Məhkəmə qərarları › İş №2-1(112)-3539/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3539/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3539/2022 04.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən qeyri-yaşayış binasına (qaraj) texniki pasportun tərtib edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qaraj tikilisinin sənəd üzrə ölçüləri (6.0x4.0) mövcud vəziyyətdən (6.35x4.9) fərqli olduğu üçün texniki pasportun tərtib olunması mümkün olmamışdır. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış massivi, 16 saylı binanın həyətində sahibliyində və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsindən imtinasının qanunsuz və əsassız hesab edilməsi, cavabdehin üzərinə həmin qaraja dair texniki pasportun tərtib ediməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 15 sentyabr 1999-cu il tarixli 1910 saylı Sərəncamı ilə iddiaçıya müharibə veteranı, 2-ci qrup Qarabağ əlili kimi minik avtomobilinin saxlanması üçün yaşadığı ünvanda, ünvan 1ntisinə icazə verilmişdir. Tikinti altına torpaq sahəsinin ayrılması üçün Bakı şəhər İHB-nın Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 23 avqust 1999cu il tarixli 18/02f-6/211 saylı məktub ilə razılıq vermişdir. İddiaçı qarajın tikilməsi üçün podratçı kimi Azərbaycan Respublikası MN-nin N saylı H/H ilə 27 sentyabr 1999-cu il tarixdə 589 saylı tikintidə podrat müqaviləsi bağlamış və qarajın tikintisi Sərəncama uyğun olaraq tikilərək iddiaçının istifadəsinə verilmişdir. İddiaçı 02 avqust 2021-ci il tarixdə sahiblik və istifadəsində olan qarajın texniki pasportunun tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 24 avqust 2021-ci il tarixli məktub ilə qaraj tikintisinin sənəd üzrə ölçülərinin (6.0x4.0) mövcud vəziyyətdən (6.35x4.9) fərqli olduğunu əsas gətirərək texniki pasportun tərtib edilməsindən imtina etmişdir. Halbuki sənədlərə ilkin olaraq baxış zamanı qaydasında olduğu bildirilmiş və texniki pasportun hazırlanması üçün 190 manat dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Cavabdeh tərəfindən sonradan qarajın ölçüləri uyğun gəlmədiyinə görə texniki pasportun tərtib edilməsindən imtina olunmuşdur. Lakin qarajın ilkin sənəddə göstərilən ölçülərdən əsaslı şəkildə kənara çıxılması olmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, **********67 saylı iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş və məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki istifadəsində olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və şəhərsalma baş idarəsi xx.xx.1999-cu il tarixli, 18/02f-6/211 saylı məktub ilə Yeni Günəşli Q yaşayış sahəsi, ev 16, mənzil 20-də yaşayan ikinci qrup Qarabağ əlili İddiaçı şəxsi avtomaşının saxlanması üçün yaşadığı ərazidə qaraj tikintisi ilə əlaqədar təsdiq edilən sxemi razılaşdırmışdır. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Sərəncamından görünür ki, İddiaçı rayon icra aparatına müraciət edərək şəxsi minik avtomobilini saxlamaq üçün qaraj yeri ayrılmasını xahiş etmişdir. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı binanın həyətində mövcud qarajların sırasında qaraj yerləşdirilməsi mümkündür. Göstərilənlərə əsasən, İddiaçı şəxsi minik avtomobilini saxlamaq üçün Yeni Günəşli “Q” yaşayış sahəsində, yaşadığı binanın həyətində mövcud qarajların sırasında 6mX4m ölçüdə qaraj tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi (podratçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanmış 27 sentyabr 1999-cu il tarixli 589 saylı qaraj tikintisi barədə podrat müqaviləsindən görünür ki, podratçı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində bir avtomobilin saxlanması üçün ümumi sahəsi 30 kv.metr olan fərdi qarajın tikintisini öhdəsinə götürmüş, müqavilənin qüvvədə olma müddəti 1999-cu il 30 sentyabrdan 1999-cu il 30 noyabra kimi müəyyən edilmişdir. İddiaçı həmin daşınmaz əmlaka (qaraja) texniki pasport verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh başlanmış inzibati icraat çərçivəsində əmlaka yerində baxış keçirməklə müayinə aktı tərtib etmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən həmin müayinə (baxış) aktından görünür ki, xx.xx.1999-cu il tarixli, 1910 nömrəli Suraxanı rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən qarajın 6mX4m ölçüdə tikintisinə icazə verilmişdir. Qarajın faktiki sahəsi 31.1 kv.metrdir, 6,35mX4,9 ölçüdə inşa olunmuşdur. Qarajın yerləşməsi təqdim edilmiş sxemə uyğundur. Qarajın yerləşməsi RİH tərəfindən verilmiş cizgiyə uyğundur. Perimetrik ölçülərdə fərq var. Cizgidə göstərilmiş 13 saylı binadan 11,7 m-lik məsafədə yerləşir. Bu hala istinad etməklə cavabdeh iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmişdir. İddiaçı istifadəsində olan qarajla bağlı müvafiq sənədləri təqdim etsə də, həmin sənədlərdən görünür ki, ona 24 kv.metr ölçüdə qaraj tikilməsi üçün icazə verilmiş, lakin onun inşa etdiyi qarajın ölçüsü 31.1 kv.metr olmuşdur. Göründüyü kimi, iddiaçı əlavə 7,1 kv.metr torpaq sahəsi zəbt etmiş və həmin torpaqda tikinti aparmış, həmin sahə ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçı ona icazə verilən sahədən artıq ölçüdə sahəni zəbt etməklə tikinti işləri aparmış, lakin həmin sahə ilə bağlı hüquqları təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir ki, bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina onun hüquqlarının pozulmasına səbəb olmadığından iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra əlavə sahə ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar