Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3568/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, ona 62 yaşdan yəni, 30.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 26 noyabr 1976-ci il tarixindən 25 yanvar 2015-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə müvafiq orqana müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından imtina məktubu verilmişdir. İmtina məktubunda ümümi sığorta stajının 21 il 2 ay müəyyən edildiyi qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki sosial sığorta stajında olan bəzi müddətlər nəzərə alınmamışdır. İddia ərizəsinə əlavə edimiş arayışlara nəzər salınarsa 2002-ci ilin sentyabr ayınadək əmək haqqı ödənilmişdir. Əmək peniyası hesablanarkən cavabdeh orqan tərəfindən iş yerinə-yəni H.Z.Tağıyev adına TTSK-ya və digər aidiyyəti orqanlara sorğu verilməmişdir. İnzibati icraat haqqında qanunun tələbləri pozulmuşdur. Həmçinin “Vətəndaşların penisya təminatı haqqında” qanunun 67-ci maddəsinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. İmtina verərkən bu norma da nəzərə alınmamışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 11.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının təqdim etdiyi **********7 saylı 26.01.2022-ci il tarixli iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı ona pensiya təyin olunması üçün Fondun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə müraciət etmiş, tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. Hesab edirlər ki, Fondun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsi tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş üzrə icraat materiallarına əlavə edilmiş iddiaçının 26.11.1976-cı il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 21 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 16.130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı üzrə Monitorinq və araşdırma şöbəsinin 25.08.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş 1976-cı il tarixindən 2015-ci il tarixinədək H.Z.Tağıyev adına TTSK-dakı əmək fəaliyyəti araşdırılmışdır. Məlum olmuşdur ki, 26.11.1976-cı il tarixində V.İ.Lenin adına Toxuculuq Kombinatına işə qəbul edilmiş, 25.01.2015-ci il tarixində işdən azad edilmişdir. Sözügedən dövrdə 01.10.1994-cü il tarixindən 01.10.1995-ci il tarixinədək əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətində, 01.06.1997-ci il tarixindən 01.08.1997-ci il tarixinədək və 01.01.1998-ci il tarixindən 01.04.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 01.01.1999-cu il tarixindən 25.01.2015-ci il tarixinədək əmək haqqı ödənişi olmamışdır. 05.07.1999-cu il tarixindən 05.09.2002-ci il tarixinədək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bundan başqa iddiaçının işlədiyini iddia etdiyi H.Z.Tağıyev adına TTSK-də qarşlıqlı yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində 25.08.2021-ci il tarixli aktdan da göründüyü kimi iddiaçı 01.01.1999-cu il tarixindən 25.01.2015-ci il tarixinədək əmək haqqı almamışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışına görə əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının 01.01.1999-cu il tarixdən 25.01.2015ci il tarixədək olan dövr ərzində əmək haqqı almadığı göstərilmişdir. Ümumilikdə, yuxarıda qeyd edilən ganunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla qeyd edilməlidir ki, İddiaçı Əliyasər qızına yaşa görə əmək pensiyasının təyin edilməsi ganunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Oğuz rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li nömrəli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən (tərcümə) müəyyən olunur ki, X1 V.İ.Lenin adına Toxuculuq sənayesi kombinatına işə qəbul olunana qədər əmək stajı olmamışdır. 26.11.1976-cı ildə V.İ.Lenin adına Toxuculuq sənayesi kombinatı- Boyaq-bəzək fabrikasının keyfiyyət nəzarətçisi şagirdi kimi qəbul edilmişdir (246 №-li Əmr, 26.11.1976-cı il), 01.06.1977-ci il tarixdə hazır parçanın keyfiyyətinə 3-dərəcəli nəzarətçi vəzifəsinə keçirilmişdir (64 №-li Əmr, 31.05.1977-cı il), 12.11.1983-cü ildə hazır parçanın keyfiyyətinə 4-cü dərəcəli nəzarətçi vəzifəsinə keçirilmişdir (132 №-li Əmr, 12.11.1983-cü il); 24.08.1991-ci il tarixdə V.İ.Lenin adına Toxuculuq kombinatı H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi adlandırılmışdır (350 №-li Əmr, 24.08.1991-cı il); 01.04.1997-ci il tarixdə Texniki nəzarət şöbəsinə nəzarətçi keçirilmişdir (08 №-li Əmr, 14.04.1997-cı il), 09.08.2002-ci il tarixdə H.Z.Tağıyev adına BTTB-nin bazası əsasənda H.Z.Tağıyev adına TTSK ASC yaradılmışdır (03 №-li Əmr, 09.08.2002-cı il), 25.01.2015-ci il tarixdə ərizəsi əsasında işdən azad edilmişdir ( 01 №-li Əmr, 26.01.2015-cı il). Azərbaycan Respublikası “X8” Dövlət Konserni H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin İİİ-h 06 saylı 10 fevral 2995-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Texniki nəzarət şöbəsinin nəzarətçisi Sara Quliyevaya 19.01.995-ci ildən 16.02.1996-cı ilədək 1,6 ay əmək haqqı qismən ödənilməklə, 17.02.1996-cı ildən 16.02.1997-ci ilədək 1,6 ay əmək haqqı ödənilməmək şərti ilə uşağının 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilmişdir. (Əsas: ərizəsi və doğum haqqında şəhadətnamənin surəti). Azərbaycan Respublikası “X8” Dövlət Konserni H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin 43 İİİ-h saylı 01 dekabr 1995-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, Texniki nəzarət şöbəsinin nəzarətçisi X2 24.10.1995-ci ildən analıq məzuniyyəti bitməmiş, işə çıxmağa icazə verilmişdir. H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyinin 19.07.1999-cu il tarixli 1 nömrəli əmrin surətindən müəyyən olunur ki, Texniki nəzarət şöbəsinin nəzarətçisi Quliyeva Sara 05.07.99-05.09.2002-ci ilədək ə/h qismən ödənişli, uşağın 3 yaşı tamam olanadək analıq məzuniyyətinə buraxılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Kadrlar şöbəsi tərəfindən verilmiş 168 saylı arayışda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 26.11.1976-cı ildə Boyaqbəzək fabrikasının hazır-mallar sexinə keyfiyyət nəzarətçisi şagirdi işinə qəbul edilmişdir; 01.06.1977-ci ildə 3-cü dərəcə keyfiyyət nəzarətçisi keçirilmişdir; 12.11.1983-cü ildə 4-cü dərəcə keyfiyyət nəzarətçisi keçirilmişdir; 01.04.1997-ci ildə texniki nəzarət şöbəsinin keyfiyət nəzarətçisi keçirilmişdir; 25.01.2015-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. (Əsas şəxsi iş №11547). Məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 06 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Əliyeva (Quliyeva) Sara Əliyəsər qızı; - 26.11.1976-cı ildə Boyaq-bəzək istehsalatı anbarına keyfiyyət nəzarətçisi şagirdi işinə qəbul edilmişdir (Əmr № 246, 26.11.1976-cı il). - 25.01.2015-ci ildə işdən azad edilib (Əmr № 1, 26.01.2015-ci il). - Birinci uşağa görə analıq məzuniyyətinə, 10.02.1995-ci il tarixli 06 №-li əmrdə göstərilir ki, texniki nəzarət şöbəsinin nəzarətçisi-19.01.1995-ci ildən 16.11.1996-cı ilədək 1,6 ay əmək haqqı qismən ödənilməklə 17.11.1996-cı ildən 16.11.1997-ci ilədək 1,6 ay əmək haqqı ödənilməmək şərti ilə uşağın 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilsin. Əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq işə vaxtından əvvəl çıxmışdır. 01.12.1995-ci il tarixli 43 №-li əmrdən görünür ki, texniki nəzarət şöbəsinin nəzarətçisi X2-24.10.1995-ci ildən analıq məzuniyyəti bitməmiş, işə çıxmağa icazə verilmişdir. -ikinci uşağa görə 05.07.1999-05.09.2002-ci ilədək əmək haqqı qismən ödənilməklə uşağın 3 yaşı tamam olunanadək məzuniyyətə buraxılmışdır. Əmək haqqı cədvəlindən görünür ki, 3 illik qulluq məzuniyəti tam ödənilmişdir. "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 06 saylı məktuba əlavə olunmuş; - 08 saylı 15.02.2022-ci tarixli arayışdan müəyyən olunur ki, X2 1992-ci il üzrə 67104-93, 1993-cü il üzrə 369666,66, 1994-cü il üzrə 161904, 1995-ci il üzrə 351274, 1996-cı il üzrə 1360553, 1997-ci il üzrə 864842 manat əmək haqqı almışdır. - 07 saylı 15.02.2022-ci tarixli arayışdan müəyyən olunur ki, X4 1998-ci ilin aprel ayından dekabr ayınadək 876291, 1999-cu il üzrə 522005, 2000-ci il üzrə 132000, 2001-ci il üzrə 77000, 2002-ci ilin yanvar ayından sentyabr ayınadək 122500 manat əmək haqqı almışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı üzrə Monitorinq və araşdırma şöbəsinin 25.08.2021-ci il tarixli aktının surətindən müəyyən olunur ki, əmək kitabçasında qeyd olunmuş 1976-cı il tarixindən 2015-ci il tarixinədək H.Z.Tağıyev adına TTSK-dakı əmək fəaliyyəti araşdırılmışdır. Məlum olmuşdur ki, 26.11.1976-cı il tarixində V.İ.Lenin adına Toxuculuq Kombinatına işə qəbul edilmiş, 25.01.2015-ci il tarixində işdən azad edilmişdir. Sözügedən dövrdə 01.10.1994-cü il tarixindən 01.10.1995-ci il tarixinədək əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətində, 01.06.1997-ci il tarixindən 01.08.1997-ci il tarixinədək və 01.01.1998-ci il tarixindən 01.04.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 01.01.1999-cu il tarixindən 25.01.2015-ci il tarixinədək əmək haqqı ödənişi olmamışdır. 05.07.1999-cu il tarixindən 05.09.2002-ci il tarixinədək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 15.09.2021-ci il tarixli **********3 saylı məktubda bildirilmişdir ki, təqdim etdiyi 26.11.1976-cı il tarixində tərtib edilmiş HT-İ № ******* saylı əmək kitabçasına əsasən sığorta stajı 21 il 2 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 01.01.2006-cı il tarixədək 16130,50 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı üzrə Monitorinq və araşdırma şöbəsinin 25.08.2021-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş 1976-cı il tarixindən 2015-ci il tarixinədək H.Z.Tağıyev adına TTSK-dakı əmək fəaliyyəti araşdırılmışdır. Məlum olmuşdur ki, 26.11.1976-cı il tarixində V.İ.Lenin adına Toxuculuq Kombinatına işə qəbul edilmiş, 25.01.2015-ci il tarixində işdən azad edilmişdir. Sözügedən dövrdə 01.10.1994-cü il tarixindən 01.10.1995-ci il tarixinədək əmək haqqı qismən ödənilməklə analıq məzuniyyətində, 01.06.1997-ci il tarixindən 01.08.1997-ci il tarixinədək və 01.01.1998-ci il tarixindən 01.04.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. 01.01.1999-cu il tarixindən 25.01.2015-ci il tarixinədək əmək haqqı ödənişi olmamışdır. 05.07.1999-cu il tarixindən 05.09.2002-ci il tarixinədək qismən ödənilən analıq məzuniyyətində olmuşdur. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Qeyd olunanlarla bağlı ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən ona 30.06.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. “Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 496 №-li qərarı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət registrinin yaradılması və aparılması üzrə struktur bölməsinin təsis edilməsi tapşırılmışdır. Qeyd olunan qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında” Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, bu Əsasnamə təsərrüfat obyektlərinin (irəlidə “obyektlər” adlanacaq) uçota alınması qaydalarını, onların fəaliyyəti haqqında məlumatların təzələnməsinin qaydasını və dövriliyini, uçot obyektlərinin Dövlət Registrinin (sonralar registr adlanacaqdır) yaradılması, aparılması və ondan istifadə olunması prinsiplərini, onun maliyyələşdirilməsi və ləğv edilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (62 yaş) 30.06.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya birinci uşağa görə analıq məzuniyyəti 19.01.1995-ci ildən 16.11.1996-cı ilədək 1,6 ay əmək haqqı qismən ödənilməklə 17.11.1996-cı ildən 16.11.1997-ci ilədək 1,6 ay əmək haqqı ödənilməmək şərti ilə uşağın 3 yaşı tamam olanadək əlavə məzuniyyət verilmiş, ona ailə vəziyyəti ilə əlaqədar olaraq 24.10.1995-ci ildən analıq məzuniyyəti bitməmiş, işə çıxmağa icazə verilmişdir. İddiaçı ikinci uşağa görə 05.07.1999-05.09.2002-ci ilədək əmək haqqı qismən ödənilməklə uşağın 3 yaşı tamam olunanadək məzuniyyətə buraxılmış və ona 3 illik qulluq məzuniyyəti tam ödənilmişdir. İddiaçının 01.06.1997-ci il tarixindən 01.08.1997-ci il tarixinədək və 01.01.1998-ci il tarixindən 01.04.1998-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olması ilə bağlı cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyada 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin: - 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət; - 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır; - 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; - 130-cu maddəsinə əsasən, işçilərin xahişi və işəgötürənin razılığı ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək; ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət alm ış işçilərə - 14 təqvim gününədək; 3 ə) qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə - 14 təqvim gününədək; f) doktoranturada, aspiranturada təhsil alan işçilərə - 1 təqvim ayınadək; g) ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə -14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə səhiyyə müəssisəsinin rəyi ilə - 14 təqvim gününədək. Eyni Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “... işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.” Məhkəmə hesab edir ki, iddiaçının 01.06.1997-ci il tarixindən 01.08.1997-ci il tarixinədək və 01.01.1998-ci il tarixindən 01.04.1998-ci il ödənişsiz məzuniyyətdə olması Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət hesab olunur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə iddiaçının iş stajı (01.01.1999-cu il tarixindən 01.01.2006-cı il tarixinədək olan dövr üzrə əmək haqqı ödənişi olmaması əsası ilə) onun əmək kitabçasında əks olunmuşdur. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaşının tamam olduğu 30.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 62 yaşının tamam olduğu 30.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3568/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3568/2022
14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver