Məhkəmə qərarları › İş №2-1(112)-3552/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3552/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3552/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinə və Cavabdeh2 qarşı, qanuni təmsilçiliyin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinə və Cavabdeh2 qarşı, Cavabdeh2 "xxxx" kollektiv müəssisəsinin qanuni təmsilçisi olmasının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişdir ki, 1991-ci il tarixdə "xxxx" müəssisəsi özəlləşdirilərək "Bakı Sement Təmiri” kollektiv müəssisəsi yaradılmışdır. Müəssisənin yaradılmasında 130-dan çox əmlak sahibinə çatacaq əmək haqqı hesabına dövlətdən alınaraq kollektiv özəlləşdirmə aparılmışdır. 1991-ci il tarixdən 2017-ci il tarixədək müəssisənin direktoru X3 olmuşdur və o, 2017-ci il tarixdə vəfat etmişdir. Kollektiv müəssisəsinin direktorunun vəfatından bu günə kimi müəssisədə daxili komissiya yaradılmayıb, möhür, ştamp müəssisəyə aid olan rəsmi sənədlər, əmlakların faktiki qalığı təhvil-təslim aktı əsasında qanunauyun rəsmiləşdirilməyib, kollektivə heç bir məlumat verilməyib. Sonradan məlum oldu ki, "xxxx" kollektiv müəssisəsinin qanuni təmsilçisi Cavabdeh2 olmuşdur. "xxxx" kollektiv müəssisəsinin qanuni təmsilçisi Cavabdeh2 olmasından iddiaçıların xəbəri olmamış, həmin prosedura qanuna zidd olaraq həyata keçirilmişdir, heç bir iclas olmamışdır. Belə ki, müəssisənin direktorunun vəfatından 3-4 ay keçdikdən sonra ailəsi tərəfindən idarənin möhür və ştampı müəssisənin sabiq baş mühəndisi C.Abdullayevə veriblər, lakin o imtina edibdir. Bundan sonra hansı yollasa müəssisənin möhür və ştampım ələ keçirmiş Cavabdeh2 və Haxverdiyev Cəbrayıl qanunsuz əməllər etmişlər. Möhür və ştampın alınması uyğun rəsmiləşdirilməyib. Müəssisənin ümumi iclası çağırılmayıb direktor seçilməyib. Təhvil-təslim komissiya yaradılmayıb, möhür, ştamp müəssisəyə məxsus olan rəsmi sənədlər, əmlakların faktiki qaldığı akt əsasında qanunauyğun rəsmiləşdirilməyib. 2017-ci iliun avqust ayında möhür və ştampı ələ keçirdikdən sonra arxa tarixə Vergilər Nazirliyində 2015-ci il 15 aprel tarixində təmsilçi kimi qeydiyyata götürüb və bununla cinayətə sövq edilib istədikləri əmlak sahiblərini ümumi siyahıdan çıxardıb dəyişiklik ediblər. 450 min manat Sənaye Tikinti MMdən nağd pul alınıb xəzinəyə mədaxil olunmayıb. Tikilməkdə olan 5 mərtəbəli yaşayış binasından yük qaldırıcı kranı, avadanlıqları, nəqliyyat avtomaşınları, dəzgahları və s. kollektiv müəssisənin 2010-cu il 23 avqust tarixində ümumi iclasında 115 nömrəli protokoluna əsasən müəssisənin əmlakının qiymətləndirilməsi və satış yeddi nəfərdən ibarət komisiyanın rəyi ilə satıla bilər buna da əməl olunmayıb. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. 18 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün hesab olunmaqla, təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinin nümayəndəsi X4 məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçılar Cavabdeh2 "xxxx" kollektiv müəssisəsinin qanuni təmsilçisi olmasının ləğv edilməsini tələb edirlər. İddiaçıların tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinin **********867900 №li 04 fevral 2020-ci il tarixli məktubu ilə onlara bildirilmişdir ki, qurumun qeydiyyat qovluğuna əsasən müəssisənin Ümumi Yığıncağının 18.05.2017-ci il tarixli protokolu ilə Cavabdeh2 müəssisənin qanuni təmsilçilik funksiyasına malik idarə heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Belə ki, Müəssisənin Nizamnaməsinin 6-cı bəndinin 8-ci abzasına əsasən idarə heyətinin seçilməsi müəssisənin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Eyni zamanda ‘Hüquqi X1 və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun (Bundan sonra Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə du qeydə alınmış faktların hər bır sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Beləliklə, qanunvericiliyin və nizamnamənin tələblərindən göründüyü kimi, müəssisəyə qanuni təmsilçi (sədr) təyin edilməlidir və qanunvericiliklə Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hüquqi X1 və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. İşin araşdırılan hallarından da müəyyən olunur ki, müəssisənin ümumi yığıncağının 18.05.2017-ci il tarixli protokolu ilə Cavabdeh2 müəssisənin qanuni təmsilçilik funksiyasına malik idarə heyətinin sədri vəzifəsinə təyin olunmuş və işin hazırki mərhələsində Cavabdeh2 müəssisənin qanuni təmsilçilik funksiyasına malik idarə heyətinin sədri vəzifəsinə təyin olunması barədə müəssisənin ümumi yığıncağının 18.05.2017-ci il tarixli protokolu mübahisələndirilməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, təmsilçiliyin ləğv edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsinə və Cavabdeh2 qarşı, Cavabdeh2 "xxxx" kollektiv müəssisəsinin qanuni təmsilçisi olmasının ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar