Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3571/2025 28.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi, vəkil Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X1) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 28 dekabr 2006-cı il tarixli, 2405 nömrəli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində faktiki istifadəsində olan 1500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X1 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət istifadəsində və sahibliyində olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsinin mülkiyyətinə keçirilməsi qərarına gələrək 2006-cı il tarixdə ərizə ilə Binəqədi Bələdiyyəsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 28 dekabr 2006-cı il tarixli 2405 saylı qərarından da görünür ki, Binəqədi qəsəbə ərazisində istifadəsində olan 1500 kv. m. torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu ilə onun mülkiyyətinə ayrılması, ayrılmış ərazidə kommunikasiya xəttlərini gözləmək şərti ilə fərdi yaşayış evinin tikinti eskizini rayon (şəhər) memarlıq xidməti ilə razılaşdırdıqdan sonra başlanması qərara alınmışdır. Eyni zamanda surəti ərizəsinə əlavə edilən torpaqların alğı-satqısına dair aktdan və AİT № 676317 kassa mədaxil orderindən də görünür ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş ödənişi etməklə və müqavilə bağlamaqla istifadəsində olan torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün aiddiyyəti üzrə cavabdeh inizbati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən imtina olunmuşdur. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********32 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir, 68-100-130 m məsafəsində fəaliyyətdə olmayan neft quyusu məlumatları mövcuddur. Bundan əlavə, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi olduğundan içəriyə daxil olmaq mümkün olmamışdır. Habelə hasarın daxilində neft şirkətinə məxsus köhnə konstruksiyalı tikililər mövcuddur. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “X4” şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. İddiaçının iddia etdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və yazılı etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və digər üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2405 saylı, 28 dekabr 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 1500 kv.metr boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. İddiaçı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmişdir. Seriya AİT, 676317 nömrəli, 12.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən iddiaçı torpaq alqı-satqısı üçün 4 800 000 manat məbləğində pul ödəmişdir. Məhkəmə sorğusu əsasında Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş Binəqədi qəsəbə bələdiyyəsinin 2405 saylı, 28 dekabr 2006-cı il tarixli qərarı və aidiyyəti digər sənədlər Milli Arxiv İdarəsinin Bakı ərazi filialına müraciət etməklə əldə oluna bilər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2006-cı ilə dair arxiv sənədləri, o cümlədən 28 dekabr 2006-cı il tarixli 2405 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin iddiaçıya təqdim etdiyi 24 iyul 2024cü il tarixli arayışında göstərilmişdir ki, 2405 saylı, 28 dekabr 2006-cı il tarixli qərar Binəqədi qəsəbə bələdiyyəsinin arxivində saxlanılır. Yaxın zamanda Milli Arxiv İdarəsinə təhvil veriləcəkdir. Cavabdehin məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən istinad koordinatı verilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, sözügedən torpaq sahəsinə texniki baxış üçün iddiaçının vəkili və nümayəndəsi ilə birgə ünvanda olmuşlar, lakin torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi olduğundan sahəyə vizual olaraq baxış keçirilmişdir. Vizual baxış zamanı müəyyən edilmişdir ki, sahə üzərində köhnə konstruksiyalı tikililər mövcuddur. Neft şirkətinin nümayəndəsi tikililərin neft şirkətinə aid olduğunu bildirmişdir. Sahəyə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil Ə.Ş). Sahənin təqribi 68 m, 100 m ,130 m yaxınlığında işlək olmayan neft quyu məlumatları mövcuddur. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sözügedən sahəyə dair digər fiziki şəxs müraciəti qeydə alınmayıb. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Sahə dövlət mülkiyyəti torpağıdır. Həmçinin qeyd edilmişdir ki, baza məlumatlarına əsasən torpaq sahəsinin bitişik hasar qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusu əsasında cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə **********46, **********43, **********45 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildirilmişdir ki, qeyd olunan torpaq sahələri iddiaçının iddia etdiyi sahədən 300-400 metr uzaqlıqda yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətidir və elektron baza məlumatlara əsasən Biləcəri qəsəbəsi hüdudlarında yerləşir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının, həmçinin cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 2405 saylı, 28 dekabr 2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 1500 kv.metr boş torpaq sahəsinin ona ayrılmasına əsaslanaraq həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının və etirazının əsasını o təşkil etmişdir ki, torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir, 68-100-130 m məsafəsində fəaliyyətdə olmayan neft quyusu məlumatları mövcuddur. Bundan əlavə, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi olduğundan içəriyə daxil olmaq mümkün olmamışdı, habelə hasarın daxilində neft şirkətinə məxsus köhnə konstruksiyalı tikililər mövcuddur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi qanunvericilik bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyi bələdiyyələrin səalhiyyətlərinə aid etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının müvafiq bələdiyyə qərarına istinad edərək qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X3 Şirkətinin) ərazisidir. Həmçinin, sahənin 68-100-130 m məsafəsində fəaliyyətdə olmayan neft quyusu məlumatları mövcuddur. Bundan əlavə, texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi neft şirkətinin hasarlanmış ərazisi olduğundan içəriyə daxil olmaq mümkün olmamışdır, habelə hasarın daxilində neft şirkətinə məxsus köhnə konstruksiyalı tikililər mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya bələdiyyə tərəfindən 2006-cı ildə ayrılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "X4" şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "X4" Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılarkən ərazi artıq neft şirkətinin istifadəsinə verilmiş əraziyə aid olmuşdur. Qeyd olunmalıdır ki, iddiaçı məhkəməyə Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda yerləşən qeydiyyatdan keçmiş əmlaklara dair çıxarışlar təqdim etmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən bildirilmişdir ki, qeyd olunan torpaq sahələri iddiaçının iddia etdiyi sahədən 300-400 metr uzaqlıqda yerləşir. Həmin torpaq sahəsi dövlət mülkiyyətidir və elektron baza məlumatlara əsasən Biləcəri qəsəbəsi hüdudlarında yerləşir. Həmin çıxarışların verilməsinə əsas olan sənədlərin əldə edilməsi üçün məhkəmə tərəfindən cavabdehə sorğu verilmişdir. Həmin sorğu əsasında göndərilmiş sənədlərdən görünür ki, qeyd olunan çıxarışlar üzrə müxtəlif şəxslərin hüquqları dövlət qeydiyyatına alınsa da, bu hüquqların qeydə alınmasının əsasında bələdiyyə qərarları dayanmır. Eyni zamanda müəyyən edilir ki, iddiaçının iddia etdiyi sahə onun istifadəsində deyildir. Belə ki, həmin sahə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən hasarlanmış ərazidir və burada neft şirkətinə aid tikililər mövcuddur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisində faktiki istifadəsində olan 1500 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-3571/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3571/2025
28.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver