Məhkəmə qərarları › İş №2-1(112)-3538/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3538/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3538/2025 01.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən, 57 yaşdan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh özünün 14 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-Q-222218/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, orta təhsilini başa vurduqdan sonra 04 oktyabr 1977-ci ildə Kirov adına Balıq Kombinatında fəhlə kimi işə qəbul edilmiş, 01 may 1978-ci ildə X2 köçürmə yolu ilə işdən çıxmış, 30 iyun 1978-ci ildə X2 fəhlə qəbul edilmiş, 10 oktyabr 1978-ci ildə həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən çıxmış, 09 noyabr 1978-ci ildə hərbi xidmətə getmiş və 14 yanvar 1981-ci ildə xidmətdən qayıtmışdır. 06 fevral 1981-ci ildə M.Müşviq adına üzümçülük sovxozunda sürücü peşəsinə işə qəbul edilmiş, 26 sentyabr 1981-ci ildə işdən çıxmışdır. 23 dekabr 1981-ci ildə RSFSR-nm Yeysk şəhər X1 sürücü vəzifəsinə qəbul edilmiş və 06 aprel 1982-ci ildə işdən çıxmışdır. 05 avqust 1982-ci ildə N nömrəli hərbi hissədə nəqliyyat fəhləsi vəzifəsinə işə qəbul edilmiş və 19 avqust 1983-cü ildə işdən çıxmışdır. 09 aprel 1984-cü ildə X8 Zavodunda sürücü peşəsinə işə qəbul edilmiş, 13 iyun 1984-cü ildə işdən çıxmışdır. 05 dekabr 1984-cü ildə Plavsk 59 nömrəli X3 yanğınsöndürən vəzifəsinə işə qəbul edilmiş və 06 fevral 1985-ci ildə işdən çıxmışdır. 24 may 1985-ci ildə maşinist vəzifəsinə qəbul edilmiş, 26 avqust 1985-ci ildə işdən çıxmıaşdır. 22 sentyabr 1986-cı ildə Azərbaycan Dəmir Yollarının X6 Vaqon Deposunda tormoz və pnevmatik avadanlıqlar üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, 20 iyul 1987ci ildə işdən çıxmışdır. 16 iyul 1987-31 dekabr 1987-ci ildə Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiyalan mexaniki kursu üzrə əyani təhsil almışdır. 28 yanvar 1988-ci ildə Azərbaycan Dəmir Yollarının X6 Vaqon Deposunda refrijerator seksiya maşinisti vəzifəsinə işə qəbul edilmiş, 23 oktyabr 1989-cu ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 24 mart 1998-ci ildə refrijerator seksiya maşinisti vəzifəsinə keçirilmiş və 04 aprel 2008-ci ildə işdən çıxmışdır. İddiaçı ümumi və güzəştli iş stajının ödənildiyinə əsaslanaraq onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququnun yarandığını iddia edir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı R.X5 ərizə ilə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini və hazırki müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala xx.xx.2024-cü ildə daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılaraq, ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı 12 il 6 aydan az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q-222218/2024 nömrəli məktub). İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş xx.xx.1974-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən 11-12-ci səhifələrdə qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Halbuki bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na ziddir. Buna görə də həmin səhifələrdə qeyd olunan xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındakı dövrün iddiaçının iş stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin yanvar, 2007-ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 14 gün ( xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-06.01,1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixdən sonra 1 il 9 ay)) təşkil edir. Bundan başqa "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-Q-2668/1-42/2024 nömrəli arayışında xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də iddiçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 3 ay 2 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.1977-xx.xx.1978-ci il tarixlərdə fəhlə; (06 ay 28 gün) xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə fəhlə; (03 ay 11 gün) xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə sürücü; (07 ay 21 gün) xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə usta; (03 ay 15 gün) xx.xx.1982-xx.xx.1983-cü il tarixlərdə daşıyıcı; (01 il 15 gün) xx.xx.1984-xx.xx.1984-cü il tarixlərdə fəhlə; (02 ay 05 gün) xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə yanğınsöndürən; (02 ay 02 gün) xx.xx.1985-xx.xx.1985-ci il tarixlərdə sürücü; (03 ay 03 gün) xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə çilingər; (09 ay 29 gün) xx.xx.1987-xx.xx.1987-ci il tarixlərdə mexanik; (05 ay 16 gün) xx.xx.1988-xx.xx.2008-ci il tarixlərdə refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki işləmişdir. (17 il 11 ay 05 gün) H3 № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1981-ci il tarixlərdə orduda xidmət etmişdir. (02 il 01 ay 29 gün) "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmuş vəzifələrdə işləmişdir. Onun işlədiyi müvafiq vəzifələr üzrə sığorta (əmək) stajı 18 il 11 ay 28 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz 9 oktyabr 1974cü il tarixli ИT-l ******* nömrəli əmək kitabçanız araşdırılarkən, 11-12-ci səhifələrində qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 16-17-ci qeydlərə düzəliş edilərək işə başlama, işdən çıxma tarixləri ilə əmrlərin tarixlərinin dəyişdirildiyi aşkar görünür. Buna görə də, həmin səhifələrdə qeyd olunan xx.xx.1985xx.xx.1985-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində 2006-cı ilin yanvar, 2007- ci ilin noyabr, dekabr, 2008-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə öz əksini tapmadığından həmin müddətin (ümumilikdə 7 ay) və sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəblərdən də, sizin ümumi iş stajınız 25 ildən az (24 il 6 ay 14 gün (xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1981-ci il, xx.xx.1981-26ş09ş1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, xx.xx.2006-cı il tarixindən sonra 1 il 9 ay)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin, "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli 13-1 /2-Q-2668/1 - 42/2024 nömrəli arayışında xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt refrijerator vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 3 ay 2 gün (xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1998-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24415,98 manat təşkil edir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Məktubda qeyd olunan müəssisə barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Rahil Qara oğlu X4 təqdim etdiyi 9 oktyabr 1977-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçası araşdırılarkən, 6-7-ci səhifələrində qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, həmin səhifələrdəki 8-9-cu qeydlərdə göstərilən məlumatlar rəhbər şəxsin imzası ilə təsdiq edilməmişdir. Buna görə də, həmin səhifələrdə qeyd olunan xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövrü adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil. İddiaçı xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində refrijerator seksiyaları mexaniki kursunda təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənəd Mərkəzi Filiala təqdim edilməmişdir. Bu səbəbdən də həmin dövrün də onun ümumi iş stajına daxil edilməsi mümkün deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində X7 Təsərrüfatı adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, iddiaçı Azərbaycan Dəmir Yollarının Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu xx.xx.1987-xx.xx.1987-ci ildə əyani şöbəsini bitirmişdir. Beləliklə, işin faktiki hallarından və məhkəmə iclaslarında tərəflərin izahatlarından müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçıya xx.xx.1977-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1978-ci il, xx.xx.1978-06.01,1981-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.2005-ci il tarixləri nəzərə almaqla onun ümumilikdə 24 il 06 ay 14 gün ümumi və 11 il 03 ay 02 gün güzəştli iş stajı hesablamış, hazırkı vəziyyətdə iddiaçının qanunvericilikdə tələb olunan (25 il) ümumi və (12 il, 6 ay) güzəştli stajının mövcud olmadığı qənətinə gəlmişdir. Cavabdeh iddiaçının xx.xx.1985-xx.xx.1985-ci il tarixləri arasındaki dövrün əmək kitabçasının doldurulma qaydasına riayət olunmaması, həmçinin onun təhsil aldığı dövrü ümumi iş stajına daxil etməmiş, onun xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində rəhbər mexanik vəzifəsində işlədiyi dövrü güzəştli iş stajına daxil etmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır . İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2006-ci il tarixədək 25 il ümumi iş stajının olması; 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə cavabdehin mübahisələndirdiyi ümumi iş stajı ilə bağlı bildirir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının olması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə- Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci və 3.2.1-ci bəndlərinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə cavabdehin mübahisələndirdiyi təhsil müddətinə münasibətdə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Cavabdeh iddiaçının aldığı təhsilin əyani olub-olmamasını mübahisələndirsə də, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Dəmir Yollarının Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu xx.xx.1987-xx.xx.1987-ci ildə əyani şöbəsini bitirmişdir. Göründüyü kimi iddiaçının aldığı təhsilin təhsil formasının əyani olması müəyyən olunmuşdur ki, bu da həmin dövrün (05 ay 16 gün) staja daxil edilməsinə əsas verir. Məhkəmə, mübahisələndirilən xx.xx.1985-xx.xx.1985-ci il tarixinin staja daxil edilməsinə münasibətdə qeyd edir ki, həmin stajın daxil edilib-edilməməsindən asılı olmayaraq iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox (mübahisələndirilməyən 24 il 06 ay 16 gün + mübahisələndirilən 05 ay 16 gün = 25 il 02 gün) ümumi iş stajının olması müəyyən olunur. Bu səbəbdən də həmin dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə razılaşır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki işləmişdir. Qeyd olunmalıdır ki, "xxxx" QSC iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etdiyini, ADY-nin müvafiq strukturlarında çalışmış refrijerator seksiyaların mexanik, o cümlədən rəhbər mexaniklərinin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərin olmasına baxmayaraq, iş şəraitlərinin eyni olmasını və bu vəzifələrdə işləmiş əməkdaşların eyni zərərli amillərin təsirinə məruz qaldığını təsdiq etmiş, refrijerator seksiyası rəhbər mexanikinin vəzifələrinin nədən ibarət olması barədə əmək funskiyaları barədə məlumatı məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, "xxxx" QSC iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğundur. Həmçinin, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə cavabdehin dəlilini əsaslı saymır və iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixləri arasındaki dövr ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi müddət onun güzəştli iş stajına daxil edilməli olması qənaətinə gəlir. Bu halda isə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etmək üçün qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajı yaranmış olur (xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən 09 il 06 ay 05 gün + mübahisələndirilən 08 il 05 ay 02 gün = 17 il 11 ay 07 gün). Cavabdehin imtina məktubunda göstərilən əsas ilə bağlı isə, Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajı toplanıldığından, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normaları tətbiq olunmalıdır. Başqa sözlə desək, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı müddəa həmin Qanunda nəzərdə tutulmadığından, iddiaçının topladığı ümumi və güzəştli iş stajları, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.) Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2023cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün (xx.xx.2021-ci il tarixdən) ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar