Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3550/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X15, üçüncü şəxs X11 nümayəndəsi X12, üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X9, X16 və X22) “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyətinin 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən X7 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə iddiaçıya ayrılmış Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 6283 nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 №-li qərarına əsasən BŞİH X8 İdarəsi tərəfindən verilmiş 8 №-li orderlə Ləhiş bağlar sahəsində 0,12 hektar torpaq sahəsi olan 6283 №-li bağ iddiaçıya ayrılmışdır. Lakin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planının və ölçüsünün hazırlanıb ona verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə etdiyi müraciətə imtina cavabı verilmişdir. Müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” onunla əsaslandırılır ki, bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var, bağ sahəsi öz həqiqi yerindən 50 metr aralı məsafədə yerləşir. İddiaçı qanunla müəyyən edilmiş qaydada əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edən cavabdehin hərəkətlərini (daha doğrusu - hərəkətsizliyini) qanunsuz hesab edir. Bunların nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş və qanunla qorunan mülkiyyət hüququ (maddə 29) pozulur. Hesab edir ki, cavabdeh tərəfindən müvafiq mərzçəkmə işləri aparılmalı, torpaq sahəsinin planı və ölçüsü tərtib edilməli və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı idi. Yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş əsaslar mövcud olduqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina oluna bilərdi. Hazırkı iş üzrə belə əsaslar mövcud olmadığına görə qanuni sahibi olduğu bağ sahəsinə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edən cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Bundan əlavə, cavabdeh tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş” «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalan»nın tələblərinə (3 nömrəli əlavə) uyğun tərtib edilmədiyinə görə də əsassız hesab olunmalıdır.
3. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən bağ sahəsi öz həqiqi yerindən 50 m aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan, məlumata uyğunluğunun yoxlanılması ilə aparılır.”
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq var. Belə ki, göstərilən bağ sahəsi öz həqiqi yerindən 50 m aralı məsafədə yerləşir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır və bu barədə iddiaçıta cavab məktubu ünvanlanmışdır.
5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-533/2017 saylı xx.xx.2017-ci il tarixli məktubu əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidməti mütəxəssis rəyini məhkəməyə təqdim etmişir. Həmin rəydə qeyd olunur: Mütəxəssis rəyinin verilməsi üçün mübahisələndirilən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə yerində ölçüldü, ölçmə işlərinin nəticəsi kameral şəraitdə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“-nin arxiv və elektron bazasında ortofoto və xəritə materialları üzərində dəqiqləşdirildi. -“Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan əraziyə hər hansı bir mülkiyyətçiyə və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması, eləcə də texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat yoxdur, Dövlət mülkiyyəti torpağıdır. Bakı ətrafı bağların eləcə də Ləhiş bağlar massivinin ilkin arxiv sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsində saxlandığına görə bağ sahəsinin ilkin arxiv materialları barədə “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat yoxdur.
6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-533/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı ŞlH-in xx.xx.1997-ci il tarixli 1364 nömrəli qərarına əsasən Bakı ŞİH X4 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 8 nömrəli orderlə İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koodinatlarının müəyyən edilməsi; həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olub- olmamasının müəyyən edilməsi. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən mühəndis-texniki ekpertizası keçirilməsi barədə xx.xx.2017-ci il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş 22652 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan əraziyə hər hansı bir mülkiyyətçiyə və ya hüquqi şəxsə torpaq sahəsinin ayrılması, eləcə də texniki və ya hüquqi sənədin verilməsi barədə məlumat olmadığından, Bakı ətrafı bağların, eləcə də Ləhiş bağlar massivlərinin ilkin arxiv sənədləri Azərbaycan Respublikasının Əlmak Məsələləri Dövlət Komitəsi yanında Daşinmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bağ sahəsinin ilkin arxiv və torpaqayırma sənədləri barədə "xxxx" MMC-nin arxiv və elektron bazasında heç bir məlumat olmadğından, İddiaçı ayrılmış 6283 nömrəli bağ sahəsinin koordinatlarını və həmin bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluğun mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya Bakı ŞİH-in 10 dekabr 1997-ci il tarixli 1364 nömrəli sərəncamı əsasında verilmiş X7 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulmuşdur.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1914/2018 saylı iş üzrə 17 avqust 2018-ci il tarixli qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 48/2019 saylı iş üzrə 9 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfin kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin 17 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmənin 07 mart 2019-cu il tarixli icra məktubu əsasında məhkəmə qərarı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 6293 sayll bağ sahəsi ünvanına dair İddiaçı adına ********* qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır.
12. X2 Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı iş üzrə 6 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, onun işə üçüncü şəxs qismində cəlb olunması və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 ərizəsi təmin edilməmişdir.
14. X1 həmin qərardaddan apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3207/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-38/20218 saylı, 25 iyun 2023-cü il tarixli qərardadı ləğv edilmiş, ərizə təmin edilərək X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İnzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X16 və X22 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
16. Üçüncü şəxs X9 xx.xx.2024-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək ləğv edilmiş qərarın icrasında dönüş edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X6 (vəfat etmiş həyat yoldaşı X13) adına olmuş reyestr qeydlərinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarının icrasına dönüş edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi üzərində X6 (vəfat etmiş həyat yoldaşı X13) adına olmuş reyestr qeydlərinin bərpa edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3550/2024 saylı xx.xx.2023-cü il tarixli məktubu əsasında “X20 Ekspertiza Mərkəzi” MMC tərəfindən mütəxəssis rəyi məhkəməyə təqdim edilmişir. Həmin rəydə qeyd olunur: 6293 nömrəli bağ sahəsinin yeri naturada müəyyən edildi, həmin yer rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilib, bu ərazi iddia olunan torpaq sahəsindən 676 metr kənarda yerləşir. Həmin 6293 saylı bağ sahəsinin sxematik xəritədəki yeri ilə uyğunsuzluq mövcud deyil. 6293 nömrəli bağ sahəsinin koordinatları - əsl yeri (naturada) müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edildi. Bağların bölgü sxeminə və Əmlak Komitəsinin elektron kadastr məlumatlarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 311 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı əsasında X7 və İstismarı Birliyinin “bağın istifadəyə verilməsi haqqında” 34255 saylı xx.xx.2005-ci il tarixli müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsinin koordinatları - əsl yeri (naturada) müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edildi. İddia edilən bağ sahəsinin (torpaq sahəsinin) koordinatlarının - əsl yeri (naturada) müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edildi. Bağların bölgü sxeminə və Əmlak Komitəsinin elektron kadastr məlumatlarına əsasən iddia edilən bağ sahəsinin (torpaq sahəsinin) sağ tərəfində 6246 saylı bağ, sol tərəfində 6244 saylı bağ və arxa tərəfində 6280 nömrəli bağ sahələri yerləşir. Bağların bölgü sxeminə və Əmlak Komitəsinin elektron kadastr məlumatlarına əsasən Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi - iddia edilən bağ sahəsi (torpaq sahəsi) ilə üst-üstə düşür. Bağların bölgü sxeminə və Əmlak Komitəsinin elektron kadastr məlumatlarına əsasən Bakı şəhri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6283 nömrəli bağ sahəsi - iddia edilən bağ sahəsi (torpaq sahəsi) ilə üst-üstə düşmür, 50 metr kənarda yerləşir.
19. X10 və İstismarı Birliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli 1364 nömrəli sərəncamına əsasında verilmiş 8 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivində yerləşən 6283 saylı bağ sahəsi İddiaçı ayrılmışdır.
20. AN-İ ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı X22 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.119 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə X3 mülkiyyətinə verir.
21. AR ƏMDK DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, ünvan 4 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
22. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X22 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
25. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 nümayəndəsi X21 iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
26. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. II. İddianın növü və mümkünlüyü
27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
28. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
29. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
30. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
31. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
32. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
33. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
34. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
35. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
36. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
37. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
39. İşin hallarına əsasən məhkəmə qeyd edir ki, İddiaçı Yunis oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının X7 və İstismarı Birliyinin 8 nömrəli orderi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6283 nömrəli bağ sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunaraq iddiaçıya Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6293 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almış və qərar icra edilərək iddiaçıya müvafiq çıxarış verilmişdir. İş materiallarına əlavə olunmuş alqı-satqı müqaviləsindən və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 6293 nömrəli bağ sahəsi hazırda X11 xüsusi mülkiyyətindədir. Daha sonra X6 ərizəsi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-38/2018 saylı, 6 fevral 2018ci il tarixli qərarı ləğv edilmiş, X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilərək, iş üzrə icraat təzələnmişdir. Eyni zamanda iş üzrə icraata dönüş edilməsi məhkəmə tərəfindən qərara alınmışdır.
40. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən iddia olunan bağ sahəsi ilə üçüncü şəxs X6 mərhum əri X14 Bakı ŞİH-in 311 saylı 8 fevral 2005-ci il tarixli sərəncamı əsasında X7 və İstismarı Birliyinin “bağın istifadəyə verilməsi haqqında” 34255 saylı 9 fevral 2005-ci il tarixli müqaviləsi ilə ayrılmış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 hektardan ibarət 6245 nömrəli bağ sahəsi ilə faktiki olaraq üst-üstə düşür.
41. Belə ki, məhkəmə araşdırılması zamanı əldə olunan sənədlərdən (mütəxəssis rəyi, sxematik xəritə, ortofoto görüntüsü) aşkar olunmuşdur ki, məhkəmə qərarı əsasında İddiaçı adına ilkin qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X15 adına, daha sonra isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 adına qeydiyyata alınmış 6293 nömrəli bağ sahəsinə dair xx.xx.2021-ci il tarixli **********26 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarış Bakı şəhəri, Ləhiş bağlar massivində yerləşən 0,12 ha sahəsi olan 6245 saylı bağın ərazisinə - üzərinə işləndiyindən bu bağlar üst-üstə düşür, yəni iddia olunan bağ sahəsi faktiki olaraq 6245 saylı bağ sahəsidir, iddiaçıya isə hüquqmüəyyənedici sənəd üzrə ayrılan bağ sahəsi həmin sənəddə 6283 saylı olaraq qeyd edilmişdir. Bağ torpaq sahələrinin sxeminə əsasən 6293 saylı bağ sahəsi 6245 saylı bağın ərazisindən 676 metr, 6283 saylı bağ sahəsi isə 6245 saylı bağın ərazisindən 50 metr kənarda yerləşir.
42. Göründüyü kimi cavabdehin imtinasınını əsası kimi göstərdiyi hal - bağ sahəsinin yerləşməsi ilə sxematik xəritə arasında uyğunsuzluq və həmin uyğunsuzluğun yuxarıda göstəriləndən ibarət olması iş materialları ilə sübut olunur.
43. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
44. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması hallarını müəyyən etməmişdir.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
46. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva