Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-357/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs “X3” şirkətinin nümayəndəsi X1, üçüncü şəxs Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 700 kv.m torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən 658 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 700 kv.m torpaq sahəsini 07 dekabr 2006-cı il tarixdə Binəqədi qəsəbə bələdiyyəsindən alqı-satqı əsasında almış, müvafiq alqı-satqı rəsmiləşdirilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı 2023-cü ildə torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, alqı-satqı aktının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aşkar edilmədiyi əsas gətirilərək, çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində həmin aktın itirilməsi və ya Bələdiyyə tərəfindən təqdim edilməməsi onun hüquqlarının pozulması üçün əsas ola bilməz. Hesab edir ki, imtina əsassızdır. Torpaq sahəsinə dair aktın əsli mövcuddur və daşınmaz əmlak üzərində hüquqlar qeydiyyata alınmalıdır. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin müxtəlif tarixli qərardadları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “X3” şirkəti və Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinin alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 658 kv.m təşkil edir. Bundan əlavə, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət mülkiyyəti torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisində yerləşir. Elektron kadastr baza məlumatlarında göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, sözügedən torpaq sahəsi “Binəqədi Oil” ƏŞ-nin Saziş ərazisinin hüdudları daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən, həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X3” Şirkətinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsinin nümayəndəsi iddianın məhkəmənin mülahizəsinə uyğun həll edilməsinə etiraz etmədiyini qeyd edərək, əlavə olaraq bildirdi ki, Binəqədi qəsəbə bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədləri müəyyən edilməmişdir, eyni zamanda iddiaçının göstərdiyi ərazidə həm Binəqədi qəsəbə bələdiyyəsinin, həm də Biləcəri qəsəbə bələdiyyəsinin qərarları ilə ayrılmış torpaq sahələri mövcuddur. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, iddiaçının iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2497 saylı qərarının arxiv surətindən görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində istifadəsində olan 700 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. -Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən təsdiq edilmiş sənəddən görünür ki, İddiaçı adına 700 kv.m torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. -Torpaqların alqı-satqısına dair tarixi qeyd olunmayan aktın arxiv surətindən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2497 saylı qərarına əsasən İddiaçı ayrılan torpaq sahəsinin dəyərini ödəmişdir. -AİT 676329 nömrəli, 2006-ci il dekabr tarixli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, mübahisələndirilən ərazi SOCAR-ın daimi istifadəsində olmaqla, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X6” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsinin daş hasarından 0,50 metr məsafədən “Azəriqaz” İstehsalat Birliyinə məxsus d-108 mm-lik yerüstü orta təzyiqli yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş qaz xətti keçir. Bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Sorğuya cavab olaraq, iddia edilən torpaq sahəsinin vaxtilə SOCAR-ın, hal-hazırda isə Kontrakt sahəsinin hüdudları daxilində olduğunu təsdiq edən xəritədən çıxarışlar məhkəməyə təqdim edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda bildirilmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2497 saylı qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı istifadəsində olan Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2497 saylı qərarı ilə ona ayrılmış 658 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini istəyir. Müvafiq tələb üzrə cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtina əsası kimi aşağıdakı dəlilləri irəli sürmüşdür:
1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir.
2. Yerləşmə cizgisində heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır.
3. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) və Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 2497 saylı, 28 dekabr 2006-cı il tarixli qərarı ilə İddiaçı ayrılmış Binəqədi qəsəbəsi ərazisində yerləşən 700 kv.m torpaq sahəsinin koordinatları müəyyən edilsin. 2.Həmin torpaq sahəsinin məqsədli təyinatı müəyyən edilsin. 3.Həmin torpaq sahəsi ayrılan dövrdə dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində olması, habelə Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazi hüdudlarında yerləşib-yerləşməməsi müəyyən edilsin.
4. Binəqədi Bələdiyyəsinin 2497 saylı, 28 dekabr 2006-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki iddia etdiyi torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edilsin. 5.Həmin torpaq sahəsinin dislokasiyası bələdiyyə tərəfindən tərtib olunmuş yerləşmə cizgisinə uyğundurmu? Yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3630 nömrəli ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Göstərilən torpaq sahəsi faktiki olaraq 658,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən 658,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olundu.
2. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olsa da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi olduğundan neft şirkəti tərəfindən torpaqlardan təyinatı üzrə istifadəyə dair müraciətlər olmuşdur.
3. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
4. Torpaq sahəsinə dair cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl).
5. Yuxarıda qeyd olunduğu kimi torpaq sahəsinə dair cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiyası tamamilə fərqli olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Vahid elektron kadastr kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəlləin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəlləin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquqmüəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi hüdudlarında olması da təsdiqini tapmışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın (bitişik və qonşuluqda olan) ərazilərdə Binəqədi qəsəbə bələdiyyəsinin torpaq ayırma sənədləri əsasında dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən də buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iddia olunan sahənin qonşuluğunda qeydiyyata alınmış sahə Biləcəri bələdiyyəsinin qərarı əsasında ayrılmışdır. Belə olan halda iddiaçının naturada göstərdiyi sahənin Binəqədi qəsəbə bələdiyyəsinin ərazisi hüdudları daxilində yerləşməsi, eləcə də cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 53.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 53.2-ci mddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. Bildirilməlidir ki, bələdiyyə qərarları “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla kollegial qərar qəbul olunur. Göründüyü kimi qanunda, bələdiyyə torpaqlarına müvafiq hüququn qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi kollegial qaydada qəbul edilən bələdiyyənin qərarı nəzərdə tutulur. Lakin hazırkı işdə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması zamanı bələdiyyənin iclas protokolunun mövcud olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, Dövlət arxivi tərəfindən təqdim olunan sənədlərdən, eləcə də Binəqədi qəsəbə bələdiyyəsinin sorğuya cavab məktublarından da bu protokolun mövcudluğu müəyyən edilməmişdir. Bu xüsusat isə iddiaçıya torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Oxşar mübahisə üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “33. Bundan əlavə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2- ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 34. Həmin Qanunun 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir (maddənin 4-cü və 6-cı hissələri). 35. Hazırkı iş üzrə iş materiallarında olan bələdiyyə qərarı yalnız bələdiyyə sədri tərəfindən imzalanmış, iş materiallarına iclas protokolu əlavə edilməmişdir. 37...Eyni zamanda bələdiyyə qərarının qanuniliyinin yuxarıda istinad olunan normalar baxımından qiymətləndirmək üçün bələdiyyənin iclas protokolunun mövcudluğunu araşdırmalı (başqa sözlə, qərarın kollegial qəbul edilibedilməyini dəqiqləşdirməli) və işin hallarına maddi hüquq normalarının tələbləri baxımından qiymət verməlidir. Məhkəmə onu da qeyd edir ki, torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması təsdiqlənməməsi və digər aidiyyəti orqanlardan rəy alınması hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edir. Eyni zamanda bu hal iddiaçının məsuliyyət sferasına aid məsələ olmadığından onun ziyanına şərh edilə bilməz. Çünki, müvafiq aktı qeydə almaq iddiaçının öhdəliyi deyil, səlahiyyətli dövlət orqanlarının vəzifəsidir. Həmçinin, təqdim edilmiş cizgidə istinad məsafələri, dəqiq istinadlar, perimetrik ölçülərin qeyd edilməməsi də iddiaçının ziyanına olan hal kimi şərh edilməməlidir. Belə ki, tələblərə cavab verən cizginin tərtib edilməsi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir. Odur ki, cavabdehin bu xüsusatla imtinası formal mülahizələrə söykənmiş kimi qiymətləndirilir. Bununla belə cavabdehin qeyd edilən hissələrdəki imtina dəlilləri əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı İddiaçı Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 2497 saylı qərarı ilə ayrılmış torpaq sahəsi həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından, habelə bələdiyyə qərarının qəbul edilməsi ilə bağlı iclas protokolunun mövcudluğu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov