Məhkəmə qərarları › İş №2-1(112)-354/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-354/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-354/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X8, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18, X17 və X11) «əmlaka hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14nə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 23 may 2003-cü il tarixli 23 nömrəli əmrlə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,10 ha ölçüdə 4-113 kodlu torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 23 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha hesabı ilə 4-113 kodlu torpaq sahəsi ayrılaraq həmin müəssisənin əməkdaşı kimi özü şəxs tərəfindən iddiaçıya verilmişdir. İddiaçı 2019-cu ilin aprel ayında həmin torpaq sahəsinə dair reyestrdən çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Bundan sonra məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,05 ha hissəsi başqa şəxsin adına sənədləşdirilmişdir. X14 yalnız məhkəmə qərarı qəbul edildikdən sonra, torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin mümkün olmasını bildirmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 23 aprel 2019-cu il tarixli **********3 nömrəli bildirişinə əsasən həmin torpaq sahəsinin 0.05 ha hissəsi digər şəxsin adına qeydiyyata alındığından, ona ayrılmış 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Nəticədə onun torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsaslanaraq, iddiaçıya ayrılmış 0.10 ha 4-113 kodlu torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı etiraz qismində məhkəməyə ünvanlanmış 29 sentyabr 2020-ci il tarixli məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 23-cü maddələrinə və İPM-in 35.1 və 38.1-ci maddələrinə istinad edilərək aşağıdakılar bildirilmişdir: - İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 4-113 saylı sahədə yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı 4 aprel 2019-cu il tarixli********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Məlum olmuşdur ki, göstərilən ərazinin bir hissəsi (0.05 ha) daşınmaz əmlakın dövlət reyestrində Abşeron RİH-in 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X7 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışlar əsasında vətəndaş X12 adına qeydiyyatdan keçmişdir. Əmlak daha sonra X3, ondan isə X1. Hal-hazırda torpaq sahəsi X5 mülkiyyyətindədir. Həmçinin, iki hissəyə bölünmüş torpaq sahəsində hasarlanma işləri tam aparılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və ərizəçiyə 25 aprel 2019-cu il tarixli **********53 nömrəli məktub ünvanlanmışdır. Göstərilənlərə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmənin 25 fevral 2021-ci il tarixli qərardadı ilə X18, X17 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının və cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri gəlmişlər, üçüncü şəxslər və digər cavabdeh (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmənin qərardadı ilə iddia dəyişdirilməsinin qəbulundan imtina edilmiş və iddia cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14nə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddianı müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. "xxxx" Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X14) rəhbərinin (direktor və s.) əmri. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X14 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 23 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə fərdi yaşayış evinin tikintisi üçün Buzovna qəsəbəsində 0,10 ha ölçüdə 4-113 kodlu torpaq sahəsi hazırkı İddiaçı ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsinin 0,05 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin adına qeydiyyata alınmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və müvafiq ərazidə ona ayrılmış 0.10 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə (3.0.7) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.21) ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin vəsatəti əsassız qiymətləndirilir və iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPMin 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7 əmrini bu əsaslardan biri kimi nəzərdə tutur. "xxxx" Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (maddə 64.3). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə icraatında məlum olur ki, iddiaçı tərəf inzibati icraat çərçivəsində cavabdeh inzibati orqana torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi X7 (Buzovna Tərəvəzçilik- Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən çıxarışı təqdim etmişdir. Həmin əmrin iddiaçıya aid hissəsinə münasibətdə "xxxx" Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən əmr müvafiq hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "xxxx" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("xxxx" Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və "xxxx" Qanunun 19-cu maddəsinin tələbləri baxımından X7 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun) 21 may 2003-cü il tarixli 28 nömrəli əmri iddiaçıya münaibətdə mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmənin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - X10 Sovxozu tərəfindən İddiaçı Buzovna qəsəbəsi, 4-113 saylı sahədə ayrılmış 0.10 ha ölçüdə torpaq sahəsinin torpaq ayrılan zaman həmin qurumun balansında olub-olmasının, habelə hazırda X5 mülkiyyətində (əvvəlcə X12 adına qeydiyyatdan keçmiş, sonra X13, daha sonra isə X2) olan torpaq sahəsi və ya digər şəxsin adına qeydiyyata alınmış qeydiyyata alınmış hər hansı torpaq sahəsi ilə tam və ya qismən üst-üstə düşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 5 noyabr 2021-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” aşağıdakı məzmunda məlumatı təqdim edilmişdir: - Məhkəmənin 2-1(112)-1596/2021 saylı iş üzrə 9 iyul 2021-ci il tarixdə təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 20 avqust 2021-ci il tarixdə tədqiqat obyektinə dair əlavə materialların təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatətə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 27 sentyabr 2021-ci il (saat 16:00) tarixə təyin edilmişdir. Baxışın təyin olunduğu tarixdən uzun müddət keçməsinə baxmayaraq vəsatətdə qeyd olunan əlavə materiallar Mərkəzə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Məhkəmə yuxarıda qeyd olunanları, eləcə də işin faktiki hallarını, eləcə cavabdeh inzibati orqanın daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək funksiyasını daşıdığını nəzərə alaraq hesab edir ki, Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinin 0.05 ha hissədə hazırda X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, məhkəmənin qənaətinə görə X14 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən verilmiş 21 may 2003-cü il tarixli 28 nömrəli əmr Buzovna qəsəbəsi ərazisində yerləşən, həmin müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün 4-113 kodlu torpaq sahəsinin İddiaçı Ağakiçi qızına ayrılmasını təsdiq edən hüquqmüəyyənedici sənəd kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə uyğun olaraq iddiaçının ona mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdər ki, sözügedən 0,10 ha ölçüdə torpaq sahəsinin 0,05 ha hissəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin müıkiyyəti kimi qeydiyyata alındığından və o qeydiyyat ləğv edilmədiyindən, həmin 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydiyyat alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qismən – Buzovna qəsəbəsi ərazisində yerləşən 4-113 kodlu torpaq sahəsinin 0,05 ha torpaq sahəsinə (0.10 ha torpaq sahəsinin başqa şəxsin adına qeydiyyat alınmış hissəsi istisna olunmaqla qalan hissədə) münasibətdə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ona Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə Buzovna qəsəbəsi ərazisində yerləşən, müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 4-113 kodlu torpaq sahəsinin 0,05 ha ölçüdə hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 13, 52, 69, 75, 85.1-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı ona Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə Buzovna qəsəbəsi ərazisində yerləşən, müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 4-113 kodlu torpaq sahəsinin 0,05 ha ölçüdə hissəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar