Məhkəmə qərarları › İş №2-1(112)-3559/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3559/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3559/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan - İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər 1 №-li Tikinti İdarəsində fəhlə vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 03.07.1978-ci ildən 12.08.1980cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestində rəngsaz-ştukaturçu, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən «Koltikinti» Trestinin «Sənayetikinti-2» Xüsusiləşdirilmiş Təmir idarəsində ştukaturçu, 01.09.1981-ci ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində çevirici, isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü, 11.01.1990-cı ildən 01.02.1990-cı ilə qədər «Abşeron» sanatoriyasında dülgər, 01.02.1990-cı ildən 01.06.1991-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu (hazırki Xəzər rayonu) 25 №-li MKİS-də dülgər, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 №-li Siyahı üzrə 52 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan 01.01.2006-cı il tarixə qədər 20 il ümumi və 10 il zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 01.01.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi iş stajı, 12 il 1 ay 07 gün zərərli iş stajını tamamlamışdır. Nəhayət ona 52 yaşı tamam olan tarixdən, yəni 07.10.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 10.12.2019-cu il tarixli **********5 №-li imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İmtinanın səbəbi kimi, 01.01.2006-cı il tarixə qədər zərərli iş stajının 12 il 6 aydan az olması göstərilmişdir. O, uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən həmin rayonlarda işlədiyi hər 1 il 1 il 6 aya bərabər tutulmuşdur. O, 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a-13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil edir. Lakin, həmin dövrlər keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adıçəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Bundan əlavə, hazırki mübahisə predmetinə oxşar məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmişdir. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının 57 yaşı 02.10.2019-cu il tarixində, yəni 01.07.2019-cu il tarixindən sonra tamam olmuşdur. İddiaçı hətta özü də iddia ərizəsində güzəştli iş stajının 12 il 6 aya çatmadığını etiraf etmişdir. Yəni bu işin mübahisələndirilməyən halıdır. İş üzrə yeganə mübahisəli məqam iddiaçının Uzaq Şimaldakı əmək fəaliyyətinin hər ilinin 1 il 6 ay hesab olunmalı olub-olmaması ilə bağlıdır ki, iddiaçının bu mövqeyinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonu Çeşməli kəndində doğulmuşdur. - İddiaçı məxsus BB 231788 №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, iddiaçı 26.12.1975-ci ildən 03.05.1976-cı ilə qədər “Zelenstroy” 1 №-li Tikinti İdarəsi, Nərimanov rayonuna 1-ci dərəcəli bağ fəhləsi (bağban) vəzifəsində işləmiş, 11.05.1976-cı ildən 15.06.1978-ci ilə qədər Sovet Ordusunda xidmət etmiş, 03.07.1978-ci ildən 12.08.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestində 3-cü dərəcəli suvaqçı, 13.08.1980-cı ildən 08.12.1980-cı ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin Avtonəqliyyat kontorunda sürücü, 09.12.1980-cı ildən 03.07.1981-ci ilə qədər Murmansk vilayətinin Monçeqorsk şəhəri, «Kolstroy» Sənaye Tikinti Trestinin “Promstroy-2” TQİ-də 4-cü dərəcəli suvaqçı, 01.09.1981-ci ildən 07.10.1981-cu ilə qədər Mis əritmə sexi, Əritmə sexində 4-cü dərəcəli konvertorçu, 07.10.1981-cu ildən 01.05.1983-cü ilə qədər Mis əritmə sexi- qaynar sahədə 4-cü dərəcəli sobaçı bənna, 01.05.1983-cü ildən 01.06.1988-ci ilə qədər Mis əritmə sexi- 4-cü dərəcəli metaltökən fəhlə, 5-ci dərəcəli metaltökən fəhlə, 01.06.1988-ci ildən 17.11.1989-cu ilə qədər Mis əritmə sexinin 2 nömrəli əritmə bölməsinə 4-cü dərəcəli rəngli metaltökən fəhlə, 11.01.1990-01.02.1990-cı ildə “Abşeron” mədə-bağırsaq sanatoriyası dülgər vəzifəsində, 01.02.1990-01.06.1991-ci ilə qədər Əzizbəyov rayonu 25 saylı MİS dülgər vəzifəsində, 03.06.1991-ci ildən 20.12.2002-ci ilə qədər Bakı şəhəri Əzizbəyov rayonu Vergilər İdarəsində, 27.01.2003-cü ildən 01.06.2017-ci ilə qədər Bakı şəhər Vergilər Departamentinə müxtəlif vəzifələrdə işləmişdir. - İddiaçı ilə Rusiya SFSR-nin Murmansk vilayətinin Monçeqorsk şəhərində yerləşən V.İ.Lenin adına “Severonikel” Kombinatı arasında bağlanmış 27.10.1983-cü il tarixli və 27 oktyabr 1988-ci il tarixli əmək müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, əmək müqavilələrinin 5-ci paraqrafının “Q” bəndinə əsasən Uzaq Şimal rayonlarında işlədiyi hər 1 il iş stajı 1 il 6 aya bərabər tutulur, yaşa və əlilliyə görə pensiya təyinatı zamanı hüquqi əhəmiyyətə malikdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçının 14.11.2019cu il tarixli ərizəsinə cavab olaraq verdiyi 10.12.2019-cu il tarixli, **********5 №-li məktubdan görünür ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona pensiya təyin olunmasından imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. 01.01.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşa çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:

1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 29 il 6 ay 6 gün ümumi və təqvim ili olaraq 8 il 1 ay 10 gün güzəştli iş stajı mövcuddur. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçı uzun müddət SSRİ-nin Uzaq Şimal rayonlarında əmək fəaliyyəti ilə məşğul olmuşdur. Keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli, 148 №-li Qərarının 3-cü bəndinə əsasən Uzaq Şimal rayonlarında 01.03.1960-cı il tarixə kimi işləyənlərin hər 1 ili 2 ilə, 01.03.1960-cı il tarixdən sonra işləyənlərin hər 1 ili 1 il 6 aya bərabər tutulmaqla yaşa və əlilliyə görə pensiya təyinatı zamanı staj olaraq nəzərə alınmalıdır. İddiaçının 01.05.1983-cü ildən 17.11.1989-cu ilə qədər «Severonikel» kooperativinin Mis əritmə zavodunda əritmə şöbəsində isti sahədə kərpicçi, əritmə şöbəsində metal tökücü işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının «Metallurgiya istehsalatı (əlvan metallar)» adlanan Vİİ Bölməsinin 18.1-ci yarımbölməsinin 1072101a-12176 – metal tökücüləri və 1072101a-13790 – isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər peşələrinə uyğundur. Həmin dövrlər təqvim ili ilə 8 il 1 ay 10 gün təşkil etsə də keçmiş SSRİ Nazirlər Sovetinin 10.02.1960-cı il tarixli 148 №-li Qərarının 3-cü bəndinə əsasən 12 il 1 ay 7 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Saziş bağlanmış və həmin Saziş 03.04.2001-ci il tarixli Qanunla təsdiq olunmuşdur. Adıçəkilən Sazişdə qeyd olunmuşdur ki, Rusiya Federasiyasının ərazisində qüvvədə olan qanunvericiliyə görə vətəndaşların iş stajları həm güzəştli həm də xidmət illərinə görə pensiya növləri də daxil olmaqla hər iki ölkə ərazisində tanınır (Maddə 6.2). Göründüyü kimi iddiaçının Uzaq Şimal rayonlarında işlədiyi vəzifələrin özü zərərli peşələrə aid olmaqla yanaşı həmin dövrlər Rusiya Federasiyası qanunvericiliyinə əsasən 1 il üçün 1 il 6 ay olaraq götürülmüşdür. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının zərərli peşələrdə işlədiyi müəssisələr ölkə xaricində yerləşdiyindən həmin peşələrin güzəştli olmasına dair müvafiq arayışın əldə edilməsi şərtinin iddiaçıya münasibətdə tətbiq edilməsi ədalətsiz olardı. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 07.10.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar