Məhkəmə qərarları › İş №2-1(112)-3544/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3544/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3544/2022 06.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyası ödənişinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 30 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə dəftərxanası vasitəsilə xx.xx.2022-ci il tarixdə və daha sonra xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2011-ci il tarixli **********7 saylı qərarın ləğv edilməsini və əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona 08 dekabr 2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh 30 noyabr 2020-ci il tarixdə iddiaçıya pensiya ödənişinin dayandırılması barədə rəsmi məlumat təqdim etmiş, bundan sonra iddiaçı cavabdehə sənədlər təqdim edərək ödənilən pensiyanın davam etdirilməsi barədə müraciət etmiş, cavabdeh qanunsuz olaraq poçt vasitəsilə 13 oktyabr 2021-ci il tarixdə müraciətinə imtina təqdim edərək bildirmişdir ki, araşdırma nəticəsində iddiaçının 22 fevral 2006-cı il tarixdən 01 oktyabr 2010-cu il tarixədək "xxxx" MMC-nin transaformatorların təmiri sahəsində mühəndis-elektrik peşəsində işlədiyi müəyyən edilmişdir və bu sahə Siyahıya uyğun olmadığından ona ödənilən pensiya dayandırılmışdır. Lakin iddiaçının işlədiyi vəzifələr güzəştli şərtlərlə əmək pensyiası hüququ verən peşələrdəndir. İddiaçının 18 dekabr 2015-ci il tarixdə 57 yaşı tamam olduğu vaxtda güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilmişdir. Onun güzəştli şərtlərlə əmək stajı əsas sexlərdə (sahələrdə) məşğul olan elektrik avadanlığının xidməti və təmiri üzrə elektrik montyoru vəzifəsində işləməsi "xxxx" ASC-nin 12 aprel 2016-cı il tarixli, N05/04 saylı arayışı ilə təsdiq olunur. İddiaçının əmək şəraitinin zərərli olmasını və hansı vəzifədə işləməsi faktını əmək kitabçası və iş yeri təsdiq etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının xx.xx.2006 – xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin transformatorlarının təmiri sahəsində işlədiyi mühəndis-elektrik vəzifəsi qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7ay 23 gün) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə DSMFnin Nizami rayon şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. DSMF-nin Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 543 nömrəli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Daha sonra xx.xx.2021-ci il tarixdə cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli qərar qəbul etmiş, dayandırılma səbəbi kimi DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli xx.xx.2020-ci il tarixli məktub göstərilmişdir. Qərara əsasən iddiaçıya sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr xx.xx.2020-xx.xx.2020, məbləğ 260,56 manat olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə pensiya ödənişinin dayandırılması haqqında iddiaçıya məktub ünvanlamış və qeyd etmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən araşdırılmış, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən xx.xx.2006 – xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin transformatorlarının təmiri sahəsində mühəndiselektrik vəzifəsində işlədiyi müəyyən olunmuşdur. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 7ay 23 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq iddiaçıya xx.xx.2015-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Məktubda Dövlət Sosial Müdafiə X2 departamenti tərəfindən iddiaçıya xx.xx.2015 – xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12893,41 manat artıq pul vəsaitinin ödənildiyinin müəyyən edildiyi göstərilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması iddiaçıdan xahiş olunmuşdur. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş pensiya ödənişinin bərpa edilməsini xahiş etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli məktubundakı əsaslara istinad edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirmişdir. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini və pensiya ödənişinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh xx.xx.2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMFnin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində cavabdeh öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdən etibarən iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması (və bu faktın sonradan qərarla rəsmiləşdirilməsi) isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********7 saylı qərarı ləğv edilsin və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar