Məhkəmə qərarları › İş №2-1(112)-3535/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3535/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3535/2021 18.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X4) “etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.2009cu il tarixdən 18.01.2019-cu il tarixdədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutması və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X2 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində onun 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun təsdiq edilməsi və onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 2006-cı il tarixdən əmək fəaliyyətinə başlamışdır. 23.09.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuşdur. 20.06.2011-ci il tarixdən "Kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. 07.01.2014-cü il tarixdə "3-cü dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmişdir. 01.01.2016-cı il tarixdə "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi verilmişdir. 18.01.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezdentinin 2019cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna "Dövlət qulluğu haqqında" Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən xitam verilmişdir. 15.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X1 Dövlət Xidmətinin ləğvetmə Komissiyasında mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 19.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. O, dövlət qulluqçusu olmaqla dövlət qulluğunda inzibati vəzifə tutmuşdur, həmçinin ona dövlət qulluğunda müxtəlif vaxtlarda ixtisas dərəcələri verilmişdir. Lakin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X1 Dövlət Xidməti onun dövlət qulluğunda işləməsi barədə məlumatları Dövlət Reyestrini aparan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X2 göndərməmişdir. Bununla da o, dövlət qulluqçusu kimi ehtiyat kadrlar siyahısına daxil olunmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası X4 tərəfindən İddiaçı ünvanlanmış 15.09.2020-ci il tarixli məktubda qeyd edilir: Sizin dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməyiniz -haqqında Azərbaycan Respublikasının X2 ünvanladığınız müraciətə baxılmışdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə asasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə və ya müsahibə yolu ilə həyata keçirilir. Siz Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində inzibati dövlət qulluğu vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq təyin edilmisiniz. Siz dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozularaq qulluğa qəbul edildiyiniz üçün dövlət orqanının ləğvi ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilməyiniz mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 16.12.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Maliyyə Nazirliyinə Sizin adınızdan daxil olmuş, ehtiyat kadr kimi saxlanılmağınız və müvafiq analoji vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin edilməyinizə köməklik göstərilməsi barədə 30 oktyabr 2020-ci il tarixdə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Siz, 23.09.2009-cu il tarixdən Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunda aparıcı məsləhətçi (23 sentyabr 2009-cu il tarixli K-26 nömrəli əmr) və Xidmətin Gəncə regional sektorunda aparıcı məsləhətçi vəzifələrində çalışmışsınız (17 dekabr 2014-cü il tarixli İ-203 nömrəli əmr). «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 3-cü hissəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti ləğv edilməsi ilə əlaqədar 18 yanvar 2019-cu il tarixdən Sizin dövlət qulluğuna Ləğvetmə Komissiyasının 18.01.2019-cu il tarixli 01 nömrəli Protokolu ilə xitam verilmişdir. Xidmətdə işlədiyiniz dövrdə dövlət qulluğu haqqında qanunvericiliyinə uyğun olaraq “kiçik dövlət qulluqçusu” (20.06.2011-ci il tarixli İ-23 nömrəli əmr); “3-cü dərəcə dövlət qulluqçusu” (07.01.2014-cü il tarixli İ-1 nömrəli əmr); “2-ci dərəcə dövlət qulluqçusu” (05.01.2016-cı il tarixli İ-1 nömrəli əmr) ixtisas dərəcələri verilmişdir. Sizin, Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində dövlət qulluğu vəzifələrində stajı 9 il 6 ay təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişsiniz. Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının 2011-ci il 01 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydsının” 5-ci hissəsinə uyğun olaraq şəxsi işləriniz ehtiyat kadr kimi saxlanılmaq üçün X2 təqdim edilmişdir. Lakin dövlət qulluğuna qəbulunuzun dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozularaq həyata keçirildiyini əsas götürməklə X4 Sizin ehtiyat kadrlar siyahısına daxil edilmək hüququnuzun olmadığını bildirmiş və şəxsi işinizi Maliyyə Nazirliyinə geri qaytarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X4 tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli məktubda qeyd edilir: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dövlət qulluğunda inzibati vəzifə tutmağı və ixtisas dərəcələrinin verilməsi barədə məlumatların X2 göndərilməsi tələbi”nə dair inzibati iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunda aparıcı məsləhətçi vəzifəsinin inzibati dövlət qulluğu vəzifəsi hesab edilib-edilməməsi barədə məlumatların təqdim edilməsinə dair sorğunuza Azərbaycan Respublikasının X4ndə baxılmışdır. Sorğunuzla bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanının 3cü hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında X3 bazasında yaradılmışdır. Qeyd edilən Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən Qiymətli Metallara və X1 Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmuşdur. Xidmətin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyələşdirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 11.4-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qiymətli Metallara və X1 Dövlət Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin yanında (tabeliyində) olan dövlət orqanı kimi nəzərdə tutulmuşdur. Sözügedən Xidmətin 19 yanvar 2019-cu il tarixdə ləğv edilməsi ilə əlaqədar olaraq onun adı 17 dekabr 2019-cu il tarixdə “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan çıxarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin aparatında aparıcı məsləhətçi vəzifəsi inzibati vəzifələrin altıncı təsnifatına daxildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət xidməti statusunda olduğu üçün həmin Xidmətdə aparıcı məsləhətçi vəzifəsi inzibati dövlət qulluğu vəzifəsidir. İş materiallarında olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23.09.2009-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, 20.06.2011-ci ildə “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmiş, 07.01.2014-cü ildə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmiş, 17.12.2014-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmri ilə “1 saylı regional sektor” “Gəncə regional sektoru” adlandırılmış, 01.01.2016-cı ildə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmiş, 18.01.2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən xitam verilmiş, 15.02.2019-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ləğv edilmiş Qiymətli Metallara və X1 Dövlət Xidmətinin Ləğvetmə Komissiaysında mütəxəssis vəzifəsinə təyin edilmiş, 19.06.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 15-1.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Həmin Qanunun 21.1.6-cı maddəsinə əsasən dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X4 tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin “Qayda”nın 8-ci bəndinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 23.09.2009-cu ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, 17.12.2014-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əmri ilə “1 saylı regional sektor” “Gəncə regional sektoru” adlandırılmışdır. Xidmətdə işlədiyi dövrdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq iddiaçıya 20.06.2011-ci ildə “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi, 07.01.2014-cü ildə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi, 01.01.2016cı ildə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. 18.01.2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin ləğv edilməsi ilə əlaqədar dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2-ci maddəsinə (dövlət orqanı ləğv edildikdə) əsasən xitam verilmişdir. İddiaçının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində dövlət qulluğu vəzifələrində stajı 9 il 6 ay təşkil etmiş, bu dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası X4 tərəfindən məhkəməyə ünvanlanmış 07.04.2021-ci il tarixli məktubda da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin aparatında aparıcı məsləhətçi vəzifəsi inzibati vəzifələrin altıncı təsnifatına daxildir, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət xidməti statusunda olduğu üçün həmin Xidmətdə aparıcı məsləhətçi vəzifəsi inzibati dövlət qulluğu vəzifəsidir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə inzibati dövlət qulluğu vəzifəsi olmuş, o, işlədiyi dövrdə ona “kiçik dövlət qulluqçusu”, “3-cü dərəcə dövlət qulluqçusu”, “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcələri verilmiş, onun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əsasən xitam verilmişdir, eyni zamanda iddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edillsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində İddiaçı 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə həmin illər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilsin və İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar