Məhkəmə qərarları › İş №2-1(112)-3551/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3551/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3551/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2in cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı X2 (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-27/1 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, onun 01 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Əfqanıstan İslam Respublikasının Qəzni əyalətinin, Çağori ulusvaliliyinin X4 Əhməd kəndində anadan olmuş, miİliyyətçə həzara, dini etiqadına görə isə müsəlmandır. Öz kəndində 1-ci sinifdə, Cagori ulusvaliliyi mərkəzində Əbdülqafur Soltani adına liseydə 6-12-ci siniflərdə təhsil almış, 2009-cu ildə məktəbi bitirərək Kabil şəhərinə getmiş, 2010-2014-ci illərdə Kabil universitetinin ədəbiyyat fakültəsində dəri dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış, 2018-2020-ci illərdə Kabildə Xatəmül-Nəbi özəl universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili almış, ixtisasca yazar və ədəbiyyatçıdır. Əmək fəaliyyətinə 2016-cı ildən Kənd Təsərrüfatı, Suvarma və Maldarlıq Nazirliyində 1 il gənc məsləhətçi kimi başlamış, 2018-ci ildən etibarən "Taliban" Əfqanistanda hakimiyyətə gələnə qədər məruzəçi məmur kimi işləmişdir. Rəsmi əmək fəaliyyətindən başqa ictimai fəaliyyət göstərmişdir. Həmçinin Əfqanistanda mədəni cəmiyyətin qurulması üçün fəaliyyət göstərən İbrar, Kabilin yaşıllaşdırılması məqsədi ilə fəaliyyət göstərən "Xanəyi səbz" adlı təşkilatlara üzv olmuş, bu təşkilatlar çərçivəsində iclaslar təşkil etmiş və iştirik etmişdir. İddiaçı Əfqanistan Kənd Təsərrüfatı, Suvarma və Maldarlıq Nazirliyinin orqanı olan "Dehqan" jurnalında əfqan qadınlarının uğur hekayələrini əks etdirən silsilə məqalələr nəşr etmişdir. Həmin məqalələrə görə taliblər onu təhdid etmişdir. Bu səbəbdən də, o, 18 mart 2022-ci il tarixdə İrana getmiş, İranda olarkən Azərbaycana gəlmək məqsədi ilə "Formula-1" yarışına bilet almışdır. 01 iyun 2022-ci il tarixində Azərbaycana gəlmişdir. İddiaçı subaydır, 2 qardaş və 7 bacısı var, 1 qardaş və 1 bacısı ölkədən xaricdə yaşayırlar. Digər ailə üzvləri Əfqanistanda yaşayırlar. 01 iyul 2022ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmiş, Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 55-2022 saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. İddiaçının 01 mart 2022-ci ildə Elyas Nouəndiş adlı jurnalist dostu onu taliblərin həbs edəcəyi barədə xəbərdar etmiş, bu məqsədlə əldə etdiyi bildirişin şəklini “whatsapp” mobil tətbiqi ilə ona göndərmiş, bundan sonra ölkəni tərk etməli olmuşdur. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmişdir. Belə ki, mühüm fakt iddiaçının şərti siyası əqidəsinə görə təqdib edilməsi riskidir. Cavabdeh təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış, şablon ifadələrdən istifadə etmişdir. Ərizəçiyə qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan anti-həzara silahlı birləşmələridir. İddiaçının təqib edilməsinin əsasını onun etnik və dini mənsubiyyəti təşkil edir. O, həzaradır və həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, imtina qərarında göstərilənləri müdafiə etdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası qaçqın statusunun verilməsi ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il) sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2022-ci il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - P04252343 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçı X2 xx.xx.1991-ci il tarixdə Əfqanıstan Respublikası, Qəzni vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. - 55-2022 nömrəli qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, iddiaçı 01 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti həzarə, dini etiqadı islam (şiə), ana dili fars olmuşdur. İddiaçı 6-cı sinfə qədər kənddə yerləşən mədrəsədə oxumuş, 6-12-ci sinifləri Cağorinin mərkəzində “Əbdülqafur Soltani” adına liseydə oxumuş, 1388-ci (2009) ildə 12ci sinfi bu liseydə bitirmişdir. 1389-cu (2010) ildə Kabil universitetinin ədəbiyyat fakultəsinə daxil olmuşdur. 1393-cü (2014) ildə dəri dili və ədəbiyyatı ixtisası ilə universiteti bitirmişdir. 1397-ci (2018) ildə Kabildə Xatəmül-nəbi özəl universitetində magistraturaya daxil olmuş, 1399-ci (2020) ildə beynəlxalq əlaqlər ixtisası üzrə magistraturanı bitirmişdir. Peşəsi yazar, ədəbiyyatçıdır. İlk dəfə 2016-cı ildə işləməyə başlamışdır. Kənd təsərrüfatı, suvarma və maldarlıq nazirliyində 1 il gənc məsləhətçi kimi işləmişdir. 2018-ci ildən etibarən taliban hakimiyyətə gələnə, hökumət süqut edənə qədər iddiaçı məmur kimi işləmişdir. İddiaçı Azərbaycan Respublikasına gəlməmişdən əvvəl işi azad mətbuatın yaradılması olan Əfqanıstan jurnalistlər ittifaqına üzv olmuş, bu təşkilat çərçivəsində heç bir xüsusi fəaliyyət göstərməmiş, yalnız üzv olmuş, həmçinin İnsan hüquqları mədəni cəmiyyətində planlaşdırma və təşkilatçılıq işi ilə məşğul olmuşdur (məsələn seminarlar olanda adamları dəvət etmiş). İddiaçı dövlət işində işləmiş, ictimai fəaliyyəti çərçivəsində insan hüquqları, gender bərabərliyi, qadın hüquqları, cinsi azlıqların hüquqları, şəxsi azadlıqlar uğrunda fəaliyyət göstərmiş, yazdıqları “Dehqan” jurnalında çap olunmuşdur. Əfqanıstanda dövlət süqut etdikdən və taliban hakimiyyətə gəldikdən sonra təhdid olunmuş, ona görə də ölkəsini tərk etməli olmuşdur. Taliblər iddiaçını təhdid etmiş, onun barəsində yazılı qərar vermişlər. Həmin qərar ona Elyas Nouəndiş adlı jurnalist tərəfindən verildikdən təxminən 10-12 gün sonra Əfqanıstanı tərk etmişdir. Həmin qərar ona verilənə qədər heç kim iddiaçını təhdid etməmiş, lakin jurnalist dostu qərarı iddiaçıya verdikdən sonra əvvəllər Əfqanıstan milli təhlükəsizlik təşkilatında işləmiş bir tanışı ona demişdir ki, taliblər kütləvi informasiya vasitələrində işləmiş, sosial şəbəkələrdə fəal olmuş şəxsləri araşdırırlar, hamısını tutuacaqlar.” Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-27/1 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qamçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndini rəhbər tutaraq Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “iddiaçı 1 mart 2022-ci ildə Elyas Nouəndiş adlı jurnalist adlı dostunun onu taliblərin həbs edəcəyi barədə xəbərdar etdiyini, bu məqsədlə əldə etdiyi bildirişin whats app mobil tətbiqi vasitəsilə ona göndərdiyini, bundan sonra ölkəni tərk etdiyini desə də, ərizə-anketin qeydiyyatı və müsahibə zamanı dedilərindən onun Talibanın hakimiyyətə gəlməsindən sonra 7 ay müddətində Əfqanıstanın Kabil şəhərində yaşadığı, bu müddət ərzində yaşadığı ünvanı dəyişmədiyi, ölkəni tərk etmək üçün xarici pasport aldığı, ölkə ərazisini qanuni yol ilə maneəsiz keçdiyi məlum olmuşdur. Təqdim etdiyi sənədlərə baxış zamanı iddiaçının təhdid olunduğunu iddia etdiyi tarixdən 2 ay əvvəl ölkəni tərk etmək üçün xarici pasport aldığı müəyyənləşmiş, bu səbəblə onun ciddi təhdid və təqib olunduğu üçün ölkəni tərk etməsi iddiası şübhə altına alınmış, bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Ərizəçi əvvəlcədən planlaşdırdığı kimi Formula- 1 yarışında iştirak etmək bəhanəsi ilə Azərbaycana viza almış, bu fürsətdən istifadə edərək ölkə əraazisinə daxil olmuş və qaçqın statusunun verilməsi ilə bağlı müraciət etmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır.” İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı verdiyi izahatında jurnalist kimi fəaliyyəti ilə bağlı həbs edilməsinə dair qərar qəbul olunduğunu bildirsə də, cavabdeh iddiaçının Taliban hakimiyyətə gəldikdən sonra 7 ay müddətində Əfqanıstanın Kabil şəhərində yaşadığını, bu müddət ərzində yaşadığı ünvanı dəyişmədiyini, ölkə ərazisini qanuni yol ilə maneəsiz keçdiyini, habelə iddiaçının təhdid olunduğunu iddia etdiyi tarixdən 2 ay əvvəl ölkəni tərk etmək üçün xarici pasport aldığı müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının ölkəni tərk etməsi aldığını iddia etdiyi təhdidlə əlaqədar olmamış, xarici pasport alması və ölkəni qanuni yolla tərk etməsi isə təqdim etdiyi həbs barədə qərarı şübhə altına almışdır. İddiaçı bir sıra təşkilata üzv olsa da, müsahibəsindən aydın olur ki, təşkilatlarda aktiv xüsusi fəaliyyət göstəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Məhkəmə həmçinin bu qənaətə gəlir ki, iddiaçının mənşə ölkəsində irqi və milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsinin mövcudluğu da iş üzrə müəyyən olunmuş hallarla təsdiq edilmir. İddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar