Məhkəmə qərarları › İş №2-1(112)-3544/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3544/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3544/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı ümumi iclasının qərarı ilə və Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 430 nömrəli icarə müqaviləsinə əsasən Sabunçu rayon Pirşağı bağ massivindən ayrılmış 1200 kv.m torpaq sahəsi (qeyri-yaşayış) üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır, lakin ünvan 2 üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə uyğun olaraq, Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı ümumi iclasının qərarı ilə və Bakı şəhəri Sabunçu rayon Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 430 nömrəli İcra müqaviləsinə əsasən, Pirşağı bağ massivindən 1200 kv.m qeyri-yaşayış sahəsini (bağçılıq) 1 kv.m sahəsinin icarə haqqı tarif üzrə-50 manat, illik icarə haqqının məbləği - 60.000 manat olmaq şərti ilə 10 il müddətinə (ilkin olaraq xx.xx.2015-ci tarixədək) icarəyə verilmişdir. Bundan sonra, həmin icarə müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. Həmin qeyd olunan torpaq sahəsinin bu günədək bütün vergilərini və icarə haqqını vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. İddiaçı ayrılmış, qeyd olunan - Sabunçu rayon Pirşağı bağ massivindən 1200 kv.m qeyri-yaşayış sahəsinə dair torpaq sahəsinin eskizi sxemi hazırlanmış və xx.xx.2005ci il tarixli 430 nömrəli İcra müqaviləsi ayrılmaz hissəsi kimi qeyd edilərək, müqaviləyə əlavə edilmişdir. Azərbaycan Respublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə tərəfindən (nümayəndəsi vasitəsi ilə) xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuş və qeyd olunan torpaq sahəsinin Dövlət Reyestrində qeydə alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3213-30/2-İ-0476-8/2024 nömrəli cavab (imtina) məktubunda, torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı təqdim edilmədiyi, icarə müqaviləsinin vaxtının bitdiyi və bundan əlavə ilkin bələdiyyə qərarına istinad edilmiş torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) dəqiq istinadlar və istinad məsafələri göstərildiyi bildirilmiş bu əsaslarla imtina edilmiş və qeyd olunan torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” verməmişdir. xx.xx.2001-ci il tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6-cı maddəsində “Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları” barədə müddəalar təsbit olunmuşdur. Həmin maddədə qeyd edilr ki, “6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının Torpaq Qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 7.3.-cü bəndində göstərilmişdir ki, “Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına: fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. ” Bundan başqa, qeyd edir ki, 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməsinin Ümumi müddəalar hissəsinin 1-ci bəndində qeyd olunur ki, “1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xx.xx.2004-cü il (№ 713-İİQ) tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” barədə müddəalar təsbit olunmuşdur. Həmin Maddənin 8.0.7-ci bəndində qeyd olunur ki, “2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Lakin, Azərbaycan Respublikası İN-yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” xx.xx.2004-cü il tarixli Azərbaycan Respublikası Qanununun, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli AR Qanununun və 2002-ci il tarixli "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməsinin tələblərinə əməl etmədən imtina cavabı vermişdir.

3. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmiş və icarə müqaviləsinin müddəti bitmişdir.

4. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmiş və icarə müqaviləsinin müddəti bitmişdir. Bundan əlavə, təqdim olunan sənədlər torpaq sahəsi üzərində icarə hüququnun verilməsi ilə bağlıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Eyni zamanda elektron kadastr baza məlumatına əsasən göstərilən sahə Pirşağı bağ bağ massivinin ərazisində yerləşir. O cümlədən təqdim olunmuş cizgidə dəqiq istinad və məsafələr göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi ümumi daxili sahədə ara sərhədi şərti olmaqla yerləşir, yaşayış evi mövcuddur, torpaq sahəsinin 3 tərəfi qonşu, 1 tərəfi dalandı. Torpağın faktiki sahəsi 1267 kv.m təşkil edir.

6. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. xx.xx.2005-ci il tarixli 430 nömrəli icarə müqaviləsinə əsasən, Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında Pirşağı bağ massivində ayrılmış 1200 kv.m torpaq sahəsinə dair müqavilə bağlanılmışdır. Həmin müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, icarə müqaviləsinin müddəti 10 ildir. xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir.

IV. Məhkəmənin mövqeyi

14. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

17. Məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2005-ci il tarixli 430 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi ilə İddiaçı arasında Pirşağı bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsinə dair 10 il müddətinə bağçılıq məqsədilə istifadəyə dair müqavilə bağlanılmışdır. İcarə müqaviləsinin müddəti xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, torpaq sahəsi bağ massivinin ərazisidir.

18. Göründüyü kimi, iddiaçı cavabdehə “Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair” müraciət edərkən, istinad edilmiş torpaq sahəsi üzərində icarə müqaviləsinin müddəti bitmişdir. Həmin müqavilənin qüvvədə olması ilə bağlı isə iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

19. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar