Məhkəmə qərarları › İş №2-1(112)-3564/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3564/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3564/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarış və texniki pasportun verilməsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi barədənə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsi iddiaçılar İddiaçı, X16, X5 və cavabdeh X13 arasında dörd bərabər hissəyə bölüməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanılması, qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-605/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı ilə Əzizbəyov (Xəzər) rayon Məhkəməsinin 2-363/2007 saylı, xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edilmiş "Qətnamənin icrası Bakı şəhər X11 və İstismarı Birliyinə həvalə edilsin" cümləsinə "Qətnamənin icrası Mərdəkan bələdiyyəsinə həvalə edilsin" məzmununda izah verilməsi qərara alınmışdır. Mərdəkan bələdiyyəsi ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə torpaq sahəsinin icarəyə verilməsinə dair 07 saylı müqavilə bağlanılmışdır. Buna görə də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 017 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsi üzərində mülkiyyət hüquqlarım dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunanlara əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarışın və texniki pasportun verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətə cavab verməməklə müraciətin təminindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 9213 nömrəli müqavilə Bakı Şəhər Ərazi İdarəsinin arxivində mövcuddur. Arxiv qovluğunda aşkar olunan sənədlərə əsasən sözügedən bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olduğu barədə məlumat aşkar olunmuşdur. Belə ki, Əzizbəyov Rayon Məhkəməsinin 2- 363/2007 nömrəli xx.xx.2007-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin X13, İddiaçı, X16 və X2 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı- ayrılıqda bağ icarə müqaviləsi bağlanılması qət edilmişdir. Qətnamənin İcrası Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilmişdir. Daha sonra Əzizbəyov Rayon Məhkəməsinin 2-605/2007 nömrəli xx.xx.2007-ci il tarixli Qərardadına əsasən Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin İcrası Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilsin” cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin” məzmununda izah verilməsi qərara alınmışdır. Lakin Qərardadın icrası ilə bağlı məlumat arxiv qovluğunda aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarışın, torpaq sahəsinə plan və ölçünün verilməsinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: Bağın İcarəyə verilməsi haqqında 9213 saylı 12 iyun 1998-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər icra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1965-ci il tarixli sərəncamının 1 nömrəli protokolu əsasında X9 Mərdəkan qəsəbəsində 0,17 ha bağ sahəsi 21.0 kv. metr, 1 otaqdan ibarət bina ilə birlikdə icarəyə verilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli 2-363/2007 saylı qətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı, X20 və X1 Fikrət Kazım oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək. Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin cavabdeh X13 ilə onların arasında bölünərək, sərhədlərin müəyyən edilməsi ilə hər birinə düşən bağ sahəsinə ayrı-ayrılıqda icarə müqavilələri bağlanmasını xahiş etmişlər. Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli 2- 363/2007 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evinin cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsinin iddiaçılar İddiaçı, X16, X16, X2 və cavabdeh X17 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanması, qətnamənin icrasının Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə olunması qət edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-605/2007 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsinin iddiaçılar İddiaçı, X16, X2 və cavabdeh X13 arasında 4 bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanması Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi Əzizbəyov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv olunduğunu, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyini, lakin bağ sahələrinə dair icarə müqavilələrinin bağlanılmasının İdarənin səlahiyyətinə aid olmadığını göstərmiş və qətnamənin nəticə hissəsinə izah verilməsini xahiş etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-605/2007 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizəsi təmin edilərək, Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin icrası Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilsin” cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin” məzmununda izah verilməsi qərara alınmışdır. Bakı şəhəri Mərdəkan Bələdiyyəsi ilə X16 arasında bağlanmış 02 iyun 2009-cu il tarixli 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, heç bir tikinti aparılmamaq şərti ilə 425,0 kv. metr torpaq sahəsi 11 (on bir) ay müddətində X10 istifadəsinə verilmişdir. - Mərdəkan Bələdiyyəsinin sxemindən görünür ki, M 1:500, İddiaçı məxsus, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin sxemindən görünür ki, sahəsi=425 kv.m.-dir. X25 sədri tərəfindən təsdiq edilmiş, imzalanmış və bələdiyyənin möhürü ilə təsdiqlənmişdir. - Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********33 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0.17 hektar torpaq sahəsi olan 585 saylı bağ sahələrinin sənədlərindən görünür ki: -Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı xx.xx.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı X21 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)- 2438/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə, iddiaçı X21 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarının ləğv olunması; iş üzrə yeni qərar qəbul olunaraq, iddiaçı X12 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsi 0.0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X12 adına xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 243.6 kv.m sahəsi olan daşınmaz əmlak, 0.0425 ha torpaq sahəsi olan bağ evi xüsusi mülkiyyət hüququ ilə X18 adına xx.xx.2023cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8271/2021 nömrəli qərarı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin 0,17 ha torpaq sahəsinin % hissəsinə dair iddiaçı X3 mərhum əri X10 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. - -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı Şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin bir hissəsi 0.0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X10 adına xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********57 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 585 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktınından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0.0425 ha, faktiki 0.0425 ha-dır. Göstərilən ümumi ərazi 585 saylı bağın ərazisidir. Məhkəmə qətnaməsinə əsasən 4 hissəyə bölünüb. Həmin 4 hissə arasındakı sərhədlərin bir hissəsi misar daşından hasarla ayrılıb, digər hissəsi isə şərtidir. Tikili yoxdur. Məhkəmə qətnaməsinə əsasən icra olundu. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********04 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 585 saylı bağ sahəsi və ətrafında yerləşən qeydiyyatdan keçmiş bağ sahələrinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən bağ sahəsinin ətrafında 573, 584, 585, 586, 588 saylı bağ sahələri yerləşir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl xx.xx.2023-cü il tarixdə qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” 23 iyun 2011-ci il tarixli Qərardadında göstərilmişdir ki, “(...) Məhkəmə aktlarının məcburiliyi təsbit edilmiş MPM-in 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir (MPM-in 15.1-ci maddəsi). Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 9213 nömrəli müqaviləyə əsasən mübahisəli bağ torpaq sahəsi orada olan tikili ilə birlikdə sonuncunun icarəsinə verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin bağ sahəsinin bağın ilkin icarəçisinin vərəsələri, o cümlədən hazırki iş üzrə iddiaçı arasında dörd bərabər hissəyə bölünməsi və onların hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə (qətnaməyə izah verilməsi barədə qərardad nəzərə alınmaqla) icra olunmuş, qətnamə ilə adları çəkilən vərəsələr ilə, o cümlədən hazırkı iddiaçı ilə icarə müqaviləsi Bakı şəhəri Mərdəkan Bələdiyyəsi ilə bağlanmışdır. Qeyd edilməlidir həmin qətnamə və onun icra nəticələri əsasında çıxarılmış məhkəmə qərarına əsasən qeyd olunan 0.17 ha ölçüdə 585 nömrəli bağ sahəsində 0,0425 ha hissəsi xx.xx.2021-ci il tarixdə X12, 0.0425 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X10, 0.0425 ha hissəsi xx.xx.2023-cü il tarixdə X18 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Təqdim olunmuş ortofoto görüntü və müayinə aktından da görünür ki, naturada göstərilən torpaq sahəsi 585 saylı bağın ərazisi olmaqla, sahə yuxarıda adlarıçəkilən digər vərəsələrin arasında bölünmüş və qeydiyyata alınmış 585 saylı bağ sahəsindən qalan ¼ hissədir. Hazırkı halda iddia olunan bağ sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir. Beləliklə, iddiaçı iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnız belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmiş, cavabdeh tərəfindən hüququn qeydiyyatını istisna edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarışın və torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0.17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınmaqla dövlət reyesterindən çıxarışın və torpaq sahəsinə plan və ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar