Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3544/2020 14.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəriman İbrahim oğlu Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli şəhər poliklinikasına qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, yeni göndərişin (Forma 88) verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə qarşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qimində cəlb olunmaqla yeni göndərişin (Forma 88) verilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun əlillik vəziyyətinin səhiyyə müəssisəsinin təzə göndərişi əsasında yenidən qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli şəhər poliklinikası tərəfindən müvafiq göndərişin (Forma 88) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə doğulub. Sonuncu müayinəyə əsasən generalizə olunmuş və dəqiqləşdirilməmiş ateroskleroz, atereskleroz aşağı ətrafların qalça-bud, dizaltı, topuq seqmentlərinin stenozu 4-cü dərəcə xr işemiya, sağ pəncə 2-ci daraq sümüklərinin və barmağın amputasiyası digər daimi ağrı, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulması, insulindən asılı şəkərli diabet, ürəyin aterosklerotik xəstəliyi, insulindən asılı şəkərli diabet nevroloji ağırlaşmalar ilə diaqnozu əsasında İİ qrup müddətsiz əlildir. O, 3 nömrəli şəhər poliklinikasında xx.xx.1997-ci il tarixdən rəsmi qeydiyyatdadır. Ayaq barmaqlarının bir hissəsi amputasiya olmuşdur və hələ əməliyyata ehtiyacı vardır. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. 2019cu ilin epikrizində də İİ qrup əlillik aldığı dövrdən sonra səhhətindəki ağır dəyişikliklərə diqqət yetirilmədən ona göndəriş vermirlər. O, İİ qrup deyil İ qrup əlildir. Əlaqədar şəxslərə dəfələrlə müraciət etsə də əsassız olaraq ona TSEK-ə getmək üçün göndəriş verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli şəhər poliklinikası cavabdeh, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti isə 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər poliklinikası tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı münasibətdə göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, B.B.Məcidov 117 ünvanında yaşayan xəstə İddiaçı xx.xx.2019-cu il tarixində əlilliyin təyin edilməsi üçün TSEK-ə göndərilmişdir. Dz: "Oblitrə edici ateroskleroz, aşağı ətrafların qalça, bud, dizaltı topuq seqmentləri stenozu 4-cü dərəcəli xr. İşemiyası, sağ pəncə İİ barmağın eksartikulyasiyası, şəkərli diabet tip 2 ağır forma insulin tələbli". xx.xx.2019-cu il tarixində xəstəyə İİ qrup əlillik təyin edilmişdir. Xəstə ona verilən İİ qrup əlillik ilə razılaşmadığından və İ qrup əlilliyə iddialı olduğundan poliklinikanın HMK-ın qərarı ilə xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin əlilliyin təhlili üzrə işçi qrupuna müraciət olunmuşdur. Əlilliyin müəyyən edilməsi ilə bağlı vətəndaş İddiaçı tibbi kartası və forma 88 araşdırılaraq TSEK tərəfindən təyin edilmiş İİ dərəcə əlillik xx.xx.2019-cu il tarixdə ( xx/xx-9044 N-li məktub ) məqbul hesab edilmiş və yeni göndərişin (Forma 88) yazılması əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə birinci dərəcə əlillik- xəstəlik, travma və anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Xəstə İddiaçı kənar şəxsin ehtiyacı olmadan sərbəst hərəkətdədir və özüözünə qulluq edə bilir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiyindən, İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti ərizələrlə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirdiklərindən, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3 və 16.2-ci maddələrinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İş materiallarında olan xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki; M.Hüseynov adına 3 №li şəhər poliklinikası tərəfindən xx xxxx 2019-cu il tarixdə İddiaçı dair 2750003AAD3K saylı göndərişlə Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş № 088 saylı arayışda-xəstəliyin başlanma tarixi xx.xx.2008-ci il; xəstəliyin gedişi xroniki; əsas diaqnoz – generalizə olunmuş və dəqiqləşdirilməmiş ateroskleroz ateroskleroz aşağı ətrafların qalca-bud dizaltı topuq seqmentlərinin stenozu 4-cü dərəcə xr işemiya, ağırlaşma - ətrafın(ların) amputasiyası sağ pəncə 2-ci daraq sümüklərinin və barmağın amputasiyası, digər daimi ağrı, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları; yanaşı xəstəliklər - insulindən asılı şəkərli diabet, ürəyin aterosklerotik xəstəliyi ÜİX, insulindən asılı şəkərli diabet, Nevroloji ağırlaşmalarla xəstəlikləri göstərilmişdir. Həmin arayış əsasında aparılmış qiymətləndirmə nəticəsində, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 2-ci qrup əlillik təyin edilmişdir. Diaqnoz: Generalizə olunmuş və dəqiqləşdirilməmiş ateroskleroz, ateroskleroz aşağı ətrafların qalca-bud dizaltı topuq seqmentlərinin stenozu 4-cü dərəcə xr işemiya sağ pəncə 2-ci daraq sümüklərinin və barmağın amputasiyası. Digər daimi ağrı. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları. İnsulindən asılı şəkərli diabet. Ürəyin aterosklerotik xəstəliyi. İnsulindən asılı şəkərli diabet. Nevroloji ağırlaşmalarla. 3 №li şəhər poliklinikası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi əlilliyin təhlili üzrə işçi qrupuna ünvanlanmış 297 № li xx xxxxxx 2019-cu il tarixli məktubda göstərilmişdir ki, Nəsimi rayonu, B.B.Məcidov 117 ünvanında yaşayan xəstə İddiaçı xx.xx.2019-cu il tarixində əlilliyin təyin edilməsi üçün TSEK-ə göndərilmişdir. DZ: “Oblitre edici ateroskleroz, aşağı, ətrafların qalça, bud dizaltımtopuq seqmentləri stenozu 4-cü dərəcəli xr. İşemiyası, sağ pəncə 2-ci barmağın eksartikulyasiyası, şəkərli diabet tip 2 ağır forma insulin tələbli”. xx.xx.2019-cu il tarixində xəstəyə İİ qrup əlillik təyin edilmişdir. Xəstə ona verilən İİ qrup əlillik ilə razılaşmır və İ qrup əlilliyə iddialıdır. Xəstənin təkidi ilə xəstə yenidn müayinə və müalicə üçün xəstəxanaya göndərilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər 22 BŞX-da stasionar müalicədə olmuşdur. HMK-ya ambulator kartadan çıxarış təqdim edilmişdir. DZ: “Şəkərli diabet tip 2, periferik angiopatiya, diabetrik reytinopatiya, diabetik polineyropatiya, pəncənin 2-ci daraq sümük barmağının amputasiyası, dayaq hərəkət funksiyasının pozulması. Kənara şəxslərin qulluğuna ehtiyacı var”. Xəstə bir əl ağacı ilə kənar şəxsin köməyi olmadan poliklinikaya müraciət edir. Xəstə HMK-nın İ qrup əlillik üçün Forma 88 yazılmasını israr edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02/19-761 №li xx.xx.2019-cu il tarixli məktubu ilə 3 №li şəhər poliklinikasına göndərilmiş Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssislərindən ibarət xüsusi işçi qrupunun xx xxxxxxxx 2019-cu il tarixli “Səhiyyə müəssisələri tərəfindən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi ilə bağlı verilmiş göndərişlərin (AZS 088 və AZS 088/1) təhlili üzrə işçi qrup tərəfindən verilmiş” Tibbi rəydə göstərilmişdir ki, 3 №li şəhər poliklinikası tərəfindən yazılan 2750003AAD3K nömrəli göndərişə və məktuba əlavə edilmiş tibbi sənədlərə baxılmışdır. Baxış zamanı məlum olmuşdur ki, xəstənin xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli Qərarının meyarlarına uyğun olaraq ikinci dərəcə əlilik təyin etdiyindən, əlillik dərəcəsinin dəyişdirilməsi məqsədilə yeni göndərişin yazılmasına əsas yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də (iddiaçının əlilliklə bağlı inzibati orqana müraciət etdiyi zaman qüvvədə olmuş redaksiyada) aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “X1 Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndində göstərilmişdir ki, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); 2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); 2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97); 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60-İ66.9,G80-G80.9, S06.0- S06.9); 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); 2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); 2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6); 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); 2.1.16. İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 280/2020 saylı (ekspertizanın başlanma tarixi xx xxxxxxx 2020-ci il, başa çatma tarixi xx xxxxxxx 2020-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1956-cı il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №li qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarına uyğun olaraq ikinci qrup əlillik dərəcəsinin dəyişdirilməsi üçün heç bir yeni əsas, yəni kənar şəxsin yardımına və ya qulluğuna daimi ehtiyacı olması halları müəyyən edilmədi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin olunmuş əlillik səbəbinə yenidən baxılması zərurəti yaranmadığından, iddiaçının iddası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3544/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3544/2020
14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver