Məhkəmə qərarları › İş №2-1(112)-3533/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3533/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3533/2023 13.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə işin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması üçün zəruri tədbirlərin görülməsi məqsədilə xx.xx.2022-ci il tarixdə sərəncam vermiş, məhkəmənin hazırlıq icraatı iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, iddia tələbindən imtina etdiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, iddiaçının hazırkı tələb ilə məhkəməyə müraciət etməsinin səbəbi qeydiyyatsız yaşamasıdır. Lakin hazırda qeydiyyatla bağlı məsələ həllini tapdığından iddiaçının tələbi öz əhəmiyyətini itirmişdir. Bu səbəbdən iddiaçı 2-1(112)- 13950/2022 saylı inzibati iş üzrə iddia tələbindən imtina edir və iddiadan imtina etməsinin hüquqi nəticələri iddiaçıya aydındır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati binasına qeydiyyata alınması üçün məhkəmədə iddia qaldırmış, iş məhkəmədə baxılarkən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı hazırda bu hala istinad edərək iddiasından imtina edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar