Məhkəmə qərarları › İş №2-1(112)-3532/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3532/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3532/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti) “fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "Bank VTB (Azərbaycan)" ASC arasında 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmış və ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Sonradan bankın ona və digərlərinə qarşı "kreditin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi" tələbinə dair qaldırdığı iddialar qismən təmin olunmuş, "ipoteka predmetinə yönəldilmə" hissəsində isə iddia tələbi tam rədd edilmilşdir. Belə nəticəyə gələn zaman məhkəmələr "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsinin bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsi və bu səbəbdən müqavilənin "bağlanmamış olması" qənaətinə gəlmişlər. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış zaminlik və ipoteka müqavilələrində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s) göstərilmədiyindən sonradan bağlanılmış kredit müqaviləsində də belə şərtlər barəsində zamin və ipotekaqoyan kimi İddiaçı razılığı alınmadığından xx.xx.2013-cü il tarixli Baş Kredit Razılaşması üzrə onun zaminliyinə bütövlükdə xitam verilmiş, ipoteka müqaviləsi isə bağlanmamış qalmışdır. Buna görə də ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixli Kommersiya Krediti Müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.” (Qətnamənin 8-ci səhifəsi, sonuncu abzas) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, tərəfindən Bakı Apellyasiya Məhkəməsinə 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnamənin izah edilməsi üçün müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-7371/2020 saylı Qərardadına əsasən ərizəsi təmin edilmiş və izah edilmişdir ki, "Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(103)-7371/2020 saylı qətnaməsinə görə - "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 113710-7-4203 saylı zaminlik müqaviləsinə xitam verilmişdir və həmin müqavilə öhdəliyin icrasının İddiaçı tələb edilməsi üçün əsas ola bilməz, həmçinin "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur. Yəni İstinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə İddiaçı qaytarılmalıdır." Qeyd olunan məhkəmə qərarlarının hamısı artıq qanuni qüvvəsini almışdır. Bundan sonra tərəfindən əmlakın girovdan azad edilməsi tələbi ilə həm banka, həm də Daşınmaz Əmlakın Reyestr Xidmətinə müraciətlər olmuş, lakin müxtəlif bəhanərlə mənə imtina olunmuşdur və əmlak hələ də girovda qalmaqda davam edir. Bundan öncə "İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmetinin girovdan azad edilməsi" tələbi ilə Banka qarşı iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı ilə mövqe belə olmuşdur ki, bankla onun arasında bağlanılmış ipoteka müqaviləsinin "təkrar" etibarsız hesab edilməsinə ehtiyac yoxdur, çünki bundan əvvəlki məhkəmə aktalrı ilə müqaviləyə artıq hüquqi qiymət verilmişdir. Belə olan halda ipotekanın dövlət qeydiyyatını ləğv etmək inzibati orqanın öhdəliyidir. Əks halda inzibati orqanın hərəkətindən inzibati məhkəməyə müraciət etsin. Nəsimi Rayon Məhkəməsinin qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı da eyni fikri təsdiq etmişdir ki, məhkəmə qərarı ilə bağlanmamış hesab olunan ipoteka müqaviləsi üzrə aparılmış ipotekanın dövlət qeydiyyatı belə qeydiyyatı aparmış inzibati orqan tərəfindən ləğv edilməli və ya bu cür iddia məhz inzibati orqana qarşı qaldırılmalıdır. Onunla “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi məhkəmə qərarları ilə bağlanmamış hesab edildiyi üçün həmin ipoteka müqaviləsi əsasında o zaman aparılmış ipoteka qeydləri də ləğv edilməlidir. Odur ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması zəruridir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “Bank VTB (Azərbaycan)” ASC iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli və ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********26 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********47 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə iddiaçının ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya məktub ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, xx.xx.2020-ci il tarixli, 2(103)- 7371/2020 saylı, xx.xx.2021-ci il tarixli və 2(103)-4767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxs iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir və heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv, və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsində (qət etdi hissəsində) ipoteka müqaviləsinin ləğvi, və ya xitamı barədə heç bir qeyd edilməmişdir. İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması ona məxsus yaşayış evinə yönəldilməməsini qeyd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsi). İpoteka haqqında Qanunun 30.6-cı maddəsinə görə yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədi ilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda İpoteka haqqında Qanuna əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən Y. Nəbiyevaya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də təmin oluna bilməz. Üçüncü şəxs iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2013-cü il tarixli, 113710-NEDVİJ-1296 saylı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir və heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsində (qət etdi hissəsində) ipoteka müqaviləsinin ləğvi, və ya xitamı barədə heç bir qeyd edilməmişdir. İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması ona məxsus yaşayış evinə yönəldilməməsini qeyq edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-1913/2021 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı məxsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. Qeyd etmək istəyirik ki, İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsi). İpoteka haqqında Qanunun 30.6-cı maddəsinə görə yalnız ipoteka saxlayan saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda İpoteka haqqında qanununa əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Göründüyü kimi kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən Y. Nəbiyevaya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası yoxdur, iddia tam əsassızdır, ona görə də təmin oluna bilməz. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7371/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" MMC-nin direktoru (həm də zamin) X3 apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 257392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15961,86 ABŞ dolları həddində müəyyən edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iddia tələbi rədd edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertiza tətqiqatının dəyəri 200 manat “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7371/2020 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən iddiaçının “qətnamənin izah edilməsinə dair” ərizəsi təmin edilmişdir. İzah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsinə görə: “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir, həmin müqavilə öhdəliyin icrasını İddiaçı tələb edilməsi üçün əsas ola bilməz. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə - İddiaçı qaytarılmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1888/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)-1888/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il) əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ülvi Rəcəb küçəsi ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi İddiaçı xüsus mülkiyyətindədir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********84 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, qeyd etdiyi məhkəmə işi üzrə İdarə tərəf qismində cəlb edilməmiş və ərizəyə əlavə olunan məhkəmə aktları İdarəyə məhkəmədən rəsmi qaydada daxil olmamışdır. Belə ki, müvafiq məhkəmə qərarları İdarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********20 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsi, həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı, ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. İpotekanın dövlət qeydiyyatınin ləğvi ilə bağlı ipoteka saxlayan tərəfindən müraciət olunduqda və ya müvafiq məhkəmə qərarı idarəyə rəsmi qaydada daxil olacağı təqdirdə ərizənizdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Üçüncü şəxs tərəfindən iddiaçıya ünvanlanmış 2269 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, borc öhdəliyinin vaxtında və lazımınca icra edilməməsi səbəbindən Bank tərəfindən iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-7371/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən 12 aprel 2021 -ci il tarixli, 2(102)-1913/2021 saylı Qərarı qəbul edilmişdir. Qətnaməyə əsasən 07 iyun 2013-cü il tarixli, 113710- NEDVİJ-1296 saylı “Daşınmaz əmlak ipoteka müqaviləsi” ləğv edilməmişdir. Bu səbəbdən müraciətdə qeyd olunan məsələnin həyata keçirilməsi mümkün deyil. Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə 07 yanvar 2024-cü il tarixdə daxil olmuş 2- 1(112)- 15755/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7371/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin direktoru (həm də zamin) X3 apellyasiya şikayəti qismən təmin edilmşdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi tutulmalı olan əsas və faiz borcunun məbləğinə aid hissədə dəyişdirilmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına ödənilməli əsas borcun məbləği ödəniş günü Azərbaycan manatının məzənnəsinə uyğun olaraq 257.392,09 ABŞ dolları, faiz borcunun məbləği isə 15.961,86 ABŞ dolları həddində müəyyən edilməsi qət edilmişdir. Cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-871/2015 saylı iş üzrə 23 aprel 2015-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilmişdir.Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri 200 manat (50+50+100) cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-ti tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1913/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi və 2(103)-7371/2020 nömrəli, 24 iyun 2021-ci il tarixli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-4125/2024 **********25 saylı xx.xx.2024-cü il tarixli məktub ilə ünvan 2 ünvana dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X7 və İddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin bağışlanılmasına dair müqaviləyə əsasən hədiyyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2013-cü il tarixli, 11/7254 nömrəli arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində istifadədəki 0.02533 ha torpaq sahəsində yerləşən ünvan 3 ünvanlı ümumi sahəsi 446.36 kv.m, yaşayış sahəsi 302.52 kv.m olan 8 (səkkiz) otaqdan ibarət fərdi yaşayış evinin öz paylı mülkiyyətində olan 1/2 hissəsi arvadı İddiaçı təmənnasız bağışlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il) əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsində istifadədə olan 0,02533 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 302.5 kv.m yaşayış, 143.8 kv.m köməkçi sahədən ibarət ev 28, mənzil 1/2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 1/2 hissə, İddiaçı 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 119 nömrəli reyestr kitabının 10803 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 519 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi U.Rəcəb küçəsində yerləşən, X4 məxsus 28 saylı evin 1 saylı mənzilini sökərək əvəzində təsdiq edilmiş fərdi layihə əsasında yenisini tikməyə icazə verilmiş və evin ətrafında olan 640,0 kv.m torpaq sahəsi daimi istifadə üçün vətəndaşa təhkim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 520 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi U.Rəcəb küçəsində yerləşən, İddiaçı məxsus 28 saylı evin 2 saylı mənzilini sökərək əvəzində təsdiq edilmiş fərdi layihə əsasında yenisini tikməyə icazə verilmiş və evin ətrafında olan 640,0 kv.m torpaq sahəsi daimi istifadə üçün vətəndaşa təhkim edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 167 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakıxanov qəsəbəsi, Rəcəb küçəsi, 28 saylı evin və Bakıxanov qəsəbəsi, 1 May küçəsi, 28 saylı evin vətəndaş X5 və İddiaçı məxsus 1 saylı və 2 saylı mənzillərdə aparılan tikililər hüquqi qeydiyyata alınmaqla evin texniki pasportunda və qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-N-04xx-xx/2023 saylı **********47 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, xx.xx.2020-ci il tarixli 2(103)-7371/2020 saylı xx.xx.2021-ci il tarixli və 2(103)-4767/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 3-6/2-3511-1/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı cavabdehlər “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekaya dair dövlət qeydiyyatının ləğv edilməsi və fərdi yaşayış evinin ipotekadan azad edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4767/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(006)- 1888/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2024-ci il tarixli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkündür. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə müəyyən edir ki, X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra — qərarlar) çıxarırlar. İşin materialları ilə müəyyən edilir ki, ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı əsas, faiz və cərimə borcunun və məhkəmə məsrəflərinin tutulması və tutmanın ona məxsus yaşayış evinə yönəldilməsinə aid hissədə iddia tələbi rədd edilmiş, 2(103)-7371/2020 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin qətnamə izah edilərək qərara alınmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7371/2020 saylı 12 oktyabr 2020-ci il tarixli qətnaməsinə görə: “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında bağlanmış 113710-7-4203 saylı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmişdir, həmin müqavilə öhdəliyin icrasını İddiaçı tələb edilməsi üçün əsas ola bilməz. “Bank VTB (Azərbaycan)” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi bağlanmamış hesab olunmuşdur, yəni istinad olunan müqavilə etibarlı müqavilə deyil, həmin müqaviləyə əsaslanaraq tələb həmin müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməz, həmin əmlak ipotekadan azad edilərək mülkiyyətçisinə - İddiaçı qaytarılmalıdır. Həm qətnamə həm də qərardad qanuni qüvvəsini almışlar. Məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi, 2(103)-7371/2020 saylı, xx.xx.2021-ci il tarixli və 2(103)- 4767/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadları ilə cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmaması cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə müəyyən edir ki, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi məhkəmənin qərarı ilə etibasız hesab edildiyindən həmin müqavilə əsasında iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsindən cavabdehin imtinası qanunun güddüyü məqsədə olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 07 iyun 2013-cü il tarixli 113710-NEDVİJ-1296 saylı daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb küçəsi, 28 saylı evin ipotekasına dair aparılmış dövlət qeydiyyatının ləğv edilməsi və ipotekadan azad edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar