Məhkəmə qərarları › İş №2-1(112)-3531/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3531/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3531/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsininnümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (bundan sonra mətndə DSMF Binəqədi rayon şöbəsi) qarşı əmək stajının təyin olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina cavabının qanunsuz hesab edilməsi və onun barəsində əmək stajının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində doğulmuş, həmin kənddə orta məktəbi bitirdikdən sonra xx xxxxxx 1973-cü ildən xx xxxxxx 1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx xxxxxx 1977-ci ildə İsmayıllı rayon Xanlar adına Üzümçülük sovxozunda avtotraktor parkına işə düzəlmiş, bu barədə xx xxxxxx 1977-ci il tarixdə 5 saylı əmrlə işə çıxmış, xx xxxxxx 1999-cu ilədək orada əmək fəaliyyəti ilə məşğul olmuş, xx xxxxxx 1999-cu il tarixli, 48 nömrəli əmrlə işdən azad olunmuşdur. Əmək stajının 22 il təşkil etməsi və 3 illik hərbi xidmət illərini toplayaraq 25 il əmək stajı olduğundan Bakı şəhəri Binəqədi rayon Dövlət Sosial Müdafiəsi şöbəsinə qeydiyyatda olduğu yer üzrə əmək pensiyası təyin olunması məqsədilə müraciət etmiş, onun bu barədə olan müraciətinə Bakı şəhəri, Binəqədi rayonu Dövlət Sosial Müdafiəsişöbəsindən imtina cavabı verilmişdir. Hazırda o, həmin imtina cavabı ilə razı deyil və iş stajının olmasını şahidlərin məhkəmə iclasına gətirilməsi ilə sübut edə bilər. Onun əmək fəaliyyəti ilə məşğul olduğu zaman çalışdığı təşkilat tərəfindən DSMF-ya ödənişin həyata keçirilibkeçirilməməsi barədə məlumatı yoxdur, əgər bu ödəniş olmamışdırsa, buna cavabdeh olan təşkilatlar cavab verməlidirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş və cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Sonradan iddiaçıİPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (teleqram)təqdim edərək, İsmayıllı rayon Xanlar adına Üzümçülük sovxozunda xx.xx.1977-ci ildən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrün əmək stajına daxil edilərək, ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabeh DSMF Binəqədi rayon şöbəsi məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2020-ci il tarixli **********7 saylı etirazında (mülahizə) göstərmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqları,pensiyaların hesablanması və ödənilməsi 01.012006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilir. Qanunun 7-ci maddəsinə əsasən vətəndaş qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda sığorta stajından asiı oimayaraq fərdi hesabının sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyasi hüququ vardır .Təqdim edilmiş əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1977- xx.xx.1999 cu illərdə İsmayıllı rayon Xanlar adına üzümçülük sovxozunda sürücü işləməsi qeyd edilmişdir.Əmək kitabçasının tərtib edilmə forması müəyyən suallar yaratdığı üçün fondun Binəqədi rayon şöbəsi tərəfindən İsmayıllı rayonuna müvafiq sorğu verilmişdir. Fondun İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubu ilə bildirilmişdir ki, İsmayıllı rayon dövlət arxivində yoxlama aparılmış və İddiaçı 1977-1999-cu illərdə İsmayıllı rayon Xanlar adına üzümçülük sovxozunda işləməsi faktı öz təsdiqini tapmamışdır və bu barədə müvafiq akt tərtib edilmişdir. Qanunvericiliyə uyğun olaraq vətəndaşa yaşa görə əmək pensiyası hüququ olmadığı barədə məlumat verilmişdir. Şöbə tərəfindən hər hansı qanunsuz imtina halına yol verilməmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmiş, iddiaçı teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərib məhkəmə iclaslarının onun iştirakı keçirilərək, işə baxılıb iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF Binəqədi rayon şöbəsinin nümayəndəsi X2 iddianı qəbul etməyərək,məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda və izahatında göstərmişdir ki, iddiaçı iddia tələbində xx.xx.1973-cü il tarixindən xx.xx/1976-ci il tarixinə qədər hərbi xidmətdə olduqdan sonra xx xxxxxx 1977-ci il tarixində İsmayıllı rayonu Xanlar adına Üzümçülük sovxozunda avtotraktor parkında işə qəbul olunduğunu, xx xxxxxx 1999-cu ildə isə işdən azad edildiyini, bundan sonra, yaşa görə pensiyanın təyin edilməsi üçün nəzərdə tutulan 25 il sığorta stajının olduğunu iddia edərək, Binəqədi rayon şöbəsinə müraciət etdiyini, şöbə tərəfindən vətəndaşın iddia etdiyi illərə dair sosial sığorta stajının yoxlanılması zərurəti yarandığından DSMF-nin İsmayıllı rayon şöbəsinə sorğu göndərildiyini qeyd etmişdir. İsmayıllı rayon şöbəsi tərəfindən İsmayıllı rayon Dövlət Arxivində müvafiq yoxlama aparılmış və xx.xx.1977-ci il tarixindən xx.xx.1999-cu il tarixinə qədər olan iş stajı təsdiqini tapmadığı üçün həmin dövr iş stajı hesab edilməmişdir. Bundan başqa İsmayıllı rayon Dövlət Arxivinə iddiaçıya dair həmin sovxozda iddia etdiyi illərə dair iş stajını təsdiq edən sənədlərin təqdim edilməsinə dair göndərilmiş sorğuya verilmiş cavabda da iddiaçının əmək kitabçasında işə qəbul olma əmri tarixinin sovxozun əmri tarixindən əvvəl olması, eləcədə 1985-1997-ci illər üzrə əmək haqqı ödənişinə dair hesablaşma kitablarında (cədvəllərində) İddiaçı dair heç bir məlumatın aşkar edilməməsi barədə cavab verilmişdir. Beləliklə, sorğulara verilmiş cavablar iddia edilən illərin sosial sığorta stajı hesab edilməməsi üçün əsasdır. Hazırki, “Əmək pensiyaları haqqında” Qanununa 2017-ci il 10 mart tarixində edilmiş, 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliyinin 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçının təqdim etdiyi sənədlər ona pensiyasının təyin edilməsini mümkünsüz edir. Beləliklə, idiaçının stajı qanunda göstərilən stajı tamamlamadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərli olmadığından əmək pensiyası hüququ yaranmır. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etşdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1955-ci ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsi). O, xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olmuşdur (НЗ seriyalı ******* saylı hərbi bilet). xx.xx.1977-ci ildən xx.xx.1999-cu ilədək İsmayıllı rayonu Xanlar adına üzümçülük sovxozunun avto-traktor parkına avtoyükləyicidə sürücü işləmişdir (ИТ-İ seriyalı ******* saylı əmək kitabçası). İddiaçı hazırki tələblə cavabeh DSMF Binəqədi rayon şöbəsinə müraciət etmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********1 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə və ya azı 25 ıl sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Lakin təqdim olumuş sənədlərə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu ıl tarixədək olan iş stajının yoxlanması zərurəti yarandığından DSMF-nin İsmayıllı rayon şöbəsinə sorğu edilmişdir. Sorğuya cavab olaraq İsmayıllı rayon şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu ıl tarixədək olan iş stajı təsdiqini tapmadığı üçün həmin dövr iş stajı hesab edilməmişdir. Bu səbəbdən də 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından ona “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli X3 rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 15 saylı arayışdan müəyyən edilir ki, İsmayıllı rayon Kürtmaşı kənd Xanlar adına sovxozun Arxiv fonduna təhvil verilmiş əmr kitabında İddiaçı adı aşkar olunmamışdır. İddiaçı əmək kitabçasında işə qəbul olma tarixi xx xxxxxx 1977-ci il 5 №li əmr qeyd olunmuş, sovxozun əmri isə xx xxxxxx 1977-ci il tarixli 1/2 №li əmrlə başlamış,1997-ci ildən sonrakı dövrlər üçün 1998-1999-cu iləri əhatə edən əmr kitabı arxiv fonduna təhvil verilməmişdir. Ona görə də İddiaçı işə qəbul və azad olması barədə əmrlərdən çıxarış vermək mümkün olmamışdır. Kürtmaşı kənd Xanlar adına sovxoz təşkil olunandan 1973-1984-cü illər üzrə əmək haqqı ödənişi üzrə hesablaşma kitabları (cədvəllərin) arxiv fonduna təhvil verməmişdir. Təhvil verilmiş 1985- 1997-ci illərin əmək haqqı ödənişi üzrə hesablaşma cədvəllərində İddiaçı adı aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının xx.xx.1977-xx.xx.1999-cu il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (mübahisələndirilən dövr) İsmayıllı rayon Xanlar adına üzümçülük sovxozunda işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Eləcə də hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. İddiaçının mübahisələndirilən dövr üzrə əmək kitabçasında aparılmış qeydlərlə bağlı, onun işlədiyini iddia etdiyi sovxoza dair verilmiş arxiv arayışına əsasən, orada sonuncuya aid əmrlər (işə girmə və işdən çıxma ilə bağlı), şəxsi vərəqə və əmək haqqı şəxsi hesabları aşkar olunmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də bunu təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar