Məhkəmə qərarları › İş №2-1(112)-353/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-353/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-353/2022 17.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı «kollegiya üzvlüyündən xaric edilmə» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri tərəfindən həmin büronun vəkili Cavabdeh barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət daxil olmuşdur. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 24 dekabr 2019-cu il tarixli qərarı ilə həmin müraciət onunla bağlı intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Bundan başqa, Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Cavabdeh barəsində Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən şikayət daxil olmuşdur. Vəkil Cavabdeh barəsində həmin müraciət əsasında da intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin intizam Komissiyasına göndərilmiş və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdirinin müraciəti ilə bağlı başlanılmış intizam işi ilə bir icraatda birləşdirilmişdir. Vəkillərin İntizam Komissiyasının 5 avqust 2020-ci il tarixli rəyi ilə vəkil Cavabdeh tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8, 2.13, 5.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdirinin müraciəti belə əsaslandırılmışdır ki, həmin vəkil bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 7 dekabr 2019-cu il tarixdə sözügedən büronun ümumi “whatsapp” qrupunda aparılan yazışmalar sırasında heç bir səbəb olmadan büroda fəaliyyət göstərən vəkillərdən birinə müraciətlə “Anla! Camaata söz atırsan burda. Kimsən ее? Sənin yaramaz hakimin Famil Nəsibov məni tutub! Bildin, indi ikinizi də qataram biri-birinizə. Yum ağzını. Sizin kimi düdüklərin zamanı bitdi!” kimi ifadələr işlədərək qrupdakı digər vəkil həmkarlarına qarşı hörmətsizlik nümayiş etdirməklə vəkil etikasının kobud şəkildə pozuntusuna yol vermişdir. İstifadə etdiyi qeyri-etik ifadələrə görə qrupdan uzaqlaşdırılan vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsində “Dostlar! Halhazırda məni ilhamə Həsənova (büronun rəhbəri) hətta indi də hörmət etdiyim, hələ ki, məni 20 saylı Vəkil Bürosundan xaric etdi! Nə deyim! Ən yumşaq şəkildə, belə cəhənnəmə ki! Bu qrup belə təvazövkarlıqdan uzaq olsa da, sevinsin ki, mən orda idim. İndi deyim, niyə qrup yoldaşım İlhamə bunu etdi. Hərçənd ki, daim ona dəstək olmuşam. O büroda dünən vəkilliyə təsadüfən gələn, bir yaxşı naxçıvanlılar demişkən, bir conqili var, adı Abduldu. Tərbiyəsizin pik həddidi. Amma adam yaramaz hakim, hazırda Ağdaş məhkəməsinin sədri olan şərəfsiz Famil Nəsibovun köməkçisi olub. Bu alçaq hakim məni bütün qanuni göstərişləri pozaraq it gününə qalmış, Allah Prezidentimizə can sağlığı versin yüksək iradəsinə görə, MTN-in cındır bir otağında tutdu! Təqib edəcəm sonadək. Ay hüquqşünaslar, soruşuram, olar? İlhamə, bu düdüklərini yığışdır! Məni qrupdan çıxardın! Mən də deyirəm, mən sənin o prokurorluq bürondan çıxdım! Bildin! Adamınızı tanıyın. Bir də bu cırtlanları pısqırtsan, cavabım intellektli olacaq!” məzmunlu yazı paylaşmışdır. Daha sonra, vəkil Cavabdeh müxtəlif sosial şəbəkələrdə eyni məzmunlu, vəkil həmkarları barədə hörmətsiz və kobud ifadələr ehtiva edən yazılar paylaşmağa davam etmiş, 20 saylı Vəkil Bürosunu “prokurorluq ofisi”, büroda fəaliyyət göstərən vəkilləri isə “qul olmaqdan çıxa bilməyənlər”, “üzdəniraqlar”, “cırtdan 20 saylının işverən zadları”, “20 saylı vəkilxananın cırtdan vəkilləri” adlandırmış, guya büroda mənimsəməyə yol verilməsi, vəkillərdən qanunsuz pullar yığılması kimi həqiqətə uyğun olmayan məlumatlar yayımlamışdır. Belə ki, Cavabdeh sosial şəbəkədə paylaşmış olduğu yazıların birində “Dostlar, seçkilər elan olunub! Xəbəriniz var, yoxsa 20 saylı vəkilxananın bəzi cırtdan vəkilləri kimi Sizin də başınız qarışıb üzdəniraqlığa?” ifadələrindən istifadə etmişdir. Digər bir yazısında isə, “Bu gün sizin adınızı, mənə qara yaxanların adını siyahı şəklində dərc edəcəm. Qoy bütün cəmiyyət bilsin ki, sabahın potensial hakimləri, prokurorları, icra məmurları hansı işverənlərdi. Siz mənə anam qədər sevdiyim ölkəmdə nə edə bilərsiz? Mənə donqili Eldar Mahmudov heç nə edə bilmədi, o ki qaldı, Nəsibovun makler məhkəmə katibləri. Davanı siz açdız! Alın gəlsin! Ondansa büronun maliyə hesabatını soruşun, açılışda sizdən yığılmış adambaşı 150 manatın otçotunu tələb edin, ay qul olmaqdan çıxa bilməyənlər! Ölkə başçısı tərəfindən ölkədə uğurlu islahatlar aparılır, amma rica var, yarımçıq qoymayın, bütün sahələr əhatə olunmalıdı, yoxsa bu üzdəniraq bəzi həmkarlarım sakit olmayacaqlar!” ifadələrinə yer verilmişdir. Bundan başqa, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Alov Səfərəliyevin şikayəti belə əsaslandırılmışdır ki, “Bu ərizəni mənə yazmağa vəkil həmkarım Cavabdeh hüquqa zidd, vəkil adına yaraşmayan, mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma xələl gətirən hərəkətləri oldu. Vəkillər Kollegiyasının üzvü olduğum bu 15 ildə həmkarımdan yazdığım ilk şikayət ərizəsidir. Çünki, bu illər ərzində heç vaxt heç bir həmkarımın mənə qarşı pis hərəkətini görməmişəm. Cavabdeh hərəkətləri bu ərizəni yazmağa məni vadar etdi. Cavabdeh həyatda şəxsən tanımıram və görüşməmişik. O, bir həmkar kimi sosial şəbəkədə mənə dostluq göndərib, mən isə onu qəbul etmişəm, indiyə qədər aramızda hər hansı ixtilaf olmamışdır. Ünvanıma yağdırılan təhqir, böhtan, aşağılama isə keçən bazar günü karantin rejimini pozaraq polisin üzərinə zibil, məişət əşyaları, butulkalar ataraq ictimai asayişi pozanların tənqid edilməsi, onların hərəkətinin cəmiyyətə, dövlətə, polisə qarşı hörmətsizlik olduğunu yazdığıma görə baş verdi. Cavabdeh hesab edir ki, ictimai asayişi pozanlar düzgün hərəkət edir və bu hərəkətlər təqdir olunmalıdır. Cavabdeh sosial şəbəkədə məni tanıyan 3.000-dən artıq insanın oxuduğunu bilə-bilə məni təhqir etdi. O, hesab edir ki, mən savadsızam, ümumiyyətlə vəkil deyiləm. Mən dövləti, dövlətçiliyi müdafiə etməklə trolluq edirəm, həmçinin o mənə “dığa” deməkdən də çəkinmədi. Mən onun qeyri-adekvat insan olduğunu görüb heç bir cavab vermədim. Sonra o, biraz da irəli gedərək məni küçə adamı kimi “razborka”ya çağırdı. Bütün bunlar isə məni tanıyan dostlarımın, qohumlarımın, tələbələrimin, vəkil həmkarlarımın gördüyü, oxuduğu bir məkanda baş verdi. Onun dəfələrlə “mən 50 dəfə paraşütdən tullanmışam” deməsi məndə belə fikir yaratdı ki, həmkarımın vəkillikdən çox, paraşüt idmanına həvəsi var. Amma anlamadım ki, bu 2 peşəni bir yerdə necə birləşdirmək olar?. Cavabdeh bu hərəkətləri məni çox üzdü. Ona görə yox ki, o məni təhqir etdi. Ona görə ki, vəkil həmkarım ölkənin düşdüyü bu ağır vəziyyəti düzgün qiymətləndirmir, hərəkətləri ilə pis nümunə olur və digər gənc vəkillərin də psixoloji durumuna, işgüzar fəaliyyətinə təsir edir. Əminəm ki, Cavabdeh vəkil adına yaraşmayan bu hərəkəti araşdırılacaq və onun hərəkətlərinə düzgün qiymət veriləcək.”. İntizam icraatı üzrə dəfələrlə dəvət olunmasına baxmayaraq vəkil Cavabdeh Vəkillərin İntizam Komissiyasına gəlməmiş, intizam icraatının materialları ilə tanış olmamış, zahat təqdim etməmiş və Vəkillərin İntizam Komissiyasının 12 iyun 2020-ci il, 02 iyul 2020-ci il tarixlərdə videokonfrans formatda keçirilən (onlayn) iclaslarında iştirak etməmişdir. Araşdırma materiallarına əlavə edilmiş Bakı şəhəri 20 saylı vəkil Bürosunun vəkillərinin daxil olduğu “Whatsapp” mesajlaşma qrupunda yazışmaların mətnindən görünür ki, vəkil Cavabdeh vəkil Abdul Bağırovun yazısını işarələyərək, cavab kimi yazmışdır ki, “Abdul! Sən artıq qırmızı xəttə yaxınlaşdın!”, X4 Nadirovun həmin yazısına cavab olaraq, 'Anlamadım” yazmışdır, Cavabdeh isə öz cavabında “Anla! Camaata söz atırsan burda. Kimsən eee? Sənin yaramaz hakimin Famil Nəsibov məni tutub! Bildin, indi ikinizi də qataram biri-birinizə. Yum ağzını.” sözlərini yazmışdır, daha sonra isə Abdul Bağırovun “Anlamadım” məzmunlu yazısını Cavabdeh işarələyərək “Sizin kimi düdüklərin zamanı bitdi!” yazısını yazmışdır. Qeyd edilən “Whatsapp” mesajlaşma qrupunda yazışmaların mətnindən görünür ki, qrupda olan digər vəkillər tərəfindən də istinad olunan yazılar oxunmuş və müzakirə olunmuşdur. Bundan başqa, araşdırma materiallarında olan yazışmaların mətnindən görünür ki, vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsindəki səhifəsində aşağıdakı məzmunda yazı paylaşmışdır: “Dostlar! Hal-hazırda məni İlhamə Həsənova hətta indi də hörmət etdiyim, hələ ki məni 20 saylı Vəkil Bürosundan xaric etdi! Nə deyim! Ən yumşaq şəkildə, belə cəhənnəmə ki! Bu qrup belə təvazövkarlıqdan uzaq olsa da, sevinsin ki, mən orda idim, indi deyim, niyə qrup yoldaşım ilhamə bunu etdi. Hərçənd ki, daim ona dəstək olmuşam. O büroda dünən vəkilliyə təsadüfən gələn, bir yaxşı naxçıvanlılar demişkən, birdonqili var, adı Abduldu. Tərbiyəsizin pik həddidi. Amma adam yaramaz hakim, hazırda Ağdaş məhkəməsinin sədri olan şərəfsiz Famil Nəsibovun köməkçisi olub. Bu alçaq hakim məni bütün qanuni göstərişləri pozaraq it gününə qalmış, Ölkə başçısının yüksək iradəsinə görə, MTN-in cındır bir otağında tutdu! Təqib edəcəm sonadək. Ay hüquqşünaslar, soruşuram, olar? İlhamə, bu düdüklərini yığışdır! Məni qrupdan çıxardın! Mən də deyirəm, mən sənin o prokurorluq bürondan çıxdım! Bildin! Adamınızı tanıyın. Bir də bu cırtlanlan pısqırtsan, cavabım intellektli olacaq!”. Bundan əlavə, vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsində paylaşmış olduğu digər yazısında göstərmişdir ki, “Bir postda verək! Məni təəccübləndirən, özlərini ölkənin yaxşı mənada hüquq biliciləri sayan dəyərli həmkarlarım, Azərbaycan vəkilləridi! Dostlar, seçkilər elan olunub! Xəbəriniz var, yoxsa 20 saylı vəkilxananın bəzi cırtdan vəkilləri kimi Sizin də başınız qarışıb üzdəniraqlığa! Gəlin gedək Milli Məclisə. Deputatlıq biz hüquqşünasların missiyasıdı. Orada peşəkarlara ehtiyac var. Siz kimin komandasını gözləyirsiz? Kimdən Kollektiv icazə istəyirsiz? Dostlar qoşulun seçkilərə, yoxsa yenə YAP-ın ağlabatmayan siyahısı çıxacaq ortaya və icra başçılarına, MSK-ya yenə deyiləcək kimi seçki günü üç dəfə kurtkasın dəyişən müəllim qırıqları vasitəsilə qalib edin. Özünüzdə cəsarət tapın, verin namizədliyinizi, seçilin və peşəkarlığınızı deputat fəaliyyətinizlə ortaya qoyun!”. Bundan başqa, vəkil Cavabdeh “Whatsapp” mesaj proqramında yazmış olduğu statusda aşağıdakı məzmunda yazı paylaşmışdır: “Dostlar əvvəlki yazıma, 20 saylı çınqılı büronun adın çəkmək istəmədiyim müdiri ilə, hərçənd o özü-özünü şöhrətpərəst olaraq rəhbər adlandırır, yalan deyirəmsə bu kimsənin bir imzaladığı məktublara baxın! Yazıqlar olsun! Ərinin və bacısı oğlunun, yer pulunu da bürodakı cavan vəkillərdən çıxan, evdən yemək gətirib, ayda vəkillərdən 20 manatdan bir dinqili Abdulun əli ilə yığdıran, birisi gör nə qədər qudurubki, yox səviyyəli bir interneti ilə, sanitar qovşağınızda zəruri ləvazimatı belə aylıq yığdığı pul müqabilində təmin etməyənin birisi, mənə öz qırıqların fısqırdır. Ağlını başına yığ ey prokuror ofisində oturan, get böyüyün gəlsin!”. Bundan əlavə, vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsində vəkil Alov Səfərəliyevin yazmış olduğu statusa aşağıdakı məzmunda şərhlər yazmışdır: “Şəhərdə vəkillər hələ ölməyib, bildin, ay 12 saylının qulluqçusu! Sənin ağlının yeri deyil insanlarımıza basqı edirsən, ay savadsız yazdığına bax, Polis həbs edir? Kimə qulluq edirsən, ey? Polis səhv edib!!! Çox özü də! Bizim vergi pulumuza, evimizə girib, qələt edib, Bildin! Çox savadsız və vəkilə yaraşmayan bir münasibət sərgilədin dünən, heyif. Amma ağlına başqa şey gəlib mənə yazsan sənə layiq olduğun yeri göstərəcəm, bildin Milisioner, sən vəkil deyilsən!!!”, “Sən kimsən ki mənə cavabda verəsən ay Milisioner! Son dəfə deyirəm Ay insanlar bu guya donqli vəkil camaata basqı edir, xox gəlir. Bu dığadı! Atın bunu bloka! Bunun savadı yoxdu!”, “Sənin kimi 12 saylının düşük vəkili deyiləm. 46 dəfə D5 paraşütü ilə tullanmışam ay milisioner, sənin heç ağlının sahibli deyil.”, “səni təqib edəcəm sonacan, savadsız. Deyir polis həbs edir - ay stenka, polisin həbs etmə səlahiyyəti var, budu sənin vəkilliyin?!”, “Atın bu vəkillik trolunu bloka!!!”. Vəkillərin İntizam Komissiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri llhamə Həsənovanın müraciəti ilə bağlı intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsində və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkillərinin daxil olduğu “Whatsapp” mesaj proqramındakı yazılarında öz vəkil həmkarlarını “düdük”, “donqili”, “tərbiyəsiz”, “qul olmaqdan çıxa bilməyənlər”, “üzdəniraqlar”, “20 saylı vəkilxananın cırtdan vəkilləri” adlandırmaqla, vəkilliyin nüfuzunu ləkələyən ictimai çıxışlardan çəkinməmiş, vəkil həmkarlarına münasibətdə hörmətlə davranmamış, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermiş, vəkil etikasının tələblərini pozmuşdur. Bundan əlavə, qeyd edilən yazışmalarda vəkil Cavabdeh “adam yaramaz hakim, hazırda Ağdaş məhkəməsinin sədri olan şərəfsiz Famil Nəsibovun köməkçisi olub. Bu alçaq hakim” kimi ifadələrdən istifadə etməklə məhkəmə hakimi adı ilə bir araya sığmayan qeyri-etik ifadələrə yol vermiş, o cümlədən şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyə biləcək hərəkətlərə yol vermişdir. Həmçinin, Vəkillərin İntizam Komissiyası vəkil Alov Səfərəliyevin müraciəti ilə bağlı intizam icraatı üzrə araşdırma materiallarını məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, “Facebook” sosial şəbəkəsində yazmış olduğu şərhlərdə vəkil Cavabdeh vəkil Alov Səfərəliyev barəsində “savadsız”, “sən vəkil deyilsən!!!”, “donqli vəkil”, “dığa”, “düşük vəkil”, “vəkillik trolu” məzmunlu ifadələr işlətməklə sonuncunun barəsində tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onun fəaliyyətinə aşağılayıcı tərzdə ictimai qiymət verilməsindən çəkinməmiş, vəkil həmkarına münasibətdə hörmətlə davranmamış, onun şərəf və ləyaqətini alçaldan və ümumilikdə vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Eyni zamanda, vəkil Cavabdeh “Facebook” sosial şəbəkəsində yazmış olduğu şərhlərdə “Polis səhv edib!!! Çox özüdə! Bizim vergi pulumuza, evimizə girib, qələt edib, Bildin!” məzmunlu yazısı ilə polis əməkdaşlarının işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol vermiş və sosial şəbəkədə polis əməkdaşları barədə qeyri-etik ifadələr işlətmişdir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 7 avqust 2020-ci il tarixli iclasında Vəkillərin İntizam Komissiyasının 05 avqust 2020-ci il tarixli rəyi nəzərə alınaraq, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Cavabdeh tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8, 2.13, 5.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinin tələbləri pozulduğundan, onun Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi və həmin məsələ ilə əlaqədar məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli (iş № 2(102)-3816/16) qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə tələbinə dair mübahisə subyektiv tərkibinə, predmetinə, eləcə də hüquq münasibətlərinin xarakterinə görə inzibati mübahisə olduğu üçün, belə mübahisələrə dair işlər üzrə məhkəmə icraatı İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməlidir. Göstərilənlərə və «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ hissəsinə, 11-ci maddəsinə, 16-cı maddəsinin İ hissəsinə, 18, 22, 23-cü maddələrinə, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 2.8, 2.13, 5.3-cü bəndlərinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə əsaslanaraq, vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin imtirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianın təmin edilməsini və Cavabdeh Vəkillər Kollegiyasından xaric olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Həmin Qanunun 23-cü maddəsinin İ hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; - barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. Həmin maddənin İİ hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına 20 saylı Vəkil Bürosunun rəhbəri vəkil Cavabdeh vəkil etikasını kobud şəkildə pozması barədə müraciəti daxil olduğundan, vəkil Elçin Cavabdeh barəsində intizam icraatı başlanmış və bununla əlaqədar Kollegiyanın İntizam Komissiyası tərəfindən apaşdırma aparılmışdır. Müraciət belə əsaslandırılmışdır ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 7 dekabr 2019-cu il tarixdə 20 saylı Vəkil Bürosunun ümumi “whatsapp” qrupunda aparılan yazışmalar sırasında heç bir səbəb olmadan büroda fəaliyyət göstərən vəkillərdən birinə münasibətdə qeyri-etik məzmunlu, vəkil börosunu və böronun vəkillərini qurumun fəaliyyətinə uyğun gəlməyən və vəkilləri təhqirə köklənmiş ifadələr işləmiş, elədə də digər vəkil həmkarları barədə hörmətsiz və kobud sözlər ehtiva edən yazılar paylaşmışdır. Bundan başqa, vəkil Cavabdeh oğlu barəsində Vəkillər Kollegiyasına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilinin də şikayəti daxil olmuşdur. Şikayət belə əsaslandırılır ki, Cavabdeh onu sosial şəbəkələrdəki yazıları ilə təhqir etmiş, vəkil adına yaraşmayan hərəkətlərdən çəkinməmişdir. 12 saylı Vəkil Bürosunun vəkilinin müraciəti də İntizam Komissiyasına göndərilmişdir. Başlanmış hər iki intizam işi bir icraatda birləşdirilmişdir. Vəkil Cavabdeh intizam icraatı üzrə dəfələrlə dəvət olunsa da, İntizam Komissiyasına gəlməmiş, icraat materialları ilə tanış olmamış, izahat təqdim etməmiş, eləcə də Komissiyanın videokonfrans formatda keçirilən iclaslarında iştirak etməmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyasında aparılmış araşdırma üzrə 5 avqust 2020-ci il tarixdə rəy tərtib olunmuş və rəydə araşdırma zamanı vəkil Cavabdeh tərəfindən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, «Vəkillərin davranəş qaydaları haqqında» Əsasnamənin 1.2, 1.3, 1.5, 2.4, 2.7, 28, 2.13, 5.3-cü bəndlərinin, eləcə də «Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi»nin 5.13-cü bəndinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilmişdir. Həmin rəy əsasında X2 7 avqust 2020-ci ill tarixli iclasında vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunmuşdur. Hazırda Vəkillər Kollegiyası vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric olunmasını tələb edir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X2 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrimi müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm". Həmin Qanunun “vəkilin vəzifələri” təsbit olunmuş 16-cı maddəsinə görə: - (maddənin İ hissəsi) Peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, «Сinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» AR Qanunundan irəli gələn tələblərə əməl etməlidir; Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1-ci bəndinə görə: - (1.2) Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; - (1.3). Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. Əsasnamənin 2-ci bəndinə görə: - (2.3) Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması). - (2.4) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (Loyallıq). - (2.5) Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır (İctimai etimad). - (2.7) Vəkillərin fəaliyyəti hər bir şəxsin hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyən və qanuni maraqlarını pozan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir (Hüquq, azadlıq və qanuni maraqlara, şərəf, ləyaqət və işgüzar nüfuza hörmət); - (2.8) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır (Mədəni davranış); - (2.13) Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir. Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir (İctimailik). Əsasnamənin 5.3-cü bəndinə görə vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir. Məhkəmə yuxarıda sadalanan bormaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə” 7 avqust 2020-ci il tarixli qərarı qanuni əsaslarla qəbul olunmuşdur. Məhkəmə bu qənaətini məhkəmə icraatında bildirilmiş dəlil və tədqiq olunmuş sübutlarına məcmu halında qiymət verərək belə əsaslandırır ki, vəkil Cavabdeh müvafiq hərəkətləri özlüyündə vəkil etikası ilə bir araya sığmayan və cəmiyyətin vəkilliyə olan inamına xələl gətirən hərəkətlər kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, vəkil həmkarlarına qarşı sosial şəbəkə vasitəsilə qeyri-etik məzmunlu, vəkillik fəaliyyətinə uyğun gəlməyən və vəkilləri təhqirə köklənmiş ifadələr işləməklə, onlar barəsində hörmətsiz və kobud sözlər ehtiva edən yazılar paylaşmaqla vəkillərin davranış qaydalarının tələblərinə – “konfidensiallıq” və “ictimai etimad”a köklü şəkildə zidd, habelə mənəviyyata ziyan vuran hərəkətdir. Belə hərəkətlərlə vəkil Cavabdeh «Vəkillər və vəkillik fəaliyyəti haqqında» AR Qanununun 1, 16, 18-ci maddələrinin, «Vəkillərin davranış qaydaları haqqında» Əsasnamənin 1, 2-ci bəndlərinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılan icraatda «İnzibati icraat haqqında» AR Qanununun 12, 13 və 17-ci maddələrinin tələblərinə riayət olunmuş, eləcə də həmin Qanunun başqa müddəalarının pozulması hallarına yol verilməmişdir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minənədək onun vəkillik fəaliyyətinin dayandırılması barədə 7 avqust 2020-ci il tarixli qərarı qanuna zidd sayılmaması Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil Cavabdeh Kollegiya üzvlüyündən xaric edilməsi tələbinin əsaslı olması nəticəsini doğurur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar