Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3531/2024 08.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə sonradan dəqiqləşmə verilərək cavabdeh əsl cavabdeh Maliyyə və Büdcə idarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək 1995-ci ilin yanvar ayının 1-dən nəzərə alınmaqla 20 təqvim ilindən artıq xidmət etmiş hərbi qulluqçu kimi yeni məlumat vərəqəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 22 il 1 ay müddətində Silahlı Qüvvələrdə xidmət etmişdir. 16 iyul 2015-ci il tarixdən ehtiyata buraxılmışdır. Buna dair məlumat vərəqəsinin tərtib edilərək pensiya orqanına göndərilməsi xahiş olunmuş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Belə ki, o 15 iyun 1993-cü il tarixdən 30 avqust 1997-ci il tarixədək Türkiyə Respublikasında gizirlik məktəbi oxumuş, 1993-cü il 30 avqustundan hərbi andı qəbul etmişdir. “Hərbi qeydiyyatı və hərbi xidmət barədə arayış və hərbi biletin həqiqi hərbi xidmətin keçməsi barədə hissəsində qeyd olunmuş hərbi xidmət illəri hissəsində də göstərilən qeydlər göstərilmiş, onun xidmət illəri N il N ay 15 gün yox, 20 ildən artıq olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1996-30 avqust 1997-ci il tarixədək gizirlər məktəbində kursant, 09 oktyabr 1997-16 iyul 2015-ci il tarixədək Azərbaycan Ordusunda gizir və baş gizir kimi hərbi hissələrdə ümumilikdə N il N ay 15 gün həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri 20 təqvim ili təşkil etməməkdədir. 1993- 1996-cı illət tarixində 15-17 yaşlarında iddiaçı olduğundan hərbi qulluqçu statusunda olmamışdır. Həmin təhsil müddəti müddətli həqiqi hərbi xidmətə bərabər hesab edilmir. İddiaçının təhsil aldığı məktəb orta məktəbdir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Məktəb lisey statusunda olmaqla Azərbaycan Respublikasında olan hərbi liseylərlə bərabər statusdadır və həmin liseylərin kursantlarının təhsil müddəti həqiqi hərbi xidmət hesab edilmir. İddiaçı adıçəkilən müddət ərzində hərbi qulluqçu statusunda olmadığından 20 təqvim ili xidmət etməmişdir. Onun xidməti N il N ay 15 gün təşkil edir. İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Cavabdehin Müdafiə Nazirliyi yox, məhz Maliyyə və Büdcə İdarəsi olmalı olmasına münasibətdə də, məhkəmə hüquqi yardımına uyğun olaraq iddia tələbi dəqiqləşdirilmişdir ki, məhkəmə hesab edir ki, cavabdehin dəyişdirilməsi zərurəti inzibati məhkəmə praktikasında cavabdehin müəyyən edilməsi üçün əsas kimi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” ilə əlaqədardır. Belə ki, həmin Təsnifatda Müdafiə Nazirliyi ilə yanaşı idarə, şöbə və xidmətlər ayrıca inzibati orqan qismində çıxış etməkdədir ki, məlumat vərəqəsinin göndərilməsinə münasibətdə hazırkı iş üzrə cavabdeh də Nazirliyin özü yox, məhz ayrıca inzibati orqan kimi təsnifatda adı daxil olan Maliyyə və Büdcə İdarəsi olmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: İmtina məktubunda qeyd edilmişdir ki, 1993-1996-cı illət tarixində 15-17 yaşlarında iddiaçı olduğundan hərbi qulluqçu statusunda olmamışdır. Həmin təhsil müddəti müddətli həqiqi hərbi xidmətə bərabər hesab edilmir. İddiaçının təhsil aldığı məktəb orta məktəbdir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Məktəb lisey statusunda olmaqla Azərbaycan Respublikasında olan hərbi liseylərlə bərabər statusdadır və həmin liseylərin kursantlarının təhsil müddəti həqiqi hərbi xidmət hesab edilmir. İddiaçı adıçəkilən müddət ərzində hərbi qulluqçu statusunda olmadığından 20 təqvim ili xidmət etməmişdir. Onun xidməti N il N ay 15 gün təşkil edir. Hərbi biletdən görünür ki, onun həqiqi hərbi xidmət keçmə qrafasında Türkiyə Respublikasında gizirlər məktəbində 15 iyun 1993-cü il tarixdən 30 avqust 1997-ci il tarixədək gizirlər məktəbində təhsil aldığı dövr üzrə məlumat öz əksini tapmışdır. 16 iyul 2015-ci il tarixdən ehtiyata buraxılmışdır. Məzun olma barədə sənəddən və diplomdan görünür ki, iddiaçı Türkiyə Respublikasında gizirlik məktəbini bitirmiş və diplomla təmin edilmişdir. 08 sentyabr 1997-ci il tarixli əmrdən görünür ki, Türkiyə Respublikasında gizirlər məktəbini bitirmiş iddiaçı hərbi hissəyə təyin edilmiş, Silahlı Qüvvələrdə xidməti 1993-cü il tarixdən hesablanmış və HQİ nömrəsi ilə təmin edilmə də həyata keçirilmişdir. İddiaçının hərbi xidmətə dair şəxsi işindən görünür ki, onun 15 iyun 1993-cü il tarixdən 30 avqust 1997-ci il tarixədək Türkiyə Respublikasında gizirlər məktəbində təhsilinin xidmət müddəti üzrə qeydiyyatı aparılmışdır. 16 iyul 2015-ci il tarixli əmrdən görünür ki, iddiaçı ehtiyata buraxılmışdır. Hərbi qeydiyyatı və xidməti barədə məlumatlar haqqında arayışdan görünür ki, iddiaçının həqiqi hərbi xidmət keçməsi 15 iyun 1993-cü il tarixdən təhsil aldığı illərdən hesablanmışdır. Məhkəmə tərəfindən təqdim edilən sorğulardan görünür ki, iddiaçının təhsil aldığı illərin hərbi liseylərdə təhsil müddəti ilə bərabər hesab edilirsə onun hərbi biletində hərbi liseydə oxunulan dövrdən fərqli olaraq xidmət illərinə dair qeyd hissəsində əksini tapması, my.gov.az saytında hərbi qeydiyyat və xidmət barədə məlumat üzrə informasiya sistemindən çıxarışda xidmət müddətinin 15 iyun 1993-cü il tarixdən hesabl edilməsi, 08 sentyabr 1997-ci il tarixli həmrdə SQ xidmətinin 1993-cü il tarixdən qeyde dilməsi HQİ üzrə iddiaçının dediyinə görə Azərbaycandakı hərbi liseyləri bitirmiş kursantlara verilməyən, həqiqi hərbi xidmət keçmən şəxslər üçün spesifik ixtisas kodunun verilməsinin, şəxsi işində də buna dair qeydlərin aparılmasının hansı səbəblərdən irəli gəlməsi barədə məlumat soruşulmuşdur. Cavabdehin 20 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun 01 sentyabr 1996-30 avqust 1997-ci il tarixədək olan dövr ərzində təhsil aldığı 11 ay 29 gün xidmət illərinə daxil edilsə də, həmin tarixə kimi 02 il 11 ay 09 gün daxil edilməmişdir. 04 iyun 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X2 Okulları, yəni gizirlik məktəbi Türkiyə Respublikasında ali məktəb statusundadır və bu məktəblərdə təhsil alan şəxslərin tədris dövrünün yalnız 18 yaşlarından sonrakı tədris müddəti onların həmin müddətli həqiqi hərbi xidmət illərinə, həm də pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:
3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti.
6. Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir.
26. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: b) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının tələbinin həcminin azaldılması da əsas götürülməklə 1995-ci ilin yanvar ayının 1-dən nəzərə alınmaqla iddiaçının Türkiyə Respublikasında gizirlər məktəbində 01 sentyabr 1996-cı il tarixədək təhsil aldığı müddətin həqiqi hərbi xidmətə daxil edilərək 20 ildən artıq xidmət etmiş şəxs kimi iddiaçı barəsində məlumat vərəqəsinin pensiya təyinatı ilə əlaqədar pensiya təyinatını həyata keçirən orqana göndərilib-göndərilməməsi ilə əlaqədardır. İlkin iddia tələbindən və cavabdehə müraciətindən görünür ki, iddiaçı ilkin olaraq məhz gizirlər məktəbinə daxil olduğu ildən xidmət illərinin hesablanmalı olması mövqeyində olmuş, lakin sonradan müddət baxımından azaldılma verərək və 20 illik müddət məhdudiyyətinin müəyyən edildiyi pensiya təyinatı üçün məlumat vərəqəsinin verilməli olması da əsas götürülməklə tələbin həcmini azaltmış, 1995-ci ilin yanvar ayının 1-dən hesablanmaqla oxuduğu illər üzrə xidmət illəri barədə məlumatın məlumat vərəqəsində qeyd edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı 1993-1997-ci il tarixləri ərzindəki dövrün 01 sentyabr 1996-cı il tarixdən 30 avqust 1997-ci il tarixədək olan dövrünü xidmət illərinə daxil etsə də, lakin 01 yanvar 1995- 01 sentyabr 1996-cı il tarixədək olan dövrü nəzərə almamışdır. Nəzərə almama, yəni müraciətin təminindən başlıca imtina əsasları isə onun 15-17 yaşlarında hərbi qulluqçu statusunda olmaması ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, 1993-1996-cı illərə aid dövrdə 18 yaşına qədər olan müddət olduğuna görə bu təhsil müddəti müddətli həqiqi hərbi xidmətə bərabər tutulmur. Həmin müddət hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə də bərabər tutulmur. Cavabdeh hesab edir ki, iddiaçının oxumuş olduğu məktəb orta məktəb müddətinin 9,N,11-ci sinif dövrlərinə aiddir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. İddiaçının oxuduğu məktəb hərbi lisey statusunda olmuşdur. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmə cavabdehin üzərinə düşsə də, cavabdehin irəli sürdüyü yuxarıda adıçəkilən imtina əsasları iddianın təmini istisna edə biləcək imtina əsaslı hesab edilə bilməz. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, müddətli hərbi xidmət keçmə ilə əlaqədar qiymətləndirmənin hazırkı işin faktiki hallarına münasibətdə aparılması zərurəti yoxdur. Belə ki, hazırkı inzibati mübahisə iddiaçının kursantlıq dövrünün 01 yanvar 1995-ci il tarixdən götürülməyən 01 sentyabr 1996-cı il tarixədək götürülməsi ilə əlaqədardır və məhkəmə də hesab edir ki, iddia göstərilən dövrlərin götürülməsi ilə əlaqədar qanuni və əsaslıdır. Belə ki, məhkəmənin cavabdehə sorğusuna və cavabdehin də Türkiyə Respublikasının aidiyyəti orqanına sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, iddiaçının təhsil almış olduğu Türkiyə Respublikasında Teknik X4, yəni gizirlər məktəbi cavabdehin mövqeyinin əksinə hərbi lisey hesab edilmir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilir. Lakin, cavabdehin imtinası ilə yanaşı, işin digər faktiki hallarından göründüyü kimi cavabdeh adıçəkilən təhsil müəssisəsini hərbi lisey statusunda hesab etsə də, faktiki olaraq iddiaçının 18 yaşının tamam olduğu dövrdən sonra 01 sentyabr 1996-cı il tarixdən başlayan təhsil dövrünü xidmət illərinə daxil etmişdir. Yəni, cavabdehin xidmət illərinin hesablanmasına dair mövqeyi özlüyündə hərbi lisey hesab edilmə ilə əlaqədar mövqeyi istisna edir. Hazırkı işin faktiki halı odur ki, cavabdeh eyni təhsil müəssisəsində bir dövrü orta məktəb statusunda, digər dövrü ali təhsil statusunda nəzərə almaqla, faktiki olaraq eyni təhsil müddətinin xidmət illərinə hesablanmasında yaş senzi əsasında qiymətləndirmə aparmaqdadır. Həmin mövqeyin də məhkəmə hesab edir ki, əsasında yuxarıda adıçəkilən Qanun və Əsasnamədə öz əksini tapan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olma meyarı əsas götürülmüşdür. Məhkəmə bununla bağlı olaraq qeyd edilməsini zəruri hesab edir ki, xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşın tamam olmalı olmasının hüquqi nəticələri ilə, həmin yaş məhdudiyyəti nəzərə alınmadan müəssisədə təhsil almanın hüquqi nəticələrinin fərqləndirilməsi zəruridir. Belə ki, qanunvericiliyimizdə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşın tamam olmadığı halda xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edilməməsinə yol verilməməsi ilə bağlı müddəa olsa da, həmin hal iddiaçı üçün pensiya təyinatı, eləcə də xidmət illərinin hesablanması baxımından hər hansı məhdudiyyət yarada bilməz. Belə ki, iddiaçı 17 yaşının tamam olmasa belə, faktiki olaraq xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almışdır və qanunvericiliklə həmin təhsil müəssisəsində təhsil illərinin xidmət illərinə hesablanmalı olması birbaşa olaraq öz təsbitini tapmışdır. Yəni, iddiaçının yaşı 17 olmasa belə, o hərbi liseydə yox, məhz ali təhsil müəssisəsində təhsil almışdır. Bu zaman, nəzərə alınmalıdır ki, müstəsna qaydada 17 yaşından aşağı yaşda xüsusi təyinatlı ali təhsil müəssisinə daxil olma özbaşına qaydada yox, iki dövlət arasında hərbi sahədə olan əməkdaşlıq çərçivəsində qanunvericiliyin tam tələblərinə uyğun olaraq həyata keçirilmiş və iddiaçı da təhsil müddətini bitirdikdən sonra Silahlı Qüvvələrdə müxtəlif hərbi hissələrdə xidmətkeçməyə cəlb edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə xüsusi təyinatlı ali təhsil müəssisəsində 17 yaşında tamam olmamış şəxslərin cəlb edilməli olmaması bağlı müddəa iddiaçının qanuni əsaslarla xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil müddəti, dolayısı ilə xidmətkeçmə illəri üzrə müddətin əsas götürülməsinə maneə qismində çıxış edə bilməz. İddiaçı müstəsna qaydada müəyyən yaş qrupundan aşağı yaşda qanunvericiliklə nəzərdə tutulmuş qaydada ali təhsil müəssisəsinə qəbul edilmişdir ki, onun oxuduğu müəssisə ali təhsil müəssisəsi kimi hərbi lisey statusunda olmamış, iddiaçı ali təhsil müəssisəsinin kursantı statusunda olmuşdur. Odur ki, yaş senzi tətbiq etməklə təhsil müddətinin bir dövrünün əsas götürülüb, digər dövrünün isə nəzərə alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuni olmamışdır. İşin faktiki hallarından isə görünür ki, cavabdeh müddətin hesablanması zamanı 17 yaşı da yox, 18 yaşdan başlayaraq 01 sentyabr 1996-cı il tarixdən hesablamanın aparılması qərarına gəlmişdir ki, ümumiyyətlə 17-18 yaşları arasında dövrün nəzərə alınmamalı olmasına münasibətdə mövqeyin əsaslılığından söhbət gedə bilməz. Lakin, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən məhdudiyyətinin, iddia tələbinin həcminin azaldılması baxımından iddiaçı üçün ümumiyyətlə hər hansı məhdudiyyəti nəzərdə tutulmamışdır. Belə ki, Qanun və Əsasnamənin tələbindən göründüyü kimi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olma meyarı öz təsbitini tapmışdır. İddiaçı üçün də həmin şərt ödənilməkdədir. Belə ki, adıçəkilən müddəanın tələbi 17 yaşı tamam olduqdan sonra təhsilə başlama deyildir. Əsas şərt ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olmadır ki, iddiaçı da onsuz da 1993-cü il tarixdən adiçəkilən xüsusi təyinatlı ali təhsil müəssisəsində olduğundan 17 yaşının 23 avqustda tamam olduğu 1995cı ildə, həmin təhsil müəssisəsində təhsil almış şəxs olmuşdur. Bu o deməkdir ki, necə ki xüsusi təyinatlı təhsil müəssisəsinə qəbul zamanı şəxsin 17 yaşı hələ tamam olmur, lakin həmin ildə iddiaçının 17 yaşı sonradan tamam olur və həmin hal xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbuluna və xidmətinə mane olmursa (misal: 01 oktyabr 2015-ci il tarixdə 17 yaşı tamam olacaq olan şəxs 15 sentyabr 2015-ci il tarixdən ali təhsil müəssisəsinə daxil olursa, 2015-ci il tarixdə, yəni təhsil müəssisəsinə daxil olduğu ildə 17 yaşı tamam olursa onun təhsil müəssisəsinə qəbulu mümkün hesab edilir) faktiki olaraq adıçəkilən təhsil müəssisəsində oxuyan şəxsin 17 yaşı tamam olanadək, lakin həmin ildə, indiki halda 1995-ci il yanvar ayının 1 dən xidmətinə hər hansı maneə qoyulmamalıdır. Belə ki, iddiaçı 1995-ci ilin yanvar ayının birində adıçəkilən təhsil müəssisəsində təhsilini həyata keçirən, qanunun eyni məzmunlu mövqeyi ilə desək təhsil müəssisəsinə qəbul edilmiş, 17 yaşı tamam olmasa belə, həmin ilin 23 avqustunda 17 yaşı tamam olmuş şəxsdir ki, bu səbəbdən də onun 1995-cı ilin yanvar 1-dən xidmət illərinin hesablanmalı olması, iddiaçının müstəsna qaydada aşağı yaşda xüsusi təyinatlı ali təhsil müəssisəsinə qanuni əsaslarla qəbul edilməsi nəzərə alınmadan belə, yuxarıda adıçəkilən Qanunun 17 yaşla bağlı mövqeyinin tələblərinə də tam uyğun olmuş, iddiaçı 1995-ci ilin avqust 23-də 17 yaşında tamam olmuş şəxs kimi təhsil aldığı həmin il üzrə 1995-ci ilin başlanğıcından, yəni yanvar 1-dən xidmətini təhsil alma ilə həyata keçirən ali təhsil müəssisəsinin kursantı statusunda olmuşdur. Təsadufi deyildir ki, hərbi lisey kursantlarından fərqli olaraq iddiaçının hərbi biletində və şəxsi işində xidmətkeçmə hissəsində Türkiyə Respublikasında oxuduğu illərlə bağlı qeydlər aparılmış, göstərilən müddət daxil edilmiş, eləcə də 08 sentyabr 1997-ci il tarixli əmrlə Türkiyə Respublikasında gizirlər məktəbini bitirmiş iddiaçı hərbi hissəyə təyin edilmiş, Silahlı Qüvvələrdə xidməti həmin əmrdə 1993-cü il tarixdən hesablanmış və HQİ nömrəsi ilə təmin edilmə də həyata keçirilmişdir. Eləcə də, elektron sistemdən çıxarışda da xidmət illəri adıçəkilən dövrdən nəzərə alınmışdır. İddiaçı barəsində qəbul edilmiş əmr ləğv edilməmiş, şəxsi işində və hərbi biletində, eləcə də elektron sistemdən çıxarışın tərtibatına əsas olmuş sənədlərdə hər hansı dəyişiklik edilməmişdir ki, məhkəmə hesab edir ki, iddia tələbinin həcmi də nəzərə alınmaqla 1995-ci ilin yanvar ayının 1-dən hesablamanın aparılmalı olub-olmamasına münasibətdə həmin hallar mütləq nəzərə alınmalı idi. Bundan əlavə, məhkəmə qeyd edir ki, Türkiyə Respublikasından sorğuya cavab məktubunda bu məktəblərdə təhsil alan şəxslərin tədris dövrünün yalnız 18 yaşlarından sonrakı tədris müddəti onların həmin müddətli həqiqi hərbi xidmət illərinə, həm də pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilməsi ilə əlaqədar hal da, iddiaçının vəziyyətini dəyişməməkdədir. Belə ki, 18 yaşından sonrakı dövrün həqiqi hərbi xidmət illərinə və pensiya təyinatı üçün zəruri olan illərə hesablanması ilə bağlı qayda həmin ölkənin qanunvericiliyi ilə əlaqədar tələbdir. Necə ki, həmin ölkə üçün müəyyən edilmiş güzəşt və imtiyazlar məhz həmin ölkənin hərbi qulluqçularına şamil edilirsə, məhdudiyyət də həmin ölkə hərbi qulluqçularına aid tənzimlnmə çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikası hərbi qanunvericiliyi isə başqa ölkə qanunvericiliyində nəzərdə tutulmuş hərbi qulluqla bağlı güzəşt, imtiyaz və məhdudiyyətlərlə bağlı olmadığından, məhkəmə hesab edir ki, 18 yaşdan sonra müddətlərin daxil edilməli olması ilə bağlı qayda, ölkə ərazisində olan hərbi qulluqçulara şamil edilmir. Əks halda, yuxarıda adıçəkilən Qanunun 17 yaşla əlaqədar olan şərti nəzərə alınmamalı, məhz 18 yaşdan başlayaraq təhsil müddətinin xidmət illərinə daxil edilməsi həyata keçirilməlidir ki, halbuki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul, xidmət keçmə və digər məsələlər tənzimlənmişdir. Bu zaman, nəzərə alınmalı olan şərt xüsusi təyinatlı ali təhsil müəssisəsi olub-olmama ilə əlaqədardır ki, təqdim edilən sənədlərdən də göründüyü kimi, iddiaçının təhsil almış olduğu təhsil müəssisəsi lisey yox, ali təhsil müəssisəsi olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. 1995-ci ilin yanvar ayının 1-dən nəzərə alınmaqla 20 təqvim ilindən artıq xidmət etmiş hərbi qulluqçu kimi İddiaçı barəsində yeni məlumat vərəqəsinin pensiya təyinatı üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov