Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-357/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı adına ünvan 1 ünvanında yerləşən 414,5 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 1014,5 kv.m torpaq sahəsi Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 286 nömrəli qərarına və xx.xx.2004-cü il tarixli Torpaqların alqı-satqısına dair Akta əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı tərəfindən xx.xx.2004-cü il tarixdə torpağın dəyəri tam olaraq ödənilmişdir. Bu Bakı şəhər Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən təqdim olunmuş 453330 nömrəli X4 Qəbzi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin ünvanda yerləşən torpaq 4 sahəsinin 600kv.m-nə Çıxarış əldə edilmişdir. Hal-hazırda qalan digər 414,5 kv.m torpaq sahəsinə Çıxarış əldə edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçı tərəfindən cavabdeh orqana müraciət edərək yaranmış hüquqlarının dövlət qeydiyyatını aparılmasını xahiş etmişdir. Lakin Cavabdeh orqan tərəfindən bugünə kimi heç bir cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11258/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********26 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən ərazinin sahəsi 980 kv.m təşkil edir, həmin ərazinin 485 hissəsi **********04- 10301 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Əlavə torpaq sahəsi yeni Kadastr modulu (NeCAS) məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin yaxınlığından bir neçə ədəd müxtəlif diametrli boru xətləri keçir. Ərizəyə əlavə edilmiş yerləşmə cizgisi ilə faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyası arasında ciddi uyğunsuzluq mövcuddur. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsindən 42.0-43 metr məsafədən dəmiryolu xətti keçir. Məlumat üçün bildirirlər ki, iddia ərizəsində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 626 saylı sərəncamı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariyamühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci bəndinə əssasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV l>20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona hər hansı cavab verilməmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialı xx.xx.2022-ci il tarixli məktubla İddiaçı barələrində Binəqədi rayonu M.Ə. Rəsulzadə Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 286 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı filialında mövcud olmasını bildirərək, həmin qərarın və ona əlavə edilmiş digər sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. - Bakı Şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “Vətəndaş İddiaçı yaşadığı özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin alqı - satqı yolu mülkiyyətinə satılması haqqında” 286 nömrəli xx.xx.2004-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, 17 saylı özbaşına tikilidə yaşayan vətəndaş İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində yerləşən, 1998-ci ildən özbaşına inşa edilmiş 17 saylı fərdi yaşayış evinin (Texniki İnventadaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 17 saylı fərdi yaşayış evinə verilmiş texniki pasport, reyestr №-si 30/708, xx.xx.1998) yerləşdiyi 1014,5 kv.m. torpaq sahəsinin alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə xx.xx.2004-cü il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2004-cü il tarixli rəyinə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsində özbaşına inşa edilmiş 17 saylı fərdi yaşayış evinin yerləşdiyi 1014,5 kv.rn. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında alqı - satqı yolu ilə vətəndaş X1 mülkiyyətinə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktublaBakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi, 17C saylı fərdi yaşayış evinin İddiaçı adına qeydiyyatdan keçməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 04 yanvar 2021-ci il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin Xİİİ bəndində torpaq-kadastr baza məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsi barədə mütəxəssis rəyinin verilməsinə görə xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Odur ki, Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı (ödəniş üçün əlaqə nömrəsi 195-1-3) ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəkdir. - İddiaçının nümayəndəsi elektron məhkəmə vasitəsi ilə xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Hesab edirlər ki, bu rəy obyektiv bir rəy olmayacaq və işin normal gedişatına maneə yaradacaqdır. Belə ki, cavabdeh orqan özünə uyğun bir rəy təqdim edərək iddianın onların xeyrinə müsbət həllinə çalışacaqlar. Bu səbəbdən iş üzrə müstəqil MMC-yə müraciət edərək mütəxəssis rəyinin alınmasının təmin edilməsini xahiş edirlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini məhkəmə mümkün hesab etmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. İş materiallarında olan sənədlərlə və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinə cavabdeh inzibati orqan tərəfindən hər hansı cavab verilməmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 414,5 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsini tələb etmişdir. İddiaçı iddia ərizəsində öz tələbini onunla əsaslandırmışır ki, mübahisə predmeti olan torpaq sahəsi Bakı Şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 286 nömrəli xx.xx.2004-cü il tarixli qərarı ilə ona ayrılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair təqdim edilmiş yazılı etiraz məktubunda imtina dəlili olaraq qeyd edilmişdir ki, “İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, faktiki göstərilən ərazinin sahəsi 980 kv.m təşkil edir, həmin ərazinin 485 hissəsi **********04-10301 reyestr nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Əlavə torpaq sahəsi yeni Kadastr modulu (NeCAS) məlumatlarına əsasən dövlət mülkiyyətindədir. Qeyd olunanlarla yanaşı, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin yaxınlığından bir neçə ədəd müxtəlif diametrli boru xətləri keçir. Ərizəyə əlavə edilmiş yerləşmə cizgisi ilə faktiki sahənin perimetrik ölçüləri və konfiqurasiyası arasında ciddi uyğunsuzluq mövcuddur. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsindən 42.0-43 metr məsafədən dəmiryolu xətti keçir. Məlumat üçün bildirirlər ki, iddia ərizəsində qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X2 küçəsi, ev 17 ünvanında yerləşən fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı ilkin hüquqmüəyyənedici sənəd Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 626 saylı sərəncamı olmuşdur”. Etiraz məktubunda qeyd edilənə əsasən məhkəmə hesab edir ki, ziddiyyətli məqamlarla qiymət verilməsi üçün iş üzrə mühüm olan halların, o cümlədən sözügedən torpağın dövlət və ya bələdiyyə mülkiyyətində olması, eyni zamanda boru kəmərlərinə, yüksək gərginlikli elektrik xəttlərinin və dəmir yolu xəttinin mühafizə zolağına düşməsini araşdırılması ilə bağlı olaraq iş üzrə ekspertiza təyin edilməklə doğru-dürüst müəyyən edilməsi mütləqdir. Bu məqsədlə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 286 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən İddiaçı ayrılmış ünvan 6 ünvanında yerləşən 414,5 kv.metr torpaq sahəsi iddiaçıya ayrılarkən və ya ayırdıqdan sonra Bakı şəhəri Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında olmuşdurmu? - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin 286 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən İddiaçı ayrılmış ünvan 6 ünvanında yerləşən 414,5 kv.metr torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdədir? (dövlət, bələdiyyə və ya xüsusi). Məhkəmə tərəfindən ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsə də, ilk öncə qeyd edilən suallara dair mütəxəssis rəyinin alınması zərurəti yaranmışdır. Bununla bağlı olaraq mütəxəssis rəyinin alınması üçün məhkəmə qərardadının və müvafiq sənədlərin surəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilmişdir. Lakin iş üzrə ekspertiza təyin olunsa da, iddiaçı ekspertizanın keçirilməsi məqsədi müvafiq mütəxəssis rəyinin alınmasına dair xidmət haqqının ödənilməsindən imtina etmişdir. Beləliklə də, iddiaçının mütəxəssis rəyinin alınması və ekspertizanın keçirilməsindən açıq-aşkar imtina etməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmamasına şərait yaratmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Tarif Şurasının Xİİİ bəndinə uyğun olaraq nəzərdə tutulan 95 (doxsan beş) manat xidmət haqqı (ödəniş üçün əlaqə nömrəsi 195-1-3) ödənildikdən sonra mütəxəssis rəyinin verilməsi təmin ediləcəyini bildirməsinə dair məktubla məhkəməyə müraciət etmişdir. Həmin məktuba əsasən iddiaçıya qeyd edilən xidmət haqqının ödənilməsi bildirilsə də, iddiaçı tərəf qeyd edilən xidmət haqqının ödənilməsindən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən trəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növü olaraq bu iddia növündə öhdəliyin icra edilməli olmasını sübut etmək vəzifəsi iddiaçının, həmin öhdəliyin icra olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması və ekspertizanın keçirilməsinə şərait yaratmayaraq ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəməmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, ekspertiza ilə müəyyən olunmalı hallar, yəni torpaq sahəsinin dövlət mülkiyyətində və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu öz təsdiqini tapmışdır. Belə ki, mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edilməli, səlahiyyətli şəxslərin rəyləri alınmalı idi ki, bu da hazırkı iş üzrə mümkün olmamışdır. Həmçinin qeyd edilir ki, göstərilən koordinatlar üzrə yerləşən mübahisəli torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında və yerləşir və torpaq sahəsindən 42.0-43 metr məsafədən dəmiryolu xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları”nın 3.5-ci bəndinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariya-mühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”
2. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; … 2.0.7. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq; … Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən torpaq iddiaçıya verildiyi zaman bu prosedurun qanuna uyğun aparılıb-aparılmaması və mübahisə predmeti olan torpaq sahəsinin hansı növ mülkiyyətdə olması iş üzrə öz təsdiqini tapmamış, həmçinin iddiaçının vəsatəti əsasında ekspertin iştirakı ilə təkrar ekspertizanın aparılması üçün təyin edilmiş yerli baxışda iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı adına ünvan 1 ünvanında yerləşən 414,5 kv.m torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev