumalarının əzilməsi, beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3528/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3528/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver