Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3546/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1ndə yerləşən, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində adi cəlbetmə qaydasında hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. 2004-cü il tarixindən etibarən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 200 kv.m olan torpaq sahəsi onun faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsini yuxarıda qeyd olunan tarixdə Səbail Rayon Bələdiyyəsindən satın almışdır. Hazırda həmin torpaq sahəsi iddiaçıya məxsusdur. İddiaçı torpaq sahəsinə dair çıxarış əldə etmək istəyir. Çünki o, 2004-cü il tarixindən etibarən yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq üzərində vicdanlı sahibkarlığı həyata keçirir və elə həmin dövrdən də sözügedən torpaq sahəsi üzərində istifadə hüquqlarını təmin edərək, faktiki sahibkarlığı həyata keçirir. Bununla bağlı olaraq, müxtəlif vaxtlarda ərizə əsasında cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli ərizəyə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********13 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Torpaq sahəsinin faktiki ölçüsü 200 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt əraziləridir (Bibiheybət NQÇİ). Həmçinin ərazinin təqribi 95 metr yaxınlığında işlək, 60-39-44 metr yaxınlığında isə fəaliyyətdə olmayan quyu məlumatları mövcuddur. Eyni zamanda sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, sözügedən əraziyə X4 tərəfindən müraciətlər olmuşdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən təqdim edilən koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın daimi istifadəsində olan ərazilərin (“Azneft” İB “Bibiheybətneft” NQÇİ) hüdudları, eləcə də ən yaxını 10 metrlik məsəfadə olmaqla 7 ədəd ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Göstərilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail bələdiyyəsinin 08 aprel 2004-cü il tarixli, 63 nömrəli sərəncamına əsasən Səbail rayonu, 20-ci sahə, Lomonosov küçəsində 200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında X2 adına sənədləşdirilməsi qərara alınmışdır. Torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Səbail bələdiyyəsinin 08 aprel 2004-cü il tarixli, 63 nömrəli sərəncamına Səbail rayonu, 20-ci sahə, Lomonosov küçəsində 200 kv.m torpaq sahəsi X1. Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən vətəndaş X3 adına sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 63 saylı sərəncamı və ona əlavə edilmiş digər təsdiqedici sənədlər Bələdiyyənin hazırkı arxiv məlumat bazasında aşkar edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə verilmiş imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt əraziləridir (Bibiheybət NQÇİ). Həmçinin ərazinin təqribi 95 metr yaxınlığında işlək, 60-39-44 metr yaxınlığında isə fəaliyyətdə olmayan quyu məlumatları mövcuddur. Eyni zamanda sahə sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, sözügedən əraziyə X4 tərəfindən müraciətlər olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 200.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair sənəd təqdim edilməyib. Sahənin şərti sərhədindən 10.0 metr aralı məsafədə yerüstü qurğusu sökülmüş neft quyusu yeri, 27.0 metr aralı məsafədə isə transformator binası (elektrik yarımstansiyası) yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Bibiheybətneft NQÇİ). Ərazinin təqribən 95.0 metr yaxınlığında işlək, təqribən 60,39 və 44 metr yaxınlığında isə fəaliyyətdə olmayan quyu məlumatları mövcuddur. Sahə “Sənaye nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahəyə X4 tərəfindən müraciətlər olmuşdur. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). Öncə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli sərəncamının həqiqiliyini müəyyən etmək üçün həm Səbail Bələdiyyəsinə həm də Dövlət Arxivinin Bakı Filialına sorğular verilmişdir. Səbail Bələdiyyəsi qeyd edilən sərəncamın arxivində aşkar edilmədiyini bildirmişdir. Dövlət Arxivinin Bakı Filialının cavab məktubunda isə Bakı şəhəri Səbail Bələdiyyəsi arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyini bildirmişdir. Yəni, iddiaçının əsaslandığı bələdiyyə qərarının arxiv nüsxəsi mövcud deyildir. Bundan başqa Məhkəmə bildirir ki, aparılmış araşdırma iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi hüdudlarında olması da təsdiqini tapmışdır. Bundan başqa Məhkəmə bildirir ki, hazırki iş üzrə bərabərlik hüququnun məfhumu baxımından da iddianın təmini istisna olunur. Belə ki, əksər oxşar mübahisələrdə, məhkəmə inzibati orqanın imtinasını qiymətləndirdikdə, iddia olunan torpaq sahəsinin ətrafında və qonşuluğunda yerləşən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınıb-alınmamasını, alındığı təqdirdə isə torpaq sahəsinin oxşar sənədlər əsasında ayrılıb-ayrılmamasını müəyyən etməyə çalışır. Əgər torpaq sahəsi oxşar sənəd əsasında ayrılırsa və şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilirsə, bu halda məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsaslanaraq, bərabərlik nöqteyi-nəzərdən cavabdeh orqan tərəfindən fərqli rəftarın nümayiş etdirib-etdirmədiyini müəyyən edir. Bu mövqeyi hazırki iş üzrə tətbiq olunmuş, lakin iddiaçının ətrafında və qonşuluğunda yerləşən, bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinin qeydiyyatdan keçmədiyi müəyyən olunmuş, bu isə faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya münasibətdə eyni mövqeyinin nümayiş etdirdiyinin göstəricisi kimi qəbul edilməlidir. Son olaraq Məhkəmə vurğulamağı zəruri hesab edir ki, torpaqların alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməməsi, yerləşmə cizgisində bələdiyyənin qərarına istinad olunmaması, torpaq sahəsinin ayrılması zamanı aparılan inzibati icraatından irəli gələn formal uyğunsuzluqlar olsa da, bu hallar vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Eyni zamanda, iddia rədd olduğundan, həmin torpaq sahəsinə dair digər şəxsin müraciəti üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, ünvan 1ndə yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3546/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3546/2025
12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver