Məhkəmə qərarları › İş №2-1(112)-3547/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3547/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3547/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, ona məxsus yaşayış sahəsi istifadəsində olan 360 kv.m torpaq sahəsində inşa edilmişdir. Bunu 1926-cı il tarixdə tərtib edilmiş plana əlavə edilmiş sənəd də sübut edir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş arayışdan da görünür ki, fərdi yaşayış evi və onun yerləşdiyi 360 kv.m torpaq sahəsi onun istifadəsində olmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, mənzil sökülmüş və yerində fərdi yaşayış evi inşa edilmişdir. Həmin fərdi yaşayış evinin torpaq sahəsinə münasibətdə isə hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Həmçinin mənzilin sökülməsi ilə bağlı qeydiyyatın ləğvinə dair ərizə təqdim edilməmiş, məhkəmə qərarları ilə torpağa dair iddia rədd edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Cavabdehin imtinasından və məhkəməyə təqdim olunmuş yazılı etirazının surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinə imtina edərkən 3 halı əsas götürmüşdür:

1. Torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin olmaması;

2. Qeydiyyata alınan əmlaklar söküldüyü üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi ilə bağlı ərizələrin əlavə edilməməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlak üzərində dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Məhkəmə ilkin olaraq iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin onun istifadəsində və mülkiyyətinə olmasına münasibət bildirir. Bunun üçün isə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın yerləşdiyi yaşayış sahəsinin altındaki olan torpaq sahəsinin ümumi istifadədə olub-olmaması, ümumiyyətlə mübahisə predmetini təşkil edən daşınmaz əmlakın mənzil və ya fərdi yaşıyış evi kimi xidməti etməsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Qanunvericilikdə vətəndaşların torpaq sahəsini əldə etmələrinin müxtəlif əsasları müəyyən edilmişdir. Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1 və 2-ci hissələrinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınırvə həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyri-yaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vətəndaşa məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, onun təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlər (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) üzərində hüquqları yaranır. Oxşar işlər üzrə formalaşmış Ali məhkəmənin praktirikasına görə, əgər vətəndaşın iddia etdiyi daşınmaz əmlakın mənzil kimi qeydiyyata alınması, lakin digər mənzillər ilə konstruktiv bağlılığı olmaması halı aşkar olunarsa, şəxsin həmin mənzil və onun yerləşdiyi torpaq sahəsinin üzərində hüquqlarının yaranması müəyyən olunur. Əlbətdə, bu zaman araşdırmalı olan hal kimi həmin daşınmaz əmlakın həqiqətən də mənzil və ya ayrıca yaşayış evi kimi xidmət etdiyi müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin 2-1(102)-3003/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mənzil hesab edilməsi üçün onun çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanı olmalıdır, xxxx 2018-ci il tarixli texniki pasporta görə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X1 küçəsi, ev 38, mənzil 1-də yerləşən 1 mərtəbəli yaşayış sahəsi hər hansı bir çoxmənzilli binanın tərkibində olmamaqla yanaşı, ayrıca tikili olan fərdi yaşayış evi kimi inşa olunmuş, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində müəyyən olunmuş əsaslar mövcud olmadan iddiaçının müraciətindən imtina etmiş, qeyd olunan mənzildə yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının istifadəsində olmuş, buna dair sərəncam, texniki pasport iş materiallarına əlavə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-1601/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı bəyan edir ki, onun mülkiyyətində olan mənzil ayrıca, təcrid olunmuş tikilidən ibarətdir. Bu səbəbdən də həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Başqa sözlə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyətçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq iddiaçının təqdim etdiyi sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək hesab edir ki, iddiaçının mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları yaranmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, mənzil kimi qeyd edilməsinə baxmayaraq əmlak naturada fərdi yaşayış evidir, 360 kv.m torpaq sahəsində hüdudlarında inşa edilmişdir, əvvəlki ev sökülmüş, yerli icra hakimiyyəti başçısının sərəncamı əsasında layihə üzrə yenidən qurulmuş, layihə sənədi müvafiq lisenziyaya malik qurum tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhər Uçot-İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş 1926-cı il tarixdə inşa edilmiş evin mülki təsviri adlanan sənəddən də görünür ki, sökülmüş daşınmaz əmlak da mənzil yox, fərdi yaşayış evi olmuş, həmin ev Şarova Yevdokin adlı şəxsə məxssus olmuş, sonradan fərdi yaşayış evi və həyətyani torpaq sahəsi Valentina Şarovanın adına rəsmiləşdirilmiş, daha sonra bağışlama müqaviləsinə əsasən həmin mülk iddiaçının adına özəlləşdirilmişdir. Məhkəmə qeyd edir ki, həm söküntüdən əvvəl, həmçinin də söküntüdən sonra, mübahisəli ünvanda yerləşən daşınmaz əmlak torpaq sahəsindən təcrid olunmuş, ayrıca giriş-çıxışlı vəziyyətdə olmuş, bununla da əmlakı xidməti təyinatının məhz fərdi yaşayış evi olması müvafiq olaraq təsdiq olunmuşdur ki, bu da hazırki mərhələdə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin, o cümlədən də həyətyani sahənin ümumi paylı mülkiyyətdə olmadığını, əksinə təcrid olunmuş tikili olduğundan, yalnız iddiaçının faktiki sahibliyində və istifadəsində olduğunun göstəricisidir. Məhkəmə mövcud olan vahid məhkəmə təcrübəsini qüvvədə olan qanunvericiliyin müddəaları ilə birgə təhlil edərək belə qənaətə gəlir ki, iddiaçıya məxsus mənzillərin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyindən, onun həmin torpaq sahəsinə münasibətdə istifadə hüququ yaranır. Məhkəmə hazırki iddia üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və ya yerində baxış kimi tədbirlərin görülməsinin zəruri olmadığını hesab edir. Belə ki, istər hal-hazırda sökülmüş yaşayış sahəsinin, istərsə də hazırda inşa edilmiş mübahisəli əmlakın digər tikililərdən təcrid olunması, ayrıca giriş-çıxış vəziyyətli olması, mənzil xüsusiyyətlərinə malik olmaması, əksinə fərdi yaşayış evi olması həm müvafiq mənzil kommunal təsərrüfat birliyi tərəfindən tərtib edilmiş arayışla, həm də Bakı şəhər Uçot-İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş 1926-cı il tarixdə inşa edilmiş ev-mülkün təsviri adlanan sənədlə və yerli icra hakimiyyətinin sərəncamı ilə də təsdiq edilir. Həmin sənədlərdən də görünür ki, 1926-cı il tarixdən inşa edilmiş fərdi yaşayış sahəsi 360 kv.m torpaq sahəsi hüdudlarında inşa edilmişdir, daha sonra sökülmüş adıçəkilən fərdi yaşayış sahəsi razılaşdırılmış layihə sənədi əsasında yerli icra hakimiyyəti orqanının sərəncamına uyğun olaraq yenidən qurulmuşdur. Göründüyü kimi işin göstərilən halları nəzərə almamış, faktiki fərdi yaşayış sahəsi olan əmlak mənzil kimi qeyd edilmiş, nəticədə isə onun altındakı və həyətyani torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun təmini həyata keçirilməmişdir. Beləliklə Məhkəmə hesab edir ki, mübahisəli əmlakın yerləşdiyi və həyətyani torpaq sahəsinin iddiaçının mülkiyyətində olması təsbit olunmuşdur. Qeydiyyata alınan əmlaklar söküldüyü üçün hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğvi ilə bağlı ərizələrin əlavə edilməməsinə münasibətdə isə məhkəmə adıçəkilən dəlilin formal olması qənaətindədir. Belə ki, 1926-cı il tarixdə inşa edilmiş əmlakın sökülməsi və bununla bağlı yerli icra hakimiyyəti orqanına müraciət edilməsi iş materialları ilə təsdiq edilmiş, buna dair yerli icra hakimiyyəti orqanın razılığı alınmışdır ki, həmin sərəncama münasibətdə iddiaçının etimad hüququ qorunur və iddiaçının əmlakla bağlı qeydin ləğvinə dair digər bir orqana müraciət etməməsi, yerində qanuni əsaslarla inşa edilmiş fərdi yaşayış evinin həmişəlik qeydiyyatsız qalmasına əsas yaratmır. Ümumiyyətlə cavabdehin adıçəkilən dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş imtina əsaslarından biri olmayıb, prosedur qaydaları ilə əlaqədardır. Halbuki, nəzərə alınmalıdır ki, dövlətin digər bir inzibati orqanı tərəfindən əmlakın sökülməsi və yerində yeni fərdi yaşayış evinin inşa edilməsi barədə hüquqi fakt tanınmış, bunun legitimləşdirilməsi müvafiq sərəncamla yekunlaşdırılmışdır ki, cavabdehin adıçəkilən dəlilinin nəzərə alınmaması həmin səbəblərdən irəli gəlir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında mövcud olan və cavabdehin istinad etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı və həmin qərarı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarının mövcudluğu da hazırkı iddianın təmininə mane yaratmır. Belə ki, həmin işdən görünür ki, torpaq sahəsinin qeydə alınması və texniki pasportda düzəlişin edilməsi ilə bağlı olmuş, 413 kv.m torpaq sahəsinə dair qeydin aparılması ilə əlaqədar olmuşdur. Hazırkı iddia isə 360 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin vahid əmlak kimi dövlət qeydiyyatına alınması ilə bağlıdır. Həmçinin, həmin iş üzrə son qərardan görünür ki, qərar 14 iyun 2016-cı il tarixlidir. Yəni, həmin iş materiallarında yerli icra hakimiyyəti orqanın 01 avqust 2016-cı il tarixli yaşayış sahəsinin yenidən qurulmasına razılığı, eyni zamanda mənzil kommunal təsərrüfat birliyinin 23 fevral 2022-ci il tarixli arayışı mövcud ola bilməzdi. Halbuki, həmin sənədlər, o cümlədən mülkün təsviri adlanan sənəd hazırkı iş üzrə iddianın təminin əsası qismində çıxış edir ki, həmin həmin sənədlər adıçəkilən məhkəmə işlərində obyektiv səbəblərdən təqdim edilməmiş, hazırkı iş üzrə təqdim edilmişdir ki, məhkəmə yeni əsaslar nəzərə alınmaqla iddianın təmin edilməsi qənaətindədir. Mülkün təsviri adlanan sənəd də hər nə qədər adıçəkilən qərarlar qəbul edilərkən mövcud olmuş olsa da, qeyd olunan iş 413 kv.m torpaq sahəsi ilə bağlı olmuş, lakin təqdim edilən adıçəkilən sənəd və digər sənədlər isə 360 kv.m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar olmuşdur ki, məhkəmə qeyd olunanlar nəzərə alınmaqla həmin işin subyekt tərkibi eyni olsa da iddianın predmetinin fərqli olması, həmçinin iddiaya münasibətdə həmin dövrdə təqdim edilə bilməyən sənədlərin, hazırkı iş üzrə təqdim edilməsi, beləliklə də iddiaya mahiyyəti üzrə baxılması üçün yeni əsasların mövcud olması halı nəzərə alındıqda məhkəmənin qənaəti belədir ki, həmin qərarların preyudisial xüsusiyyəti mövcud olmadığından, həmin qərarların mövcudluğu iddianın təmin edilməsinə mane olmur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsi və 360 kv.m həyətyani torpaq sahəsinə vahid əmlak kimi iddiaçı Nalçabasmaz (Kolotiy) Yuliya İqorevnanın mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla vahid əmlaka daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar