Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3536/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 0,12 ha bağ sahəsinə dair çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək,Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha bağ sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqla 0,12 ha bağ sahəsinə dair çıxarış verilməsi və bağ sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən verilmiş 142 №-li 21.08.1993-cü il tarixli orderlə İddiaçı “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 142 №-li bağ torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1986-1998-ci illərdə Rabitə Nazirliyinin tərkibində işləmişdir, işlədiyi dövrdə ona Goradil qəsəbəsində 0,12 ha bağ sahəsi verilmişdir. Hal-hazırda həmin bağ sahəsi hasara alınmış vəziyyətdədir. Xəstəliyi ilə əlaqədar olaraq ilkin sənədləri (bağçılıq kitabçası, protokoldan çıxarış, eskiz lahiyəsi) toplaya bilməmişdir. Sonradan bağ sahəsi ilə əlqədar olan sənədləşmə işlərini etibarnamə üzrə nümayəndəsi X1 həvalə etmişdir. Bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilsə də heç bir cavab verilməyərək sənədlərin verilməsindən imtina olunmuşdur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsindən imtina etdiyi üçün tərəfindən “bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 №-li sərəncamının icrası ilə əlaqədar “Rabitəçi” BTK-nın nizamnaməsi, bölgü sxemi, ümumi siyahı “Rabitəçi” BTK-nın arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim edilmişdir. Ona görə də onlarda iddiaçıya bağ sahəsinin ayrılması haqqında sənədlər mövcud deyildir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 17.06.2021-ci il tarixli, 1-3-17/4148-21 №-li məktuba əlavə edilmiş Nazirlik tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış MM-OŞ-6/1111 №-li, 27.05.2010-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 25 aprel 1989-cu il tarixli, 3/112 saylı qərarı ilə Binəqədi (keçmiş Kirov) rayonu, Göradil bağ massivində, radiostansiyanın ərazisində “Rabitəçi” Bağlar Tikinti Kooperativinin üzvləri üçün torpaq sahəsi ayrılmışdır. Həmin bağ sahəsi “Rabitəçi” BTK-nın nizamnaməsinə uyğun olaraq üzvlər arasında bölüşdürülmüşdür. Göstərilənləri nəzərə alaraq, “Rabitəçi” BTK-nın nizamnaməsini, bölgü sxemini, ümumi siyahını “Rabitəçi” BTK-nin arxiv qovluğuna əlavə edilməsi və gələcəkdə kooperativin üzvlərinin bağ-torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədləşmənin aparılması zamanı istinad edilməsi xahiş edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələb etdiyi sənədlər cavabdeh inzibati orqan tərəfindən aidiyyatı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edildiyindən iddia mümkün sayılmamalıdır. Beləliklə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2375/2021 saylı, 29.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlər cavabdeh inzibati orqanda olduğu üçün tərəflərindən rəsmi qaydada ərizə ilə cavabeh inzibati orqana müraciət olunaraq, Goradil qəsəbəsində 0.12 ha bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla DƏDRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********79 nömrəli, 24.09.2021-ci il tarixli məktubla müraciətinə imtina verilmiş və bildirilmişdir ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına müraciət ediləcəyi təqdirdə müraciətlərində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Hesab edir ki, imtina əsassızdır, cavabdeh orqan müarciətinə imtina verməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair 24.12.2021-ci il tarixli **********07 saylı yazılı etirazında göstərilmişdir ki, idarə tərəfindən iddiaçıya ünvanlanan **********79 qeydiyyat nömrəli 24.09.2021-ci il tarixli məktubda bildirilmişdir ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına (Nizami rayonu, X.R.Ulutürk küçəsi 20) müraciət ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Belə ki, İddiaçı tərəfindən bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərdən hər hansı biri İdarəyə təqdim edilməmişdir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçı məxsus ИТ-İ seriyalı ******* №-li 06.09.1984-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 29.08.1984-cü il tarixdən 25.12.1998-ci il tarixədək Rabitə Nazirliyinin tərkibində fəaliyyət göstərən müxtəlif idarələrdə işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı nümayəndəsinə təqdim olunmuş Binəqədi rayon İcra Hakimiyyətinin başçısının 24.06.1993-cü il tarixli 478 №-li Qərarının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Rabitə Nazirliyinin rəhbərliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə 06.04.1993-cü il tarixli P-İ/10 nömrəli məktubla müraciət edərək, bildirmişdir ki, Nazirliyin Goradil qəsəbəsində yerləşən radiostansiyası keçmiş SSRİ-nin bir sıra şəhəri ilə telefon-teleqraf əlaqəsi yaradırdı. Rabitə avadanlığının təkmilləşdirilməsi nəticəsində bu radiostansiyadan istifadəyə ehtiyac qalmadığına görə Rabitə Nazirliyinin 01.04.1993-cü il tarixli 40 nömrəli əmrinə əsasən radiostansiya tam ləğv edilmişdir. Radiostansiyanın ləğv edilməsi ilə əlaqədar 120 min kv. metr torpaq sahəsi boşaldılmışdır (və ya 100 nəfərli 1200 kv. metr hesabı ilə bağ sahəsi). Qeyd olunanlar nəzərə alınmaqla İcra Hakimiyyəti rabitəçilərin sosial şəraitinin yaxşılaşdırılması bağçılıq təsərrüfatının inkişaf edilməsi ilə əlaqədar olaraq aşağıdakılara dair sərəncam vermişdir: - Boşaldılan radiostansiyanın ərazisinin rabitə işçilərinə bağ sahəsi təşkil edilməsi üçün icazə verilsin. Ayrılan 100 bağ sahəsindən Rabitə Nazirliyinin razılığı ilə (məktub №P-İ/10, 06.04.1993). 15 bağ sahəsi İcra Hakimiyyətinin sərəncamında saxlanılsın. - Rabitə Nazirliyi bağ veriləcək şəxslərin siyahısını və yerin bölüşdürülməsi planını Binəqədi rayon İcra Hakimiyyətinə təqdim etsin. - Bağ sahəsində sosial- şəraiti və arxitektura tələblərinə riayət edilməsi Nazirliyə həvalə edilsin. Azərbaycan Respublikası Rabitə Nazirliyi (“Rabitəçi” bağ tikinti kooperativi) tərəfindən verilmiş 21.09.1993-cü il tarixli 142 №-li orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı İsmayıl qızına Binəqədi rayon İcra Hakimiyyətinin 24.06.1993-cü il tarixli 478 №-li qərarına əsasən Binəqədi rayonu Goradil qəsəbəsində 0,12 ha sahədən ibarət 142 №-li bağ sahəsi ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli 2-1(112)-2375 /2021 saylı qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Goradil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli 2-1(112)-2375 /2021 saylı qərardadı ilə İddiaçı iddiasının mümkün sayılmaması qərara alınmışdır. Eyni zamanda Qərardadda qeyd olunmuşdur ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı "Rabitəçi" Bağlar Tikinti Kooperativinin üzvü olmuş və ona 21.08.1993-cü il tarixli, 142 №-li orderlə Binəqədi rayonu, Goradil qəsəbəsində sahəsi 0,12 ha olan 142 №-li torpaq sahəsi verilmişdir, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona Goradil qəsəbəsində verilmiş 0,12 ha bağ sahəsini özəlləşdirmək üçün lazım olan sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən isə “Rabitəçi" Bağlar Tikinti Kooperativinə aid sənədlər 27.05.2010-cu il tarixli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə təqdim edilmişdir. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********79 №li 24.09.2021 tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 142 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 09.09.2021-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar bildirmişlər ki, bağ sahəsinə dair sənədlərin əsli ilə Əmlak Xidmətləri Məkanına (Nizami rayonu, X.R.Ulutürk küçəsi 20) müraciət ediləcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanunamüvafqi qaydada baxılacaqdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.02.2022-ci il tarixli **********44 saylı məktubunda qeyd olunmuşdur ki, “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 0,12 hektar olan 142 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildirirlər ki, “Rabitəçi” bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 142 nömrəli bağ sahəsi (0,12 hektar, 142 nömrəli 21.08.1993-cü il tarixli order) qeyd edilmişdir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarından və cavabdeh inzibati orqan tərəfindən məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş məktublardan müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi həm hüquqi, həm də faktiki cəhətdən mövcud olmaqla, iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqan olan Xidmətin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Rabitə Nazirliyi tərəfindən verilmiş 142 №-li 21.08.1993cü il tarixli orderlə İddiaçı “Rabitəçi” bağ tikinti kooperativi nəzdində ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 142 №-li bağ torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına plan və ölçünün tərtib olunması və Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3536/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3536/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver