Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3534/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə qarşı «iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgisxemin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinə qarşı iddiaçıya ayrılmış torpaq sahəsinin yerində naturada olduğu kimi dəqiq ölçu və istinadlar (koordinat nöqtələrini) göstərməklə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 2362/1 saylı 30 noyabr 2007-ci il tarixli sərəncamı ilə iddiaçıya fərdi torpaq sahəsi ayrılmışdır. Sənədlər ona təqdim edilən zaman torpağın sxem-cizgisi verilmişdir. Lakin yerləşmə cizgisində dəqiq ölçu və istinadlar yoxdur (koordinatlar verilməmişdir). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinin qeydiyyat alınması barədə onun müraciətinə cavab məktubunda torpaq sahəsinin təqdim edilmiş yerləşmə cizgisində dəqiq ölçü və istinadlar olmamasını qeyd etmişdir. Buna görə də iddiaçı torpaq sahəsinin naturada olduğu kimi dəqiq ölçu və istinadlar (“Google” xəritəsindən koordinatların) verilməsini bələdiyyədən dəfələrlə xahiş etmişdir. Lakin bələdiyyənin verdiyi cavablardan görünür ki, iddiaçının müraciətinə aid olmayan cavablar vermişdir. 01-13/M- 345 saylı 17 avqust 2020-ci il tarixdə verilən cavab məktubunda iddiaçıya bildirilir ki, məhkəmə tərəfindən çıxarılan qərar olan zaman müraciətdəki məsələ həll oluna bilər (iddiaçı eskizin dəyişdirilməsi barədə bələdiyyəyə müraciət etməmişdir). Bundan başqa, bələdiyyə nümayəndələri torpağa yerində baxış keçirmiş, torpağın bələdiyyə ərazisində yerləşməsini, naturada olduğu kimi eskiz sxemlə ərazinin uyğunluq təşkil etdiyi haqda ona məktub vermişdir. Lakin Binəqədi qəsəbə bələdiyyəsinin vəzifə səlahiyyətinə aid olduğu halda onun torpağa natura şəraitində dəqiq ölçu və istinadlar (koordinat nöqtələrini) göstərməklə sxem-cizgisi vermək istəmir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 1, 7, 17, 18 və 19 bəndləri və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2, 6.5-ci maddələrinə əsasən ona (iddiaçıya) ayrılmış torpaq sahəsinin dəqiq ölçü və istinadlar (koordinat nöqtələrini) göstərməklə sxem-cizgisi verilməlidir. Göstərilən hallara görə yuxarıda qeyd edilən sərəncam əsasında verilmiş torpaq sahəsinin bütün sənədlərini təqdim edildiyi halda, natura şəraitində dəqiq ölçu və istinadlar göstərməklə sxem-cizgisi verilməməsi əsassızdır. Həmin səbəbdən yaranmış mübahisənin həllinin məhkəmə qaydasında baxılmasına zərurət yaranmışdır. Göstərilənlərə və «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununun 1, 10, 16-cı maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-сi maddəsinə, İPM-in 2, 33, 35, 73-cü maddələrinə əsaslanaraq, iddiaçıya məxsus olan 600 kv.m torpaq sahəsinin yerində naturada olduğu kimi, dəqiq ölçu və istinadlar (koordinat nöqtələrini) göstərməklə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdeh Binqədi qəsəbə bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya ayrılmış torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgi-sxemin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin imtirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 2362/1 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı mülkiyyətinə satılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin İddiaçı ünvanlanmış 17 mart 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Müvafiq tələblərə əsasən istifadəyə verilmiş bələdiyyə torpaqları üzərində koordinatların dəyişdirilməsinə, əlavələr edilməsinə və ya yenidən işlənilməsinə xüsusi icazələr verildiyi hallarda və ya məhkəmələr tərəfindən qəbul edilən qərarların icrası zamanı mümkün hesab edilə bilər. Hal-hazırda qaldırılan məsələnin həlli müvafiq tələblərə uyğun olmadığından, mümkünsüzdür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: - 1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; - 3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; - 4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Sözügedən Məcəllənin 65-ci maddəsinin: - 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; - 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; - 3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; - 6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; - 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; - 8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddısinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - (4.0.1) qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; - (4.0.2) müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; - (4.0.3) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək. Həmin Qanunun 24-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının monitorinqinin, torpaq kadastrının və yerquruluşu işlərinin aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 18-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu maddəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Həmin Əsasnamənin 20-ci maddəsinə əsasən yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılan vaxtda (2007-ci ildə) və hazırda bələdiyyə torpaqlarının Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilməsi, eləcə də yerquruluşu işlərinin aparılması bələdiyyələrin səlahiyyətlərinə daxildir. Məhkəmənin mövqeyinə görə nə qədər ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 2362/1 saylı sərəncamı mübahisələndirilməmişdir və qüvvədədir, həmin qurum torpaq ayrılan həmin qərarda nəzərdə tutulmuş torpaq sahəsinin dəqiq koordinatıarı göstərilməklə cizgisinin verilməsindən imtina etməkdə haqlı olmamışdır və bu imtina qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. Torpaq sahəsinin cizgisi müvafiq akt qəbul olunan zaman onun ayrılmaz hissəsi kimi təqdim olunmalı idi. Hətta həmin vaxt sözügedən cizgi təqdim olunsa belə, onu təkrarən tələb etməklə iddiaçı haqlıdır. Odur ki, iddiaçının tələbi əsaslıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 2362/1 saylı 30 noyabr 2007-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgi-sxemin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 62, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin 2362/1 saylı 30 noyabr 2007-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin dəqiq ölçü və istinadları (koordinat nöqtələri) göstərilməklə cizgi-sxemin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi qəsəbə bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3534/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3534/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver