Məhkəmə qərarları › İş №2-1(112)-3534/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3534/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3534/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “cəzaçəkmə müəssisəsindən azad olunma ilə bağlı nəzərdə tutulan birdəfəlik pul müavinətinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəzaçəkmə müəssisəsindən azad olunma ilə bağlı nəzərdə tutulan birdəfəlik pul müavinətinin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasında cinayət törətdiyinə görə məhkəmə tərəfindən 25.04.2017-ci il tarixdə RF-nin CM-nin 228-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Daha sonra cəza müddəti bitdikdən sonra deportasiya olunması haqqında RF-nin DİN tərəfindən 10.12.2019-cu il tarixdə qərar qəbul edilmişdir. Onun cəza müddəti 05.04.2020-ci il tarixdə başa çatmış, lakin «COVİD-19» pandemiyası ilə əlaqədar RF-nın DİN-də xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və saxlama müddəti 05.07.2020-ci il tarixədək uzadılaraq orada saxlanılmışdır. Bundan sonra 28.08.2020-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Onun qeyd etdiyi məlumatlar topladığı sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasına qayıtdıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Şəmkir rayon şöbəsindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəza müddəti başa çatdığına görə buraxılmış və ehtiyacı olan məhkumlara pul müavinəti verilməsi ilə əlaqədar müraciət etmişdir. Həmçinin o, «Angiopatiya H35 və Xroniki Hepatit B» xəstəliyindən əziyyət çəkir və həmin müavinətə ehtiyacı var. Lakin oradan bildirmişlər ki, bu müavinət məhkumlar azadlıqdan buraxıldıqdan 3 ay muddətində müraciət etdikdə verilir. O, onlara izah etmişdir ki, onun cəza müddəti 05.04.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, pandemiya ilə əlaqədar sərhədlər bağlı olduğuna görə iradəsindən asılı olmayan səbəblərdən 05.07.2020-ci il tarixədək xarici vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmışdır, yalnız 28.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Lakin buna baxmayaraq, ona müavinətin verilməsindən imtina etmişlər. Ona görə də o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininə müraciət etmiş, lakin Nazirliyin Dövlət Sosial Müdafiə Fondundan ona 21.10.2020-ci il tarixli məktubla cavab verilərək imtina edilmişdir. Həmin məktubu o, 03.11.2020-ci ildə poçtdan qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçının tələb etdiyi cəzaçəkmə müəssisəsindən azad olunma ilə bağlı nəzərdə tutulan birdəfəlik pul müavinətinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondu hazırki iddia tələbi üzrə iddiaya cavab verməli olmayan inzibati orqandır. Bundan başqa, sosial adaptasiya müavinətini almağa hüquq yalnız sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış şəxslərə şamil edilir. İddiaçı isə sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmadığı, ümumiyyətlə belə bir müraciəti olmadığı üçün, yəni bu kateqoriya şəxs olmadığı üçün qaldırmış olduğu iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu göstərilmişdir. Lakin iddia ərizəsində tələb edilən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdehin əsl cavabdehlə əvəz edilməli olması iddiaçıya təklif olunsa da, bununla bağlı iddiaçıya təklif məktubu göndərilsə də, iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsinə münasibət bildirilməmişdir, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar