Məhkəmə qərarları › İş №2-1(112)-355/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-355/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-355/2021 23.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı onun 1973-1980, 1983-1999-cu illərdə Sabirabad rayonu G.Xəlilov adına kolxozda, 25.05.2016-cı il tarixdən hal-hazıradək isə "xxxx" MMC-nin Sabirabad pambıq istehsalı və tədarükü məntəqəsində kənd təsərrüfatı məhsullarının, o cümlədən pambığın birbaşa becərilməsində və yığımında iştirak etməklə, traktorist-maşinist vəzifəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan, o cümlədən pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan traktorçu-maşinistlər üçün güzəştli şərtlərlə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Sabirabad rayonu Xersonovka kəndində anadan olmuşdur. Hazırda Sabirabad rayonu Nəsimi kəndində qeydiyyatda olmaqla orada yaşayır. 1973-1980, 1983-1999-cu illərdə Sabirabad rayonu G.Xəlilov adına kolxozda, 25.05.2016-cı il tarixdən hal-hazıradək isə "xxxx" MMC-nin Sabirabad pambıq istehsalı və tədarükü məntəqəsində kənd təsərrüfatı məhsullarının, o cümlədən pamığın birbaşa becərilməsində və yığımında iştirak etməklə, traktorist-maşinist vəzifəsində işləyir. Həmçinin 1981- 1983-cü illərdə cəzaçəkmə müəssisəsində olduğu müddətdə də, müvafiq işlə təmin edilmiş və əmək haqqı almışdır. Bu səbəbdən ona, 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “z” bəndinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan, o cümlədən pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan traktorçu-maşinistlər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə rəsmi olaraq müraciət etmişdir. Cavabdeh ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə 18 sentyabr 2019-cu il tarixli, **********3 nömrəli cavabında bildirmişdir ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilmsəi üçün güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləməsinə dair arayış təqdim edə bilmədiyi üçün ona pensiya təyin edilməsindən imtina olunmuşdur. Bildirir ki, kolxozlar hazırda mövcud olmadığı üçün qeyd olunan arayışı əldə etmək mümkünsüzdür. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən, yəni 01.07.2013-cü il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “Z” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması və 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, İddiaçının əmək kitabçasından görünür ki, işlədiyi peşə olan “mexanizator” peşəsi yuxanda qeyd edilən qərarda mövcud deyildir. Belə olan halda, iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (z) bəndində tələb edilən güzəştli iş stajı olan 20 ili tamamlanmamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Göründüyü kimi, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarında ümumiyyətlə İddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısında mövcud deyildir. Azərbaycan Respublikası Ali məhkəməsinin X1 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər”. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər, (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Lakin, göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasım təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbləri barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq edilmiş АЗЕ seriyalı, ******* nömrəli iddiaçının adına açılmış kolxozçunun əmək kitabçasının surətindən görünür ki, İddiaçı Təvəkkül oğlu 01.02.1973cü il tarixdə Sabirabad rayon Jdanov adına kolxozda kolxoz idarə heyətinin qərarına əsasən 1-ci dərəcəli mexanizator işinə qəbul edilmişdir. 01.10.1999-cu il tarixdə Sabirabad rayon G.Xəlilov adına toxumçuluq kolxozunda Kolxoz islahatı keçirildiyi üçün işdən azad edilmişdir. 25.05.2016-cı il tarixdə "xxxx" MMC-nin Sabirabad pambıq istehsalı və tədarükü məntəqəsində traktorçu işinə qəbul edilmiş, 13.09.2017-ci il tarixdə "xxxx" MMC-nin Sabirabad pambıq qəbulu məntəqəsində traktorçu işindən nəqliyyat traktorçusu işinə keçirilmiş, 15.02.2018-ci il tarixdə "xxxx" MMC-nin Sabirabad pambıq qəbulu məntəqəsində traktorçu işinə keçirilmiş, 08.09.2018-ci il tarixdə "xxxx" MMC-nin Sabirabad pambıq qəbulu məntəqəsində traktorçu işindən nəqliyyat traktorçusu işinə keçirilmiş, 13.12.2018-ci il tarixxdə "xxxx" MMC-nin Sabirabad pambıq istehsalı və tədarükü məntəqəsindən nəqliyyat traktorçusu işindən azad edilmişdir. 13.12.2018-ci il tarixdən Sabirabad pambıq istehsalı və tədarükü məntəqəsinə traktorçu işin qəbul edilmiş və hal-hazırda işləyir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 fevral 2019-cu il tarixli, 56 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Təvəkkül oğlunun Sabirabad rayon Dövlət Arxivində mühafizə olunan G.Xəlilov kolxozunun müvafiq sənədlərinə əsasən həmin kolxozda işləməsi barədə aşağıdakı məlumatlar mövcuddur: kolxozda tələb olunan minimum əmək günü 240 gün müəyyən edilmişdir. İddiaçı 1974-cü ildə 177 adam günü, 1975-ci ildə 235 adam günü, 1976-cı ildə 242 adam günü, 1977-ci ildə 262 adam günü, 1978-ci ildə 205 adam günü, 1979-cu ildə 219 adam günü, 1980-ci ildə 209 adam günü, 1983-cü ildə 69 adam güün, 1984-cü ildə 333 adam günü, 1985-ci il tarixdə 343 adam günü, 1986cı ildə 282 adam günü, 1987-ci ildə 289 adam günü, 1988-ci ildə 277 adam günü, 1989-cu ildə 314 adam günü, 1990-cı ildə 256 adam günü, 1991-ci ildə 180 adam günü, 1992-ci il tarixdə 253 adam günü, 1993-cü il tarixdə 331 adam günü, 1994-cü il tarixdə 282 adam günü, 1995-ci il tarixdə 296 adam günü, 1996-cı il tarixdə 319 adam günü, 1997-ci il tarixdə 194 adam günü, 1998ci il tarixdə 136 adam günü, 1999-cu il tarixdə 139 adam günü yerinə yetirmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 18 sentyabr 2019-cu il tarixli, **********3 nömrəli məktubun surətindən görünür ki, onun güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İşdə olan məhkəmənin xidməti təşəbbüsünə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivinə ünvanladığı “Jdanov adına kolxoz ilə G.Xəlilov adına kolxozun eynilik təşkil edib-etməməsi barədə məlumatın, iddiaçıya məxsus arxiv sənədlərində onun vəzifəsinin dəqiq şəkildə necə qeyd olunması barədə məlumatın və həmin sənədlərin təsdiq olunmuş surətlərinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi barədə” sorğusuna Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfndən verilmiş 16 yanvar 2020-ci il tarixli, 9 nömrəli məktub və ona əlavə edilmiş İddiaçı Təvəkkül oğlunun 1974- 1999-cu illərdə işləməsi barədə Jdanov və G.Xəlilov adına kolxozların şəxsi hesab kitablarından çıxarışdan müəyyən olunur ki, Jdanov adına kolxoza G.Xəlilovun adının verilməsi barəd arxivdə hər-hansı bir rəsmi məlumat yoxdur. Lakin, sözügedən kolxozun sənədlərinin ardıcıllığına, vətəndaşlar təərfindən olunan müraciətlərə və əldə olunan şifahi məlumatlara əsasən Jdanov adına kolxoza 1990-cı ildən həmin kolxozun idarə heyətinin sədri vəzifəsində işləmiş, Sosialist Əməyi Qəhrəmanı Gülabba Xəlilovun adı verilmişdir. Bu barədə kolxoz idarə heyətinin qərarı olsa da, belə, mühafizəsi üçün Sabirabad rayon Dövlət Arxivinə verilməmişdir. 1990-cı ildə Jdanov kolxozu iki kolxoza bölünmüşdür: G.Xəlilov adına kolxoz və Babək adına kolxoz. Bundan əlavə iddiaçının adı 1974-1999-cu illərdə (1981, 1982-ci illər istisna olmaqla) Jdanov və G.Xəlilov adına kolxozların şəxsi hesab kitablarında traktor parkı işçilərinin arasında göstərilmişdir. Məhkəmə cavabdehin etirazında qeyd olunan dəlilləri, iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə bir qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “Z” bəndinə istinad etməklə, hazırki iddia tələbini irəli sürmüşdür. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinin “Z” bəndinə əsasən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar sənaye müəssisələrdinə: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalında çalışan traktorçu maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmış və beləliklə, sözügedən bənd üzrə kişilərin yaş həddi 57 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13 maddəsinin “Z” bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərt zəruridir: 1) iddiaçının 57 yaşının olması; 2) 25 il ümumi iş stajının olması; 3) 25 il ümumi iş stajının azı 20 ilini həmin işlərdə çalışması. Məhkəmə tərəfindən sözügedən şərtlər iddiaçıya münasibətdə araşdırılarkən müəyyən edildi ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən az ümumi iş stajı olmuşdur. Belə ki, ona məxsus əmək kitabçasına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışına əsasən müəyyən edilmişdir ki, kolxozda tələb olunan minimum əmək günü 240 gün olmuş, iddiaçı 1974-cü ildə 177 adam günü, 1975-ci ildə 235 adam günü, 1976-cı ildə 242 adam günü, 1977-ci ildə 262 adam günü, 1978-ci ildə 205 adam günü, 1979-cu ildə 219 adam günü, 1980-ci ildə 209 adam günü, 1983-cü ildə 69 adam güün, 1984-cü ildə 333 adam günü, 1985-ci il tarixdə 343 adam günü, 1986-cı ildə 282 adam günü, 1987-ci ildə 289 adam günü, 1988-ci ildə 277 adam günü, 1989-cu ildə 314 adam günü, 1990-cı ildə 256 adam günü, 1991-ci ildə 180 adam günü, 1992-ci il tarixdə 253 adam günü, 1993-cü il tarixdə 331 adam günü, 1994-cü il tarixdə 282 adam günü, 1995-ci il tarixdə 296 adam günü, 1996-cı il tarixdə 319 adam günü, 1997-ci il tarixdə 194 adam günü, 1998-ci il tarixdə 136 adam günü, 1999-cu il tarixdə 139 adam günü yerinə yetirmişdir. Məhkəmə, onun kolxozdakı iş stajını aşağıdakı qaydada nəzərə almışdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1974-1999-cu illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə X2 Filialı tərəfindən verilmiş arayışında göstərilən məlumatları nəzərə aldıqda müəyyən edilir ki, 1974-1999-cu illərdə Kolxozda illik adam günü norması kişilər üçün 240 adam günü olmuşdur. Buna qarşılıq iddiaçı 1976, 1977,1984,1985,1986,1987,1988,1989,1990, 1992,1993,1994,1995,1996-cı illərdə minimum əmək iştirakı normasını yerinə yetirmiş, digər illərdə isə minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin minimum əmək iştirakı normasından az işlədiyi illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajın yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işləmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş gününə bölünməsi yolu ilə aparıldıqda, iddiaçının 7,5 ilə yaxın əmək stajının olması müəyyən edilmişdir. Ümumilikdə hesablama apardıqda iddiaçının sözügedən Kolxozda ümumi əmək stajı 21.5 ilə yaxın olmuşdur. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixə 25 ildən az ümumi iş stajı olmuşdur. İddiaçı 1981-1982-ci illərdə cəzaçəkmə müəssisəsində olduğu müddətdə, müvafiq işlə təmin edilərək, əmək haqqı almasını bildirsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edə bilsə idi belə, yenə də, onun ümumi iş stajı 25 ildən az təşkil edəcəkdi. Qeyd edilənlərdən əlavə, iddiaçının əmək kitabçasında onun Kolxozda mexanizator işinə qəbul edilməsi, göstərilsə də, arxiv sənədlərində onun kolxozda konkret olaraq hansı peşədə (vəzifədə) işləməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, arxiv sənədlərində iddiaçının adı traktor parkında işləyən işçilərin siyahısında qeyd olunmuşdur. Onun vəzifəsi siyahıda konkret olaraq göstərilməmişdir. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “Z” bəndi təşkil etdiyi üçün iddiaçının güzəştli şərtlərlə pensiya hüququ “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “Z” bəndinin tələbləri baxımından yoxlanılarkən, iddiaçının həmin tələbləri ödəməsi işin halları ilə müəyyən olunmadığından, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar