Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3555/2023 16.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-26/1 nömrəli, 28 sentyabr 2022ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə onun 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-30/4 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 08 iyul 2022-ci il tarixli vəsatətini təmin edərək ona ailə üzvləri (xx.xx.1980-cı il təvəllüdlü arvadı Momena Ghaffari, xx.xx.2005-ci il təvəllüdlü qızı Yalda Fahimi, xx.xx.2009-cu il təvəllüdlü oğlu Sina Fahimi) ilə birlikdə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşı olan İddiaçı xx.xx.2022-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün DMX tərəfindən qeydiyyata alınmış, adına 60-2022 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü və ailə üzvləri ilə müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Bəlxab ulusvaliliyinin Sərepo vilayətinin Doşax kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, ailəsi irana köçdüyündən orta məktəbi İranın Məşhəd şəhərində müxtəlif məktəblərdə, 1-ci sinfi “şəhid Nəvayi” adına məktəb, 2-ci sinfi 22 bəhmən adlı məktəbdə, 3-5-ci sinifləri “14 məsum” adlı məktəbdə, 6- 7-ci sinifləri “şəhid Çeraqçi” adına məktəbdə, 8-ci sinfi “şəhid Məhəllatı” adına məktəbdə, 9-12-ci sinifləri "şəhid Torabi” adına məktəbdə oxuduğunu, 1995-2000-ci illərdə İranda yaşadığını, 2002-ci ildə Əfqanıstana qayıtdığını, 2012 ildə X1 texnikumuna daxil olduğunu, 2 il təhsil aldıqdan sonra diplom aldığını, 2017-2018-ci illərdə Məzari Şərifdə “Rəhnəvərd” universitetində riyaziyyat müəllimi ixtisasına yiyələndiyini bildirmişdir. Əmək fəaliyyəti haqqında məlumat verən İddiaçı orta məktəbi bitirdikdən sonra 1996-cı ildə Bəlxabda məktəbdə 6-8-ci siniflərdə riyaziyyat, ingilis dili, təbiət elmləri (fizika, kimya, biologiya) üzrə dərs dediyini, 1997-1998-ci illərdə Bamyanda “Vəhdət” partiyasının mədəni komissiyasında kompyuter operatoru kimi işlədiyini, 1998-2001-ci illərdə İranın Qum şəhərində "Mısaqe vəhdəti” jurnalında redaktor, kompyuter operatoru və tədqiqat heyətinin üzvü olduğunu, 2002-ci ildə "Misaqe vəhdət” jurnalının redaksiyası Kabilə köçdüyü üçün burada işini davam etdirdiyini, 2005-ci ildə tikintilərdə fəhlə kimi işlədiyini, 2006-cı ildə Bəlxabda yenidən müəllim işlədiyini, 2007-ci ildən Əfqanıstan İslam Respublikasında taliban hakimiyyətə gələnə qədər seçki komissiyasında informasiya texnologiyası mütəxəssisi kimi işlədiyini, bu dövrdə məhəlli xarakter daşıyan “Vilayət Sərepol” və “Pəyame şura” adlı jurnallarda çalışdığını qeyd etmişdir. Ailə vəziyyəti barədə məlumat verən iddiaçı evli olduğunu, 2002-ci ildə Ghaffari Momena adlı şəxslə ailə qurduğunu, bu evlilikdən Fahimi Yalda adlı qızının və Fahimi Sına adlı oğlunun olduğunu, özünün ailədə birinci övlad olduğunu, 4 qardaşı, 3 bacısının olduğunu, ailə üzvlərindən atasının vəfat etdiyini, Sidiqə adlı bacısından başqa anası və digər qardaş-bacılarının İranın Məşhəd şəhərində yaşadığını, Sidiqənin isə İsveçdə yaşadığını bildirmişdir. İddiaçı taliblərin onu təhdid etməsi ehtimalından şübhələndiyini, həzara və şiə olduğu üçün həyatı üçün təhlükə hiss edərək 2021-ci ilin dekabr ayında Əfqanıstanı tərk edib İrana getdiyini, İranda yaşamaq icazəsi verilmədiyindən xx.xx.2022-ci ıl tarixdə İranın Ərdəbil bölgəsinin Germi şəhəri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq qaçaqçı vasitəsilə arvadı və uşaqları ilə birlikdə qeyri-qanuni yolla ölkəyə daxıl olduğunu bildirmişdir. Ərizəanketinin qeydiyyatı və müsahibəsi zamanı onun verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. İddiaçının dediklərindən onun Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmadığı məlum olmuş, ölkəsini ümumi ictimai-siyasi vəziyyətə görə tərk etdiyini bildirmişdir. İddiaçı müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Şəxsin əsaslı təqib qorxusunun olmaması onun 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da onun əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçının arvadı Momena Ghaffarinin müsahibə zamanı verdiyi məlumatlardan da onun ərinin şəxsən heç vaxt təhdid edilmədiyi, “Taliban" hakimiyyəti qurulduqdan sonra işsiz qaldığı aydın olmuşdur. Həm iddiaçının, həm də arvadının dediklərindən məlum olmuşdur ki, onların qohumlarının əksəriyyəti İranda yaşadığından və İrana bağlılıq daha çox olduğu üçün ailənin əsas məqsədi əslində Azərbaycanda deyil, İranda yaşamaq olmuşdur. Onlar İranda BMT QAK-a qaçqın statusu almaq üçün müraciət etsələr də, müsbət cavab ala bilməmiş və Azərbaycana gəlməyi qərara almışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işı "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-cı maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il) sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2022-ci il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - P02176124 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Əfqanıstan Respublikası, Cövzcan vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. - P01803602 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının arvadı Momena Ghaffari xx.xx.1980-ci il tarixdə Əfqanıstan Respublikası, Sare-Paul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. - P01797960 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının oğlu Fahimi Sina xx.xx.2009-cu il tarixdə Əfqanıstan Respublikası, Sare-Paul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. - P01802892 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, iddiaçının qızı Fahimi Yalda xx.xx.2005-ci il tarixdə Əfqanıstan Respublikası, Sare-Paul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. -60-2022 nömrəli qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizə-anket) görünür ki, “iddiaçı 08 iyul 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Anket məlumatlarına əsasən iddiaçının milliyəti həzarə, dini etiqadı islam (şiə), ana dili fars (dəri) dili olmuşdur. İddiaçı 1361-ci (1982) ildə İranın Məşhəd şəhərində “Şəhid Nəvayi “ adına məktəbdə 1-ci sinfi, Məşhəd şəhərində “22 bəhmən” adlı məktəbdə 2-ci sinfi, “14 məsum” adlı məktəbdə 3-5-ci sinifləri, “Şəhid Çeraqçi” adına məktəbdə 6-7-ci sinifləri, “Şəhid Məhəllatı” adına məktəbdə 8-ci sinfi, "Şəhid Torabi” adına məktəbdə 9-12-ci sinifləri oxumuşdur. Təxminən 1391-ci (2012) ildə Sərepol pedoqoji texnikumuna (Darülmoəllemine Sərepol) daxil olmuş, 2 il orada təhsil almışdır. 2017-2018-ci illərdə Məzariş Şərifdə “Rəhnəvərd” universitetində riyaziyyat müəllimi ixtisasını bitirmişdir. Peşəsi informasiya texnologiyası üzrə mütəxəssisdir. 1375-cı (1996) ildə Bəlxabda məktəbdə 6-8-ci siniflərdə riyaziyyat, ingilis dili, təbiət elmləri (fizika, kimya, biologiya) üzrə dərs demiş, 1997-1998-ci illərdə Bamyanda “Vəhdət” partiyasının mədəni komissiyasında kompyuter operatoru kimi işləmiş, 1998-2001-ci illərdə İranın Qum şəhərində "Mısaqe vəhdəti” jurnalında redaktor, kompyuter operatoru və tədqiqat heyətinin üzvü olmuşdur. 2002-ci ildə "Misaqe vəhdət” jurnalının redaksiyası Kabilə köçdüyü üçün burada işini davam etdirmişdir. 2005-ci ilə qədər tikintilərdə fəhlə kimi, 2006-cı ildə Bəlxabda yenidən müəllim işləmişdir. 2007-ci ildən Əfqanıstan İslam Respublikasında taliban hakimiyyətə gələnə qədər seçki komissiyasında informasiya texnologiyası mütəxəssisi kimi, həmçinin məhəlli xarakter daşıyan “Vilayət Sərepol” və “Pəyame şura” adlı jurnallarda dizayner, korrektor işləmiş, məqalələr yazmışdır. Əfqanıstanı təhlükə hiss etdiyi üçün tərk etmişdir. İlk növbədə şiədir, taliban və İŞİD şiələri təqib edir. İkinci, şiələrin həzarə qrupundandır, yəni bir xalq kimi həzarələri taliban təhdid edir, həm də o, seçki komissiyasında işləyirdi, bu komisiya BMT-dən maliyələşirdi, talibanın fikrinə görə xaricdən maliyələşən hər kəs kafirdir. Onlar hələ dövlət var ikən təhdid altında olmuşdur. Seçki komissiyasının əməkdaşlarına daim xəbərdarlıq gəlirdi ki, bu yol ilə getmə, təhdid oluna bilərsən, yaxud adı siyahıda görünür. Onlar səyahət edəndə ya vertolyotla, ya da müşayət edən maşınlarla hərəkət edirdilər. İndi taliban Əfqanıstanda hakimiyyətdədir, onun adı siyahılardadır. Düzdür, taliblər ümumi amnistiya elan etdilər, lakin o gördü ki, bir gün bir tanşı aradan getdi, bir gün bir qonşusu öldü. İşlədiyi zaman seçki komissiyasının yaxınlığında partlayış olmuş, 3 nəfər ölmüşdür. O, çox çöldə işləməmiş, işi ofisdə olmuşdur, lakin əməkdaşlardan 3 nəfər ölmüşdür.” Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-30/4 saylı qərarından görünür ki, iddiaçının vəsatətinə baxılmış, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qamçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndini rəhbər tutaraq Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı ailə üzvləri ilə birlikdə (arvadı – xx.xx.1980-cı il təvəllüdlü Momena Ghaffari qızı xx.xx.2005-ci il təvəllüdlü Yalda Fahimi, oğlu - xx.xx.2009-cu il təvəllüdlü Sina Fahimi) qaçqın statusu verilməsindən imtina edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçının dediklərindən onun Əfqanıstanda heç vaxt heç kim tərəfindən təhdid və ya təqib olunmadığı məlum olmuş, ölkəsini ümumi ictimai-siyası vəziyyətə görə tərk etdiyini bildirmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Şəxsin əsaslı təqib qorxusunun olmaması onun 1951-ci il konvensiyasının 1-ci maddənin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır . Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1. Qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. - Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. - Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən: - Bənd 1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. - "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. - bənd 3. "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Vəsatətin baxılması haqqında qərarın qəbul edilməsi - şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti qanuni qalması üçün əsasdır. - 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. - Bənd 13. Şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərir. İşdən görünür ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinə yuxarıda qeyd olunan normaların tələblərinə uyğun baxaraq iddiaçının vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığını, siyasi fəaliyyətlə məşğul olmadığını və irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmadığını nəzərə alaraq bu müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsaslı olmuşdur. Belə ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağına dair iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının və arvadının dinlənilmə hüququ təmin olunaraq onlarla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olaraq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə keçirilmiş müsahibələrdən sonra cavabdeh tərəfindən aparılmış qiymətləndirmənin və müvafiq araşdırmaların nəticələrinə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı müsahibə zamanı verdiyi izahatında milliyyətcə həzara, dini etiqadına görə müsəlman olduğunu bildirmişdir. İddiaçı ölkəsini tərk etməsinin səbəbi təhlükə hiss etməsi olmuş, lakin bu təhlükə irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə olmamışdır. Belə ki, iddiaçı şəxsən təhdidə məruz qalmadığını, seçki komissiyasında işləyərkən təhlükə olduğunu, həmin hadislərin, 2014-cü ildə baş verdiyini, həmin vaxtdan sonra təhdidə məruz qalmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmuş hallarla təsdiq olunmur. Çünki işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış və heç bir sosial qrupa qoşulmamışdır. İddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər. Qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun real mövcud olubolmadığını müəyyən edərkən məhkəmə həm də iddiaçının özünün verdiyi məlumatlara əsaslanır. İddiaçı tərəfindən özünün fərdi təqib qurbanı olmaq təhlükəsi ilə bağlı ciddi və real əsasları özündə ehtiva edən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, irqi, milli və müəyyən sosial qrupa mənsubiyyətinə, dini etiqadına və ya siyasi əqidəsinə görə əsaslı təqib qorxusunun mövcudluğunu göstərən hər hansı ağlabatan, inandırıcı və mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, fərd olaraq məhz iddiaçıya yönəlik təqib ehtimalı və bunun üzərindən təqib riski real səbəblərdən və faktlardan qaynaqlanmalıdır. Bunun əksinə olaraq, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatçılıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2018/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı) . Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi imtina qərarı qanuni olmuşdur və ləğv edilməsi üçün əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3555/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3555/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver