Məhkəmə qərarları › İş №2-1(112)-3530/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3530/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3530/2022 21.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, keçmiş Bakı şəhər X10 İcrayyə Komitəsinin X12 ilə bağlanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında 1996-cı il tarixli «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununu ilə mərhum atası X2 ayrılaraq mülkiyyətinə verilmiş, hal-hazırda faktiki və qanuni istifadəsindəki (ilkin olaraq 1671 nömrəli, sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) 0,25 ha ölçülü bağ torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum atası X1 adına ilkin qeydiyyatı aparılmaqla onun adına elektron çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X12 ilə X3 arasında imzalanmış 22 sentyabr 1967ci il tarixli, 15097 nömrəli müqavilə əsasında X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, keçmiş Bakı şəhər X10 İcrayyə Komitəsinin X12 ilə bağlanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında iddiaçının mərhum atası X2 ayrılaraq verilmiş 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531) 0,25 ha ölçülü bağ sahəsi vərəsəlik hüququ ilə iddiaçıya məxsusdur və hal-hazırda iddiaçının qanuni sahibliyində və istifadəsindədir. İddiaçının atası 13.04.1996-cı il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən atasının vəfatından sonra miras bağ sahəsi faktiki olaraq qəbul edilmişdir. Həmçinin bağ sahəsi ilə bağlı sənədlər, o cümlədən 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə də iddiaçıya miras qalmışdır. Həmin sənədin əsli hal-hazırda iddiaçıdadır. İddiaçı 2021-ci il tarixdə miras işinin açılması və miras qoyulmuş sözügedən əmlakla bağlı vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçının müraciəti əsasında Bakı şəhəri 9 saylı saylı Notariat ofisində iddiaçının atasının adına vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş və iddiaçı yeganə varis hesab olunmuşdur. Vərəsəlik işi açıldıqdan sonra notariat ofisi 05.07.2021-ci il tarixdə cavabdehə məktub ünvanlayıb vərəsəlik işinin rəsmiləşdirilməsi üçün iddiaçının mərhum atasının adına çıxarışın verilməsini məqsədəuyğun hesab etmişdir. İddiaçı notariat orqanının verdiyi arayışa və digər hüquqi sənədlərə əsaslanaraq sözügedən əmlakla bağlı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsi üçün cavabdehə müraciət etsə də, idarə iddiaçıya çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh 16.07.2021-ci il tarixli imtina məktubunu Bağlar Təsərrüfatının İdarəsi tərəfindən verilmiş 12.11.1974-cü il tarixli, 15097 nömrəli müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmçinin elektron kadastr məlumatlarına əsasən 1671 nömrəli bağ sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əsaslandırmışdır. 2021-ci ilin avqust ayında iddiaçı cavabdehə müraciət edərək atasına məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1671/1531 saylı bağ sahəsinin sənədlərinə dair məlumat və surətinin verilməsini xahiş etsə də, idarənin arxivində həmin bağ sahəsinin icarəyə verilməsinə dair mərhum X1 adına 15097 nömrəli müqavilənin aşkar olunmadığı ifadə edilmişdir. İmtinanın dəlillərinin əsassız olduğunu bildirərək 2021-ci ilin sentyabr ayında iddiaçı təkrar cavabdeh inzibati orqana müraciət edib iddiaçının mərhum atasının mülkiyyət hüququnun qeydiyyata alınmasını, bağ sahəsi ilə bağlı çıxarış və texniki sənəd verilməsini xahiş etmişdir. 29.09.2021-ci il tarixli imtina məktubu ilə cavabdeh orqan hüququn qeydiyyatından imtina etmiş və ilkin imtina məktubunda qeyd edilən çatışmazlıqların aradan qaldırılmadığını bildirmişdir. Cavabdeh orqan iddiaçının faktiki və hüquqi dəlillərinə münasibət bildirməmiş, buna etiraz edə və etirazını əsaslandıran dəlilləri ifadə edə bilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Sözügedən bag sahəsi 1970-ci illərdən indiyə kimi iddiaçının ailəsinin qanuni və faktiki sahibliyində, istifadəsindədir. Eyni zamanda orada iddiaçının ailəsinin tikilisi də vardır və bağ sahəsini icarə müqaviləsi əsasında əldə etdikləri vaxtdan indiyə kimi bu tikili də iddiaçının ailəsinin istifadəsində olmuşdur. Həmin tikilinin mövcudluğu icarə müqaviləsində də əks olunmuşdur. Belə ki, icarə müqaviləsinin 1-ci bəndində göstərilir ki, icarə obyekti Ləhiş qəsəbəsindəki 0,25 ha sahəsi olan bağ və sahəsi 14,00 kv.m olan yaşayış sahəsi olan otaqdan ibarət tikilidir. Bağ sahəsində tikilinin olması, sahəsi 14,00 kv.m olan evin kirayəyə götürülməsi icarə müqaviləsinin 10-cu maddəsində kiril qrafikası ilə yazılmış orijinal yazıda da öz əksini tapmışdır. Bağ sahəsindən iddiaçının qanuni əsaslarla istifadə etməsi, müqavilənin qüvvədə olması, bağ sahəsinin Ləhişdə yerləşməsi, bağ sahəsinin sonrakı nömrəsinin 1671/1531 olması Bağlar Təsərrüfatı İdarəsinin iddiaçının atasına ünvanladığı 12.11.1974-cü il tarixli məktubla öz təsdiqini tapmışdır. Bağ sahəsinin sonrakı nömrəsinin hansı səbəblərdən dəyişdirilməsi iddiaçıya məlum deyil. Bundan əlavə bağ sahəsinin yerləşdiyi Ləhiş bağ massivinin inzibati ərazi vahidi üzrə aid olduğu Kürdəxanı bələdiyyəsinin verdiyi 05.07.2021-ci il tarixli, 349 saylı arayışdan görünür ki, iddiaçı 07.05.1996-cı il tarixdə atası X15 Aydəmir oğlu rəhmətə gedəndən sonra X4 və İstismarı Birliyi tərəfindən verilmiş 15097 nömrəli müqavilə əsasında Ləhiş bağ massivində yerləşən 1671 saylı bağ sahəsinin vergi ödəyicisidir və bağ hal-hazırda iddiaçının istifadəsindədir. Qeyd olunan bağ sahəsi iddiaçının qanuni istifadəsində olduğu halda, aparılmış sənədləşmə işlərində bağ nömrələrinin qarışması, bir bağa iki nömrə verilməsi, bağ sahələrinin nömrələrinin dəyişməsi iddiaçının hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Həmin bağ sahəsi ilə bağlı iddiaçının oradan istifadəsinin qanuniliyini təsdiq edən sənəd olan qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunvericilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçının hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda sözügedən bağ sahəsi ilə bağlı iddiaçının hüquqları tanınmalı və qeydiyyata alınmalı idi, əgər uyğunsuzluqlar müəyyən edilsə, bu, cavabdeh tərəfindən aradan qaldırılmalı idi. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunan Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilənin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən 1671 nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, yəni hazırda X5 mülkiyyətindədir. Bununla bağlı iddiaçıya 16 iyul 2021-ci, 20 avqust 2021-ci və 29 sentyabr 2021-ci il tarixli məktublar ünvanlanmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 16.07.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən “167Q saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömrəli, 07.07.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Bağlar Təsərrüfatının İdarəsi tərəfindən verilmiş 12.11.1974-cü il tarixli, 15097 saylı müqavilənin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən “1671” nömrəli bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış 05.07.2021-ci il tarixli məktubda qeyd olunur: İcraatımızda olan, 02.03.1939-cu il təvəllüdlü və 13.04.1996-cı il tarixdə vəfat etmiş, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37 mənzil 138-də qeydiyyatda olmuş X1 vərəsəlik işi ilə əlaqədar olaraq İddiaçı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1671 saylı bağ ünvanında yerləşən 0,25 ha torpaq sahəsi X1 adınadır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1671 saylı bağ ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı verilməsini xahiş edirik. İş materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 169125 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 13 aprel 1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.05.1996-cı ildə 565 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Kürdaxanı Bələdiyyəsi tərəfindən verilmiş 349 saylı, 05.07.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07.05.1996-cı il tarixdə atası X3 rəhmətə gedəndən sonra X4 və İstismarı Birliyi tərəfindən verilmiş 15097 nömrəli müqavilə əsasında Ləhiş bağ massivində yerləşən 1671 saylı bağ sahəsinin vergi ödəyicisidir və bağ hal-hazırda istifadəsindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.03.2022-ci il tarixli **********83 nömrəli məktubda qeyd olunur: Bildiririk ki, idarənin müvafiq şöbəsinin mühəndisi tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri bir tərəfdən qonşu bağın hasarıdır. Digər tərəfdən döngə nöqtələri mişar daşları ilə təyin edilib, ara sərhədləri ilə şərti olaraq ayrılmışdır. İdarənin elektron kadastr məlumatlarına əsasən sorğuda 2-ci şəxs qismində qeyd olunan digər şəxs X5 özəl “1671” saylı bağ sahəsi ilə koordinatlara əsasən göstərilən “1671/1531” saylı bağ sahəsi arasında 400,0 m məsafə vardır. Sözügedən bağ sahələrinin naturada üst-üstə düşmə halı müşahidə edilməmişdir (sxem məktuba əlavə edilmişdir). Həmin məktuba əlavə edilmiş Bakı şəhər Soveti İcrayyə Komitəsinin X12 ilə X15 Aydəmir oğlu arasında imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Ləhiş qəsəbəsində 0,25 hektar sahəsi olan 1671 nömrəli bağ (14,0 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikilisi ilə birlikdə) X1 istifadəsinə verilmişdir (həmin müqavilənin notarial qaydada təsdiq edilmiş surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə üvanlanmış 09.04.2022-ci il tarixli məktubda qeyd olunur: İcraatımda olan, 02.03.1939-cu il təvəllüdlü və 13.04.1996-cı il tarixdə ölmüş, Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37 mənzil 138-də qeydiyyatda olmuş X1 222/2021 saylı vərəsəlik işi ilə əlaqədar olaraq bildirirəm ki, onun miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə onun vərəsəsi qızı İddiaçı tərəfindən müraciət daxil olmuşdur. ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi X1 adınadır. ünvan 3 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair çıxarışın vərəsəsi İddiaçı təkrar verməyinizi xahiş edirəm. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər Soveti İcrayyə Komitəsinin X12 ilə X3 arasında imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli Bağ sahəsinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ləhiş qəsəbəsində 0,25 hektar sahəsi olan 1671 nömrəli bağ X1 istifadəsinə verilmişdir. Həmin müqavilənin təsdiq edilmiş surəti iddiaçı və cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmişdir. X3 İddiaçı atasıdır və X3 13.04.1996-cı ildə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh həmin bağ sahəsinin X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını bildirsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 17.03.2022-ci il tarixli **********83 nömrəli məktubda İdarənin elektron kadastr məlumatlarına əsasən X5 bağ sahəsi ilə iddiaçının istifadəsində olan bağ sahəsi arasında 400,0 m məsafə olduğu, həmin bağ sahələrinin naturada üst-üstə düşmə halının müşahidə edilmədiyi qeyd olunmuşdur. Həmin məktuba əlavə edilmiş sxemdən də iddiaçının mübahisələndirdiyi bağ sahəsi ilə üçüncü şəxsin istifadəsində olan bağ sahəsi arasında məsafənin olduğu, sahələrin üst-üstə düşmə halının olmadığı görünür. Beləliklə, cavabdeh inzibati orqan iddiaçıya ayrılmış bağ sahəsinin digər fiziki və ya hüquqi şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilmədi. İddiaçının istifadəsində olan bağ sahəsi ilə üçüncü şəxsin istifadəsində olan bağ sahəsinin nömrələrinin eynilik təşkil etməsinə isə iddiaçı məsuliyyət daşımır, bu, onun iradəsindən asılı olan hallar deyil. Qeyd olunan məsələlər cavabdehin vəzifələrinə daxildir. Cavabdeh tərəfindən qeyd olunan müqavilənin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin müqavilə ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X12 ilə X3 arasında imzalanmış 22 sentyabr 1967-ci il tarixli, 15097 nömrəli müqavilə əsasında X2 verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha torpaq sahəsi olan 1671 nömrəli (sonradan aparılmış rəsmiləşdirilmələrlə 1671/1531 nömrəli) bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı mərhum atası X2 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar