Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3528/2023 27.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı qanuni nümayəndəsi (atası) X5 etibarnamə üzrə nümayəndəsi (atası) X2, cavabdeh Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin qoyulması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2011-ci il təvəllüdlü İddiaçı və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X10 xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2010-cu il tarixdə Rusiya Federasiyasının vətəndaşı X3 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011ci il təvəllüdlü İddiaçı və xx.xx.2016- cı il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Hər iki övladı Rusiya Federasiyasında anadan olublar və Rusiya Federasiyasının vətəndaşlarıdırlar. Qeyd edir ki, o həm Azərbaycan Respublikasının, həm də Rusiya Federasiyasının vətəndaşıdır, həyat yoldaşı Rusiya Federasiyasının vətəndaşıdır, hər iki övladı Rusiya Federasiyasının vətəndaşıdırlar. Hər iki övladının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı rəsmi formada cavabdehə müraciət edilsə də, cavabdeh xx.xx.2022-ci il tarixində xx.xx.2011-ci il təvəllüdlü İddiaçı barəsində ******* nömrəli qərarla, xx.xx.2016-cı il təvəllüdlü X8 barəsində isə ******* nömrəli qərarla Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmamışdır. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınmamasında səbəb kimi isə hər iki övladlarımın digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması göstərilmişdir. Hesab edir ki, cavabdehin övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmaması əsassızdır.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə əsl olmayan iddiaçı X10 əsl olan iddiaçılar İddiaçı və X8 ilə əvəz olunmuşdur.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar X7 və İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair 2-1(112)- 12174/2022 nömrəli inzibati işindən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbi üzrə icraat ayrılmışdır.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli qərara əsasən, 13 sentyabr 2011-ci il tarixli İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qərar onunla əsaslandırılmışdır ki, şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir.
7. İddiaçı doğum haqqında şəhadətnaməsinin surətinə əsasən, o, xx.xx.2011-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası milliyyətcə azərbaycanlı X9, anası milliyyətcə rus X1. X8 rus vətəndaşıdır.
8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının qanuni nümayəndəsi (atası) X5 etibarnamə üzrə nümayəndəsi (atası) X6 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası’nın 3.11 -ci və 4.4-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli ******* saylı qərar qəbul edilmişdir. Hesab edilir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, şəxsin övladı 2016-cı ildə Rusiya Federasiyasında anadan olmuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir (bu barədə şəxsin pasport məlumatları etiraza əlavə olunur). Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra şəxslər vətəndaşlıq əldə etməklə bağlı DMX-ya müraciət edə bilər (bunun üçün sözügedən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı ASAN Xidmətin miqrasiya şöbəsinə müraciət edir, müvafiq sənədlərin siyahısını həmin Xidmətdən və ya migration.gov.az vebsaytından əldə edə bilər). Nəzərə alınsa ki, şəxslər DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olmuş (şəxslər vətəndaşsızlıq halında olmamışlar). Bu da onu deməyə əsas verir ki, şəxslərin AR vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir (Konvensiyanın 4-1-ci hissəsinə əsasən Razılığa gələn Dövlət öz vətəndaşlığını, əks halda vətəndaşlığı ola bilməyən, ərazisində doğulmamış şəxsə — həmin şəxs doğularkən onun valideynlərindən birinin vətəndaşlığı bu dövlətin vətəndaşlığı olubsa — verir). Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir.
10. Üçüncü şəxs X3 məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 3.11-ci bəndinə əsasən, Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən, Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə dair qəbul edilmiş müvafiq inzibati aktdan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
15. Odur ki, Dövlət Miqrasiya Xidmətinin qərarı qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 1.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir).
19. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı Rusiya Federasiyası ərazisində doğulmuş və hazırda Rusiya Federasiyası vətəndaşıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
20. Məhkəmə qeyd edir ki, iddiaçı “ius sanguinis” (qan hüququ) və “ius soli” (torpaq hüququ) əsasında vətəndaşlıq əldə etmədiyindən vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilməsi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən iddiaçını naturalizasiya qaydasında Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün müraciət etmək imkanından məhrum etmir.
21. 10.04.2015-ci il təvəllüdlü X12 Austinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin işlə bağlı inzibati icraat materialları məhkəməyə təqdim edilmədiyindən, eləcə də iddiaçı tərəfindən qeyd edilən şəxslə iddiaçının eyni vəziyyətdə olmasına dair hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddiaçıya münasibətdə fərqli rəftarın mövcudluğunu qiymətləndirə bilmir.
22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva