Məhkəmə qərarları › İş №2-1(112)-3535/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3535/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3535/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan bir mərtəbəli tikili təsərrüfat anbarı kimi iddiaçının uzun müddət istifadəsində olmuş, tikilinin daimi istifadəsinə verilməsi üçün 2016-cı ilin dekabr ayında Nizami Bələdiyyəsinə müraciət etmiş, sonuncu 15 dekabr 2016-cı il tarixli 126 №-li qərarı ilə həmin anbarın mövcud vəziyyətdə adına qeydiyyata alınmış və anbardan istifadəyə görə bələdiyyə ödənişinə cəlb edilmişdir. Adı çəkilən qeyri-yaşayış sahəsinin layihələşdirilməsinə lisenziya almaqdan ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmiş, sonuncu qeydiyyat nömrəsi İN/L-1357/2016 olan 06 iyun 2016-cı il tarixli 089730 №-li lisenziya vermiş və bundan sonra "xxxx" MMC tərəfindən ərazi 2017-ci il noyabrın 23-də layihələşdirilmişdir. Bundan sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini tərəfindən 2017-ci il dekabrın 01-də adı çəkilən obyektin mövcud vəziyyətdə layihəsi təsdiqlənmiş və obyektin sənədlərinin qanunamüvafıq qaydada baxılması üçün cavabdehə göndərilmiş, lakin keçmiş müddəi ərzində cavabdeh hərəkətsizlik göstərmişdir. İddiaçı qeyd edilən ünvana çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya imtina verilmişdir. İddiaçı hesab edir ki, cavabdeh qurumun imtinası qanunsuzdur.

3. Cavabdeh orqan məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********05 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən Nizami rayon bələdiyyəsinin xx.xx.2016-cı il tarixli qərarı qanunvericiliyə uyğun olan hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 349 saylı fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalı, təsdiqlənməli və təqdim edilmiş sənədlər toplusuna əlavə olunmalıdır. Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası keçmiş tarixlərdə bir neçə dəfə təxirə salınmasına baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

6. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.

7. İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə xx.xx.2021-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmənin növbəti hazırlıq icraatı üzrə iclasında cavabdeh orqanın nümayəndəsi iştirak etsə də, iddiaçı iştirak etməmişdir, iddiaçının iştirakını təmin etmək məqsədilə iclas xx.xx.2022-ci il tarixə təxirə salınmışdır, iddiaçı növbəti iclasda da iştirak etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı iclasında iddiaçı eyni qaydada iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.

8. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

9. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

10. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

11. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

12. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

13. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

14. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

15. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar