Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-354/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti) “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı onun qardaşıdır. X4 Nazirliyinin Avtomobil Təsərrüfatına məxsus olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli yataqxanada 2009-cu ildən əvvəl yaşamışlar. Sonra həmin bina sökülmüş və onları hazırki ünvana - ünvan 4vana köçürmüşlər. Həmin bina da mənzil fonduna daxil edildiyindən, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq iddiaçının yaşadığı mənzilə onun adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5B saylı evin 8-ci mənzilinə iddiaçının adına icarə müqaviləsinin bağlanılması haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 105 saylı, 06 noyabr 2013-cü il tarixli sərəncamında qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi 2074/2077-ci məhəllə, 5B saylı evin, yaşayış sahəsi 31,68 kv.metr olan 2 otaqlı 8 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və qardaşı) İddiaçı adına icarə müqaviləsi bağlanılsın və o, həmin mənzilin icarədarı hesab olunsun. Həmçinin yaşayış sahəsinin planı 25 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmişdir. Lakin bu günə qədər mənzil üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan sonra iddiaçı müvafiq qaydada sənədləri toplayaraq, ünvan 6 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 20.05.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin onun ərizəsi cavabdeh tərəfindən imtina məktubu ilə cavablandırılmışdır. Cavabdehin imtinası əsassızdır. Belə ki, mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Buna görə də iddiaçı hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, aparılan araşdırma zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 183 saylı orderin 23.05.2011-ci il tarixdə və mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 105 saylı sərəncamın 06.11.2013cü il tarixdə verildiyi müəyyən edilmişdir. Bundan əlavə təqdim edilmiş razılıq ərizələrində mənzilin kimin adına qeydiyyata alınması barədə qeyd aparılmamışdır. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 12.06.2019-cu il tarixli imtina bildirişində qeyd edilir: ünvan 8 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 20.05.2019-cu il tarixli ərizənizə baxılmışdır. Aparılan araşdırma zamanı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 183 saylı orderin 23.05.2011-cı ıl tarixdə və mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 105 saylı sərəncamın 06.11.2013-cü il tarixdə verildiyi müəyyən edilmişdir. Bundan əlavə təqdim edilmiş razılıq ərizələrində mənzilin kimin adına qeydiyyata alınması barədə qeyd aparılmayıb. Bu səbəbdən ərizənin icrasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 105 saylı 06.11.2013cü il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, 7-ci Köndələn küçəsi, 2074/2077-ci məhəllə, 5B saylı evin, yaşayış sahəsi 31,68 kv.metr olan 2 otaqlı 8 saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və qardaşı) İddiaçı adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatının 21.04.2011-ci il tarixli 7 nömrəli orderin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077-ci məhəllə, 7-ci Köndələn küçəsi, 5B saylı evin 8 saylı mənzilində (ailə tərkibi 2 nəfər özü və Nümayəndə) yaşamaq hüququ var. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 20.05.2019-cu il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı və Nümayəndə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.06.2021-ci il tarixli və 23.06.2021-ci il tarixli məktublardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 7-ci Köndələn küçəsi, ev 5B, 8 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi MaddiTexniki Təminat Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 09.07.2021-ci il tarixli məktubunda qeyd edilir: DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinin (keçmiş Təchizat İdarəsinin) Avtomobil Təsərrüfatına məxsus olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli istismara yararsız yataqxana tipli köhnə tikili sökülmüş və həmin ərazidə Daxili İşlər Nazirliyi üçün müxtəlif təyinatlı infrastruktur obyektləri inşa edilib istismara verilmişdir. Sökülmüş yataqxanada yaşayan sakinlər üçün Bakı şəhəri Nərimanov rayonu 7-ci köndələn küçəsi 2074-2077-ci məhəllədə 2 mərtəbəli 11 mənzilli yataqxana binası inşa edilərək 2012-ci ildə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. İddiaçı sözügedən binada 8 nömrəli (2 otaqlı) mənzillə təmin olunmuşdur. İş materiallarında olan Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin qardaşı İddiaçı adına özəlləşdirilməsinə, həmin mənzilə qardaşı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə razıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Avtomobil Təsərrüfatına məxsus olan ünvan 3 ünvanda yerləşən 1 mərtəbəli istismara yararsız yataqxana tipli köhnə tikili sökülmüş, sökülmüş yataqxanada yaşayan sakinlər üçün Bakı şəhəri, Nərimanov rayonu, 7-ci köndələn küçəsi, 2074-2077-ci məhəllədə yataqxana binası inşa edilərək 2012-ci ildə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. İddiaçı və Nümayəndə sökülən binada yaşamışlar, bina söküldükdən sonra yeni tikilən Bakı şəhəri, Nərimanov rayonu, 2074/2077-ci məhəllə, 7-ci Köndələn küçəsi, 5B saylı evin 8 saylı mənzilinə köçürülmüşlər. Yeni tikilən bina Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildikdən sonra MKTD-nin 105 saylı 06.11.2013-cü il tarixli sərəncamına əsasən həmin mənzilə 2 nəfər ailə üzvü ilə (özü və qardaşı) İddiaçı adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçının adına qeyd olunan mənzilə dair Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 183 saylı orderin 23.05.2011-ci il tarixdə və mənzilin icarə müqaviləsinin İddiaçı ilə bağlanmasına dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 105 saylı sərəncamın 06.11.2013-cü il tarixdə verildiyini, bundan əlavə təqdim edilmiş razılıq ərizələrində mənzilin kimin adına qeydiyyata alınması barədə qeydin aparılmadığını bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan order 23.05.2011-ci ildə və sərəncam 06.11.2013-cü il tarixdə imzalansa da, iddiaçının mübahisəli mənzilə hüquqları həmin tarixdən deyil, daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - 01.10.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçının yaşadığı bina sökülmüş, sökülmüş yataqxanada yaşayan sakinlər, o cümlədən iddiaçı yeni tikilmiş binaya köçürülmüşdür. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 105 saylı 06.11.2013cü il tarixli sərəncamına əsasən qeydl olunan mənzilə 2 nəfər ailə üzvü ilə (özü və qardaşı) iddiaçının adına icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab olunması qərara alınmışdır. İddiaçının qardaşı Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən də görünür ki, o, ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilin qardaşı İddiaçı adına özəlləşdirilməsinə, həmin mənzilə qardaşı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə razıdır. İddiaçı və qardaşı Nümayəndə həmin mənzilə daimi qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən 8 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-354/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-354/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver