Məhkəmə qərarları › İş №2-1(112)-3558/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3558/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3558/2024 07.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 770 kv.metrlik bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X5 valideynləri və bacı qardaşı ilə birlikdə Bakı şəhərində yerləşən mənzillə yanaşı yay aylarında 1953-cü ildən babasına məxsus olmuş Novxanı bağları adlandırılan ərazidəki bağ evində yaşamışlar. xx.xx.1993-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən, Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə onun atası X5 arasında həmin bağın 2500.0 kv. metr (25 sot) sahəsinin icarəsi haqqında 1664 nömrəli müqavilə bağlanmışdır. Bununla yanaşı 770 kv. metrlik (7.70 sot) bağ sahəsi də onun atası X2 istifadəsində qalmış və o, faktik mülkiyyətçi hüququ ilə həmin 770 kv. metrlik bağ sahəsinin yerləşdiyi torpağa sahiblik etmişdir. Atası X5 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Bundan sonra həm icarə müqaviləsi ilə ayrılmış 2500.0 kv.metrlik sahəyə, həm də 2500.0 kv.metrlik sahəyə bitişik faktiki istifadədə olmuş 770 kv.metrlik sahəyə sahibliyi o, davam etdirmişdir. O, və X2 qanun üzrə digər vərəsələri - anası X8 və qardaşı X6 2500.0 kv.metrlik bağ sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üçün müvafiq qaydada müraciət etmişlər. Nəticə etibarilə atası mərhum X2 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə tərtib olunmuş, Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsinə hüququ çatan vərəsələrin tam dairəsi müəyyən edilmişdir. X1 və X6 öz paylarını ona bağışlamış, bu xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış və Bakı şəhəri 19 saylı Notariat ofisində notarial qaydada təsdiq edilmiş “Miras payın bağışlanması” müqaviləsi ilə rəsmiləşdirilmişdir. Qeyd edilən sənədlərin əsasında o, müvafiq qaydada müraciət edərək, xx.xx.2021-ci il tarixdə **********29 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əldə etmişdir. Beləliklə, atası X3 13 sentyabr 1993-cü il tarixli, 1664 nömrəli icarə müqaviləsi əsasında verilmiş 2500.0 kv. metrlik bağ sahəsi onun xüsusi mülkiyyətinə keçmiş, 770 kv.metrlik sahəyə faktik mülkiyyət hüququ ilə sahiblik isə davam etdirilmişdir. 13 sentyabr 2023-cü il tarixdə 770 kv.metrlik bağ sahəsinə faktik mülkiyyət hüququ ilə fasiləsiz və etirazsız sahibliyin 30 ili tamam olduğundan o, ərizə ilə cavabdehə müraciət edərək, həmin bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınmasını xahiş etmişdir. Ərizə xx.xx.2023-cü il tarixdə cavabdehə çatmışdır. Ərizənin ünvana çatmasından təxminən 10 gün sonra Xidmətin əməkdaşı - mühəndis onunla əlaqə saxlamış, 770 kv.metrlik bağ sahəsinə baxış keçirərək ölçülər götürmüşdür. Lakin bundan sonra heç bir addım atılmamışdır. Nəticə etibarilə qeyd edilən bağ sahəsi üzərində mülkiyyətçi hüququnun qeydə alınması ilə bağlı cavabdeh tərəfindən hərəkətsizlik edilmişdir. Bu 30 il ərzində 770 kv.metrlik bağ sahəsi atasının, ölümündən sonra isə onun fasiləsiz və etirazsız sahibliyində olmuş, həmin ərazi daş hasarlarla əhatə olunduğundan qonşuluqda yerləşən digər bağ sahələri ilə heç bir bağlantısı olmamış, həmin ərazidə ağaclar əkilmiş, üzümlük salınmış və onlara davamlı qulluq edilmişdir. Bu illər ərzində heç bir fiziki və ya hüquqi şəxs, o cümlədən dövlət qurumu və ya bələdiyyə tərəfindən 770 kv.metrlik bağ sahəsinin atasının və sonradan onun sahibliyində olmasına etiraz etməmiş, onlara bununla bağlı heç bir yazılı və ya şifahi xəbərdarlıq edilməmiş, məhkəməyə müraciət olunmamış, həmin sahəyə başqa formada iddia irəli sürülməmişdir. Qeyd edilən 770 kv.metrlik bağ sahəsinin atası və o tərəfindən sahibliyinə həmin əraziyə bitişik olan 2500.0 kv.metrlik sahəyə sahibliyin edilməsi və həmin sahəyə xüsusi mülkiyyət hüququnu tanıyan reyestrdən çıxarışın olması da dəlalət edir. İddiaçı tərəfindən qeyd edilən bağ sahəsinin ailə üzvlərindən və ya başqa şəxslərdən adına rəsmiləşdirilməsini müəyyən etməkdən ötrü 1 saylı Bakı Ərazi İdarəsinə çoxsaylı sorğular göndərilmiş və həmin bağ sahəsinin başqa fiziki və ya hüquqi şəxsin adına dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat əldə edilməmişdir. Cavabdeh tərəfindən onun xx.xx.2023-cü il tarixli ərizəsinə mühəndis tərəfindən ölçü işlərinin aparılmasına baxmayaraq cavab məktubunun verilməməsi də, həmin bağ sahəsinin dövlət reyestrində başqa şəxsin adına qeydə alınmadığına dəlalət edir. Əks halda cavabdeh belə bir faktın olduğunu bildirərək bağ sahəsi üzərində iddiaçının mülkiyyətçi hüququnun tanınmasından imtina edərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə Sistemi” vasitəsilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, ərizədə qeyd olunan 770 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi ərizəçiyə məxsus digər sahələrlə ümumi hasar daxilindədir və ara sərhədləri şərtidir. Faktiki göstərilən torpaq sahəsinin giriş-çıxış yolu hasardaxili olan, digər sahələr üzərindəndir. Elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi 818 saylı bağ sahəsi və bölünənlərinin ərazisinə uyğun gəlir. İddiaçı cavabdeh Bakı Şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər, Novxanı qəsəbəsində bağın nömrəsi ilə bağlı səhvin - uyğunsuzluğun aradan qaldırılması və dövlət reyestrindən çıxarışın verilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Daha sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2278/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1558/2014 saylı, 10 dekabr 2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-352/15 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1558/2014 saylı 10 dekabr 2014-cü il tarixli qərardadından verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilməsi və kassasiya şikayəti iddiaçıya qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına göndərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında təqdim olunmuş yazılı münasibəti (etirazı) müdafiə edərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bağın icarəyə verilməsi haqqında 1664 nömrəli 13 sentyabr 1923-cü il tarixli müqavilədən görünür ki, qeyd olunan müqavilə X7 və İstismarı Birliyi ilə M.Ə.Cəfərov arasında Novxanı kəndi ərazisində yerləşən 0.25 ha torpaq sahəsinin sonuncunun icarəsinə verilməsinə dair bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsi xüsusi mülkiyyət hüquqi hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********29 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 225/816 saylı bağ sahəsi xüsusi mülkiyyət hüquqi hüquqları Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Restri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********90 nömrəli xx.xx.2020-ci il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, İddiaçı istifadəsində olan ümumi torpaq sahəsi 3770 kv. m təşkil edir. Ümumi əraziyə dair tərəflərindən sahəsi 500 kv. m və 2500 kv. m olmaqla 2 hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Qalan 770 kv.m torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Eyni zamanda bağların bölgüsünə dair sxematix xəritəyə əsasən ümumi istifadəsində olan sahə daxilində digər bağ sahəsi də yerləşdiyindən həmin bağ sahəsində dair hüquqmüəyyənedici sənədlər də təqdim edildikdən sonra müraxiətinə baxıla bilər. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********74 saylı xx.xx.2023-cü il tarixli iddiaçının müraciətinə cavab məktubundan görünür ki, ərizədə qeyd olunan 770 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına uyğun hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa, Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(112)-15782/2023 saylı məhkəmə mübahisəsi mövcuddur, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında'1 Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar.

İnzibati-Prosessual Məcəllə:

58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İş materiallarından görünür ki, bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə hüququn qeydiyyata alınması üçün əsas qismində çıxış etsə də, hazırkı iş üzrə istinad olunan icarə müqaviləsindən görünür ki, bu müravilə X7 və İstismarı Birliyi və Cəfərov M.Ə arasında Novxanı əsazisində yerləşən 0.25 ha torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəddir. Hazırda həmin 0.25 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Ona bitişik olan 770 kv.m torpaq sahəsinin isə heç bir hüquqmüəyyənedici sənədi yoxdur və məhkəməm araşdırması zamanı həmin torpaq sahəsində dair heç bir sənəd aşkar edilməmişdir. Göründüyü kimi, hazırki icarə müqaviləsi 0.25 ha-dan ibarət torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəd olsa belə, ona bitişik olan 770 kv.m torpaq sahəsi üçün hüquqmüəyyənedici sənəd deyildir. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair nə inzibati orqana, nə də məhkəməyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçının mübahisəli torpaq sahəsindən fasiləsiz qaydada 30 ildən artıq bir müddət ərzində istifadə etdiyi üçün mülkiyyət hüququnu əldə etməsi ilə bağlı dəlillərinə gəldikdə isə, məhkəmə iddiaçının həmin dəlilini aşağıda qeyd olunanlara əsasən əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, qüvvədə olan MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq bir daha qeyd edir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və qüvvədə olan MM-in təhlilindən görünür ki, həmin Məcəllənin 178.6, 335.2 və 567-ci maddələrinin müddəalarının hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar