Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3529/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “əmrin ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı barəsində Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2016-cı il tarixli 3543 nömrəli əmrinin ləğv edilməsi və bu barədə şəxsi işində düzəlişlər aparılması öhdəliyinin cavabdeh Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-2016-cı illərdə milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisinin xx.xx.2016-cı il tarixli 3543 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156e bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və həmin ilin 24 dekabr tarixində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə görə təqaüdə çıxmışdır. Hazırda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. Həmin dövrdə barəsində tətbiq olunan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156.e bəndinin əssasız olmasına etiraz etmiş, əlavə araşdırmaların aparılması və qeyd olunan maddənin ləğv edilərək 156.b bəndi ilə əvəz edilməsi xahişi ilə müxtəlif vaxtlarda Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə və daha yuxarı instansiyaya müraciət ünvanlamış, lakin müsbət cavab almamışdır. Silahlı Qüvvələrin ehtiyatına 156.e bəndi ilə buraxılmağı barədə əmrin tövsif hissəsi şablon xarakterli olmaqla, həqiqəti əks etdirməmişdir. Belə ki, həmin əmrin tövsif hissəsində guya onun təyinatından sonra Balakən rayon şöbəsində əməliyyat işinin keyfiyyətinin və statistik göstəricilərin aşağı düşməsi, işçilərə qarşı hər hansı həvəsləndirici tədbirlərin görülməməsi və onlarda mənəvi ruh düşkünlüyünün yaranması barədə əssasız iddialar qeyd olunmuş, bu barədə ətraflı araşdırmalar aparılmamış və göstərilənlərlə əlaqədar heç bir izahat tələb olunmamış, ondan və əməkdaşlardan izahatlar alınmamışdır. Həmin dövrdə iddiaçı şöbəni qəbul etdikdən sonra siqnal yoxlaması işlərinin sayı 8-dən 20 və ya 22-yə çatdırılmış, cəlbetmə işləri illik plandan artıq və vaxtında yerinə yetirilmiş, əməliyyat-qeydiyyat işləri açılmış, fəal tədbirlərin keçirilməsi üçün bir və ya iki məhkəmə sanksiyaları alınmış, iki nəfər işçiyə baş əməliyyat müvəkkili verilmişdir. 2017-ci ildə Şəki şəhərində keçirilən illik hesabat müşavirəsində isə Balakən rayon şöbəsinin göstəriciləri müsbət qiymətləndirilmişdir. Hazırda təqaüdçüdür, eyni zamanda yuxarıda qeyd olunan təşkilatda işləyir, onun DTX-ya yenidən hərbi xidmətə bərpa olunmaq kimi bir iddiası yoxdur, üzərindən 8 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 156.e bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı reputasiyasına ciddi ziyan vurmaqla, onu mənəvi cəhətdən sıxır, çünki o, həqiqətən təmiz və səliqəli xidmət etmiş, onunla birgə xidmət etmiş əməkdaşların da bütün bunları təsdiq edəcəklərinə şübhə etmir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bununla əlaqədar bildirirlər ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində verilə bilər. Lakin, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair verilmiş əmrin üzərindən 8 ilə yaxın zaman keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üçün mediasiya tətbiq edilir. Buna baxmayaraq, sözügedən Qanunun tələbinə uyğun olaraq, iddiaçı tərəfindən mediasiya prosesi də tətbiq edilmədən məhkəməyə müraciət edilmişdir. Belə olduğu halda iddia mümkün hesab edilə bilməz. İşin faktiki halları ilə bağlı bildirirlər ki, iddiaçı DTX-də həqiqi hərbi xidmətdə olduğu zaman işdə ciddi nöqsanlara yol vermiş, xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmuş, xüsusi xidmət və hüquq mühafizə orqanları əməkdaşlarının şərəfini ləkələyən nalayiq hərəkətlərə yol vermiş və əməliyyat-axtarış fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi və sənədləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Göstərilənləri, habelə rəhbərlik etdiyi şöbənin əməliyyat və xidməti fəaliyyətinin, işgüzarlıq səviyyəsinin aşağı düşməsinə zamin yaratdığına görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirirlər ki, oxşar halla bağlı iddiaçı X2 tərəfindən “əmrin ləğv edilməsi” tələbi ilə DTX-yə qarşı irəli sürülmüş iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 26 yanvar tarixli 2-1(102)-333/2022 nömrəli Qərarında iddiaçının mübahisələndirmək hüququ ilə müddətin ötürülməsi müəyyən edildiyindən kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı öz izahatında xx.xx.2016-cı il tarixli əmrin ləğv edilməsini, işə bərpa olunmaq deyil sadəcə xidməti uyğunsuluqla azad olunmasıyla bağlı hissədə düzəliş aparılmasını istədiyini bildirərərk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2016-cı il tarixli 3543şh nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən İddiaçı xidməti uyğunsuzluğa görə xx.xx.2016-cı il tarixdən ehtiyata buraxılmışdır. Hazırkı iddiasında iddiaçı sözügedən əmri mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının istər iddia tələbində qeyd etdiyi əmrin ləğvi, istərsə də məhkəmədə verdiyi izahatda ehtiyata buraxılma əmrinin əsasının dəyişdirilməsi -əmrin ləğvi və ya dəyişdirilməsi bütövlükdə İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddia növü ilə tənzimlənir. Həmin iddia növünə münasibətdə yoxlanılmalı olan xüsusi mümkünlük şərti iddia müddətinə əməl edilib-edilməməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. -71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. -72.1-ci maddəsinə görə inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin ləğvinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. Belə ki, sözügedən xx.xx.2016-cı il tarixli 3543şh nömrəli əmrin mövcudluğu barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. İş materiallarına əlavə edilmiş hərbi biletin surətindən görünür ki, iddiaçı xidmətdən azad edildikdən sonra Nərimanov Rayon İdarəsində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı barəsində olan işdən azad edilmə barədə əmrin tarixi, nömrəsi onun hərbi biletində bilavasitə göstərilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmrdən sonra xidməti vəzifəsinin icrasına buraxılmaması da iddiaçıya həmin vaxtdan əmrin elan edildiyini sübut edir. Əlavə olaraq bildirilir ki, iddiaçı öz izahatında mübahisələndirilən əmrin ona təqdim edildiyi vaxt məhkəməyə müraciət etməsi onun üçün ağır nəticələrə səbəb olacağını bildirməsi, həmin əmrdən onun elan edildiyi vaxt məlumatlı olmasının etirafı kimi də qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən geci xx.xx.2016cı il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə xx.xx.2024-cü il tarixdə hazırkı məhkəmədə iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. - 24.6-cı mddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə mübahisələndirilən əmr üzrə iddia müddətiin ötürülməsindən 1 ildən çox vaxt keçdiyini nəzərə alaraq iddiaçının müddətin bərpasına dair ərizə təqdim etməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 24, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3529/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3529/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver