Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3530/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X4” MMC) qarşı “çıxarışın verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Tibb Universitetinin “Şəfa” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan, 132 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X4” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 132 saylı bağ sahəsi iddiaçıya Tibb Universitetinin “Şəfa” bağçılıq yoldaşlıq təsərrüfatı tərəfindən verilmişdir, verildiyi vaxtdan iddiaçının və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli **********93 nömrəli məktubla hasarlanma düzgün aparılmadığından sahənin 132 saylı torpaq sahəsinin ərazisinə uyğun olub-olmamasının müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8.0.7 - ci maddəsinə əsasən 2007 ci il mayın 22 dək müvafiq İcra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı tərəfindən vətəndaşlara ayrılan bağ sahələrinə verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq- yoldaşlıq təsərrüfatının siyahısına müvafiq olaraq verilmiş üzvülük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərlə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatın uyğunluğu ilə aparılır. Hesab edir ki, cavabdehin onun torpaq sahəsinə Çıxarışın verilməsindən imtinası əsasızdır və məhkəmə qaydası ilə onun atasından qalan torpaq sahəsinə Çıxarışın verilməsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi “Şəfa” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi “Tibb Universiteti” bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməklə, digər şəxsin ("xxxx" MMC) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin təqdim olunmuş bölgü sxeminə uyğun hasarlanma aparılmadığından “132” saylı torpaq sahəsinin ərazisi olubolmamasının müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu “Şəfa” bağçılıq yoldaşlığının Orderinə və xx.xx.1991-ci il tarixli Protokolundan çıxarışa əsasən 500 kv.metr sahəsi olan 132 saylı bağ sahəsi İddiaçı verilmişdir.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 132 - saylı bağ sahəsi ümumi hasarlanmış ərazi daxilində yerləşir. Darvaza yoxdur. Giriş sərbəsdir. Faktiki olaraq bağ sahəsinin sərhədləri şərtidir. Şərti göstərilən sahədə Krokus MMC tərəfindən faktiki tikintisi gedən 2 ədəd natamam tikilinin bir hissələri yerləşir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndələrinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
16. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
17. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
18. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
19. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
20. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
21. X2 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
24. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
28. Hazırkı iş üzrə iddia tələbi N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu “Şəfa” bağçılıq yoldaşlığının Orderinə və xx.xx.1991-ci il tarixli Protokolundan çıxarışa əsasən 500 kv.metr sahəsi olan 132 saylı bağ sahəsi İddiaçı adına Dövlət qeydiyyatına alaraq həmin bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar çıxarılması ilə bağlıdır.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, təqdim edilən sənədlərdən bəlli olur ki, bağ sahəsi ümumi hasarlanmış ərazi daxilində yerləşir, faktiki olaraq sərhədləri şərtidir.
30. Cavabdeh qurumun iddia olunan torpaq sahəsinin “Şəfa” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmasıyla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarışın təqdim edilməməsinə dair dəlilini münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu “Şəfa” bağçılıq yoldaşlığının orderindən və xx.xx.1991-ci il tarixli protokolun çıxarışdan görünür ki, sahəsi 500 kv.metr olan 132 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş “Tibb Universiteti” bağçılıq-yoldaşlığın ayrıc aktı və N.Nərimanov adına Azərbaycan Tibb Universiteti bağçılıq yoldaşlığın üzvlərinin siyahısında 132 saylı torpaq sahəsi göstərilməklə iddiaçının adı 52-ci sırada qeyd olunmuşdur. Lakin məhkəmə nəzərə alır ki, qeyd olunan ərazi 132 saylı bağ sahəsinin ərazisi olsa da, yerquruluşu planında göstərilən koordinatlar Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən 28.8185 ha torpaq sahəsinin hüdudları daxilindəki sahəyə uyğun gəlir. Belə ki, sözügedən torpaq sahəsinə "xxxx" MMC-nin mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
31. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının adına mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyət hüququ ilə yüklü edilmişdir.
32. Həmçinin mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə satılmasına dair Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-sarqısına dair 558 nömrəli xx.xx.2022-ci il tarixli müqavilə də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" MMC-nin ayrılmış sahə ilə üst-üstə düşdüyü işin mübahisəsiz halı olduğundan (iddiaçı həmin halı mübahisələndirmir, ona görə məhkəmə həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür) və "xxxx" MMC-yə torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.
34. Göründüyü kimi cavabdehin imtinasınını əsası kimi göstərdiyi hal üçüncü şəxs "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsi iş materialları ilə sübut olunur.
35. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva