Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3547/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının 3-cü ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış məbləğin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. Digər işlərlə yanaşı xx.xx.1994-cü ildə xx.xx.2000-ci ilə qədər Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsində işləmişdir. Hazırda ona cavabdeh tərəfindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib ödənilməkdədir. xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ’'Azərbaycan Respublikası Məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 saylı Qanun qəbul edilmişdir. Qeyd edilən qanuna əsasən Azərbaycan Respublikası Məhkəmələrinin hakimləri üçün 6-ali, İ, İİ, İİİ, İV, V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəclərinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən xx.xx.1992-ci il tarixdə “Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” 364 saylı Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqqlar, o cümlədən İİİ ixtisas dərəcəli hakimlərə minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq verilməsi və qərarın xx.xx.1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. İddiaçıya Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1196-cı il tarixli, 80-İQD №-li Qərarı ilə İİİ ixtisas dərəcəsi verilmişdir. Onun tərəfindən ona təyin edilmiş əmək pensiyasının İİİ ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Həmin müraciətə cavabdeh orqan tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixdə imtina cavabı verilmişdir. İmtina cavabına diqqət yetirdikdə cavabdeh orqanın təqdim edilmiş müraciəti məzmununa uyğun olmayan cavab verildiyi müəyyən olunmuşdur. Bu əsasdan hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Yuxarıda qeyd edilmiş hallardan müəyyən olunur ki, onun pensiyası yenidən hesablanmalı olduğu halda cavabdeh orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-269138/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-269138/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ixtisas dərəcəsinə görə verilmiş pul təminatı nəzərə alınmaqla minimum əməkhaqqının üç misli miqdarında əlavə haqqın nəzərə alınaraq pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Müraciətə uyğun olaraq İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatın sonuncu xidmət keçdiyi orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda ona ödənilən pensiya məbləği 4089.99 azn təşkil edir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində İddiaçı tərəfindən xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən İİİ ixtisas dərəcəsi verildiyi bildirilmişdir. Həmin əsasla pensiyanın yenidən hesablanmasından cavabdehin imtina etdiyini göstərmiş, İİİ ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4- cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Həmin Qaydaların 4-cü bəndinə əsasən şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının 5 oktyabr 2001-ci il tarixli Qanunu ilə, “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı isə 6 mart 2007-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüşdür. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0, 2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhz buna görə də qanunvericiliyin tələbləri baxımından İddiaçı təyin olunmuş əmək pensiyasının ixtisas dərəcəsi ilə bağlı minimum əməkhaqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İddiaçı aid İT-İ seriyalı ******* №li əmək kitabçasında (surəti) olan məlumatlara əsasən o, xx.xx.1994-cü il tarixdə Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş və həmin məhkəmənin sədri vəzifəsinə təsdiq edilmişdir. xx.xx.2000-ci il tarixdə səlahiyyət müddətinin qurtarması ilə əlaqədar hakim səlahiyyətlərinə xitan verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 80-İQR №-li qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə nazirinin təqdimatına baxaraq, “Azərbaycan Respublikası məhkəmə quruluşu haqında” Azərbaycan Respublikası Qanunun 93-cü maddəsinə, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq Hərbi Dəniz Qüvvələri hərbi tribunalının sədri İddiaçı 3-cü ixtisas ixtisas dərəcəsi verilməsini qərara almışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 8/672 №-li məktubunda göstərilmişdir ki, İddiaçı hakim işlədiyi dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciətilə əlaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1996-cı il tarixli 80-OQR nömrəli Qəran ilə ona 3-cü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə üçüncü ixtisas dərəcəli hakimlərə 1993-cu ii yanvarın 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. xx.xx.1996-cıil tarixdən-xx.xx.2000-ci tarixədək ona əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 3 misli məbləğində əlavə haqq ödənilmişdir. Həmin Qərar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə 6 mart 2007-ci il tarixli. 260-İİİQD nömrəli Qanun ilə qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-Ə-221864/2024 №-li imtina məktubunda qeyd olunmuşdur ki, “... sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən sizə 16 fevral 2012ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1 -ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, 23 il 1 ay 1 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınaraq hazırda qanunverciliyə uyğun olaraq, əmək pensiyanız 3495,56 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Sözügedən Qaydaların 4-cü hissəsinə görə şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fonda ötürülür. Qeyd olunanlara əsasən, əmək pensiyanızın məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinizin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqan tərəfindən müvafiq elektron informasiya sisteminə daxil edilməklə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxıla bilər.” Məhkəmənin müvafiq sorğusuna əsasən: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 272635/2024-cü il tarixli cavab məktubu ilə İddiaçı aid pensiya işinə dair aşağıdakı sənədlər təqdim edilmişdir; Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departametinin rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2012-ci il tarixli, 12/224 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq xx.xx.2007-ci il tarixdən hesablanmaqla ömürlük yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası sonuncu artım ilə əlaqədar (xx.xx.2019) səbəbi ilə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1524 manat, 20 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 1929 manat, 75 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası sonuncu artım ilə əlaqədar (xx.xx.2019) səbəbi ilə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1929 manat, 75 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 1762 manat, 92 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********7 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası sonuncu artım ilə əlaqədar (xx.xx.2022) səbəbi ilə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 1762 manat, 92 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 2491 manat, 48 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10174/2023 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası “qurumdan daxil olmuş məktuba əsasən” səbəbi ilə yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 3143 manat, 50 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 3143 manat, 50 qəpik. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-16180/2024 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin olunmuş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3-cü maddəsinə əsasən yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 3496 manat, 56 qəpik. Yenidən hesablanmış pensiya məbləği: 4089 manat, 99 qəpik. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-16-8/2- 111133/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 364 nömrəli “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarına əsasən 1993-cü il yanvar ayının 1-dən minimum əmək haqqının 3 misli məbləğində əlavənin ödənilib-ödənilməməsinə dair məlumatın təqdim edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə müraciət olunmuş və arxivdə saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalı işçilərinin əməkhaqqı cədvəlləri Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-19/2- 621/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: ... Maddə 109. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1.4. Qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.7-ci maddəsinin redaksiyasına görə, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin, həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmişdir. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 5 oktyabr 2001-ci il tarixli, 190-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanun qüvvədən düşmüşdür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin, 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə- həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” Hakimlərin statusuna dair Avropa Xartiyası … Maddə 6.1. Hakimlər öz funksiyalarını həyata keçirərkən, onların müstəqilliyinə və qərəzsizliyinə zərbə vura biləcək və öz səlahiyyətləri çərçivəsində onlar tərəfindən qəbul edilən bu və ya digər qərarlara və ya həyata keçirilən hərəkətlərə təsir göstərilməsi məqsədinə yönələn müdaxilələrdən qaçınmalarına şərait yaradacaq miqdarda maddi mükafatlandırma hüququna malikdirlər. … Maddə 6.4. Müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin Tövsiyəsinə görə isə hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır “İnzibati icraat haqqında” Qanunun ... Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. MƏHKƏMƏNİN MÖVQEYİ Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona təyin edilmiş əmək pensiyasının 3-cü ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının 3 misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və yaranmış məbləğinin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İlkin olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.1994cü il tarixdən xx.xx.2000-ci il tarixə kimi Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin hakimi və sədri vəzifəsində işləməsi və Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında “Azərbaycan Respublikası Milli Məclisinin” xx.xx.1996-cı il tarixli, 80-İQR №-li qərarı ilə Hərbi Dəniz Qüvvələri hərbi tribunalının sədri İddiaçı 3-cü ixtisas ixtisas dərəcəsi verilməsi işin mübahisəsiz hallarına aiddir. Məhkəmə ilkin olaraq iddia tələbinin hüququ əsası ilə bağlı qeyd edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində hakimlərin müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar kontekstində baxılmalıdır. Həmin maddədə hakimlərin müstəqilliyinin və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri təsbit edilmiş, hakimlərin müstəqilliyi ilə bağlı konstitusion təminatlar nəzərdə tutulmuşdur. Belə yanaşma məhkəmə hakimiyyətinin və həmin hakimiyyəti təmsil edən hakimlərin xüsusi statusundan qaynaqlanır. Qeyd etmək lazımdır ki, hakimlərin müstəqilliyinin, bir tərəfdən ədalət mühakiməsinin həyata keçirilməsinin, digər tərəfdən isə həm də dövlət tərəfindən hakimlərə tanınan konstitusiya təminatı olduğu nəzərə alınmalı, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hakimlərin maddi və sosial təminatı həm də Konstitusiyada təsbit olunmuş məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Belə ki, məhkəmə araşdırılması zamanı idiaçının 1994-2000-ci illər işlədiyi dövr ərzində aldığı əmək haqqları barədə müvafiq sorğular göndərilsə də həmin məlumatların əldə edilməsi mümkün olmamışdır. Lakin bu xüsusatlar iddiaçının hakim kimi fəaliyyət göstərdiyi müvafiq dövrdə əmək haqqı, o cümlədən ixtisas dərəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Belə ki, iddiaçının həmin dövrdə vəzifə maaşını alması təkzib olunmaz halıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, ixtisas dərəcələri hakimlərə ömürlük verilmiş və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin üçüncü ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. Göründüyü kimi, həmin normalar baxımından ixtisas dərəcəli hakimlərə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının üç misli məbləğində əlavə haqqın verilməsi birbaşa qanundan irəli gəlir və həmin tənzimləmə imperativ xarakter daşıyır. Yəni hakimlərə həmin əlavə haqqın ödənilməsi qanunun mütləq tələbidir. Bu mənada ixtisas dərəcəli hakimə əlavə haqqın verilməsi ilə bağlı hakimlərin maddi təminatını həyata keçirən inzibati orqan hər hansı mülahizə haqqına malik deyil. Odur ki, həmin əlavə haqqın ödənilməməsi əslində qanunvericiliyin buna dair tələbinin pozulması anlamında qiymətləndirilməlidir. Digər tərəfdən, həmçinin qeyd olunmalıdır ki, ödəmə ilə bağlı məlumatın aşkar olunmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymətləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetiriılməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, toplamış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia təmin ediləklə, İddiaçı xx.xx.2007-ci il tarixdən təyin edilmiş əmək pensiyasının üçüncü ixtisas dərəcəsi ilə bağlı mimimum əmək haqqının üç misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanmalıdır (indeksasiya nəzərə alınmaqla). Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. İş materiallarında olan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024cü il tarixli məktubundan müəyyən olunur ki, iddiaçı hazırki tələblə cavabdeh orqana xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən təyin edilmiş əmək pensiyası Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələrinin hakimlərinə ixtisas dərəcələri verilməsi haqqında” xx.xx.1996-cı il tarixli, 80-İQR №-li qərarına əsasən ona üçüncü ixtisas dərəcəsi verilməsi ilə bağlı minimum əmək haqqının üç misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2021-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3547/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3547/2025
13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver