Məhkəmə qərarları › İş №2-1(112)-354/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-354/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-354/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) qarşı “əlilliyin müəyyən edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək səhhətinə görə ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə xx.xx.2022-ci il tarixədək 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir (Diaqnoz: Baş beynin silkələnməsi, keçirilmiş qapalı-kəllə beyin travmasmm davamlı qalıq əlamətləri, toniko-klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensofalopatiya toniko-kloniki qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, tez-tez təkrarlanan toniko-klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə), Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno-nevrotik sindrom. Vertebrobazilyar arteral sistem sindromu, vertebrobazilyar sistemində qan dövranının çatışmamazlığı). Əlillik müddəti başa çatdıqdan sonra iddiaçıya qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən xx.xx.2023cü il tarixdə əlilliyinin qiymətləndirilmə məqsədi ilə Tibbi Sosial Ekspertiza müayinəsinə göndəriş verilmiş və göndəriş həmin gündə AR Əmək və ƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik alt sisteminə ötürülmüşdür. Lakin cavabdeh xx.xx.2023-il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina vermişdir. İmtina cavabı iddiaçıya xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İddiaçı qeyd etmişdir ki, cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamış və ona heç bir əyani baxış keçirmədən imtina vermşdir. Həmçinin 2017-ci ildə ilkin əlillik təyin edildikdən sonra o, 3 dəfə müalicədə olmuş, ürək əməlliyatı keçirmiş və ona əlavə olaraq AR Səhiyyə Nazirliyinin “Bakı Psixi Sağlamlıq Mərkəzi”nin Baş direktoru Fuad İsmayılov tərəfindən “Üzvi şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və onun əlilliyi yenidən təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cüi il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilməsi barədə 25 iyul 2023-cü il tarixdə iddiaçıya sms bildiriş göndərilmiş, bundan sonra iddiaçı 11 avqust 2023-cü il tarixdə hazırkı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 976 saylı, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Cəbrayıl RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993cü ilin avqust ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri- diaqnoz: "Qəlpə yaralanmalarından sonra başın sol ön alın nahiyəsində bir ədəd, sol əlin İ barmağının proksimal falanqasının arxa səthində toxuma defekti, sağ əl pəncəsinin arxa səthində ikinci falanqaarası oynağının bayır səthində bir ədəd köhnə çapıq toxumalar, sağ budun yumşaq toxumalarında yad cisim” (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli, 328 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 147 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibb müayinəsinin xx.xx.2017-ci il tarixli 281 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi. -Tibbi-Sosial Ekspertiza və X4 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ilkin 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -AR ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Salyan rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutçaları ilə (ayda 7-8 dəfə)” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. -AR ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-16454/2023 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. -İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə edilməklə vəziyyətinin qiymətləndirilməsi və əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə yenidən baxılması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. -Cavabdeh DTSERA tərəfindən qeyd olunan qərardadın icrası ilə bağlı məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin B00068397JBK nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir”. -İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək xx.xx.2023-ci il tarixli B00068397JBK nömrəli tibbi göndərişdə göstərilən diaqnozların mövcud olub-olmaması, hal-hazırda hansı xəstəlik və qüsurların (XBT-nin 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun gəlməklə) aşkar olunub-olunmaması və İddiaçı müəyyən edilmiş xəstəliklərin AR NK-nın 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi Meyarları”nda göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi, düşürsə XBT-nin hansı xəstəlik üzrə koduna uyğun olmasının müəyyən edilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi PHŞ-nin T411/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyində bildirilmişdir ki, Birlik müalicə müəssisəsi olmadığından İddiaçı hazırda konkret hansı xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Əlilliyin təyini ilə əlaqədar sualın həlli məhkəmə tibb-ekspertinin deyil, Tibbi-Sosial Ekspert Komissiyalarının səalhiyyətlərinə aid olduğundan onlar tərəfindən həyata keçirilir. -Bundan sonra məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəməpsixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşsıslnda aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı canlı müayinəsi zamanı xx.xx.2023-cü il tarixli, B00068397JBK nömrəli Forma 88-də qoyulmuş diaqnoz öz təsdiqini tapırmı?

2. İddiaçı canlı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) aşkar olunur?

3. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları (F07.0) müəyyən edilirsə, bu onda əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olurmu? Bundan başqa ətrafdakılarla teztez problemlər yaranması, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət olunurmu?

4. İddiaçı xəstəliklərinin qiymətləndirilməsi zamanı onda üzvi mənşəli şəxsiyyət pozuntusu və baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları müəyyən edilirsə, bu onun məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkküründə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalara (2 ildən az olmayaraq) səbəb olurmu və ya təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti yaradırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 188 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” (F07.0) aşkar olunur. Beləliklə, B00068397JBK saylı Forma 088 göndərişində qeyd olunan diaqnozun psixiatriyaya aid diaqnoz öz təsdiqini tapır. Qeyd olunmalıdır ki, “G” kodu ilə göstərilmiş diaqnozlar nevrologiya sahəsinə aiddir və məhkəmə-psixiatrik ekspertizası tərəfidən müəyyən edilə bilməz. 2-ci sual üzrə: İddiaçı hal-hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” aşkar olunur. İddiaçı canlı müayinəsi zamanı onda müəyyən edilmiş diaqnoz X1 10-cu baxışına əsasən F07.0 koduna uyğundur. Qeyd olunmalıdır ki, Beynəlxalq Təsnifatının 10-cu baxışının yenidən işlənmiş variantını mövcud deyil. Hal-hazırda X1 11-cu baxışı hazırlanır və Səhiyyə Nazirliyinin müvafiq qərarından sonra tətbiq olunacaq. 3-cü sual üzrə: Şəxslərin əmək qabiliyyətinin müəyyən edilməsi (əlilliyin müəyyən edilməsi) məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. 4-cü sual üzrə: Şəxslərin əmək qabiliyyətinin müəyyən edilməsi (əlilliyin müəyyən edilməsi) məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətinə aid deyil. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdqi edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı halda iddiaçının hüquqi marağı və məqsədi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndərişi (Forma 88) üzrə əlilliyinin müəyyən edilməsindən ibarətdir. Bununla bağlı cavabdehə müraciəti “Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə təmin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Ona görə də iddiaçıya xx.xx.2023-ci il tarixli göndəriş əsasında əlillik təyin edilməlidir. Belə ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023ci il tarixli, B00068397 JBK nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıda əsas diaqnoz kimi XBT-10 kodu F07.0 olan “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin silkələnməsi, keçirilmiş qapalı kəllə beyin travmasının qalıqlı əlamətləri, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” qeyd edilmişdir. Ağırlaşma kimi: -XBT-10 kodu S06.0 olan Baş beynin silkələnməsi, Baş beyin silkələnməsi Yanaşı xəstəliklər kimi: -XBT-10 kodu G40.0 olan Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmu (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, tonik klonik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) göstərilmişdir. Məhkəmə iddiaçının əlilliyinin qiymətləndirildiyi xx.xx.2023-ci il tarixli göndərişdəki (Forma 88) və ekspert rəyində müəyyən edilmiş xəstəliklər diaqnozunu nəzərdən keçirərək hesab edir ki, iddiaçıya əlilik dərəcəsinin təyin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndərişdə qeyd edilən əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:

7. Psixi və davranış pozuntuları 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Məhkəmə qeyd edir ki, iddiaçıda olan üzvi mənşəli şəxsiyyət pozuntusu iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 188 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi, iddiaçıda hazırda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” (F07.0) aşkar olunmuş və B00068397JBK saylı göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndində F07 XBT kodu altında nəzərdə tutulan “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F07 kodu altında diaqnoz qoyularkən 7.6.2.1-7.6.2.2-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Məhkəmə işin araşdırılması ilə iddiaçının sağlamlıq vəziyyətinin Meyarların 7.6.2.1-ci yarımbənddə göstərilən hallara uyğun gəldiyini hesab edərək bildirir ki, 7.6.2.1-ci yarımbənddə diqqət yetirilməli məqam odur ki, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu şəxsdə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar şəklində özünü büruzə vermiş olmalı, həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə müşayiət edilməlidir. Məhkəmə o qənaətdədir ki, hazırkı halda, iddiaçıda “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu koqnitiv funksiyaların enməsi və epileptiform tutmalarla” diaqnozu mövcudluğu müəyyən edilmişdir və bu pozuntu iddiaçının bütövlükdə sərbəst yaşamaq bacarığına mane olmasa da, bəzi hallarda (məsələn, epileptik tutmalar zamanı) kənar şəxslərin köməyinə ehtiyacının olmasını istisna etmir. Bu isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olması deməkdir. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntu 7.6.2.1-ci altbənddə nəzərdə tutulmuş “həmçinin şəxsin bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması” halına uyğundur. Göstərilən xəstəlik iddiaçının orqanizminin funksiyalarının 35-60 faiz pozulması kimi qəbul edilməsinə və ona əlillik təyin edilməsi üçün əsas verir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və iddiaçının Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, B00068397JBK nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023ci il tarixli, B00068397JBK nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35-60 faiz olmaqla 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar