Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3549/2024 15.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, İddiaçının vergi mütəxəssisi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı QSC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3004 saylı qərarına əsasən İddiaçı QSC-də 2019-cu ilin sentyabr ayından 2022-ci ilin avqust ayınadək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarılmışdır.Səyyar vergi qərarı ilə İddiaçı QSC-də 2019-2022-ci illər üzrə 649067,09 manat mənfəət vergisi və 9697,91 manat əlavə dəyər vergisi olmaqla ümumilikdə 658.777,97 manat əlavə vergi məbləğləri hesablanmış və 393.09,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması aktında 2019-2021-ci illər üzrə təqdim edilmiş mənfəət bəyannamələrinin xərclər hissəsinin açıqlamasının və xərcləri təsdiq edən sənədlərin yoxlamaya təqdim olunmadığı qeyd olunmuş və mənfəət vergisi AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması hissəsində cəmiyyətin təqdim etdiyi bəyannamə göstəriciləri qeyd edildikdən dərhal sonra məlum olmayan səbəblərdən heç bir əsas göstərilmədən Vergi Məcəlləsinin 67.2-ci maddəsinin şərhi verilmişdir.Səyyar vergi yoxlaması aktında hansı gəlirlərin azaldılması və ya xərclərin artırılması barədə hyeç bir qeyd yoxdur. Çünki səyyar vergi yoxlaması zamanı belə hal müəyyən edilməmişdir. "xxxx" QSC tərəfindən 2019-2021-ci illər üzrə xərclərin açıqlanması, o cümlədən forma 2 sənədləri, müqavilələr və işlərin görülməsi ilə bağlı bağlanmış subpodrat müqavilələri yoxlamaya təqdim edilsə də, qeyd olunan sənədlər vergi orqanı tərəfindən xərcləri təsdiq edən sənədlər kimi qəbul edilməmişdir.Qəbul edilməməsinin səbəbi kimi görülmüş işlərə sərf olunmuş mal-material hesabatının təqdim edilmədiyi göstərilmişdir. Halbuki, qeyd olunan məsələ ilə bağlı da yoxlamaya izah verilmiş və bildirilmişdir ki, görülmüş işlərin bir qismi subpodrat müqavilələri əsasında digər şirkətlər tərəfindən görüldüyündən bununla bağlı edilmiş müvafiq ödənişlər və forma 2 sənədləri xərc kimi nəzərə alınmalıdır və bu hissədə mal-material hesabatının "xxxx" QSC-dən tələb edilməsi əsasızdır və İddiaçı QCS tərəfindən təqdim edilməsi mümkün deyildir. Çünki işlər həmin hissədə birbaşa “Avalon-12" QSC tərəfindən deyil subpodratçı şirkətlər tərəfindən görülmüşdür. Bununla bağlı mal-material hesabatı həmin subpodratçı şirkətlərdə yoxlama aparılan zaman onlardan tələb edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki,Vergi Məcəlləsinin müddəalarına əsasən vergi orqanının xx.xx.2022-ci il tarixli **********163004 nömrəli qərarına əsasən İddiaçı QSC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyiə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məsədilə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2023-cü il tarixli **********164300 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etdiyini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 iyul 2020-ci il tarixli **********653500 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə yoxlama materialları baxılmaq və müvafiq rəyin verilməsi üçün Vergi auditi baş idarəsinə göndərilmişdir. Vergi auditi baş idarəsi Hüquq baş idarəsi ilə birgə xx.xx.2023-cü il tarixli **********843000 nömrəli "xxxx" QSC-də aparılan səyyar vergi yoxlamasının nəticələri barədə tərtib edilmiş yoxlama materiallarına dair” rəy hazırlamış və həmin rəyə əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məslikyyətə cəlb edilməsi haqqında” **********174260 nömrəli qərar qəbul etmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin elektron poçtuna göndərilmişdir. Vergi ödəyicisi yoxlanılan dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və digər qurumların sifarişi ilə Azərbaycanın müxtəlif rayonlarında fərdi evlərin tikintisi və digər cari və əsaslı təmir işlərini həyata keçirmişdir. Vergi ödəyicisinin gəlirləri yoxlanılan dövr ərzində əsas etibarilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiən Fondunun və digər qurumların sifarişləri ilə həmin qurumlara işlərin götürülməsi və xidmətlərin formalaşmışdır. Vergi ödəyicisi tərəfindən 2019-2021-ci illər üzrə Mənfəət vergisi üzrə bəyannamələr 2019cu il üzrə gəlirləri 19952555,14 manat, xərcləri isə 18280344,4 manat, 2020-ci il üzrə gəlirləri 31710696,69 manat, xərcləri isə 27.383.666,17 manat 2021-ci il üzrə gəlirləri 3.833.144,55 manat, xərcləri isə 3 714 606,44 manat olmaqla təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən sənədlərin, xüsusən gəlirin əldə edilməsi ilə bağlı sənədlərin yoxlamaya tam təqdim etməməsi səbəbindən, həmçinin Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənlərşdirlməsi mümkün olmadığından vergi orqanının ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüquq vardır. Yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi məqsədilə müvafiq struktura müraciət olunmuş və cavab olaraq analoji fəaliyyətlə məşğul olan "xxxx" MMC və "xxxx" QSC-nin oxşar fəaliyyət növü ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin həmin müəssisələrin fəaliyyət göstərdiyi ərazinin, təqdim etdiyi və əldə etdiyi mal, iş və xidmətlərin dəyərinin, işçi sayının və digər itisadi göstəricilərinin eyni olmadığı üçün qeyd edilən analoji müəssisələrin vegi orqanında olan məlumatlarından istifadə edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinin ödəməli olduğu veginin məbləğini Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməməsi səbəbindən hesablamaq mümkün olmamışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və y xərclərini müəyyən etmək mümkün olduqda mənfəət vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi ödəyicisi yoxlamaya gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədləri tam təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya Forma 2 sənədləri, müqavilələri, layihələr təqdim olunmuş, lakin gəlirlərin formalaşmasına səbəb olan və sifarişçilərə təqdim olunmuş bu sənədlər üzrə görülmüş işlərdə sərf olunmuş mal material hesabatı ( təqdim olunmuş hər bir Forma 2 üzrə görülən işlərdə sərf olunmuş materialların miqdarı, məbləği) yoxlamaya təqdim olunmamışdır. İddia ərizəsində qeyd edilmişdir ki, "xxxx" QSC tərəfindən 2019-2021-ci illər üzrə xərclərin açıqlanması, o cümlədən Forma 2 sənədləri, müqavilələr və işlərin görülməsi ilə bağlı bağlanmış subpodrat müqavilələri yoxlamaya əqdim edilsə də, qeyd olunan sənədlər vergi orqanı tərəfindən xərcləri təsdiq edən sənədlər kimi qəbul edilməmişdir. Qəbul edilməməsinin səbəbi kimi görülmüş işlərə sərf edilmiş mal-material hesabatın təqdim edilmədiyi göstərilməmişdir. İddia ərizəsinin bu dəllilərinə münasibətdə qeyd edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixində **********022400 nömrəli məktubla müraciət edərək yoxlanılan dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ölkənin müxtəlif rayonlarında müəssisə tərəfindən tikilən fərdi yaşayış evlərinin siyahısı (2019-cu il üzrə müəssisənin özü tərəfindən tikilmiş otaqlı 8 bal zəlzələyə davamlı 31 ədəd ev, 3 otaqlı 8 bal zəlzələyə davamlı 100 ədəd ev, 2 otaqlı 9 bal zəlzəlyə davamlı 9 ədəd ev, 3 otaqlı 9 bal zəlzələyə davamlı 10 ədəd ev , 2020-ci il üzrə 2 otaqlı 8 bal zəlzələyə davamlı 73 ədəd ev, 3 otaqlı 8 bal zəlzələyə davamlı 136 ədəd ev, ümumilikdə 359 fərdi yaşayış evi və həmin fərdi evlər üzrə mal material sərfiyyatını vergi orqanına təqdim etmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanılmış müqavilələrdə fərdi yaşayış evlərinin tikintisi üzrə “Qiymət təklifi protokolu” yəni fərdi yaşayı evlərinin tikintisində istifadə ediləcək mal-materiallar barədə məlumatlar təqdim edilmişdir. İddiaçı tərəfindən yoxlanılan dövr ərzində təqdim olunan mal materialı sərfiyyatı cədvəli ilə xx.xx.2023-cü il tarixində təqdim olunmuş fərdi evlər üzrə mal materialı sərfiyyatı cədvəlində fərqli məlumatlar əks olunduğu aşkar edilmişdir. Bundan başqa qiymət təklifi protokolunda göstərilən bir sıra mal materialın miqdarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilən tikintisi tamamlanmamış evlər üzrə ümumi istifadə edilməli mal-materialların cəmi miqdarı ilə təqdim edilmiş silqi cədvəlləriu, alış məlumatları müqayisə edilmiş və fərqlər olduğu aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdim etdiyi məlumatların dolğun olmaması, həmçinin eyni növ görülən işlər üzrə fərqli məöumatların təqdim edilməsi vergi orqanı tərəfindən qeyd olunan səbəblərdən yoxlanılan dövr üzrə mənfəət vergisinin Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydaları”na əsasən hesablanması zəruri etmişdir. Verginin hesablanması qaydası: 2019cu il üzrə: ********.05/(100+20)x20=3325357,51 manat, (3325357,51 *20%=665071,5 manat). 2019-cu il üzrə mənfəət vergisinin 665071,5 manat olduğu aşkar olunmuş, Vergi ödəyicisinin 2019-cu il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 334444,15 manat olduğunu nəzərə aldıqda 2019-cu il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 330627,35 manat olduğu müəyyən edilmişdir. 2020-ci il üzrə: 31710696,69/(100+20)20=5285116,11 manat, (5285116,11*20%=1057023,22 manat). 2020-ci il üzrə mənfəət vergisinin 157023,22 manat olduğu aşkar olunmuş vergi ödəyicisinin 2020-ci il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vergisinin 865406,1 manat olduğunu nəzərə aldıqda 2020-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 191617,12 manat olduğu müəyyən edilmişdir. 2021-ci il üzrə: 3696592,02/(100+20)x20=616098,67 manat +136552,53( faiz gəliri)=752651,2*20%=150530,24 manat). (136552,53 manat məbləğində faiz gəlirləri üzrə xərc olmadığından şərti rentabellik norması tətbiq edilərkən faiz gəlirlərinə münasibətdə tətbiq edilməmiş, yəni faiz gəlirləri birbaşa mənfəət vergisinə cəlb edilmişdir və buna əsasən də xx.xx.2023-cü il tarixli aktdakı xərc məbləği ilə fərq yaranmışdır. Nəticədə 2021ci il üzrə mənfəəin 752621,2 manat, mənfəət vergisinin 141530,24 manat (faiz üzrə mənbədə tutulmuş 9000 manat verginin məbləği nəzərə alınmaqla 150530,24 manat-9000 manat) olduğu, 2021-ci il üzrə təqdim etdiyi müvafiq bəyannamə üzrə mənfəət vfakturalergisinin 14707,62 manat olduğunu nəzərə aldıqda 2021-ci il üzrə mənfəət vergisi üzrə kənarlaşmanın 126822,62 manat olması aşkar edilmişdir. Beləliklə səyyar vergi yoxlaması ilə vergi ödyicisinin 2019-cu, 2020-ci, 2021-ci il üçün təqdim etdiyi bəyannamələr üzrə mənfəət vergisinin 1214557,87 manat olduğunu nəzərə alınaraq Vergi Məcəlləsinin 103,104 və 83.9-cu maddələrinə əsasən mənfəət vergisi üzrə kənarlaşma 649067,09 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləğinin hesabtda göstərilməli olan məbləğinə nisbətən 649067,09 manat azaldılmasına görə 324533,55 manbat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisi üzrə vergi ödəyicisinin satış dövriyyəsi əsas etibarilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və digər qurumların sifarişləri ilə həmin qurumlara işlərin görülməsi və xidmətlərin göstərilməsindən formalaşmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş Forma 2, qaimə fakturalar, həmçinin vergi ödəyicisinin satış dövriyyəsi üzrə vergi tutulan əməliyyatın vaxtının Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə uyğunluğu araşdırılmışdır. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 47342808,66 manat, ƏDV məbləği 8521705,56 manat,əvəzləşdirilən ƏDV 7044520,33 manat, idxal zamanı ödənilən 63646,03 manat əlavə dəyər vergisi də daxil olmaqla) nəticədə dövlət büdcəsinə hesablanmış ƏDV məbləği 1468185,23 manat olmuşdur. Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən tərtib olunmuş cədvəl məlumatlarına əsasən "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixli EBBP seriyalı 16107 nömrəli elektron qaimə-fakturaya əsasən 33714,40 manat dəyərində mallar təqdim edilmiş, xx.xx.2021-ci il tarixində həmin müəssisə tərəfindən İddiaçı SC-yə ******* manat məbləğində borc verildiyindən Vergi Məcəlləsinin 166.4.2-ci maddəsinə əsasən həmin faktur məbləği üzrə vergi tutulan əməliyyatın vaxtı 2021-ci il dekabr ayı müəyyən edilmiş və həmin məbləğ Vergi Məcəlləsinin 166-cı maddəsinin tələblərinə əsasən tərtib olunmuş cədvəl məlumatlarına əlavə edilmişdir. Aparılmış səyyar vergi yoxlmsı nəticəsində vergi ödəyicisinin ƏDV-siz dövriyyəsinin 473346685,31 manat, ƏDV məbləğinin 8522403,36 manat, əvəzləşdirilən ƏDV məbləğinin 7044520,2 manat (idxal zamanı ödənilən 63646,03 manat əlavə dəyər vergisi də daxil olmaqla), nəticədə dövlət büdcəsinə çatası ƏDV məbləğinin 1477883,14 manat olduğu müəyyən edildi. Nəticədə 9597,91 manat əlavə hesablama müəyyən edilmiş, vergi tutulan əməliyyatın vaxtının müəyyən edilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 68429,49 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əmlak vergisi üzrə vergi ödəyicisi yoxlama dövrü ərzində 2021-ci il üzrə 2855 manatlıq əsasə vəsait (elektronik avadanlıqları) almış, bunu 2021-ci il üzrə Mənfəət bəyannaməsində əks etdirmiş, lakinəmlak vergisi üzrə müvafiq vergi bəyannaməsini təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq, Vergi Məcəlləsinin 114.3.7-ci və 202.1.2-ci maddəsinə əsasən 12.97 manat əlavə hesablama aparılmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əmlak vergisinin hesabatda göstərilən məbləğinin hesabada göstərilməli oln məbləğinə nisbətən 12.97 manat azaldımasına görə 6.49 manat maliyyə sanksiysı tətbiq edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı qərarın qismən, mənfəət vergisinə münasibətdə ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məlum olduğu kimi gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycn Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli **********63004 nömrəli qərarına əsasən İddiaçı QSC üzrə Vergi Məcəlləsinin 38.2-ci mddəsinə əssən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2019-avqust 2022 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilməsi qərara alınmışdır. Yoxlamanın nəticələri üzrə cavabdeh tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosil sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməs”i haqqında 17 iyul 2023-cü il tarixli **********174260 nömrəli qərar qəbul edilmiş və həmin qərarla İddiaçı QSC-yə 2019- 2022-ci illər üzrə 649067,09 manat mənfəət vergisi, 136.858,96 manat əlavə dəyər vergisi və 12,97 manat əmlak vergisi olmaqla ümumilikdə 785.939,02 vergi məbləğləri hesablanmış və 393.009,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizaı Mərkəzinin 9/347 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən: (1,2,6 və 8-ci suallar üzrə) xx.xx.2023-cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə hesablanmış 649.067,09 manat mənfəət vergisi və ona hesablanmış maliyyə sanksiyasının düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş iş materiallarında olan mövcud sənədlərə (e-qaimə fakturalar, bank çıxarışları, əmək haqqı hesablanması cədvəlləri, müqavilələr, F-2-lər və s.) əsasən isə 2019-2021-ci illər ərzində müəssisənin göstəriciləri və dövlət büdcəsinə ödənilməli olan vergiləri aşağıdakı kimi müəyyən olunur: 2019-cu il üzrə. Ümumi xərc 18280344,40 manat; Vergiyə cəlb olunan mənfəət—1672220,74 manat; Mənfəət vergisi 334444,15 manat; Göründüyü kimi, müəssisə tərəfindən 2019-cu ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği 334444,15 manat müəyyən olunur. Qeyd edilir ki, vergi ödəyicisi tərəfindən də 2019-cu il üzrə dövlət büdcəsinə hesablanmış mənfəət vergisinin məbləği 334444,15 manat olmuşdur. 2020-ci il üzrə Ümumi gəlir 31710696,69 manat; Ümumi xərc 27383666,17 manat; Vergiyə cəlb olunan mənfəət—4327030,52 manat; Mənfəət vergisi 865406,10 manat; Göründüyü kimi, müəssisə tərəfindən 2020-ci ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği 865406,10 manat müəyyən olunur. Qeyd edilir ki, vergi ödəyicisi tərəfindən də 2020-ci il üzrə dövlət büdcəsinə hesablanmış mənfəət vergisinin məbləği 865406,10 manat olmuşdur. 2021-ci il üzrə üzrə Ümumi gəlir – 3833144,55 manat; Ümumi xərc – 3714606,44 manat Vergiyə cəlb olunan mənfəət – 118538,11 manat Mənfəət vergisi – 14707,62 (23707,62 (118538,11x20%) - 9000 (faiz üzrə mənbədə tutulan vergi)) manat Göründüyü kimi, müəssisə tərəfindən 2021-ci ildə aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin məbləği 14707,62 manat müəyyən olunur. Qeyd edilir ki, vergi ödəyicisi tərəfindən də 2021-ci il üzrə dövlət büdcəsinə hesablanmış mənfəət vergisinin məbləği 14707,62 manat olmuşdur. Eyni zamanda qeyd edilir ki, səyyar vergi yoxlaması zamanı AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarının tətbiqinin əsaslı olub-olmaması hazırkı rəyin tədqiqi hissəsində göstərilmişdir. (3-5 ci suallar üzrə) İş materiallarında İddiaçı QSC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin xərclər sətrinə dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (o cümlədən: ciddi hesabat sənədləri) öz əksini tapmışdır. (7-ci sual) İş materiallarında İddiaçı QSC tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinin xərclər sətrinə dair gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri (o cümlədən: ciddi hesabat sənədləri) öz əksini tapmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Hazırki iş materiallarında olan sənədlərin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, **********164300 saylı səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində 2019-2021-ci illər üzrə gəlirlərin formalaşmasına səbəb olan görülmüş işlərdə sərf olunmuş mal material hesabatı, 2019-2021-ci illər üzrə mənfəət bəyannamələrinin xərclər hissəsinin açıqlaması və digər zəruri sənədlər yoxlamaya təqdim edilməməsi səbəbindən müəssisənin 2019-2021-ci illər üzrə mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən büdcəyə çatası mənfəət vergisinin hesablandığı göstərilmişdir. Yəni, vergi orqanı iddiaçının gəlirlərini müəyyən edərkən, Nazirlər Kabinetinin 55 saylı Qərarına istinad etməklə şərti rentabellik əsasında hesablama aparmışdır. Bununla bağlı bildirilir ki, tikinti işlərində mal-materialların sərf edilməsinə dair material hesabatlarının yoxlamaya təqdim edilməməsi gəlirin əldə olunmasi ilə bağlı xərclərinin uçotunun aparılmamasına və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı, xx.xx.2003-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisinin hesablanmasına əsas deyildir. Belə ki, müəssisə tərəfindən alınmış mal-materialları təsdiq edən sənədlər mövcud olduğu halda, lakin alınmış və ya xərc kimi silinmiş mal materialların faktiki hansı hissəsinin görülən işlərin həcminə uyğun olmasınının, istifadə olunan mal-materialların hansı həcimdə olmasınının və normalara uyğun silinməsinin müəyyən edilməsi üçün müvafiq mütəxəssislər tərəfindən nəzarət ölçüsünün nəticələrinə görə müəyyən edilməli idi. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktında yoxlama zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilikiyə təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 23 və 45-ci maddələrinə tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli ********** əsasında mütəxəssis dəvət edildiyi göstərilmişdir. Lakin yoxlama aktından göründüyü kimi, mütəxəssis kimi "xxxx" MMC-nin nümayəndəsi X3 dəvət olunmuş və mütəxəssis qarşısında vergi ödəyicisi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə həyata keçirilən təmir tikinti işlərinin tərkibində mal-material sərfiyyatnın (xüsusən, Armatur, Taxta, Sement, Borular, Profillər, Mişar daşı, Aqlay) həcmini və əmək haqqı xərclərini müəyyən edilməsi sualı qoyulmuş, vergi ödəyicisi tərəfindən mütəxəssisə təqdim olunmuş sənədlərin dolğun olmaması səbəbindən isə görülən işlərdə tikinti quraşdırma işlərinin həcminin tərkibində mal- material sərfiyyatının həcminin və əmək haqqı xərclərinin müəyyən edilməsinin mütəxəssis tərəfindən mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, müəssisə tərəfindən alınmış mal-materialları təsdiq edən sənədlər mövcud olduğu halda, lakin alınmış və ya xərc kimi silinmiş mal materialların faktiki hansı hissəsinin görülən işlərin həcminə uyğun olmasınının, istifadə olunan mal-materialların hansı həcimdə olmasınının və s. müəyyən edilməsi üçün mütəxəssis tərəfindən nəzarət ölçüsü keçirilməmişdir. Hal bu ki, alınmış mal-materialları təsdiq edən sənədlər mövcud olduğu halda mütəxəssis tərəfindən nəzarət ölçüsü keçirilməklə sərf edilmiş mal-materialın həcmi müəyyən edilə bilərdi. Bundan başqa qeyd edilir ki, yuxarıda da göstərildiyi kimi, xx.xx.2023-cü il tarixli, **********164300 saylı səyyar vergi yoxlaması aktının mənfəət vergisi hissəsində 2019-2021-ci illər üzrə gəlirlərin formalaşmasına səbəb olan görülmüş işlərdə sərf olunmuş mal material hesabatı ilə yanaşı digər zəruri sənədlərin yoxlamaya təqdim edilməməsi göstərilsədə həmin sənədlərin konkret nədən ibarət olması göstərilmişdir Eyni zamanda qeyd edilir ki, vergi orqanının etirazında və xx.xx.2023-cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarında iddiaçının xx.xx.2023-cü il tarixində **********022400 nömrəli məktubla müraciət edərək yoxlanılan dövr ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ölkənin müxtəlif rayonlarında müəssisə tərəfindən tikilən fərdi yaşayış evlərinin siyahısı (2019-ci il üzrə müəsisənin özü tərəfindən tikilmiş 2 otaqlı 8 bal zəlzələyə davamlı 31 ədəd ev, 3 otaqlı 8 bal zəlzələyə davamlı 100 ədəd ev, 2 otaqlı 9 bal zəlzələyə davamlı 9 ədəd ev, 3 otaqlı 9 bal zəlzələyə davamlı 10 ədəd ev, 2020-ci il üzrə 2 otaqlı 8 bal zəlzələyə davamlı 73 ədəd ev, 3 otaqlı 8 bal zəlzələyə davamlı 136 ədəd ev, ümumilikdə 359 fərdi yaşayış evi) və həmin fərdi evlər üzrə mal material sərfiyyatını vergi orqanına təqdim etməsi və vergi ödəyicisi tərəfindən yoxlamaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanılmış müqavilələrdə fərdi yaşayış evlərinin tikintisi üzrə “Qiymət təklifi protokolu” yəni fərdi yaşayış evlərinin tikintisində istifadə ediləcək mal-materiallar barədə məlumatların təqdim edilməsi göstərilmişdir. Lakin həmin etiraz və qərarda iddiaçı tərəfindən yoxlanılan dövr ərzində təqdim olunan mal materialı sərfiyyatı cədvəlində fərqli məlumatların əks olunduğu və bundan başqa qiymət təklifi protokolunda göstərilən bir sıra mal materialın miqdarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilən tikintisi tamamlanmış evlər üzrə ümumi istifadə edilməli mal- materilların cəmi miqdarı ilə təqdim edilmiş silgi cədvəlləri, alış məlumatları müqayisə edilmiş və fərqlər olduğunun aşkar edildiyi göstərilmişdir. Həmin etiraz və qərarda qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdim etdiyi məlumatların dolğun olmaması, həmçinin eyni növ görülən işlər üzrə fərqli məlumatların təqdim edilməsi vergi orqanı tərəfindən yuxanda qeyd olunan səbəblərdən yoxlanılan dövr üzrə mənfəət vergisinin Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 55 nömrəli qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalan"na əsasən hesablanmasını zəruri etdiyi göstərilmişdir. Lakin iş materiallarında olan sənədlərdə göstərilən hallar öz əksini tapmamışdır. Məhkəmə xüsusilə onu da vurğulamağı zəruri hesab edir ki, Vergi Məcəlləsinin 83.9cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə rəhbər edərək hesab edir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı – 2019-2021-ci illər üzrə hesablanmış 649.067,09 mənfəət vergisi hissəsində əsassızdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1971/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları tükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Həmçinin Vergi Məcəlləsinin 3.8-ci və 36.2-ci maddələrinin tələblərinə cavabdeh tərəfindən əməl olunmamışdır.” Analoji mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-155/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında nümayiş olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, “Cavabdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz.” Eyni mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1969/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuşdur. Göründüyü kimi kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə formalaşmış mövqeyi odur ki, vergi orqanı xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəəti o halda müəyyən edə bilər ki, əgər onun tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözlənilməklə bütün əsaslar üzrə qiymətləndirmə aparılsın. Məhkəmə mənfəət vergisi üzrə hesablanmış əlavə vergiyə münasibətdə tətbiq olunmuş maliyyə sanksiyası ilə bağlı bildirir ki, qərar həmin hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Hazırki işin faktiki hallarından da göründüyü kimi mübahisələndirilən qərarın 324.533,55 manat maliyyə sanksiyası iddiaçının 2019-2021-ci illər üzrə müəyyən edilmiş 649.067,09 manata münasibətdə tətbiq edildiyindən və həmin məbləğin əsassız olduğu müəyyən edildiyindən, 324.533,55 manat maliyyə sanksiyasının tətbiqindən də söhbət gedə bilməz. Odur ki, qərar 324.533,55 manat maliyyə sanksiyası hissəsində də ləğv edilməlidir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən – 2019-2021-ci illər üzrə hesablanmış 649.067,09 mənfəət vergisi və həmin məbləğə hesablanmış maliyyə sanksiyası (324.533,55 manat) hissəsində ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli **********174260 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qismən – 2019-2021-ci illər üzrə hesablanmış 649.067,09 mənfəət vergisi və həmin məbləğə hesablanmış maliyyə sanksiyası (324.533,55 manat) hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-3549/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3549/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver