Məhkəmə qərarları › İş №2-1(112)-3565/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3565/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3565/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı siyahıya daxil edilmə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X13 19.06.1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, daha dəqiq Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Buna sübut kimi bir neçə sənədləri öz iddia ərizəsinə əlavə edir. 12.08.1992-ci il tarixli, İV-ИCT 322568 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd olunduğu kimi yoldaşı X13 “Kəllə boşluğunu dəlib keçən güllə yarası" səbəbindən həlak olub və məlum məsələdir ki, həyat yoldaşı həmin güllə yarasını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə almışdır. Həmin ölüm haqqında şəhadətnamənin surətini sübut qismində ərizəsinə əlavə edir. Həmçinin qeyd etmək istəyir ki, Sədərək Rayon Xalq Məhkəməsinin 18.08.1994-cü il tarixli, 2-16- 1994 nömrəli qətnaməsinə əsasən X3 şəhid hesab edilməsi faktı müəyyən olunmuşdur. Həmin qətnamənin surətini sübut olaraq iddia ərizəsinə əlavə edir. Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən təqdim olunan 05.10.2004-cü il tarixli, vəsiqə 001182 nömrəli sənədə əsasən İddiaçı qeyd olunan vəsiqəni təqdim etdiyi təqdirdə Azerbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Bu sənəd müddətsiz olaraq etibarlıdır. Həmin 05.10.2004-cü il tarixli, 001182 nömrəli vəsiqənin surətini sübut olaraq ərizəsinə əlavə edir. X3 Sədərək uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə fəxri ada layiq görülməsi barədə döyüşdüyünü batalyonun komandiri tərəfindən X13 barəsində təltif listi təsdiq olunmuşdur. Həmin listdə həmçinin, X3 Sədərək uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olması barədə qeyd olunmuşdur. Həmin təltif listinin surətini iddia ərizəsinə sübut olaraq əlavə edir. Milli Ordunun komandiri tərəfindən 24 oktyabr 1992-ci il tarixli, X3 Azərbaycan Milli Qəhrəmanlığına təqdimetmə hazırlanaraq təsdiq olunmuşdur. Həmin təqdimetmənin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon “Özünümüdafiə'' batalyonunun könüllü döyüşçüləri tərəfindən imzalanaraq X3 “Azərbaycanın Milli Qəhrəmanı'’ fəxri adına layiq görülməsi barədə Sədərək rayon XDM, X19, Azərbaycan Prezidentinə 17 oktyabr və 22 noyabr 1992-ci il tarixli xahişnamələr təqdim olunmuşdur. Həmin xahişnamələrin surətini ərizəyə əlavə edir. Həmçinin, Sədərək rayonuna erməni təcavüzü zamanı şəhid olmuş X7 “fəxri ada" təltif edilməsi barədə Sədərək rayon X6 nəznində yaradılmış təltif komissiyasının 26 fevral 1992-ci il tarixli Qərarını iddia ərizəsinə əlavə edir. “Sədərək Özünümüdafiə" batalyonunun 1 rota komandiri X10 Sədərək rayon XDM-dən, X16. Azərbaycan Prezidentindən Mehdiyev Lətifə “fəxri ad” verilməsi barədə xahişnaməsinin surətini iddia ərizəsinə əlavə edir. Sədərək rayon Polis şöbəsinin rəisi, polis mayoru M.Y.Seyidov tərəfindən Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X13 haqqında 30 noyabr 1992-ci il tarixli rəy təsdiq olunmuşdur. Həmin rəydə də, bir daha X17 uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olması təsdiq olunur. Sözügedən rəyin surətini iddia ərizəsinə əlavə edir. Sədərək kənd XDM-nin Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş X3 “Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsinin Sədərək rayon XDM-yə tövsiyə edilməsi barədə 26 dekabr 1992-ci il tarixli qərardan çıxarışın surətini iddia ərizəsinə əlavə edir. Sədərək könülllülərindən ibarət özünümüdafiə batalyonunun komandiri tərəfindən təsdiq olunaraq verilmiş X13 haqqında 10 noyabr 1992-ci il tarixli Raportunda da, bir daha X17 uğrunda gedən döyüşlərdə igidlik göstərməsi və qəhrəmancasına şəhid olması faktı təsdiq olunur. Həmin raportun surətini iddia ərizəsinə əlavə edir. Yuxarıda qeyd etdiyi sənədlərə və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə: “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilsin.” əsaslanaraq sığorta şirkətinə müraciət etmişdir. Sığorta şirkətində ona bildirdilər ki, yoldaşı X3 şəhid olması barəsində bütün lazım olan sənədləri olsa belə, yoldaşının şəhid kimi sistemdə qeydiyyatda olmadığını və bununla bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsini tövsiyə etdilər. Həmin tövsiyəyə əməl edərək, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı olaraq müraciət etmişdir. Müraciətinə cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona 12.10.2021 -ci il tarixində məktub gəlmişdir. Məktubda qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin uçot sənədlərində mərhum X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin, Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında Lətif Mehdiyevin adı keçmir. Cavabdeh qeyd etdiyi səbəbə görə yoldaşını şəhid kimi yuxarıda qeyd olunan siyahiya daxil edilməsi mümkün olmadığını göstərib və bu səbəbdəndə o, şəhidin ailə üzvü olaraq sığorta ödənişi ala bilməmişdir. Bildirmək istəyir ki, X3 Sədərək uğrunda döyüşlərdə şəhid olması faktının müəyyən olunması barədə artıq Sədərək rayon Xalq Məhkəməsinin 18.08.1994-cü il tarixli, 2-16-1994 nömrəli qətnaməsi mövcuddur. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: “Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüquququn. yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014- cü il 6 iyun tarixli Qərar)." Məhkəmə qərarının preyudisiallığı prinsipi də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Cavabdehin imtinasından görünür ki, cavabdeh tərəfindən mübahisələndirilən hissə Mehdiyev Lətifin hərbi qulluqçu kimi şəhid olması barədədir. Bildirmək istəyir ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.04.2021 -ci il tarixli, 2- 1(112)-4388/2021 saylı qərarında məhkəmə qeyd edir ki, tədqiq olunmuş sübutlara əsasən, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, iddiaçının oğlunun faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir (bax 8 və 12-ci bəndlərdə Sədərək rayon hərbi komissarlığının müraciəti və hərbi hissədən arayışlar hissəsi). Hazırki işdə mərhum yoldaşım X17 uğrunda gedən döyüşlərdə könüllülərdən təşkil olunmuş “özünümüdafiə” batalyonunun tərkibində döyüşlərdə iştirak etməsi və şəhid olması faktı batalyonun komandirinin raportu, rayonun polis rəisinin rəyi və başqa kifayət qədər sübutlarla təsdiq olunur. Məhkəmə həmin qərarında onu da, qeyd edir ki, könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçicilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X24 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı- seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün '"’ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrıseçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X24 Konvensiyasının 1 saylı Protokolun 1 -ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1 -ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax. Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia), ərizə No- 55707/00. 18.02.2009-cu il tarixli qərar. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X24 Məhkəməsi, dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obtyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur. Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında “ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına əsasən, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Bu Fərmanın müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. İddiaçı müraciəti əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, Xidmətin Sədərək rayon şöbəsinin uçot sənədlərində mərhum X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X3 adı keçmir. X3 “şəhid” (mülki şəhid) olması danılmazdır, lakin o, hərbi qulluqçu olmadığı üçün cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı olaraq onun adının adıçəkilən siyahıya salınmasında imtina etmişdir. Həmçinin iddiaçının istinad etdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4388/2021 nömrəli (iddiaçı X4) analoji qərarına əsasən bildirirlər ki, həmin iş üzrə iddiaçının mərhum övladı X11 barədə Xidmətin Sədərək rayon şöbəsində və Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik idarəsindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda V.N.Səfərzadənin 07.07.1992-ci il tarixdə həlak olması barədə məlumatlar olduğu üçün iddia tələbi təmin edilmiş və bu səbəbdən tərəflərindən məhkəmə qərarından şikayət verilməmişdr. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada lazımi şəkildə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin ediləməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sədərək rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 12 avqust 1992-ci il tarixli, İV-ЖГ seriyalı, 322568 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X13 19.06.1992-ci ildə ölüb. Bu barədə ölüm haqında akt qeydəlri kitabında 1992-ci ildə avqust ayının 12si günündə 37 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi “Kəllə boşluğunu dəlib keçən güllə yarası” olmuşdur. Ölüm yeri “Sədərək kəndi” qeyd edilmişdir. İşdə olan Sədərək rayon Xalq Məhkəməsinin 18 avqust 1994-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, Sədərək rayon XDS İK-nin 135 nömrəli, 12 iyun 1994-cü il tarixli, Sədərək rayon Hərbi Komissarlığının 165 nömrəli, 22 iyul 1994-cü il tarixli məktubları ilə məhkəməyə müraciət edərək, şəhidlik statusu verilməsi haqqında vəsatət qaldırmış, Sədərək və Qarabağ döyüşlərində şəhid olanların adlı siyahısını məhkəməyə təqdim etmiş, onlar haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə Sədərək rayon İcra Hakimiyyətinin nümayəndəsi Əjdər Məmmədov verdiyi ifadəsində Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş həmkəndlilərinin ailələrinin onlara müraciət etməsini, şəhid olmuş uşaqlarına şəhid adı verilməsini icra hakimiyyətindən xahiş etmişlər. Məhkəmə qətnaməsinə əsasən müəyyən olunur ki, siyahıda adları çəkilən şəxslər erməni təcavüzü zamanı Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşlar və bu fakt şəhid ifadələri, hərbi hissədən, polisdən, Sədərək rayon hərbi komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxanasından alınmış arayışlarla təsdiq olunur. Sədərək rayon Xalq Məhkəməsinin qeyd edilən qətnaməsi ilə şhid hesab edilməsi faktı müəyyən olunan şəxslərin siyahısında X3 da, adı var. İşdə olan Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 05.10.2004-cü il tarixli, ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı verilmiş vəsiqəyə əsasən, o, Şəhid adının əbədiləşdirilməsi və şəhidin ailə üzvlərinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il Azərbaycan Respublikası Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmuşdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, X3 Sədərək uğrunda gedən döyüşlərdə şücaət və igidlik göstərdiyinə görə fəxri ada layiq görülməsi barədə döyüşdüyü batalyonun komandiri tərəfindən X13 barəsində təltif listi təsdiq olunmuşdur. -Milli Ordunun komandiri tərəfindən tərtib olunmuş 24 oktyabr 1992-ci il tarixli təqdimetmə sənədinə əsasən, X3 Azərbaycan Milli Qəhrəmanlığına təqdimetməsi hazırlananraq təsdiq olunmuşdur. -Sədərək rayon “Özünümüdafiə” batalyonunun könüllü döyüşçüləri tərəfindən imzalanaraq X3 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə Sədərək rayon XDM, X19, Azərbaycan Prezidentinə 17 oktyabr və 22 noyabr 1992-ci il tarixli xahişnamələr təqdim olunmuşdur. - Sədərək rayon X6 nəzdində yaradılmış təltif komissiyasının 26 fevral 1992-ci il tarixli qərarına əsasən, torpaqların bütövlüyü və bölünməzliyi uğrunda 1988-1992-ci illərdə Sədərək döyüşlərdinə xüsusi igidlik və şücaət göstərmiş şəhid X5 “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi məqsədəmüvafiq hesab edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisindən xahiş edilmişdir ki, şəhid X5 həmin ada təltif edilməsi Azərbaycan Respublikasının Prezidentinə tövsiyyə edilsin. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 12.10.2021-ci il tarixli, H-3952 nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli, 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətininn Sədərək rayon Şöbəsinin uçot sənədlərində mərhum X3 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılması, xidmət keçməsi, eləcə də, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi həlak olması və şəhid hərbi qulluqçu hesab edilməsi barədə heç bir məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanının icrası ilə əlaqədar Xidmətin Aparatına hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında da, Lətif Mehdiyevin adı keçmir. Bu səbəbdən də, X3 adının yuxarıda qeyd olunan Fərmanla nəzərə tutulmuş siyahıya daxil edilməsi hazırda mümkün deyil. Odur ki, mərhum Lətif Mehdiyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi qulluqçu kimi həlak olmasını təsdiq edən sənəd (hərbi idarəetmə orqanı tərəfindən verilmiş arxiv arayışı, hərbi hissə komandirinin əmrindən çıxarışı və s.) olduğu təqdirdə Xidmətin Aparatına təqdim etməsi xahiş olunmuşdur. İşdə olan Sədərək rayon Polis Şöbəsinin rəisi tərəfindən veirlmiş 28.06.1993-cü il tarixli arayışdan görünür ki, həqiqətən mərhum X13 erməni quldurlarının Sədərək rayonu ərazisinə basqını zamanı “Könüllülər” dəstəsində 3-cü rotada vuruşmuş və 19 iyun 1992-ci il tarixdə qəhrəmanlıqla həlak olmuşdur. İşdə olan İİİ-ЖГ seriyalı, 399506 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 ilə X1 10.03.1984-cü ildə Sədərək kəndində rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mehdiyeva soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli, 04/12-14 nömrəli cavab məktubundan görünür ki, X8 (onun varisinə) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişi ödənilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2018-ci il tarixli müvafiq Fərmanının icrası ilə bağlı Sədərək rayon ərazisində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahılarının təyin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası X9 arxivinə sorğular edilmişdir. 12.01.192-ci il təvəllüdlü X13 həmin dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidməti və ya Naxçıvan Muxtar Respublikası Özünümüdafiə dəstələrinin “könüllülər” dəstələrində adının aşkar edilmədiyi üçün onun adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon Şöbəsində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların adlı siyahısında daxil edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən iddiaçının müraciətindən 12 oktyabr 2021-ci il tarixli, H/3952 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. Bu hal, iş materiallarında olan nikah haqqında şəhatənamədən müəyyən edilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının mərhum əri Sədərək rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid olması faktı qüvvədə olan məhkəmə aktı əsasında müəyyən edilmişdir. Məhkəmə diqqətə alır ki, qeyd edilən fakt Sədərək XDS icraiyyə Komitəsinin və Sədərək rayon Hərbi Komissarlığının müraciəti əsasında müəyyən olunaraq, şahid ifadələri, hərbi hissədən polisdən, Sədərək rayon Hərbi Komissarlığından, Sədərək rayon Mərkəzi Xəstəxənasından alınmış arayışlarla təsdiq olunmuşdur. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsinin eyniliyinin, sabitliyinin və hüquqi müəyyənliyinin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı)... İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı şəhid ailəsi üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan istifadə etmiş, ona Sədərək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən müvafiq imtiyazlardan istifadə edilməsi üçün 05.10.2004-cü il tarixli, ******* nömrəli vəsiqə verilmişdir. ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Cavabdehin imtinası iddiaçının mərhum ərinin hərbi qulluqçu olmaması faktı ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair 26 oktyabr 2001-ci il tarixli Qərarına əsasən, vətəndaşların hərbi xidmətə daxil olması Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi hissə komandirlərinin (hərbi tədris müəssisələri rəislərinin), onların hərbi hissələrin (hərbi tədris müəssisələrin) şəxsi heyətinin siyahısına daxil etmələri və bütün təminat növləri (ərzaq, pul, əşya və s.) üzrə təminata götürmələri haqqında əmrləri ilə həyata keçirilir. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar hərbi hissə komandirinin onların hərbi hissə şəxsi heyətinin siyahısına daxil olunmaları və bütün təminata götürülmələri haqqında əmrləri imzalandığı gündən hərbi qulluqçu statusuna malik olurlar. Məhkəmə qeyd edir ki, tədqiq edilmiş sübutlara əsasən, müvafiq təminata götürülməsinə dair əmr olmamasına baxmayaraq, iddiaçının oğlunun faktiki olaraq könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olması müəyyən edilmişdir (bax 8 və 12-ci bəndlərdə Sədərək rayon hərbi komissarlığının müraciəti və hərbi hissədən arayışlar hissəsi). Məhkəmə qeyd edir ki, könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olub müvafiq təminata götürülərək (müvafiq əmr olan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş və könüllü qaydada Silahlı Qüvvələrdə xidmətə daxil olmasına baxmayaraq, müvafiq təminata götürülməyərək (müvafiq əmr olmayan) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəxslərə münasibətdə (bax 19-cu bənd) fərqli yanaşma (hərbi qulluqçu statusu əldə etmələri ilə bağlı) ayrı-seçkilik hesab oluna bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X24 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların icbari sığortası ilə bağlı təminat sistemi yaradıldıqda (bax 14-cü bənd) həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin (Mülkiyyət hüququ) tətbiq dairəsinə düşür (Konvensiyanın AİHK 1 saylı Protokolunun 1-ci maddəsi və 14-cü maddəsi ilə birlikdə tətbiqinə dair bax Andreyeva Latviyaya qarşı [Böyük Palata] (Andrejeva v. Latvia [GC]), ərizə № 55707/00 18.02.2009-cu il tarixli qərar [Böyük Palata]). Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya onun oğluna münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X24 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə 07.02.2013-cü il tarixli qərar [Böyük Palata]; X15rşı (Munoz Diaz v. Spain), ərizə № 49151/07, 08.12.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Həlak olmuş hərbi qulluqçunun vərəsəsinə ödənilməli sığorta məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.06.2014-cü il tarixli qərarına əsasən ifadə edilən hüquqi mövqe nəzərə alınmalıdır. Həmin qərarın nəticə hissəsinin müvafiq olaraq 2 və 3-cü bəndlərinə əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Sığorta ödənişini almış və bu əsasla sığorta müqaviləsinə xitam verilmiş şəxslərə sığorta ödənişinin təkrarən verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3 adının “1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”na əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar