Məhkəmə qərarları › İş №2-1(112)-3551/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3551/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3551/2024 26.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydlərində müvafiq düzəlişlərin aparılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “doğum akt qeydlərində müvafiq düzəlişlərin aparılmasını öhdəlik kimi Xəzər rayon qeydiyyat şöbəsi üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə atasının və uşaqlarının doğumu və nikah haqqında akt qeydlərində düzəliş edilməsi ilə bağlı müraciət etsə də, sonuncu 25 iyun 2023-cü il tarixdə tələbi təmin edilməyərək ona imtinaya dair məktub vermiş və bildirmişdir ki, göstərilən aktlar arasında ziddiyyət olduğundan, məhkəməyə müraciət etməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə bu barədə müraciət etsə də, məhkəmə xx.xx.2023-cü il tarixdə 2(003)-3598/2023 saylı qərardad ilə ərizəsinin icraata qəbulundan imtina edərək baxılmasının yolverilməz olduğunu göstərmişdir. Belə ki, cavabdehə müraciət edərək doğum akt qeydində ata adına düzəliş olunaraq “Bala Əhməd” kimi, həmçinin atasının doğum və nikah akt qeydlərində adının “Bala Əhməd” yazılmasını, digər qeydlərin olduğu kimi saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qaydada düzəliş etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Atasının doğum haqqında akt qeydində adı “Balammət”, nikah akt qeydində “Balaxməd” və ölüm akt qeydində “Bala- Əhməd” yazılmışdır. Qeyd olunan aktlar arasında ziddiyyət olduğundan, müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyil. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim edilən sənədlərdə ziddiyyət olduğundan, xahişinin imkanı xaricindədir. Doğum və nikah haqqında akt qeydlərində düzəliş edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3598/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı doğum akt qeydində ata adına düzəliş olunaraq “Bala Əhməd” kimi, həmçinin atasının doğum və nikah akt qeydlərində adının “Bala Əhməd” yazılması, digər qeydlərin olduğu kimi saxlanılması barədə ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. A3 seriyalı 413195 saylı xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.1934-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. H3 seriyalı ******* saylı xx.xx.1969-cu il tarixli hərbi biletdən görünür ki, X2 xx.xx.1956-cı il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. İ-И seriyalı 062154 saylı xx.xx.1957-ci il tarixli evlənmək haqqında şəhadətnamədən görünür ki, X3 və X5 nikaha daxil olmuşlar. Evlənmə qeyd ediləndən sonra ər Əliyev, arvad isə Əliyeva familiyasını götürmüşdür. AZ-İ seriyalı 193552 saylı xx.xx.2006-cı il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək bildirilmişdir ki, iddia tələbi aydın deyil. İddia ərizəsinin tələb hissəsində mübahisələndirdiyini aktlar və həmin aktlarda hansı düzəlişlərin edilməsi qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 20 gün müddət müəyyən edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil. Məhkəmə təfərindən iddia ərizəsinin tələb hissəsində mübahisələndirdiyini aktlar və həmin aktlarda hansı düzəlişlərin edilməsi qeyd edilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 20 gün müddət müəyyən edilmiş, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir, məktub iddiaçıya xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Lakin qeyd edilən çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar