Məhkəmə qərarları › İş №2-1(112)-3565/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3565/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3565/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1495/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı iş aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsində bildirilmişdir ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda iddiaçının 1988-ci il tarixindən 09 oktyabr 1991-ci il tarixədək Sırxavənd kənd özünümüdafiə dəsdəsinin tərkibində Erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi qeyd olunmuşdur. Sırxavənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında işdirakı sübut olmuşdur. Həmin ərizəyə əlavə edilmiş DİN - Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin arayışından görünür ki, onun heç bir məhkumluğu yoxdur. Nazirlər kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216-N-li qərarına əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), məs növbə çəkmə kitablarından (arxiv post kitabı misal gətirmək olar bunulada yerli icra hakimyyətində saxlanılan 1988-ci il fevraldan 09 oktyabr 1991-ci ilə kimi həmin kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq son zamanlar cavabdehin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də, əsassız olaraq imtina edilmişdir. Hazırkı ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, döyüş zonalarında kənd soveti sədrləri və kalxoz sovxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq, erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlüklərinin qorunması təşkil olunurdu. Ona görə də hesab edir ki, ona "müharibə vetiranı" adının və vəsiqəsinin verilməsi cavadehə həvalə olunmalıdır. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən digər sənədlər təqdim edilməlidir. Ağdam Rayon İcra Hakimiyyətinin arayışına əsasən, İddiaçı 1988-ci ildən 09 oktyabr 1991-ci il tarixədək Ağdam rayon Sırxavənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışın verilməsinə əsas kimi, “Qərvənd kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq ediməmişdir. Qəbul olunmuş normalara əsasən, sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasiya edilməsini mümkünsüz edir. Bu səbəbdən həmin siyahılar mötəbər hesab edilə bilməz və “sənəd” kimi hüquqi qüvvəsi yoxdur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə Ağdərə rayonunda anadan olmuş, Ağdərə rayonu, Sırxavənd kənd ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 46 nömrəli arayışdan görünür ki, iddiaçı, həqiqətən 1988-ci ildən xx.xx.1992-ci il tarixə kimi Ağdam rayonu Sırxavənd kənd özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas kimi Sırxavənd kənd soveti sədrinin 09 fevral 1988-ci ildə tərtib etdiyi Sırxavənd kənd özünümüdafiə dəstəsinin 01 №li əmr kitabı qeyd olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, Q/2048 saylı imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. İmtina məktubunda həmçinin toplanmış sənədlərdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq X1 Filialı xx.xx.2020-ci il tarixli 15 nömrəli məktubunda bildirmişdir ki, Ağdam ərazisində yaradılmış özünümüdafiə dəstələrinin fəaliyyətini əks etdirən sənədlər (post kitabları) 2019-cu il də Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən DA Ağdam filialına İcra Hakimiyyəti sənədlərinin tərkib hissəsi olaraq xx.xx.2019-cu il tarixli 15 N-li akt əsasında təvhil verilmişdir. Vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə DA Ağdam filialına ərizə ilə müraciət edərək Sırxavənd kənd özünümüdafiə batalyonunda xidmət etməsi barədə arxiv arayışının verilməsini xahiş etmişdir. Vətəndaşın ərizəsi əsasında DA Ağdam filialı tərəfindən ona həmin filialda mühafizə edilən 30 nömrəli fondun sənədləri əsasında xx.xx.2019-cu il tarixli 171 nömrəli arxiv arayışı verimişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, həmçinin X1 Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq Sırxavənd kənd özünümüdafiə batalyonunun postlara bölüşdürülməsi kitabının müvafiq səhifəsinin çıxarışı təqdim edilmişdir. Həmin səhifədə 175-ci sırada İddiaçı adı qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Sırxavənd kənd özünümüdafiə batalyonunun postlara bölüşdürülməsi kitabının hər hansı rekvizit məlumatları və kim tərəfindən tərtib edilməsi barədə məlumat yoxdur, həmçinin həmin kitab müvafiq vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq ediməmişdir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar (…). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Bu müddəalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. İş materiallarından görünür ki, iddiaçı iddia tələbini Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş müvafiq arayışı ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən arxiv arayışının verilməsinə əsas olan sənədlər məhkəmə araşdırması zamanı aidiyyəti orqanlardan tələb edilmiş və həmin arayışın verilməsinə əsas olan “Sırxavənd kənd özünümüdafiə batalyonunun postlara bölüşdürülməsi kitabının” adı altında hər hansı rekvizit məlumatları olmayan, kim tərəfindən tərtib edilməsi bəlli olmayan, müvafiq vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edimədiyindən, qeyd edilən siyahının mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətindədir. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçının bilavasitə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə öz təsdiqini tapmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçıya Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar