Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3542/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “Müharibə veteranı” statusuna görə əlavə müavinətin, “Kommunal, nəqliyyat və digər xüsusi xidmətlərə görə güzəştli müavinətin, “Əmək pensiyaları haqqında” Qanunun19.2.4-cü maddəsinə əsasən pensiyanın baza hissəsinin 10 faizi məbləğində əlavənin mart 2010-cu il tarixindən mart 2019-cu il tarixinədək hesablanaraq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mart 2010-cu ildə Ədliyyə baş giziri böyük nəzarətçi vəzifəsində qulluq və yaş həddinə görə pensiyaya çıxmışdır. Xidmət müddətində “Kommunal, nəqliyyat və digər xüsusi xidmətlərə görə” və “Müharibə veteranı” statusuna görə əlavə müavinətlərdən istifadə etmişdir. May 2012-ci ildə qeyd olunan əlavə müavinətlərin ödənişi dayandırılmışdır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulmuş pensiyanın baza hissəsinin 10 faizi məbləğində əlavə ödənilməmişdir. Bu barədə cavabdehə müraciətinə xx.xx.2019-cu il tarixli, **********7 saylı cavab məktubu ilə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə istinad edilərək imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunvericiliyə ziddir. Belə ki, “Kommual, nəqliyyat və digər xidmətlərə görə” güzəştlər pul ilə əvəz olunmuş sosial müavinət deyil, əlavə haqdır. Bu “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Pezidentinin xx.xx.2001-ci il tarixli 613 nömrəli Fərmanında əksini tapmışdır və hal-hazıra kimi qüvvədədir. Həmçinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 257 nömrəli Azərbaycan Respublikası Fərmanında da, təsbit olunmuş və xx.xx.2019-cu il tarixinədək, yəni “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməsi barədə” Sərəncamın 1.11-ci bəndinə “Müharibə veteranlarının kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinin əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi barədə Sərəncamı da, bir daha sübut edir ki, qeyd olunan müavinətlər ona ödənilməli idi. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, xx xxxxxx 2006-cı ildən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli Fərmanının 2.1-ci bəndinə görə, “Sosial müavinətlər haqqında” Qanunun istinad olunan maddəsində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. İddiaçıya xx xxxx 2010-cu il tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin olunduğundan, yəni iddiaçı əmək pensiyası hüququna malik olduğundan, ona qeyd olunan müavinətin ödənilməsini “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsi qadağan edir. İddianın ikinci hissəsi ilə bağlı isə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun x xxxx 2017ci il tarixindən xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı maddəsində əks olunmuş və iddiaçı həmin əlavəni almışdır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq 46 il 9 ay 7 gün xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası (881.00 manat) müəyyən edilməklə ödənilir. Həmin məbləğin tərkibinə aşağıdakılar daxildir: əmək pensiyasının sığorta hissəsi – 229.08 manat; “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 11.00 manat; qulluq stajına görə əmək pensiyası əlavəsi – 640.92 manat. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İşdə olan pensiya işinin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən xx.xx.2010-cu il tarixdə İddiaçı barəsində məlumat vərəqəsi tərtib edilmişdir. Məlumat vərəqəsinə əsasən, İddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı MTCM-nin böyük nəzarətçisi vəzifəsində, ədliyyə baş giziri hərbi rütbəsində, 49 il 9 ay 7 gün xidmət ili üzrə, 614 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Həmin məlumat vərəqəsinə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın K/531 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı ilə “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2010-cu il tarixdən ömürlük, 625 manat məbləğində pensiya təyin edilmişdir. Pensiyanın hesablanması vərəqəsindən görünür ki, iddiaçıya təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmiş, həmçinin pensiyanın ümumi məbləğinə “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə -11.00 manat əlavə də hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 023954 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş SQ/V 001 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İşdə olan cavabdehin nümayəndəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********7 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun x xxxx 2017-ci il tarixədək qüvvədə olan 19.2.4-cü maddəsinə istinad edərək qeyd etdiyi əmək pensiyasının sığorta hissəsinə əlavalər həmin Qanununun x xxxx 2017-ci il tarixindən xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı maddəsində əks olunmuşdur. Həmin Qanunun V fəslinin müvafiq müddaəlarına uyğun olaraq əmək pensiyalarına əlavələr iki kateqoriyaya bölünür: 1) əmək pensiyasının sığorta hissəsinə əlavələr; 2) qulluq stajına görə əmək pensiyaları əlavələr. Həmin Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qullqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş statjı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Ona sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Əmək pensiyası aşağıdakı tərkibdən ibarət olmaqla cəmi 881.00 manat məbləğində müəyyən edilmişdir: əmək pensiyasının sığorta hissəsi – 229.08 manat, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxx 2019-cu il tarixinədək qüvvədə olan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə - 11.00 manat, qulluq stajına görə əmək pensiyasına əlavə - 640.92 manat. x xxxxxx 2006-cı il tarixindən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən iddia tələblərini əsassız hesab edir: Belə ki, məhkəmə ilk öncə iddia tələbinin “Müharibə veteranı” statusuna görə əlavə müavinətin verilməsi hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təyinatı, təminat xərcliyndən hesablanır ki, təminat xərcliyi də (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onun almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Qanunvericiliyin normalarından göründüyü kimi, vətəndaşın pensiya hüququ yarandığı zaman ona verilən müavinət dayandırılır. Yəni, qeyd olunan müavinət təyin edilərkən iddiaçı pensiyaçı olmamış və fərmanlara müvafiq olaraq ona müavinət təyin edilmiş və o, əmək pensiyasına çıxana qədər həmin müavinəti almışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası təyin edilərkən ona ödənilən müavinətin dayandırılması qanunvericiliyin tələblərinə uyğun olduğundan iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə iddianın bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmət güzəştlərinə görə və “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsində nəzərdə tutulmuş əlavələrin verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 19.2.4-cü maddəsi xx xxxx 2017-ci il tarixli 543VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir və yeni redaksiyada Qanunun 19.1.6-cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavənin hesablanması nəzərdə tutulur (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir). İşdə olan iddiaçıya məxsus pensiya işindən, imtina məktubundan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx xxxxx 2019-cu il tarixədək qüvvədə olan 19.1.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə 11 manat əlavə hesablanmışdır. Göründüyü kimi, iddia tələbinin həmin hissəsində qeyd olunan əlavələr cavabdeh tərəfindən əmək pensiyasına hesablanmışdır. Bu səbəbdən də, iddiaçının cavabdehə qarşı tələbi həmin hissədə əsassızdır. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Qanunun iddiaçının ehtiyata buraxılıdığı və ona pensiya təyin olunduğu 2010-cu ildən 2017-ci ilə qədər olan dövrdə qüvvədə olan 19.2.4-cü maddəsində isə nəzərdə tutulurdu ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara ― yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanır. Lakin, Qanunun nə qeyd olunan yeni redaksiyada verilmiş 19.1.6-cı maddəsində nəzərdə tutulan 11 manat əlavənin, nə də ki köhnə redaksiyayanın 19.2.4-cü maddəsində nəzərdə tutulan, yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavənin iddiaçının pensiyasına hesablanması mümkün hesab olunmur. Belə ki, birincisi, qeyd edildiyi kimi, iddiaçının hərbi qulluqçu olması və 2010-cu ildə ehtiyata buraxıldıqdan sonra ona hərbi qulluqçu kimi pensiya təyin olması işin mübahisələndirilməyən halıdır. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası isə qanunvericiliyə müvafiq olaraq qulluq etdiyi orqanın məlumat vərəqinə əsasən təminat xərcliyi əsasında təyin olunur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular—Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən isə təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları ilə aşağıdakılar müəyyən edilmişdir:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.4-cü bəndinin 2-ci abzasına əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar həmin şəxslərin və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur və Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə təqdim edilir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsindən də göründüyü kimi, təminat xərcliyinin nədən ibarət olması göstərilmişdir. Başqa sözlə, hərbi qulluqçunun pensiyasında yaşa görə əmək pensiyanın baza və yaxud sığorta hissəsi kimi anlayışlar mövcud deyil. Bu mənada iddiaçının hərbi qulluqçu kimi qulluq etdiyi orqanın məlumat vərəqinə təyin edilmiş pensiyasına Qanunun 19.2.4-cü (həm də 19.1.6-cı )maddəsində nəzərdə tutulan əlavənin hesablana bilməz. Digər bir tərəfdən, qeyd edildiyi kimi, iddiaçının əmək pensiyası təminat xərcliyinin 100 faizində məbləğini təşkil edir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsinin tələbində nəzərədə tutulur ki, bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. Göründüyü kimi, Qanunun qeyd olunan tələbi baxımından da iddiaçının pensiyasına 19.2.4-cü (həm də 19.1.6-cı) maddəsində nəzərdə tutulan əlavənin hesablanmasından söhbət gedə bilməzdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X5 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva