Məhkəmə qərarları › İş №2-1(112)-3562/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3562/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3562/2021 31.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı, doğum haqqında akt qeydinin uşaq bəndində adın “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı, doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 94 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikasının Saraclı kəndində doğulub və 1982-ci il tarixdən sonra Azərbaycan Respublikasında yaşayıb və Azərbaycan Respublikasının vətəndaşıdır. Doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində onun adı Dəyanət gedir. Lakin o, xx xxxxxx 2019-cu il tarixdə soyadını Bayramovdan Osmanlıya dəyişmək istədikdə ona Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən Gürcüstan Respublikasına sorğu göndəriləcəyi və doğum haqqında akt qeydi gəldikdən sonra bu işə baxılacağı bildirilmişdir. xx xxxxxx 2019cu il tarixində Yasamal rayon Qeydiyyat şöbəsi ona imtina edərək bildirmişdir ki, Gürcüstan Respublikası Saraclı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 94 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Dağıstan” kimi yazılmasına baxmayaraq, Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş şəxsiyyəti təsdiq edən sənəddə isə adı “Dəyanət” olaraq qeyd edilmişdir. Bildirilmişdir ki, təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu və onun adının “Dağıstan”dan “Dəyanət”ə sənəd təqdim edə bilmədiyi üçün Gürcüstan Respublikası, Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adın “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi imkan xaricindədir. Yasamal rayon Qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hesab edir ki, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş qərar qeyri-qanuni sayılmaqla rədd edilməlidir. Ərizə təmin edilməklə, adının sənədlərdə olduğu kimi Dəyanət yazılması vəzifəsi vəzifə olaraq Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymələndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin xx/xx-1138/15 №li xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-cı il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu və onun adının “Dağıstan”dan "Dəyanət”ə dəyişdirilməsini təsdiq edən sənəd təqdim edə bilmədiyi üçün Gürcüstan Respublikası, Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adın “Dağıstan” dan “Dəyanət”ə düzəliş edilməsi imkanları xaricindədir. Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsinin “Vətəndaşlıq Vəziyyəti aktlarına” düzəliş edilməsindən imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ərizəçi qeydiyyat şöbəsinə müraciət edərək, soyadının “Bayramov”dan “Osmanlıya dəyişdirilməsini xahiş etmişdir. Vətəndaşın doğum haqqında akt qeydinin istənilməsi barədə Gürcüstan Respublikasının Bolnisi rayonuna sorğu göndərilmişdir. Sorğuya cavab olaraq doğum akt qeydi qeydiyyat şöbəsinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir kı, doğum akt qeydində vətəndaşın adı “Dəyanət” qeyd edilməsinə baxmayaraq, vətəndaşa məxsus bütün sənədlərdə “Dağıstan” yazılmışdır. Qeyd olunan qərarla ərizəçi İddiaçı Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965cı il tarixli, 94 saylı doğum akt qeydində adının “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi barədə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 266534 №li nikah haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitanında 2017-ci ilin may ayının 19-cu günündə 243 № ilə qeyd edilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı şəxsiyyət vəsiqəsində adı Dəyanət kimi qeyd olunduğu halda, onun doğum haqqında akt qeydində adı Dəyanət əvəzinə Dağıstan kimi qeyd olunmuş, qeyd olunan halla əlaqədar və İddiaçı adının “Dağıstan”dan “Dəyanət”ə dəyişdirilməsini təsdiq edən sənəd təqdim etmədiyi üçün, doğum haqqında akt qeydində uşaq bəndində adının “Dağıstan” dan “Dəyanət”ə düzəliş edilməsindən imtina olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazıda Azərbaycan Respublikasının vətəndaşıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçının (adı “Dağıstan” kimi qeyd olunmuşdur) doğum akt qeydi Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən xx.xx.1965-ci il tarixdə 94 sayla tərtib edilmişdir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin İ bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarını və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-cü il tarixli, 52 saylı Qərarı ilə təsdiq olunmuş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”da göstərilmişdir ki, X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir (İ. 1). X1 qeydindəki səhvlər düzəldikdə X1 qeydində dəyişikliklər edilir (İ.3). X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi əsas hesab edilir (İ.4). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, X1 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (X1 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı xx xxxx 1965-cı ildə Gürcüstan, Bolnisi rayonunda doğulması barədə Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib olunmuş X1 doğum haqqında xx.xx.1965-cı il tarixli 94 nömrəli akt qeydinə düzəliş olunaraq, uşağın adı bəndində uşağın adının “Dağıstan”-dan “Dəyanət”-ə düzəldilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxxx 1965-cı ildə Gürcüstan, Bolnisi rayonunda doğulması barədə Gürcüstan Respublikası Saraçlı X1 Qeydiyyatı şöbəsi tərəfindən tərtib olunmuş X1 doğum haqqında xx.xx.1965-cı il tarixli 94 nömrəli akt qeydinə düzəliş olunaraq, uşaq haqqında məlumat bəndində uşağın adının “Dağıstan”-dan “Dəyanət”-ə düzəldilməsi vəzifəsi Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar