Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3571/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatd olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın əvvəlki tarixdən ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci qrup əlilliyə görə təyin edilmiş 501,08 manat məbləğində təminat xərclərinin xəsarət aldığı 1993-cü il tarixdən hal-hazıra qədər hesablanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Daxili işlər orqanlarında siravi (milis) polis nəfəri işlədiyi dövrlərdə baş verən kütləvi ixtişaşlar zamanı Post Patrul xidməti vəzifələrini yerinə yetirərkən ağır xəsarətlər almışdır. Daha sonra uzun müddət müalicələrdə olmuş, müalicələrin ağır olması ilə əlaqədar daha daxili işlər orqanlarında işləyə bilməmiş, 2-ci qrup əlil kimi istefaya göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert və Reabilitasiya xidməti tərəfindən iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlillik 03 oktyabr 2019-cu il tarixdən təyin edilərək, cavabdeh tərəfindən iddiaçıya təminat xərcləri olaraq 501,08 (beş yüz bir manat sıfır səkkiz qəpik) məbləğində pensiya təyin edilmişdir. Lakin iddiaçının hərbi xidməti vəzifəsini yerinə yetirən zaman aldığı xəsarət və həmin vaxtdan hal-hazıra qədər olan müddətin təminat xərclərini cavabdeh nəzərə almamış, hesablamamış, iddiaçıya verməmişdir. Bununla da iddiaçının Azərbaycan Respublikasının Konstutusiyası ilə qorunan hüquqlarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstutusiyasının 149-cu maddəsində normativ hüquqi aktlar göstərilmişdir. Həmin maddənin 7-ci bəndində göstərilmişdir ki, “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Göstərilən normanın tələbinə uyğun olaraq hesab edir ki, İddiaçı təyin edilmiş 501.08 manat məbləğində həri xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar təminat xərcləri xəsarət aldığı tarixdən, yəni 1993-cü ildən hal-hazıra qədər aybaay hesablanaraq verilməsi zərurəti vardır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş “məlumat vərəqi”nə əsasən xx.xx.2008-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən - “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərin əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən iddiaçının adına yenidən “məlumat vərəqi” İdarəyə daxil olmuş və iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiya ödənilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Həmin pensiya işinin surəti məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiqi edilmişdir. Pensiya işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, **********1 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, iddiaçıya İİ qrup əlilliyə görə (hərbi xidmət vəzifələrini yerinə yetirilməklə bağlı) təminat xərcliyinin 80 faizi məbləğində 501,08 manat məbləğində ömürlük pensiya təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş 01 noyabr 2019-cu il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə 14 il 15 gün xidməti illəri ilə Abşeron RPŞ PPX tağımının polis nəfəri vəzifəsindən öz arzusu ilə ehtiyata buraxılmış, ona 372 manat vəzifə maaşı, 117 manat rütbə maaşı, 73,35 manat xidmət illərinə görə əlavə və 64 manat ərzaq payı əvəzində kompensasiya olmaqla, 626,35 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naxirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2019-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 15 fevral 2018-ci il tarixli, 07 saylı qərarından görünür ki, İddiaçı sol diz oynağının, döş qəfəsinin, boyun nahiyəsinin yumşaq toxumalarının əzilməsi. Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi” travmasını xidməti vəzifələrinin icrası zamanı almışdır. Əsas: DİN-in Respublikas Hospitalı tərəfindən verilmiş xx.xx.2003xx.xx.2003-cü il tarixli 2283 saylı xəstəlik tarixindən çıxarış epikrizi, DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 012-34482-1217 saylı xidmət keçmə siyahısının surəti, DİN-in ÇPA-nın xx.xx.2017-ci il tarixli rəyi, Xüsusi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli protokolu. İşdə olan cavabdeh tərəfindən verilmiş 24 yanvar 2020-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılaraq bildirilmişdir ki, 01 noyabr 2019-cu il tarixli 04 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyi (626,35 manat) 80 faizi-501,08 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Eyni zamanda idarəyə təqdim olunmuş sənədlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” İİ qrup əlillik 3 oktyabr 2019-cu il tarixində təyin edilmişdir. Bununla əlaqədar aldığı pensiya qanuna müvafiq olaraq həmin tarixdən sonrakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 969,83 manat pensiya məbləği xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İşin hallarından aydın olur ki, iddiaçı xx.xx.2008-ci il tarixdə öz arzusu ilə daxili işlər orqanından polis nəfəri vəzifəsindən xidmətdən xaric olmuşdur. Ona xx.xx.2008-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçıya hərbi xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar 03 oktyabr 2019-cu il tarixdə İİ dərəcəli əlilik təyin edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 01 noyabr 2019-cu il tarixdə yeni məlumat vərəqəsi göndərilərək, təminat xərcliyi 626,35 manat məbləğində hesablanmışdır. Əmək pensiyasının təyin edilməsi haqqında 05 dekabr 2019-cu il tarixli qərara əsasən iddiaçıya təminat xərcliyinin 80 faizi məbləğində İİ dərəcəli əlilliyə görə müddətsiz pensiya təyin edilmişdir. İddiaçı 03 oktyabr 2019-cu il tarixindən təyin edilmiş pensiyanın xəsarət aldığı 1993-cü il tarixdən ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” 2-ci qrup əlilliyə görə təyin edilmiş 501,08 manat məbləğində təminat xərclərinin xəsarət aldığı 1993-cü il tarixdən hal-hazıra qədər hesablanaraq verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1 İ qrup müharibə əlillərinə (o cümlədən xidmət vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə -55 faizi. İş materiallarından göründüyü kimi iddiaçıya hərbi xidməti vəzifəsini yerinə yetirilməklə bağlı İİ dərəcəli əlilliyə görə pensiya xidmətdən xaric olunduqdan sonra 05 dekabr 2019-cu il tarixli qərar əsasında ona əlilliyin təyin edildiyi 03 oktyabr 2019-cu il tarixindən təminat xərcliyinin 80 faizi məbləğində təyin edilmiş, həmin vaxta qədər isə iddiaçıya əlillik təyin edilməmişdir. Lakin iddiaçı əlilliyin səbəbinin hərbi xidməti vəzifəsini yerinə yetirilməklə əlaqədar 1993-cü il tarixdə yarandığına istinad edərək, təminat xərcliyinin həmin dövrdən hesablanaraq verilməsini tələb edir. İddiaçıya əlillik təyin edilən vaxt qüvvədə olmuş və hazırda ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır və ləğv edilir. Həmin qərarın 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya ilk dəfə TSEK-in xx.xx.2019-cu il tarixli qərar əsasında İİ dərəcəli əlillik təyin edildiyindən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına yeni məlumat vərəqəsi 01 noyabr 2019-cu il tarixdən daxil olduğundan, cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən son 3 illik dövr üzrə əmək pensiyası yenidən hesablanması və hazırda keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3571/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3571/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver