Məhkəmə qərarları › İş №2-1(112)-3540/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3540/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3540/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük dəyərinə düzəliş sənədinin ləğv edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC (bundan sonra - iddiaçı) Bakı Baş Gömrük İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, GDD********** nömrəli və xx.xx.2024-cü il tarixli, GDD********** nömrəli gömrük dəyərinə düzəliş barədə sənədin ləğv edilməsi, xx.xx.2024cü il tarixli, **********8329 nömrəli və xx.xx.2024-cü il tarixli, **********0036 nömrəli gömrük bəyannaməsində göstərilən gömrük dəyəri əsasında gömrük rəsmiləşdirilməsinin aparılmasının cavabdehə həvalə edilməsi iddiaçıdan qanunsuz olaraq alınmış 3224 manat 47 qəpiyin geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclası iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında idianın geri götürülmüş sayılmaqla iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməməklə üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış və bu səbəbdən də iş üzrə yekun məhkəmə qərarının çıxarılması mümkün olmamışdır. Odur ki, iddia geri götürülmüş hesab edilməli və bu əsasla da inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Azərbaycan Respublikası İPM-nin 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. İşdən göründüyü kimi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ilk hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş və tərəflərə məhkəmə iclası barədə qanunauyğun formada məlumat verilmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və elektron ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmışdır. İddiaçıya məhkəmə iclası barədə bildiriş və iclasda iştirak etməyəcəyi təqdirdə iddianın geri götürülmüş hesab edilməsi məsələsinin müzakirə ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, iddiaçının nümayəndəsi həmin məhkəmə iclasında iştirak etməmiş və elektron ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmışdır. Lakin, iddiaçının nümayəndəsi həmin məhkəmə iclası barədə məlumatlandırılsa da, iclasda iştirak etməmiş və elektron ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Bu səbəbdən məhkəmə iclası xx.xx.2025-ci il tarixinə təxirə salınmışdır. Məhkəmə iclası barədə iddiaçıya bildiriş göndərilsə də, nümayəndəsi yenə məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Göründüyü kimi iddiaçı ardıcıl olaraq 30 gündən artıq məhkəmə iclaslarından yayınmış və onun ərizəsi əsasında məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, məhkəmə iclasında təmsil edilməmişdir. Bu səbəbdən iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “gömrük dəyərinə düzəliş sənədinin ləğv edilməsi və digər” tələbi barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar