Məhkəmə qərarları › İş №2-1(112)-3533/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3533/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3533/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Salyan rayonu, Çadırlı kəndi; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 27, mənzil 18; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01 avqust 2020-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 22.02.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 22.09.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı 01 avqust 2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının 57 yaşının tamam olduğu 01 avqust 2020-ci il tarixinə kimi 40 ildən çox ümumi, 35 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 06 noyabr 2020 -ci il tarixli **********0 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladığı ümumi iş stajı staj 25 ildən az təşkil edir və eyni səbəblə qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı 31 avqust 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 10 ay 8 gün) təşkil edir. Bu səbəbdən də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı 01 sentyabr 1980-ci il tarixində Ə. Qarayev adına sovxoza üzümçülük üzrə fəhlə qəbul edilmiş və 01 noyabr 1981-ci ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən çıxmışdır. 16 noyabr 1981-30 dekabr 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 10 fevral 1984- 29 sentyabr 1984-cü il tarixində Ə.Qarayev adına sovxozda inşaat briqadasında işləmişdir. 28 oktyabr 1984- 01 oktyabr 1985-ci il tarixində X3 İdarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir. 11 oktyabr 1985-ci il tarixində Şirvanneft NQÇİ-nə X9 Sexinə neft və qaz hasilatı operatoru vəzifəsinə işə qəbul edilmiş və 25 yanvar 1990-cı il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 25 yanvar 1990-cı il tarixindən etibarən həmin idarədə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 01 fevral 1994-cü ilə qədər orada çalışmışdır. 01 fevral 1994-cü il tarixində X1 Kəmaləddin neft-qaz çıxarma sahəsinə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 30 noyabr 2000-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. 01 dekabr 2000-ci ildən Karasu Əməliyyat Şirkətində Kəmaləddin X9 sahəsinə yeraltı təmir operatoru qəbul edilmiş və 30 iyun 2004-cü il tarixinədək həmin vəzifədə çalışmışdır. 30 iyun 2004-ci il tarixindən 04 yanvar 2005-ci il tarixinədək Paker Sexində usta vəzifəsində çalışmışdır. 04 yanvar 2005-cü il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Kəmaləddin sahəsində qazma ustası vəzifəsində çalışmışdır... İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 31.10.1981-cu il tarixdən 30.12.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Məhkəmə qeyd edir ki, cavabdeh orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 10 ay 8 gün) təşkil etməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X5 19.06.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 1980-1981-ci illərdə Şamaxı rayon Poladlı kəndi Ə.Qarayev adına sovxozda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qobustan rayon Dövlət Arxivinin 27.07.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 15.06.1978-ci il tarixdə “Ə.Qarayev” adına sovxoza fəhlə qəbul edilmiş, 10.01.1981-ci il tarixdə həmin sovxozun taxılçılıq briqadasına fəhlə qəbul edilmiş, 19.01.1981-ci il tarixdə həmin sovxozda müvəqqəti fəhləlikdən daimi fəhləliyə qəbul edilmiş, 10.02.1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, 29.09.1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasından fəhləlikdən azad edilmişdir. İş materiallarında olan “X4 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının 08 nömrəli 04.06.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən “Şirvanneft NQÇİ-də 4-cü dərəcə quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. “X4 Limited” şirkətinin Kadrlar Bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə 08 il, 03 ay, 20 gün iş stajı var. Belə ki, 94/k saylı 09.10.1985-ci il tarixli əmrlə 11.10.1985-ci ildən 25.01.1990-cı il tarixə kimi “Şirvanneft ” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı Neftqazçıxarma Sexində 2-ci və 3-cü dərəcə neftqazçıxarma operatoru peşəsində işləmişdir. (04 il, 03 ay, 14 gün) - (Səh. 67. Neft və qaz hasilatı üzrə operatorlar.) 8/k saylı 19.01.1990-cı il tarixli əmrlə 25.01.1990-cı ildən 01.02.1994-cü il tarixə kimi “Şirvanneft” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı NQÇS-də 4-cü dərəcə quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. (04 il, 00 ay, 06 gün) (səh. 67 . Quyuların yeraltı təmiri üzrə operatorlar. İddiaçı 20/a saylı 01.02.1994-cü il tarixli əmrlə 01.02.1994-cü il tarixdə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir. Cəmi: İddiaçı “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə 08 il, 03 ay, 20 gün iş stajı var.” İş materiallarında olan Karasu Əməliyyat Şirkətinin 06.08.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Bununla təsdiqlənir ki, İddiaçı Məmmədhüseyn oğlu, Karasu Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində, Quyuların əsaslı təmiri üzrə usta vəzifəsində işləyir. İddiaçı Məmmədhüseyn oğlunun neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: Karasu Əməliyyat şirkəti:

1. Kəmaləddin neft çıxartma sahəsi: 5(dərəcəli) dərəcəli YAT- operator • 01.12.2000-30.06.2004

2. X7(Quyuların əsaslı və yeraltı təmir sexi) • 30.06.2004-01.04.2005

3. Kəmaləddin sahəsi: Qazma ustası • 01.01.2004- 11.12.2007

4. Quyuların Əsaslı və Yeraltı təmir şöbəsi: • Böyük usta • 11.01.2007-01.01.2009

5. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Yeraltı təmir üzrə usta • 01.01.2009-01.06.2011

6. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Əsaslı təmiri üzrə sahə ustası • 01.06.2011-31.07.2019

7. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Əsaslı təmiri üzrə usta • 19.05.2020-06.08.2020 Cəmi: 18 il.10 ay.15 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı Məmmədhüseyn oğlu 18 il 10ay 15 gün imtiyazlı iş stajına malikdir.

10. Neftin qazılması va hasilatı, neft, qaz kondensatı, kömür va şiştin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı -a) fəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar; bjrəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları, neft qaz və qaz kondensatı hasilat işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar.” Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin yuxarıda qeyd edilən arayışlardan göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 01 ay 11 gün) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Məhkəmə iddiaçının güzəştli işstajı ilə bağlı qeyd edir ki, iddiaçının iş stajının 12 il 6 aydan çox müddətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işləməsi işin mübahisələndirilməyən halıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 2130100a—11297); “neft və qaz hasilatı üzrə operatorlar” (kod 2130200a—15824); “quyuların yeraltı təmiri üzrə operatorlar” (kod 2130200a—15870); “quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar” (kod 2130100b—23187) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “quyuların yeraltı təmiri üzrə operatorlar”, “neft və qaz hasilatı üzrə operatorlar” və “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar” nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq (25 il 01 ay 11 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 01 avqust 2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı 01 avqust 2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar