Məhkəmə qərarları › İş №2-1(112)-3541/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3541/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3541/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlil avtomobili ilə təmin olunma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “minik avtomobilinin təyinatına dair tibbi göstərişin verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan polkovnikleytenantdır, 30 (otuz) il xidmət etmiş, Silahlı Qüvvələr və müharibə veteranıdır, eyni zamanda İİ qrup müharibə əlilidir. Bir müddət əvvəl, əlil avtomobili almaq məqsədilə növbəyə yazılmaq üçün qeydiyyatda olduğu 20 saylı poliklinikadan göndəriş (Forma 88) alıb, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə xxxxxxx0004 saylı, xx.xx.2020 tarixli müayinə aktı əsasında baxılmış “Diaqnozun mətni: İ20.8 Stenokardiyanın digər formaları ÜİX.Stabil ğərğinlik stenokardiyası FS İİ.İnfarktdan sonraki kardioskleroz (xx.xx.2019).Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət(xx.xx.2019;xx.xx.2019).;Tsekin əlavə diaqnozu: Stenokardiyanın digər formaları,ÜİX.Stabil ğərğinlik stenokardiyası FS İİ. İnfarktdan sonraki kardioskleroz(xx.xx.2019).Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5 (beş) ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət(xx.xx.2019;xx.xx.2019).; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş” səbəbi ilə imtina edilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2020-ci il tarixdə baxıldıqdan sonra verilən imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, xx.xx.2024-cü ildə avtomobil və motorlu araba ilə təmin edilməkdən imtina qərarından məhkəməyə şikayət etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2756003AAB3Q saylı göndərişi əsasında baxılmış və “Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı İİ tarixli göndəriş əsasında baxılmış və “Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı tibbi göndərişdə - Əsas diaqnoz: “T90.5 Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin q/əlamətləri. Postravmatik ensefalopatiya, k/d hipertenziya ilə”; Ağırlaşma: “F48.0 Nevrasteniya Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. İ99 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Qan dövranı çatmamazlığı İİİ FS.” qeyd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmış, Bakı İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(112)-2085/2022 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, göndərişdə qeyd edilən əsas diaqnoz (Başın travmasının nəticələri. Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi” Şərtləri və Qaydasının: 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 Minik avtomobili: Aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; … İlk növbədə, qanunvericiliyin sistematik təhlili əsasında müəyyən olunur ki, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması, o cümlədən minik avtomobili ilə təminat, dövlət tərəfindən sosial müdafiə tədbiri kimi həyata keçirilir və bu təminat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, əlilliyi müəyyən olunan şəxsin həmin reabilitasiya vasitələri almaq hüququnun olub-olmaması bilavasitə onda olan xəstəliyin həmin siyahıda olub-olmamasından asılıdır. Məhkəmə ilk növbədə inzibati icraat və onun məhkəmə mərhələsi çərçivəsində sübutetmə yükü məsələsi ilə bağlı bildirir ki, AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından hazırkı növ iddialar üzrə zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, əgər cavabdeh inzibati orqan konkret halda şəxsin reabilitasiya vasitəsi ilə təmin olunmamasına əsas kimi müəyyən istisnaedici tibbi və ya hüquqi hallara istinad edirsə, bu halda həmin halların mövcudluğunu sübutetmə vəzifəsi artıq cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməməsi üçün əsas kimi onun xəstəliyinin müvafiq Siyahıya daxil edilmədiyini göstərmişdir. Lakin məhkəmə qeyd edir ki, bu cür qiymətləndirmə xüsusi biliklər tələb etdiyindən, mübahisə predmeti olan tibbi diaqnozun hüquqi nəticə doğurub-doğurmadığını müəyyən etmək üçün cavabdeh tərəfin müvafiq ixtisaslaşmış tibbi mütəxəssisin iştirakı ilə əsaslandırılmış izah təqdim etməsi zəruri idi. Məhkəmə icraatında dövründə cavabdehə bu zərurət dəfələrlə izah olunmuş, lakin cavabdeh müvafiq mütəxəssisin iştirakını təmin etməmişdir. Nəticə etibarilə, cavabdeh iddiaçının müraciətinin təminini istisna edən halların mövcudluğunu sübut edə bilməmişdir. İddiaçıda olan xəstəliklərə gəldikdə Məhkəmə qeyd edir ki, ona əlillik xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı tibbi göndəriş əsasında təyin edilmişdir. Həmin göndərişdə əsas diaqnoz kimi “T90.5 – Kəllədaxili travmaların nəticələri, keçmiş qapalı kəllə-beyin travması, posttravmatik ensefalopatiya, k/d hipertenziya ilə” xəstəliyi göstərilmişdir. Bununla yanaşı, ağırlaşmalar bölməsində İ99 kodu ilə – “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları (qan dövranı çatışmazlığı)” xəstəliyi də qeyd olunmuşdur. Məhkəmə buna münasibətdə bildirir ki, şəxsin bu növ reabilitasiya vasitəsinə (minik avtomobilinə) ehtiyacı olması yalnız konkret “əsas diaqnoz” əsasında deyil, ümumilikdə əlilliyin təyininə səbəb olan tibbi göstəricilərin, yəni, əsas diaqnoz, ağırlaşmalar və yanaşı xəstəliklər daxil olmaqla, istənilən formasında mövcudluğu ilə qiymətləndirilir. Yəni, şəxsə reabilitasiya vasitəsinin verilməsi hüququ yalnız bir diaqnozla məhdudlaşdırılmır; əgər əlilliyin təyininə səbəb olmuş istənilən tibbi vəziyyət siyahıya uyğun gəlirsə, həmin şəxs bu vasitəni almaq hüququ qazanır. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya əlilliyin təyini xx.xx.2021-ci il tarixli 2756003AAEK3 saylı tibbi göndəriş əsasında aparılmışdır ki, həmin dövrdə əlilliyin təyini mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» əsasında həyata keçirilirdi. Həmin Əsasnamənin 5.2.3-cü yarımbəndində avtomobillərin verilməsi halları sırasında İ99 kod altında nəzərdə tutulan “ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı” xəstəliyi göstərilmişdir. Məhkəmə bildirir ki, İ99 kod altında nəzərdə tutulan “Qan dövranı çatmamazlığı” xəstəliyinin iddiaçıda olması mübahisələndirilməyən haldır. Bu halda Məhkəmə hesab edir ki, istər forma 088 arayışı verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 5.2.3-cü yarımbəndinə istərsə də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1 maddəsinə əsasən bu xəstəlik avtomobil verilməsinə dair tibbi göstərişin əsaslarından biridir. Bu isə o deməkdir ki, iddiaçıda aşkar edilmiş İ99 kodlu xəstəlik, öz tibbi mahiyyəti və hüquqi xarakteristikası baxımından reabilitasiya vasitəsinin (minik avtomobilinin) verilməsi üçün əsas təşkil edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı əlilliyi müəyyən olunan şəxs olduğu halda və onda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»na əlavənin 6.1-ci maddəsində nəzərdə tutulduğu halda, cavabdehin imtinası əsassız olmuş, həmçinin cavabdeh iddianın təminini istisna edən faktiki halları sübuta yetirə bilməmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı minik avtomobilinin təyinatına dair tibbi göstərişin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar