Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3547/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “vətəndaşlıq mənsubiyyətinin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1970-ci ildə keçmiş Ermənistan SSR-nin Ararat rayonunun Avşar kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. Qarabağ hadisələri başlayarkən ailəsi ilə birlikdə 1990-cı ildən Azərbacana köçmüş və həmin ildən Şəki rayonu, Şəki kəndində məskunlaşmışdır. Torpağa Mülkiyyət Hüququna dair JN - 410 KOD 40400068 saylı Dövlət Aktının surətindən görünür ki, Azərbaycan Respublikasinda aqrar islahatı aparılan zaman kənd təsərrüfatı məhsullarının istehsalı üçün 6 nəfər ailə üzvləri olmaqla onun ailəsinə 4,73 ha pay torpaq sahəsi verilmişdir. X12 görünür ki, Azərbaycan Respublikasında islahat aparılan zaman o, burada yaşamış, kolxoz və sovxozlar bölünərkən ona əmlakdan pay düşmüşdür. Bundan əlavə Şəki rayon qeydiyyat şöbəsinin çıxarışından görünür ki, 1995-ci il tarixdə o, X5 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Ona Azərbaycan Respublikasının vətəndaşının mənsubiyyətinin verilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən onun barəsində xx.xx.2019-cu il tarixli, ******* saylı arayış tərtib edilmiş, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Bu səbəbdən o, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdikləri onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsasdır. Göstərilənlərə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçının xx.xx.2019-cu il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 1969-cu ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, 1995-ci ildə Qırğızıstan Respublikasına getmiş, həmin ölkədə qeydiyyata düşmüş, bu barədə SSRİ pasportunda qeyd edilmiş, 2002-ci ildə Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.3-cü bəndinə əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, iddiaçının sözügedən Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.1998-ci il tarixinədək ölkə ərazisində qeydiyyatı olmamışdır və bu, konkret hal kimi nəzərdə tutulduğundan iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, iddiaçı sözügedən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulduğu kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olsun və həmin Qaydanın 4.3cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun. Buna görə də iddiaçıya münasibətdə sözügedən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.7-ci bəndinə əsasən şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Qeyd olunan norma Ermənistan Respublikasından birbaşa Azərbaycan Respublikasına gəlmiş, ölkə ərazisində məskunlaşmış şəxslərə aid edilir. İddiaçı təxminən 7 il Qırğızıstan Respublikasında yaşamış və həmin ölkədən Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. İddiaçı SSRİ vətəndaşı pasportu əsasında Azərbaycan Respublikasına gələrək burada daimi yaşamışdır. Bununla bağlı onun heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 2006-cı il yanvarın 1-dək daimi yaşama faktları məhkəmə qaydasında müəyyən edildikdən sonra o, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Sizin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə xx.xx.2021-ci il tarixdə daxil olmuş və S-2559/3178/ə daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Sizin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, 69065/m nömrəli müraciətiniz əsasında vətəndaşlıq mənsubiyyətiniz araşdırılmış və barənizdə xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 08/653 saylı arayışından görünür ki, xx.xx.1970-ci ildə Ermənistan Respublikasında anadan olmuş İddiaçı xx.xx.2019-cu il tarixli, 69065/m nömrəli müraciətinə baxılaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmiş və barəsində xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayış tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* saylı, xx.xx.2019-cu il tarixli arayışının təsdiq edilmiş surətindən görünür ki, 28 iyun 1970-ci il təvəllüdlü İddiaçı 69065/m nömrəli, 05 mart 2019-cu il tarixli müraciətinə baxılaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki nümayəndəsinin xx.xx.2015-ci il tarixli, 97 saylı arayışından görünür ki, İddiaçı 1999-cu ildən Şəki rayonu, Şəki kəndində yaşayır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki nümayəndəsinin xx.xx.2015-ci il tarixli, 98 saylı arayışından görünür ki, İddiaçı həqiqətən arvadı və 2 oğlu olmaqla ailə üzvləri ilə birlikdə Şəki rayonu, Şəki kəndində yaşayır. İş materiallarında olan Ermənsitan SSR Ararat rayonu Avşar kənd soveti tərəfindən xx.xx.1970-ci ildə verilmiş İ-ZJ seriyalı 121714 nömrəli doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Ermənsitan SSR Ararat rayonu Avşar kəndində anadan olmuşdur. X1, milliyyəti azərbaycanlı, anası X2, milliyyəti azərbaycanlıdır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 209 saylı arayışından görünür ki, İddiaçı 1990-cı ildən Şəki rayonu, Şəki kəndində yaşayır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 279 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Şəki rayonu, Şəki kəndində yaşayır. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1988-ci il tarixdə verilmiş XXİ-JQ seriyalı, 717970 nömrəli SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Ermənistan SSR Ararat rayonu Avşar kəndində anadan olmuşdur, xx.xx.1998-ci ildə Qırğızıstan Respublikası Calal-Abad şəhərinə pasport qeydiyyatına düşmüşdür. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki nümayəndəsinin xx.xx.2015-ci il tarixli, 96 saylı arayışından görünür ki, İddiaçı 1996-cı ildən qeydiyyatdan çıxaraq Qırğızıstan Respublikasına getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər Rayon Polis X11 Bölməsinin xx.xx.2022-ci il tarixli, 372-791-1222 saylı arayışından görünür ki, İddiaçı 1986-cı ildən Şəki rayonu, Şəki kəndində yaşayır və orada qeydiyyatdadır. İş materiallarında olan cavabdeh tərəfindən etiraza əlavə edilmiş DİN-in MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli məlumatına əsasən İddiaçı Azərbaycan Respublikasında qeydiyyatı yoxdur. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi» Qaydasının 2.2.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslardan biridir. Həmin Qaydanın 3.4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir. Həmin Qaydanın 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 28 iyun 1970-ci ildə Ermənsitan SSR Ararat rayonu Avşar kəndində doğulmuşdur. O, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etsə də, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - xx.xx.1998-ci ilədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatının olmadığı müəyyən edildiyindən, cavabdeh orqanın qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçının "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı sayılması üçün o, həmin qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmalı idi. Lakin iş materialları ilə müəyyən edildi ki, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatından da görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı 1996-cı ildə Qırğızıstan Respublikasına köçmüş, həmin ölkədə qeydiyyata düşmüş, orada yaşamış və 2002-ci ildə Azərbaycan Respublikasının ərazisinə gəlmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından cavabdeh tərəfindən qanuni əsaslarla imtina olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3547/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3547/2022
04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver